Kulis.az tənqidçi Elnarə Akimovanın AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 11 aprel 2017-ci ildə keçirilmiş “Ədəbi proses – 2016” elmi-yaradıcılıq müşavirəsində səsləndirdiyi “Ötən ilin ədəbi mənzərəsi: gözləntilərimiz və reallıqlar” məruzəsini təqdim edir.
İlin ədəbi mənzərəsi haqda düşünərkən belə bir çətinlik qarşısında qaldım. Hansı kriteriyalar əsasında yanaşım faktlara? Axı ötüb keçən, yaşanmış zamanın bizə ötürdüyü fakt və gerçəklər sırasından başqa bir də bizim zamandan, ədəbiyyatdan gözləntilərimizin məsuliyyəti olur, biz də həmin meyarların səviyyəsindən nəzər yetiririk prosesə. Deyək ki, ərsəyə gələn hansısa gözəl əsər, özəl bir yaradıcı görüş, oxuduğumuz dəyərli bir mətn parçası... fakt göstərisi olmaqdan çıxıb sonsuzluğa qarışa, zamanın sonrakı axarına daxil ola bilirmi?! Məqsəd həm də bu olsun gərək. Təbii... Ədəbiyyat bir ilin sərhədlərinə sığmır, o illik hadisə deyil. Həm də indi yalnız o yolu tutsaq ki, hər şeyə Nobel mükafatının hüdudları nisbətindən yanaşırıq və hər şeyə məhz həmin prizmadan nəzər yetiririk, o zaman gərək bir Molla Nəsrəddin cızığı çəkək özümüzə: heç nə deməyək və heç nə yazmayaq. Amma burda da qarşı duran fikri özümdən aralamağa çalışmayacam: illərin əl-ələ verib özünün mübariz zəfər himnini oxumağa çalışacaq günü gözləmək niyə suç sayılsın ki? Hələliksə, o prizmadan yanaşacağıq ki, şair demiş, "deyilən söz yadigardır"... Nə yazılırsa, bizim, milli ədəbiyyatın ümumi səviyyəsinin göstəricisidir. Yaradılanın "il" çevrəsini yarıb zamanlara qarışması da qoy elə əlahəzrət zamana qalsın. Odur ki, bir gün gözlənilən Mətnin hansına ilin faktı olacağına inanmaq ümidi ilə yola çıxırıq.
2016-cı ildə bir çox dəyərli ziyalılarımızı itirdik. Zəlimxan Yaqub, İmamverdi Əbilov, Məmməd Aslan, Söhrab Tahir, Fikrət Sadıq, İlyas Tapdıq, istedadlı gənc yazar Anar Həbiboğlunun dünyadan gedişləri ağrıdan, sarsıdan ölümlərdən oldu. Bü ölümlərə yaxınlarda professor Aydın Dadaşovun, şair Sabir Sarvanın və istedadlı gənc yazar Mövlud Mövludun ölümləri də qarışdı. Dünyadan nakam gedənlər də ağrıdır bizləri, möhlətli ömür yaşayıb haqq dünyasına qovuşanlar da. İkincilər ona görə ağrıdır ki, illərin, onillərin yaddaş məxəzi rolunu oynayırlar, itirilən yalnız fərd yox, millətin mənəvi-ruhsal potensiyası olur. Cavan yazarlarımızın itkisi isə... düşündürür, yaşanmamış ömürlər, deyilməmiş fikirlər, yazılmamış əsərlərin boşluğu bu ölümlərlə barışmağa qoymur.
Ötən il hansı önəmli proseslərlə yadda qaldı? İlk növbədə, Nobelçi yazarların adı ilə. Nobelçi yazar Orxan Pamuk ötən il "Tolstoy" mükafatını aldı, ilin yeni nobelçisi isə rok ifaçısı Bob Dilan oldu. Qalibin adını çəkər-çəkməz ədəbi mühitdə bir çaşqınlıq yarandı. Kimi bunu mədəniyyətin böhranı (Ə.Əylisli), kimi "ən gözlənilməz olayı" (Ə.Cahangir) kimi qiymətləndirdi. Başlıca heyrət nidası da bu: Bob Dilan yazardımı? Kifayət qədər ciddi imzaların təqdim olunduğu nüfuzlu mükafat niyə məhz rok ifaçısına verildi? Amma deyəsən, ən çox çaşan Bob Dilanın özü oldu. Əks təqdirdə, çıxış nitqində təəccüblə "Mahnılarım ədəbiyyatdırmı?" -deyə sual edib onsuz da çaşqın qalan dünya insanının həyəcanını bir az da dərinləşdirməzdi. Buradaca həyəcan sözünü başqa situasiyanın üzərinə keçirmək istəyi baş qaldırır ürəyimdə. Nə zamansa Nobelin ölkəmizə gətiriləcəyi günü görmək istəyi ("İstəyim, bunca böyükmüdür, Mefistofel?")... Əlbəttə, bütöv ədəbiyyat kontekstindən baxanda bu mükafatı hansı ölkənin nümayəndəsinin almasının o qədər də əhəmiyyəti yoxdur. Çünki harda yaranmasından asılı olmayaraq, bütün ədəbiyyatları eyni hiss, duyğu birləşdirir, əsl ədəbiyyat həmişə bəşəridi, ümumi maraqların, ortaq mədəniyyət və mənəviyyatların kəsişdiyi yerdədi. Amma meyar həm də Nobel mükafatını qazanmaq niyə olmasın ki? Meydanda kiçik ölkə Sent Lüsiyadan Derek Uolkot, Nigeriyadan Vole Şoyinka, Belarusiydan Svetlana Aleksiyeviç, eləcə də Banqladeşdən iqtisadçı Məhəmməd Yunus faktı varsa, bizdə niyə olmasın, - deyə düşünməyimiz də təbiidir. Dayandığımız məqamdan çıxış edəndə bu, bizə dünyanın səkkizinci möcüzəsi kimi görünsə belə...
