Kulis Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirini təqdim edir.
Bu bayram keçdi sənsiz,
Keçdi bu bayram belə.
Novruz bahar gətirdi,
Gül açdı yaram belə.
Axışdı kəpənəklər
Yaza müştəri kimi.
Göyərdi səmənilər
Yaramın yeri kimi.
Səndən xəbər də yoxdu,
Gətirməyib qaranquş.
Sənsiz qaranquşun da
Yazdan xəbəri yoxmuş.
Bir tonqal qalamısan
İçimdə, gəl görəsən.
Bəlkə özün tullanıb
Xeyir-dua verəsən.
Qalmışam bir kosayla
Bir keçəlin əlində.
İki can arasında,
Bir əcəlin əlində.
Süfrəmdə yeddi nemət
Çatışmır səkkizinci.
Sevincimin ürəyi,
Ürəyimin sevinci.
Gözlərinin qarasın
Axtarıram aşımda.
Rəngli yumurtaları
Qırıram öz başımda.
Ümid varsa, qapıya
Papaq atmaq çox asan.
Elə istəyirəm ki,
Papaqdan sən çıxasan…