Ulucay Akifin poeziyası - çağdaş dünyanın poetik modeli - Elnarə Akimova yazır...

Elnarə Akimova, Ulucay Akif

Elnarə Akimova, Ulucay Akif

25 aprel 2023
# 12:00

Kulis.az ədəbiyyatşünas, tənqidçi Elnarə Akimovanın Ulucay Akifin yaradıcılığından bəhs etdiyi "Ulucay Akifin poeziyası - çağdaş dünyanın poetik modeli" yazısını təqdim edir.

Ulucay Akifin şeirləri çağdaş dünyanın kiçik modelidir sanki. Onun poetik təfəkkürünün ərazisini bəşəriyyəti sarmış fəlakətlər dalğası, problemlər çeşidi, gündəlik situasiyalar təşkil edir. Mətnlərindəki qəhrəmanlar müharibələrin, aclığın, səfalətin, təkliyin amansız zərbələri altında qalıb bütün kainat, bütün kosmos tarixi, onun məzmununu, harmoniyasını dağıdan nə varsa, bəşəriyyəti əhatə edən problemlər üzərində əzab çəkirlər. Bu insanlar özlərində sanki hər cür - əxlaqi, psixoloji və fəlsəfi məsələləri həll etmək zərurətini hiss edirlər. Ona görə ən sərt dissonanslara, ən gözlənilməz situasiyalara rəğmən şeirlərinə ahəngdarlıq və təbiilik xasdır:

Tanrım,
bütün doğmalarını müharibədə itirən
suriyalı Əhmədin fəryadı
fon musiqisi kimi getdi xəbərlərdə

bir gün sonra aclıqdan öləcək Leylanın
göz yaşlarını da iki saniyə göstərdilər
yəni bu gün bizi bir az da məhv etdilər.

Ulucayın şeir fəlsəfəsini iki mühüm obraz səciyyələndirir: uşaqlar və müharibə. Bu iki obraz onun poeziyasının relyefini cizgiləyən estetik işarələrdir, dünyaya baxışının, daxilindəki "mən"in əsas ovqat göstəricisinə çevrilən anlayışlardır. Həm də əsas başlanğıc və son məqamlarına toxunuşu ehtiva etməklə şairin olumla ölümə münasibətinin simvolik işarəsi kimi tutum qazanır. Müəllif sanki günahkarlar axtarır. Uşaq ölümlərinə, kimsəsizliyə, yadlaşmaya, laqeydliklərə, "insanlıq üçün cənazə marşı çalan" hər şeyə. Atom bombaları, mərmi səsləri, xəstəliklər, "ikinci dil"i yaradan, hasarlar, qapılar - insanları bir-birinə yaxınlaşmağa qoymayan nə varsa şairin mətnlərinin "şüuraltı fonunda", leksik-semantik strukturunda dünyanın fəlakət dalğasına səbəb olan nəsnələr kimi mənalanır.

Bu şeirlərdə gündəlik adilikdən qaçmaq hissi yoxdur. Qəhrəmanı gündəlik həyatın ümidsiz boşluğu sıxsa, həyatın önünə çıxardığı suallar qarşısında aciz qaldığını hiss etsə də əbədi harmoniya axtarır. Hardadır bu ahəng?

Şair suallar qoyur, xitab edir: Tanrıya, dosta, ömrə, ölümə, yeni yaşa, qadına...

Düşüncələrinin coğrafi arealı genişdir: Nevanın sahilləri, Peterburq küçələri, Nevski prospekti, Badi-Kubə küləkləri, Yaxın Şərqin tarixi əraziləri.

Bu şeirlərdə dua edilən bütün müqəddəs ünvanlar - məscid, kilsə, sinaqoq, - Allahın evi sayılır. "Musanın əsası" sevginin, "İudanın öpüşü" xəyanətin rəmzi kimi mənalanır. Qadınlara - Anna, Beatriçe, Milena - etdiyi xitablar ona zamanın işləklərindən şikayət üçün lazım olur. Amma eşqi sərxoş kimi yaşayır, ruhunda daim bir eşq havası dolaşır. Bir də vətən var axı... Bu anlayışın qutsal dəyəri, mahiyyəti dəyişməzdir şairə görə. "Azadlıq nəğməsi"nin özü kimi...