Nobeldən söz düşmüşkən, bu arada qeyd etməyə ehtiyac var. Ötən il nobelçi yazar Vole Şoyinka, Nobel mükafatçısı olmasa da, yaradıcılığı bütün türk dünyasının qüruru olan Oljas Süleymenov Azərbaycana, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutuna təşrif buyurdu.
Dilindən, dinindən, irqindən, təmsil elədiyi ictimai qurumdan asılı olmayaraq, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat! Maraqlı bir qanunauyğunluğa həmişə diqqət kəsilmişəm: ayrı-ayrılıqda biz hamımız ədəbiyyat yönündə üzərimizə düşən irili-xırdalı missiyanı realizə etməklə məşğuluq, amma ədəbiyyatın da öz növbəsində onu yaradanlar qarşısında öz öhdəliyi var sanki... Lazım olan məqamlarda o da bizləri bir yerə toplamağı bacarır. Və o şeyi ki, yazarlar əsrlər boyu mənəviyyat məsələsi kimi ədəbiyyatda daim önə çəkir, yəni insanların Nazim Hikmət demiş, "bir orman gibi kardeşcesine" yaşamasını, çalışmasını təməl prinsip kimi qabardır, ədəbiyyat bu işi səssizcəsinə yerinə yetirir. Uzaqdan-uzağa sözə simsarlıq edənləri başına cəm edib onlara Vətən olmağı bacarır. Bu mənada Nizami adına Ədəbiyyat İnstitutunda iki nüfuzlu şəxslə görüşün reallaşması ölkənin birinci ədəbi-bədii fikir məbədi üçün böyük uğur sayılmalıdır. Oljas Süleymenov və Vole Şoyinka. Nə olsun ki, ayrı dillərdə baş tutdu bu təmas. Əsas olan ruhların ortaq müstəvidə kəsişməsi, bir-birindən ilham alması idi.
Türk dünyasının fəxri olan Olyas Süleymenovu Ədəbiyyat İnstitutunda görmək və dinləmək gözlənilməz olmaqla bahəm həm də taleyin bizim üçün ayırdığı bir şans idi. Akademik İsa Həbibbəyli O.Süleymenova AMEA Ədəbiyyat İnstitutunun fəxri doktoru adını təqdim etdi. Qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyi ideyalarının müdafiə olunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycanla Qazaxıstan arasında və Türk dünyası arasında beynəlxalq aləmdə çoxcəhətli elmi-ədəbi, mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə O.Süleymenova Ədəbiyyat İnstitutunun fəxri doktoru adını vermək haqqında qərar İnstitutun 22 aprel 2016-cı il tarixli Elmi Şurasının iclasında qəbul edilmişdir. Yazıçıya həmçinin, AMEA-nın 70 illiyi münasibətilə hazırlanmış medal və "Akademiya simalarda" kitabı təqdim edildi.
Müxtəlif elm və sənət adamları ilə görüşlər, konfranslar, kitab təqdimatları... hər biri Ədəbiyyat İnstitutunun ötən il sərgilədiyi işlər sırasındadı. Kamal Talıbzadənin seçilmiş məqalələrinin və onun təqdimatı, Yaşar Qarayevin beşcildliyinin təqdimatı elm xadimlərinə, yaradıcı şəxsiyyətlərinə ali diqqət və qayğının göstərisi olmaqla yanaşı, həm də nikbin olmağa ruhlandırır: heç nə itmir, unudulmur. Dəyərli olana zamanında dəyər vermək... - bu elm məbədinin bir missiyası da budur, zənnimcə. Belə bir missiya "Müstəqllik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin meydana qoyulması ilə daha geniş şəkildə gerçəkləşdi. Ötən il milli müstəqilliyimizin 25 illiyi bütün sahələrdə qeyd edildi. AMEA Nizami adına Ədəbiyyat İnstitutu da bu yubileyə öz töhfəsi ilə qatıldı. Üzərində 45 müəllifin çalışdığı, məsul redaktoru Tehran Əlişanoğlu, elmi redaktoru İsa Həbibbəyli olan bu ikicildlik aylardır müzakirə predmeti olaraq qalır. İnkar etmirik, təbii, bu yöndə ilk sistemli iş olduğuna görə müəyyən qüsurların da olması nəzərdən qaçmır. Bəzi yaradıcı şəxsiyyətlərin ayrıca oçerklə dəyərləndirilməsinin labüdlüyü kimi, məsələn. Ümumi yanaşmada sanki bir qədər görünməz qalan bəzi imzalara daha geniş rakursdan nəzər yetirilə bilərdi, zənnimcə. Fəqət bir şey faktdır. Bu kitab müstəqillik dönəmindən sonra ədəbiyyata ilk sistemli nüfuzun göstəricisidir və estetik siqlətinə görə yalnız 25 ili deyil, o dalğanı gətirən, özündə daşıyan daha əvvəlki onilliklərin ədəbiyyatını da ehtiva eləmək, çevrələmək baxımından təqdirə layiq bir nümunədir. Bu hamımızın içindən keçdiyimiz, yaşadığımız, proseslərinə daha yaxşı vaqif olduğumuz bir dönəmdir. Bu kitablar 25 illik bir zamanın ədəbiyyatını ərsəyə gətirən proses, sənətkar və zaman haqqında antologiyadır. Bütünlükdə, ayrıca onilliklər, ayrılıqda isə cari ədəbiyyatı yaradanlar hamısı bu kitabda yaradıcılığının bütün tərcümeyi-halları, ədəbi biblioqrafiyasının bütün çalarları ilə burada görünə bilirlər. Bunu deyərkən yadıma, hardasa 3-4 il əvvəl yazılmış bir məqalə düşdü. Məqalə belə adlanırdı: “Səssiz ədəbiyyat institutu”. Müəllif Ədəbiyyat İnstitutunda çalışan alimlərin heç bir görməməsinə, dəhlizdəki sükuta profancasına münasibət bildirirdi. Əslində onda da indi olduğu kimi ədəbiyyat sevdalıları başını aşağı salıb işlərini görürdülər. Tənqidçi çağdaş ədəbiyyatla məşğul idi, tədqiqatçı araşdırmalarını edirdi, konfransa gedənlər bir yol tapıb xarici ölkələrlə təmas qururdular. Amma bir məsələ var ki, yazılan, tədqiq olunanlar bir toplu, kitab halında meydana çıxmırsa, eləcə tədqiq olunan məkanlardaca unudulub gedir. Bu kitabın birinci məziyyəti budur: həmən o itmiş, unudulmuş, görməzdən gəlinən tədqiqatları bir yerə cəm edib dövrün polifonik mənzərəsini cızır. Geridə qalan 25 illik bir dövrün ədəbiyatını bütün detalları ilə təsvir edir. Ayrı-ayrı fraqmentlər, yaradıcılıqlar, ömürlər, keçilən, yaxud yarıda qalıb qırılan yollar və s. ilə müxtəlif ədəbi talelərin simasında bizə tanış keçmişin yenidən qaralıb görünməsinə nail olur. Bunu hardasa okeanda gözdən itmiş aysberqlərin yenidən görünməsi ilə müqayisə etmək olar.
İndi isə keçək əsərlərə, cari ədəbi prosesə. Bu gün ədəbiyyat müstəvisi deyə üz tutduğumuz bir neçə ünvan var: "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", "Yazı" və "Ustad" jurnalları, eləcə də "525-ci qəzet" və "Kaspi" qəzetlərinin ədəbiyyata yer ayırdığı şənbə sayları və müxtəlif saytlar. Bunların hər birinin ədəbiyyat müstəvisində fəaliyyətini görməzdən gəlməyərək qeyd etməyi borc bilirəm ki, ötən il ədəbiyyat sahəsində ən ciddi mövqeni "Ədəbiyyat qəzeti" sərgiləməyə müvəffəq oldu. Qəzet son iki ildə ədəbiyyatla bağlı müxtəlif rakurslu layihələr yerinə yetirdi: müzakirə saatı, mütaliəni dəbə çevirmək üçün kitabların təbliği, cari ədəbi proseslə bağlı təhlillərə start vermək üçün hekayə müzakirələri, şeirlə bağlı oxucuda estetik zövqün aşılanması üçün təqdim olunan "bir şeir, iki rakurs" layihəsi və s. Təbii ki, görülən işləri daha çox uzatmaq olar. Amma bir həqiqət var ki, Azər Turanın baş redaktor olduğu dövrdən etibarən "Ədəbiyyat qəzeti" ölkənin bir nömrəli ədəbiyyat qəzeti olduğunu yalnız status səviyyəsində deyil, həm də əməl göstəricisində isbatlamadadır. Onu da qeyd etməyi vacib bilirəm ki, ötən il qəzetin illik "Ədəbiyyat" jurnalı əlavəsi təqdim olundu, həm də doqquz seçilən imzaya Ə.Hüseynzadə mükafatları verildi.
Ötən il hekayə, povest və roman janrının inkişafı istiqamətində ədəbi hadisə baş verməsə də, bir neçə baxımdan əhəmiyyətli oldu. Hekayə janrı istiqamətində Elçinin "Qəbiristanlıqda məhəbbət əhvalatı", Kamal Abdullanın "Uçuş", "Hacı Mir Həsən ağa Səyyah", Kamran Nəzirlinin “Əkizlər”, Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi", Mirmehdi Ağaoğlunun "85-ci gün", Günel Eyvazlının "Katarsis", İkinci Mahmudun "Tanımal", Ömər Xəyyamın "Havalandırma sistemi", Azər Qismətin "Vəzifə gözləntisi" hekayələri seçilə bildilər. Qeyd edək ki, iki hekayə - Mirmehdi Ağaoğlunun "85-ci gün", Günel Eyvazlının "Katarsis"i Quran motivləri əsasında yazılan ən yaxşı hekayə nominasiyasında yer qazandılar.
Daha bir önəmli faktı qeyd etməyin yeri var: Kamran Nəzirlinin "Ölən uşağın xatirələri" hekayəsi 2016-cı ildə 9 ölkənin nüfuzlu ədəbi jurnallarının baş redaktorlarının və Yazıçılar Birliklərinin katiblərinin daxil olduğu Jürinin MDB üzrə 271 əsər arasından seçilib 1-ci yerə layiq hesab edildi. Kamran Nəzirli ötən il həmçinin tərtib etdiyi "Müasir Azərbaycan şeiri" Antologiyasında müxtəlif nəsildən olan 55 Azərbaycan şairinin 101 şeirini ingilis dilinə tərcümə etmiş, kitabın əvvəlcə Londonun Mədəniyyət mərkəzində Azərbaycan səfirliyinin və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, daha sonra isə Serbiya, Çexiya, Macarıstan, Makedoniya, Almaniya, Albaniya, Belarus, Polşa, Xorvatiyada təqdimatı keçirilmişdir.