- İlahi, nağılımızçün
cənnət almasından üçünü dər,
üçünü də bu məmləkətin payına yaz!
dostlar, əlbət bir gün
bu məmləkətin dənizi dəniz, ağacları ağac
dağları da dağ kimi dayanacaq arxamızda
heç kim qalib gələ bilməyəcək bizə
əlbət bir gün
ən gözəl atların belində
qayıdacağıq evimizə!

Vətən şair üçün onun sərhədini qoruyan hər kəsdir - yalnız torpağı deyil, baxdığı səmanı da işğaldan azad edən əsgərin hünəridir, yurdunun zəhmətkeş, əli qabarlı insanıdır. Ulucayın poeziyası elə bu düşüncələri ilə özündə dəyərli hallar ehtiva edir. Fərdi talelərə etinasızlığı görməzdən gələrək universal harmoniyaya can atmaq mümkündürmü?

Yurdumun insanı ki,
Bənövşə xaladır
evinə çörək aparmaqçün
çörək bişirib satar yüzlərlə insana

yurdumun insanı ki,
üstünün toz-torpağı, ayaqqabısının palçığı
bu torpağın insanı olmağına dair
ən böyük sənəddir!

Yurdumun insanı ki,
əllərinin qabarı, alnının qırışı
düşmən üçün ən böyük sərhəddir!

Vətən şair üçün yüksək etik dəyərdir. Həm də əxlaq məsələsidir. Sadə insanın və xalqın obrazı da şairə görə bu əxlaqla təsbitlənir. Bu mənada, vətən sosial çətinliklər içində çırpınan insanların sığındığı məkan olaraq daha çox müqəddəsdir bu qəhrəman üçün. Belə situasiyalarda lirik "mən"in həssaslığı şairin fərdi həyat dərsinin, müdrikliyinin qaynağında dayanan əsas amilə çevrilir: "ucuz ətin şorbası ilə bayram keçirən ailələr/şükr etməyi ötrəydi uşaqlara/bizim balaca məhəllənin kiçik evlərində".

Ulucayın şeirləri arasında sevgi tarixçələrinə həsr olunanları da var. Amma bu sevgi tarixçələri ona nəyisə xatırlamaq, yaxud yenidən yaşamaq istədiyi hissləri ilğım kimi sözdə ifadə etmək cəhdi deyil. Bu xatırlatmalar şairə həyatın müəyyən suallarına cavab tapmaq üçündür. Fanilik, dünyanın mənası, xeyir-şər arifmetikası və s. Giley-güzarı, sentimental sızıltını burada düşüncə qatına yüksəliş əvəz edir. Bütün retrospektiv hallar, geridönümlər, sevgidə yaşanan hallar şair üçün fərdi duyğu yetkinliyinin, ömür müdrikliyinin ifadəsidir. Bəzən kişi yaddaşının varlığını şərtləndirmiş olsa da: "unutduğum bütün qadınları sevdim/ amma sevdiyim heç bir qadını/unuda bilmədim, Anna" - obrazın özgələşmə məqamı burda daha çox onun özü ilə dünya, zaman, bəşəri oyunlar üzərindədir: "indi "hər şey yaxşı olacaq"/cümləsidir təsəllilərin ən pisi/çünki biz böyümüşük/böyümüşük, Beatriçe".

Ulucayın şeirlərində ən gözəl cəhət onun heç bir mövzuda spekulyativ notlara, eləcə də dayaz, süni fəlsəfiliyə yer verməməsidir. Hər mövzuya müraciət həm bədii formanın məntiqi, həm də özünün yaşantı imkanları ilə əsaslandırılır. Deyim tərzinin özünəməxsusluğu sayəsində hətta publisistik ritorikanı belə poetik yazının məntiqinə ustalıqla tabe edə bilir.