Ədəbi hadisə anlayışı daha çox roman janrına aiddir. Çünki roman dövrün epoxal gerçəklərinə nüfuzdur və özündə daha sistemli və monumental baxışı ehtiva edir. Roman janrında da ötən il maraqlı nümunələrə rastladıq: Elçinin "Baş" romanı, M.Orucun "Qara güzgü", Z.Sarıtorpağın "Kül", Hüseynbala Mirələmovun "Od və büt", Sona Vəliyevanın "İşığa gedən yol", Kamran Nəzirlinin “Dördüncü möhür”, Ş.Ağayarın "Gülüstan", Qan Turalının "Fələk qırmancı", E.Hüseynbəylinin "Yenə iki od arasında" (səkkizinci Qarabağnamə) və. s romanları. Qeyd edək ki, Elçinin "Baş" romanı 2015-ci ilin noyabrında çap olunsa da, romanın prosesə yeriməsi, ədəbi dairələrdə müzakirəsi məhz 2016-cı ilin payına düşdü. Belə ki, haqqında müxtəlif məqalələr yazıldı, "Azərbaycan" jurnalı ilə Ədəbiyyat İnstitutunun birgə iştirakı ilə romanın müzakirəsi baş tutdu, prof. Tehran Əlişanoğlu ötən ilin ədəbi yekunlarında özünün tarixi romanlarla bağlı məruzəsində romandan ətraflı bəhs etdi, kulis.az saytında C.Yusifli ilə Qan Turalının əsərlə bağlı fikirləri yer aldı, Ə.Cahangirin "13-cü gecə" kitabında romanla bağlı silsilə məqalələri verildi və s.
Ötən ilin romanlarında tarixi qata nüfuz işləkliyi ilə seçildi. Elçinin "Baş" romanı, Hüseynbala Mirələmovun "Od və büt", E.Hüseynbəylinin "Yenə iki od arasında", Sona Vəliyevanın "İşığa gedən yol" romanlarında tarix konsepti qabarıqdı. Elçində bu, XIX əsrin birinci yarısına, Sona Vəliyevada XIX əsrin sonlarına edilən nüfuzla, H.Mirələmovda Lut peyğəmbərin dövrünə ekskursla gerçəkləşirsə, K.Nəzirli və E.Hüseynbəylidə bədii təcəssümün predmeti yaxın keçmişimizdi.
Digər romanlarımızda - Ş.Ağayarın "Gülüstan" romanında əsas predmet yaxın keçmişimiz olan Qarabağ problemləri və onun insan həyatlarına çökən ağrısıdı. Əsərdə də elə "məhv olmuş arzular Gülüstanı"ndan (S.Əşrəf) söhbət gedir. Şərif müxtəlif taleli, bəlkə talesiz insanları bir məkana - Gülüstan qəsəbəsinə yığmaqla yeni insanlıq mənzərələrinin mənəvi məkanını yaradır. Müharibənin əlacsız qoyduğu, müxtəlif əzablara sürüklədiyi insanların pərən-pərən olmuş həyatı. Bu qat özlüyündə düşündürür, itirilən ömürlər, yarıda qırılan arzular haqda çoxqatlı material verir. Romanda qəhrəmanlar psixoloji obraz kimi, yəni insan içinin təcəssümü olaraq güclü alınıblar. Amma Şərifin həmin çoxqatlı həyat "materiallar"ından sadəcə inqilabi roman hasilə gətirmək cəhdi əsəri iflasa uğradır.
Qan Turalının "Fələk qırmancı" romanı da il boyu müəyyən məqalələrin müzakirə predmeti oldu. Romanda hadisələr daha çox iki zaman qatında cərəyan etsə də, ümumən çağdaş insanın mənəvi-ruhsal durumunu qabartmaq, onu nəsrə gətirmək baxımından maraq doğurur. Bütün hallarda tək, tənha olan insan, onun çıxılmazlıqlar önündə fiaskosu, həyatın bozluğundan sıyrılıb çıxa bilməyən qəhrəman. Orta əsrlərin sufi həyatı, bu həyatın demək olar ki, bütün qatlarına dərindən yiyələnmək səriştəsi, ruhsal azadlıq təşnəsi, bunun uğrunda gedən daxili qovğa, müxtəlif düşüncə labirintlərindən adlayan qəhrəmanın sonda yenə təklik məqamına köklənməsi və s. Roman daha çox təklik detalını uğurla simvollaşdırmaqla yeni çağın obrazını nəsrə daşıya bilir.