Yağan yağışlara qucağını aç
qucağını aç və gülümsə
qoy yağış silsin qəlbindən bütün izləri
payızı görüb buraları tərk edən
quşlara da de ki

- o boz buludların arxasında
sapsarı bir günəş gizlənir!

Bu şeirlərdə prozaizm qatı qəhrəmanın danışıq dili və tonu hesabına gerçəkləşir. Şair poetik dillə sərbəst davranır, süjetli şeirin imkanlarından yararlanır, intonasiya məkanını genişləndirir. Ulucayın mətnlərində yetkin emosional təcrübə var və bu təcrübə müəllif üçün lirikadan nəsr təhkiyəsinə keçidi həm asanlaşdırır, həm də sərbəsti nəsrə simmetrik bədii mətn kimi müəyyənləşdirməyə imkan verir.

Hələ də atəş səsləri gəlir Yaxın Şərqdən,
amma biz
susdura bilərik silahları
susdura bilərik inansaq günəşli günlərə
xoşbəxt olsaq bərkdən.

buludlar yağışlara çevrilir
külək uşaqlar misalı qaçır bu küçələrdə
günəş daha böyük ümidlə gülümsəyir bizə.
bir uşaq qışqırır tanklara, qışqırır:

- Gəlməyin üstümüzə!
qorxutmaz bizi mərmilər
atom bombası, səndən də qorxmuruq
ölməz bu ruhumuz, ölməz sənin tüstündə!

Ulucayın mətnlərinin qabarıq cəhətlərdən biri də poetik sisteminin qürubun, dekadans ruhun təsiri altında olmamasıdır. Onun şeirlərinin obraz-motiv sistemində, bəlkə də, heç bir şairdə olmayan qədər ölüm, müharibə, aclıq, göz yaşı, uşaq ölümləri, fəlakət anlayışları qərar tutur, amma ümid, inam, günəş, sabaha boylanmaq, yaşam əzminə köklənmək hissi də bir o qədər müvazidir. Hər nə qədər "arzularım uçmağı unudub/ümidlərimsə iməkləyir/ bacarsan ürəyimdən ağrıları sil/ beynimdən də təkliyi" - deyirsə də, sonluq daim ümid işığına inanmaqla qapanır. Oxucu bunu şairin iç yaşamında asanlıqla tapır və bu şeirlər onun fəlsəfi yozumuna çıxdığı məqamları aydın sezməyə imkan yaradır:

Qalx daha, sevgilim, qalxmaq vaxtıdı!
daha dizlərimiz qanamayacaq
qalx! bizdən sonrakı nəsillər üçün
savaş olmayacaq, qan olmayacaq.

Ulucay hazırda çağdaş şeirimizdə çox rast gəlinən fəlsəfi mücərrədliyə varmır, əksinə, bu meylin belə etik-estetik dərəcəsini, həmçinin metafizik qata müraciətin yeni səviyyəsini nümayiş etdirir. Və bu halla, əslində, poetik sənətimizin üslubi səciyyəsini zənginləşdirmiş olur.

Ya Rəbb
Sevdiyim bütün adamlarda
Səni axtardım
Bəs, Sən məni
Kimdə axtaracaqsan?!