Poeziya sahəsində ötən il Vaqif Səmədoğlunun "Sandıq şeirləri" çap olundu. Qeyd edək ki, V.Səmədoğlunun heç vaxt çap olunmayan pritçalarının yer aldığı "Gürzəçöl yazıları" adlı kitabı da ötən ilin nəşrləri sırasındadır. Daha sonra Afaq Məsudun tərcüməsində gənc şair Leyla Əliyevanın "Dünya yuxutək əriyir..." kitabı işıq üzü gördü. Bu, Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. Şair Qulu Ağsəsin də ötən il ingilis dilində şeirlər kitabı çapdan çıxdı. "Mütərcim" nəşriyyatı tərəfindən "Contemporary Azerbaijani Poetry" ("Müasir Azərbaycan şeiri") seriyası ilə buraxılan bu kitab "Dawn" (Dan yeri) adlanır. Bundan başqa Xaqanı Hassın "Minor", Fərid Hüseynin "Bir də heç vaxt", Səhər Əhmədin "Həyatın təkrar nəşri", Orxan Bahadursoyun "Şeir adam", İntiqam Yaşarın "... Və susarsan", Saqif Zeynal "Nənəmin kürdüləri" və s. kitabları işıq üzü görüb. Ötən il də poeziyada müxtəlif yaş senzlərini təmsil edən şairlər də davamlı və yetərincə poetik uğurları ilə görünə bildilər. M.Yaqub, M.İsmayıl, S.Rüstəmxanlı, V.Bəhmənli, Ç.Əlioğlu, Ə. Nuri, A.Cəmil, S.Hüseynoğlu, Q. Nəcəfzadə, cavan nəsildən Hədiyyə Şəfaqət, Könül Arif, Şəhriyar del Gerani, Günel Şəmilqızı, Fəridə Məmmədova, Orxan Bahadursoy, Emin Piri, Ulucay Akif, Xatirə Nurgül, Nuranə Nur və b.
Poeziya ilə bağlı ötən ilki məruzəmdə və onun əsasında hazırladığım "Səni axtarıram, poeziya" silsilə yazılarımda ətraflı bəhs etmişəm. Bu qeydlərə yenilik baxımından heç bir əlavəm yoxdur. Şeirimizə yeni duyum, yeni rakurs gətirilib. Amma bir kiçik zolaq hələ də araya girib böyük şairin doğuluşuna imkan vermir. Nədir o zolaq? Şeirlər ya hədsiz hissiyyatla yoğrulur, ya da ifrat rasionallıqla. Bilgini ortaya qoymaq, prozaik detallara meyillərin qabarıqlığı daha aparıcıdı. Şeirin yolu isə bunların qovuşuğunda gerçəkləşir.
Məsələn, Fəridə Məmmədovanın şeirinə nəzər yetirək:
Məndən ayrılıb gedən hər kəs
Anamdan rahatlıq apardı özüylə.
Hər şeydən uzaqlaşıb, hamıya yadlaşdıqca
Bir Allah bildi anamın nələr çəkdiyin...
Lütfən, bu dəfə sevəcəyim kəs,
Ya gedərkən məni də apar
Ya da
Elə ayrılıb get ki, anamın xəbəri olmasın .
Tənqidçi Əsəd Cahangir Fəridə Məmmədovanın şeirlərini sərt diksiyanın mövcudluğuna görə fərqli sayır. İş burasındadır ki, yeni minilliyin poeziyası elə bu sərt diksiyanın üzərində gəlişir. Sərt, revanşist ədada bulunmaq, üçüncü şəxsə müraciət, rasionallığa, söz oyununa meyil və s. Poeziyanın yeni, coşqun dalğası yaranmır. Ayrı-ayrılıqda uğurlu bir bənd, bir şeir parçası davamlı şair yaşamının stixiyasına çevrilə bilmir. Müəyyən istisnalar var əlbəttə. Məsələn, gənc nəsildən Günel Şəmilqızı, Şəhriyar del Gerani, Orxan Bahadursoy, Ulucay Akifin şeirləri fərqli intonasiya və düşüncə konteksti ilə seçilirlər. Amma bu gün şeirimizdə hakim olunan çatışmazlıq nədir? Üslub özəlliyi hiss olunmur. Bu gün eyni üslublu, eyni lada söykənən onlarla şeiri seçib yan-yana qoymaq olar. Bu dəst-xətt kimə məxsusdur? Onu ayırd etmək çətindir. Şairlər forma baxımından prozaik naturallığı yarıb keçə bilmirlər, məzmun baxımından darıxmaq hissini, depressiya ovqatını. Gənc nəsli bürüyən pessimizm, depressiya halları onların bütün yaradıcılığını çevrələyib. Bu gün istər poeziyada, istərsə də nəsrimizdə baş qəhrəman darıxan, əzab çəkən obrazdır. İçinə yıxılan, çökdükcə çökən, son problematikası yaşayan, ölümü seçən insanlar... Poeziyada bu, daha kəskin notlar əsasında bəyan edilir. Məsələn, gənc şair Ulucay Akifin bu şeiri (“Depressiya qurbanı”) ümumən, gənc nəslin həyata baxışını, içlərində "son" başlanğıcını, düşkünlüyü, ümidsizliyi ehtiva eləyir:
Kaş,
37-də yaşayardım.
Müşfiq kimi
qurban olardım
repressiyaya...
Təki görməzdim
Üçüncü minilliyi,
Düşməzdim depressiyaya.
Kaş,
Qandallayıb qollarımı,
Çatmamış
Otuz yaşıma,
Bir güllə sıxardılar başıma,
"Atəş!" əmrindən sonra,
Nargin adasında.
Bəli, insan darıxır. Bu darıxmanın səbəbini Sokrat Tanrıdan ayrı düşməkdə görürdü. Sokrata görə, ruh Tanrıdan ayrılmazdan öncə çox rahat imiş, heç bir ehtiyacı yoxmuş. Ona görədir ki, insanlar bu dünyada özləri üçün bir rahatlıq dairəsi yaradırlar və bu dairə müvəqqəti də olsa, Tanrı dərgahını əvəz edir. İnsanın öz evi üçün darıxmasının səbəbi də elə budur. Bəs ədəbiyyatın, ədəbi qəhrəmanların darıxdığı ünvan haradır? Hansı zaman və məkan koordinatından keçib içini yüngülləşdirməyə qabildir bu qəhrəman? Orta əsrlərmi? Yeni dövrmü? İslamın yenicə pərvəriş tapdığı, peyğəmbərlər dövrünün insanlara təsir gücünü axtarıb tapmağa çalışdığı zaman kəsimlərimi? Bəlkə ən yeni tarix? Yanımızdan ötüb keçən yeni fikir cərəyanlarının oluşduğu zamanlar? Qədim romalılar deyirdilər ki, "Ayın altında yeni heç nə yoxdur" və ya "Hər bir yeni - yaxşıca unudulmuş köhnədir". Bizim bütün nəzəriyyələrimiz və "neo"larımız da belədir. Əgər haradasa yeni fikir demək mümkünsə, bu, yəqin ki, təkraredilməz olan hər hansı bir canlı şəxsiyyət üzərində sağlam müşahidələrin nəticəsi kimi meydana çıxa bilər. Ona görə "sağlam" deyirəm ki, zənnimcə, bir çox ədəbiyyat və fəlsəfə "inciləri" xəstə təxəyyüllü insanların əyri təfəkkür güzgüsünün məhsulu olur. Buradan da obtektivi ədəbi tənqidimizin müasir durumu üzərinə fokuslamaq istəyirəm.
Zənnimcə, ötən il müəyyən canlanma məhz, ədəbi tənqid sahəsində nəzərə çarpdı. Uzun zamandır tənqidin yoxluğundan şikayətlənirik. Amma yaranmış boşluğun nələrdən zəmin aldığını unurduruq. Geridə adlatdığımız proseslərə baxanda bu suala daha aydın cavab vermək olur: məsələn, dağılan sistem və onunla birgə laxlayan dəyərlər sistemi, tənqidçilərdən böyük əksəriyyətinin başqa sahələrə yön alması, ondan da böyük əksəriyyətinin tənqidlə deyil, ədəbiyyat tarixçiliyi problemləri ilə məşğul olması, uğurlu bir ədəbiyyat mətninin yaranmaması və s. Bəli, həm yazıçılar, həm də tənqidçilər yeni yaradıcılıq istiqamətində irəliləmək üçün sualtı axına ehtiyac duyurdular. Bu gün artıq daxili tərpəniş bir çox sahələrdə hiss olunmaqdadır. Xüsusilə, ədəbi tənqidin cari prosesə fəal müdaxilə etmək əzminə, yeni potensial, bədii fakta, əsərlərə yanaşmada intellektual-elmi həssaslıq, dərin nəzəri mühakimə səriştəsinə şahid olmağa başlayırıq. Bu qənaəti məndə doğuran elə yalnız ötən il tənqidçilərin ədəbi prosesdə sərgilədikləri müxtəlif məzmunlu yazılardır. Məsələn, tənqiddən söz düşəndə daim aktual olan və haqlı olaraq tez-tez təkrarlanan dördlüyə - V.Yusifli, C.Yusifli, T.Əlişanoğlu və Ə.Cahangir dördlüyünə bu il funksionallığı ilə özünə diqqət cəlb edən digər imzalar qatıldı. Rüstəm Kamal, Məti Osmanoğlu, Azər Turan, İradə Musayeva, Nərgiz Cabbarlı və Mətanət Vahid. Bu imzaların əksəriyyətinin sistemli və daha yaradıcı tənqidçi yanaşması son iki ildə daha aydın parladı və bunun üçün əsas "sağ ol" etiraf edək ki, "Ədəbiyyat qəzeti"nin payına düşür. Ədəbi susqunlar artıq prosesə qayıdır, çağın ədəbi mənzərəsinin bütövləşməsi naminə meydana qatılırlar. Təbii ki, ötən il çap olunan tənqid kitablarında ədəbiyyatımızla bağlı müxəlif rakurslu yanaşmalar yer alır: Məsələn, Kamal Abdullanın "Dümadan Coysa qədər", Əsəd Cahangirin Elçin yaradıcılığından bəhs edən, ədəbiyyata, fakta yanaşmada yeni düşüncə çevrəsi cızan "13-cü gecə" kitabı, Təyyar Salamoğlunun "Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər ", Ülvi Babasoyun "Ədəbiyyatla cənnəti tapmaq" kitabları. Amma bu kitablardan heç də az estetik siqlət daşımayan məqamlar var ki, diqqət yönəltməyə