Burada bir məsələyə toxunmaq yerinə düşər. Postmodernizmin irfanla müxalif düşüncəni bölüşdüyü məqamlar hansıdır? Yalnız bu ki, postmodernizm xaosa, dağıdıcılığa, irfan isə ruha, harmoniyaya əsaslanır? Hərçənd, bir qədər dərinlərə varsaq, irfan kimi postmodernizm də elə ruhi mənbələrdən qaynaqlanır. Müəllifi "öldürsə" belə hər halda mətn yaradıcısı müəllifdir və deməli, istənilən halda müəllifin ruhsal-mənəvi enerjisindən hasilə gəlir. Amma hər ruhun meydana qoyduğu ideya harmoniyaya xidmət eləmir. Qəzali ilə Nitsşenin ruhunun ortaq məqamları harda kəsişə bilərsə, biz "Quran" mətnlərində də postmodernizm çalarlarını o nöqtədə izləyə bilərik. Deməli, əsas olan yalnız ruh deyil, həm də onları formalaşdıran zaman, mühit və mənəvi başlanğıcdır. Böyük mənada dünya proseslərinin insanda yaratdığı mənəvi durumdur. Ulucayın şeirlərində Tanrı ilə ərkyana həsb-halı var və şair bu poetik davranışında qətiyyətlidir: "hər şey yaxşı olacaq"- dedik/ Tanrı gülərək baxdı", yaxud "bunda olmadı, neynək/tək ömür bu deyil ki/ bu deyil, hə, ilahi?!". Şair öz ruhsal dünyasındakı "aşiqlik istedadı" ilə içindəki sevdanı inanca çevirir, yaşadığı sevgini mənəviləşdirərək ali dəyərlərə müncər edir.

çarmıxa çəkilmiş İsa kimi
çəkdim ruhumu sənin adına
bir gün mən də qalxacam
qalxacam göyün yeddinci qatına
həmin gün
səni göstərəcəm tanrıya
elçi düşəcəm ruhuna
deyəcəm

- tanrım, o qız üçün inandım Sənə,
o qız üçün gəldim hüzuruna!

Bir məqaləmdə qeyd etmişdim ki, Ulucay Akifin mətnlərində ehtiva olunan mədəniyyət qatının gücü həm də onunla əlamətdardır ki, şeirin stixiya ilə deyil, özünəqədərki poetik-estetik təcrübəsini şair "mən"inə adlatmağa nail olur. Bəlkə, buna görə Ulucay poetik ideya, fiqur, obraz bəhrələnməsi baxımından heç kəsə bənzəmir, bəlkə, bir qədər Nazim Hikmətin nəfəsinin duyulduğunu qeyd edə bilərəm. Bir az sevgi, bir az gözəlim məmləkətin halı, bir az insanlıq mənzərələri və daha çox dünya gerçəkləri. Gənc şairin şeirlərinin bünövrəsində dayanan çağdaş insanın yaşantılarıdır. Sevgini dadmış, taleyin hər üzünü görmüş, ömrün müəyyən dərk məqamına çatmış qəhrəman artıq bəşər təcrübəsini içindən keçirir. Onu bütünlükdə yer kürəsinin hər bir tərəfində amansız sınaqlara mübtəla olan insanlığın durumu narahat edir, çağdaşımızın portretindən cızdığı insana endikcə mifo-romantik fiqurun yeri genişlənir, daha doğrusu, o, öz yerini bütün dünyanın nizamını dəyişməyə çalışan obraza verir və bu dəfə şair romantik nəfəsin yeni modelini təqdim edir:

İndi əllərimiz qana bata-bata
ölkələrin arasından tikanlı məftilləri
evlərin arasından hasarları sökməliyik
indi dünyanı daha da gözəl etməliyik.

Günəş uşaqlığımızdakı rənginə qayıtmalı
dənizlər həmişəkindən daha mavi olmalı
silahımızdakı son gülləni də
dostumuzun toyunda havaya sıxmalıyıq.

Ulucayın poeziyasında gələcəyə yönəlmiş sualların cavabını tapmaq, daha doğrusu, çıxış yollarını arayıb alternativlər təklif etmək problemi daha geniş areala daşıyır. Axı bu suallar yalnız məntiqi tərzdə verilə bilməzdi, onlar həm də bədii formada səslənməli idi. Sənətin, poeziyanın dili ilə. Bu mənada, Ulucayın poetikası bütünlükdə XXI əsrə verilən ümumi sualın zəruri tərkib hissəsi kimi çıxış edir və çağdaş əsrin ən mühüm sosial, estetik, mənəvi ideyalarının məcmusu ilə əlaqəyə girir.

"Ədəbiyyat qəzeti"

# 2098 dəfə oxunub

Müəllifin son yazıları

# # #