və təqdir etməyə dəyər, zənnindəyəm. "Sim-sim.az" saytında Cavanşir Yusifli ilə Qismətin dünya və milli ədəbiyyatın aparıcı yazarlarının tanıdılması yönündə ədəbi söhbətləri düşünürəm, təfəkkürün sınırlarının genişlənməsi baxımından pozitiv qidadır. Azər Turanın "Modernizm dalğası” silsiləsindən yazdığı məqalələr, onlardakı qlobal ahəng - türk və Avropa yazarlarının mətnlərinin müqayisəsi əsasında gerçəkləşən təhlil və estetik səviyyə bizə bir kitabın ötürə biləcəyi zövq və informasiya, bilgi daşıyıcısı kimi qiymətli məxəz rolunu oynayır. Rüstəm Kamalın dünya filoloji fikrinin aparcı tendensiyası əsasında milli ədəbiyyata dönüşü, bu müstəvidən müəyyən oxşar və paralelləri xüsusi həssaslıq və fəhmlə seçərək vahid ədəbi çevrədə, müstəvidə görüşdürməsi yeni və zəruridir. Məti Osmanoğlunun hekayə və şeirlə bağlı meydana qoyduğu təhlil yazıları milli düşüncəmizin təcrübə imkanlarının yenidən dövriyyəyə gətirilməsi baxımından önəmlidir. İradə Musayevanın ədəbiyyatın bir çox sahələri ilə bağlı məsələləri daha çox problematik rakursdan təhlilə çəkməsi, ilk növbədə meydanda dinamik ab-havanın bərpa olunması baxımından əhəmiyyətlidir. Nərgiz Cabbarlının romanların təhlili ilə bağlı təşkil etdiyi müzakirələr yazılan əsərlərə operativ reaksiya verilməsi baxımından təqdirolunandır. Mətanət Vahidin il boyu çap olunan esseləri ədəbiyyat və zaman, sənət və həyat problemi ətrafında müasir tənqidin yeni janr və forma axtarışlarını əks etdirir. Q.Nəcəfzadənin "Ulduz" jurnalında çap olunan esseləri müəllifin ədəbiyyat, mətn, yazıçı obrazına fərqli münasibətinin təzahürü olaraq maraq doğururlar. "Ədəbiyyat qəzeti"ndə, Sim-sim.az, Kulis.az saytında təşkil olunan müxtəlif kitab və hekayələrin müzakirələri kimi layihələr tənqid və ədəbi prosesi sinxron müstəvidə izləməyə material verir. Eləcə də N.Cəfərov, T.Salamoğlu, V.Sultanlı və digərlərinin ədəbi irsi dəyərləndirmədə nümayiş etdirdiyi pozitiv mövqe, müxtəlif ədəbi münasibətlərin durulması istiqamətində göstərdikləri obyektiv-elmi-metodoloji üsullar milli-bədii arsenalımızı yeni nəfəslə süzgəcdən keçirmək baxımından gərəkli missiyadı. Bu gün tənqid yeni dövrə, onun çağdaş ədəbi prosesinə özünün həm baza dəyərləri, həm də dünya estetik fikrindən bəhrələndiyi elmi-nəzəri düşüncə ilə yanaşa bilir. Amma danmaq da olmur, ədəbiyyatla bağlı əksər sayt və qəzet səhifələri boz ədəbiyyatın təbliği, tərifi ilə doludur. Bəzən bu tərifnamələri yazanlar arasında elə imzalara rast gəlinir ki, heyrət etmədən ötmək olmur. Çünki bir kitab o yana bu şəxsin ədəbiyyat meyarlarının qorunması ilə bahəm çıxışına qulaq asmışıq, yazılarını oxuyub təsirlənmişik. Bu gün bədii mətni, prosesi dəyərləndirmədə qərəz, şəxsi münasibətlərin məhək daşına çevrilməsi faktı təəssüf doğurur. Ədəbiyyata, ədəbi mətnə münasibətdə meyar yalnız obyektivlik və mətnin öz özəllikləri olmalıykən tənqidçı ədəbi fakta, ədəbi prosesə yanaşmada ədəbiyyatın maraqlarına xidmət eləmək əvəzinə, nəinki xırda hisslərin əlində əsir olub qalır, özlüyündə istedadlı olan qələmini lazımsız məsələlərə bulaşdırmaqdan da yan keçə bilmir. Bir var istedadsızın ədəbiyyata kortəbii baxışı, profan yanaşması, bir də var, istedadlı birinin ədəbiyyatın yüksək dəyərlərinə xələl gətirməsi, ucuz münasibətlərə giriftar oluban heç vəchlə dairədən çıxa bilməməsi. Bu, daha böyük problemdir, çünki birinci halda itki yalnız özündən gedir, öz için, mənəvi dünyan üçün ədəbiyyatı itirirsən, ikinci halda da itirirsən, amma bu zaman həm də ədəbiyyatın itkisinə çevrilirsən.
Yaxud digər rakursa baxaq. Əlbəttə, ədəbiyyatı fərdlər yaradır, o enerji və yaradıcılıq istedadı dövrün hansısa məqamında təzühür edəcəksə, zaman özü öz qəhrəmanını seçməyə qərar verəcəkdir. Tez-tez eşitdiyimiz fikir ki, "guya bu gün fərdi baxışlar, fərqli nöqteyi-nəzərlər, oxucunu diksindirən bədii rakurs, düşündürücü tənqidçi mövqeyi az qala yox kimidir". Amma olanda belə buna dözümlülük nə qədərdir? Tənqidin yoxluğundan, zəifliyindən bahs edənlər bilməlidirlər ki, onun bu günə düşməsində suç həm də ədəbiyyatın, yazıçı mövqeyinin özündədir. Bu gün yazıçının vuruşu, qovğası, dartışması özü ilə Mətni, lap elə deyək, içinin ədəbiyyat etalonu (əgər varsa) ilə olmalıykən, o, yenə qəzəbini tənqidə tuşlayır. Yaxud əksinə, tənqid bəzən üzünü mətnə yönəltməli olduğu halda yazıçıya tutur. Biz də üzümüzü onlara tutub deyək o zaman. Reallıqları keçib bir az da gözləntilərimizdən çıxış edək: bu gün gözəlim ədəbiyyat bir ayağı sosializm qayığında, bir ayağı kapitalizm sahilində olan insana bənzəyir. Ümid edək ki, yaxın zamanlarda hər iki ayağını sahilə basıb müvazinətini bərpa edəcək. Ancaq bu, onun qarşıya qoyduğu məqsədləri gerçəkləşdirməsi üçün kifayət edəcəkmi? Axı adından da göründüyü kimi, bədii mətnin, ədəbi fikrin başlıca qayəsi insana xidmət, insana məhəbbət olmalıdır. Ancaq indi daha çox kapitala xidmət qayəsi ön plana çıxıb. Doğrudan da, insanın yaddaşı çox unutqan imiş. Elə buna görədir ki, yaxın keçmişdə cani-dildən sevdiyimiz "zəhmətkeş kütlələr" birdən-birə yadımızdan çıxdı və Mirzə Cəlilin savaşları, Sabirin bu misrası yenə aktuallıq kəsb etdi: "Canın bəcəhənnəm ki, ölürsən deməyindən!" Sosialist realizmin tənqid atəşinə tutduğu "obıvatel" tiplər səmimi sevginin obyekti oldular. Çağdaş ədəbiyyat sosial ədalətin bərpası naminə bütün bunların bədii təcəssümünü verə bilirmi? "Bacarana can qurban" şüarı hər yerdə həyat devizinə çevrilib. Hamı nədən istəsə yaza bilər. Üstəgəl, haqqında tərifli yazılar da yazdırar. Amma və lakin... Bir körpənin göz yaşlarını belə silməyə qadir olmayan əsərlər, onlara yağdırılan məzmunsuz təriflər kimə və nəyə lazımdır?! Bu gün çağın ədəbi təsərrüfatını ələkdən keçirmək, zaman və insanın zamanda yeri barədə ideyanı ehtiva edən bədii əsəri oxucuya, ədəbiyyata tanıtmaq missiyasında bulunurkən zəif əsərlərin və imzaların təbliğinə zaman və ömür sərf etməklə ədəbiyyatı inkişafdan geri salanlar dəf edilməsi gərəkən naqis tendensiyanın ön sıralarında qərarlandığını unudurlar.
Ədəbi portallarda, mətbuatın ədəbiyyata ayrılan səhifələrində ədəbiyyatın mənafeyi nəinki güdülmür, hətta mövzuların şouya çevrilməsi, başlıqlara çıxarılan kontekstsiz adlar dəyərləri üstələməkdədir. Yaxud əksinə, çözülməsi gərəkən predmet eləcə sərlövhələrin cəlbedici başlığı olaraq qalır. Halbuki indiki informasiya və çap bolluğu şəraitində yaradıcılıq problemlərinin çözümü hədsiz gərəklidir. Ədəbiyyat nədir ki?! İnsanın dünya, zaman, Tanrı və təbiətlə bağlı düşüncəsinin sınırlarının böyütməsi üçün üz tutduğu müqəddəs mehrab! Axı insan pisliklərdən, yaramazlıqlardan sığortalanmayıb, o, əzabların pandora qutusudur, ədəbiyyatsa həmişə əzabları yenməsində ona yol göstərən olub. Sovet sistemi dağılandan sonra biz bu fikri də tarixin qalıqları altından çıxarıb, bir az da postmodernist dalğanın ardınca gətirdiyi revanşist ədanın təsirinı düşərək ona özgə məzmun, mündəricə verməyə çalışdıq: Ədəbiyyat insan tərbiyə eləmir! O zaman ədəbiyyat nəyə xidmət edir? Hansı amala, hansı məfkurəyə, hansı düşüncəyə? Əgər çağın insanı onu gündəlik sarmış olan hər cür mənəvi-ruhsal-psixoloji deqradasiyadan, maddi-sosial anomaliyalardan qurtuluş üçün ədəbiyyata sığınmayacaqsa, orda öz huzurunu tapa bilməyəcəksə, o zaman bədii sənətin qayəsi hardan başlanıb harda bitir? Əgər durmadan artan kitablar, yazılan əsərlər sonucda insana yönəlik söz deməyə hasilə gəlmirsə, o zaman bəşəriyyət niyə hər zamanın qəhrəmanını yaratmağa çalışır, onunla öz dilində, düşüncəsində danışmağa çaba göstərir. Demək istədiyim budur ki, ədəbiyyatın uğuru ilk növbədə, bədii əsərlərdir və ilk növbədə bu, nəsr sahəsi ilə bağlıdır. Çağın ötəri maraqlarından uca, dünya yazarlarının kitablarının yer aldığı müstəvidə qərar tutmağa bədii istedadı çatan əsəri gözləyirik müasir yazarlarımızdan. Ədəbi tənqidimizi də onunla müvazi addımlayan görmək istəyirik. Dəbin meydan suladığı, gündəmə işləmək mexanizminin funksionallığı dövründə meyarları qoruya bilməyənlər heç olmasa olanları yaralamasınlar.
Məruzəmə ötən il dünyasını dəyişən ünlü yazar Umberto Ekonun gözəl bir fikri ilə son qoymaq istəyirəm. Eko yazırdı: "Bütün dünya mədəniyyəti bir şeyi istəyir - sonsuzluğu əlçatan etmək". Biz də vahid dünya mədəniyyətinin bir parçası olduğumuzdan missiyamızın həm də bundan ibarət olduğunu unutmamalıyıq. Bəlkə onda sonsuzluq adlanan əlçatmazlığı əlçatan etməyə müvəffəq olaq.