Biri var imiş, biri yox imiş ...
Keçmiş zamanlarda yer üzünün bir ölkəsində heç bir şey yox imiş. Heç bir şeyi olmayan bu ölkənin bir padşahı var imiş. Bu padşahın bir xəzinəsi var imiş. Bu xəzinədə xalqın ən dəyərli bir əmanəti qorunurmuş. O xalq atalarından qalan bu əmanətlə öyünürmüş. “Heç bir şeyimiz olmasa da atalarımızdan bizə belə bir əmanət qaldı”- deyə özlərinə təsəlli verirlərmiş. Beləcə yoxsulluqlarını öz-özlərinə unutdururlarmış.
Atalarından qalan əmanət bir, iki adamın deyil bütün xalqın olduğundan hər bir kəs bu dəyərli əmanətdən özü üçün bir öyünmə payı götürürmüş.
Bütün xalqın malı olan bu əmanəti qorumaq üçün ən uyğun yer padşahın xəzinəsi olduğundan həmişə oradaca gizli saxlanırmış. Xəzinənin keşiyində gözünü belə qırpmadan silahlı növbətçilər durarmış. Oradan bir quş da uçurtmazlarmış.
Padşah, sədr-əzəm (padşahın sağ əli), vəzirlər, sarayın bütün qabaqda gedənləri hər ilin bir günü atalarından qalan bu müqəddəs əmanəti qoruyacaqlarına namuslarına and içərlərmiş.
Günlərin bir günü padşah o əmanətin nə olduğunu bilmək istəyinə düşür. Sonda bu istəyindən əl çəkə bilmir və xəzinə olan yerə gedir. Gözətçilər padşaha da ora girmək üçün qadağa qoyası deyillər ki. Sarayın xəzinəsinə padşah, sədr-əzəm, vəzirlər həmişə çox rahat şəkildə girib çıxar, əmanətin yerində olub olmadığına baxarlarmış. Padşah da belə edir. Bu əmanəti qırx otaq keçdikdən sonra qırx birinci otaqda gizlədiblərmiş. O otağın içində qırx birinci qutunun içindəymiş.
Padşah qırx otağın qapısını açıb qırx birinci otağa girir. Sonra da qırx qutu açıb, qırx birinci qutuya çatanda həyəcanlanır: “İllərdir qoruduğumuz əmanət nə ola bilər axı?”
Nəhayət, qırx birinci qutunu açıb nə görsə yaxşıdır. O vaxta qədər yer üzündə görülməmiş ləl - cəvahirat. Parıltısı göz qamaşdırır. Nə qızıla oxşayır, nə platinə, nə də ki gümüşə. Padşah özünü saxlaya bilməyib: “Atalarımızdan qalan bu müqəddəs əmanəti mən özümə götürsəm kim biləcək? Bu mənim olmaldı.” – deyir.
Günəşdən qopmuş bir hissə kimi par-par parıldayan bu müqəddəs əmanəti qutusundan çıxarıb cibinə atır. Amma sonra içinə bir şübhə düşür ki, birdən kimsə bunu mənim oğurladığımdan şübhələnər. Beləliklə, qərara alır ki, oğurladığının əvəzində ora üstü yaqut, zümrüd, almazla bəzədilmiş bir platin qoysun. Heç kəs bu əmanəti görmədiyinə görə şübhələnməz. Nə vaxtsa qutunu açsalar əmanətin oğurlandığından şübhələnməzlər.
Dediyi kimi də edir, qırx bir qutunu iç-içə qoyub qırx otağı keçdikdən sonra qırx birinci otağı da kilidləyib çıxır. Bu hərəkətinin başa düşüləcəyindən çox qorxurmuş. Heç kəsin bu oğurluqdan xəbəri olmasın deyə, o vaxta qədər əmanətin qorunması üçün ildə bir dəfə and içirdilərsə bu andı padşah ildə iki dəfəyə qaldırır. Beləliklə, ildə iki dəfə hamı toplaşar, bu müqəddəs əmanəti qanları, canları bahasına qoruyacaqlarına and içərlərmiş.
Sədr-əzəm çox hiyləgər adam imiş. Əvvəllər ildə bir dəfə and içilirdisə, indi niyə bunu padşah ikiyə qaldırıb deyə şübhələnməyə başlayır.
“Neçə illərdir qoruduğumuz bu əmanət nədir?” deyə o da xəzinəyə gedir. Qırx bir otaqdan keçib, qırx bir qutunu açıb əmanəti görür. Padşah fırıldağının üstü açılmasın deyə oğurladığı əmanətin yerinə ən qiymətli daşlarla bəzədilmiş bir platin qoyduğundan bu gözəl şeyin qarşısında sədr-əzmin başı gicəllənir. “Mən bu əmanəti götürüm yerinə rəngli daşlarla bəzədilmiş bir qızıl qoyum. Heç kim bu əmanəti əvvəl görmədiyinə görə, elə qoruduğumuz əmanətin bu olduğunu zənn edər və beləliklə, heç nədən şübhələnməz” - deyə düşünür. Dediyi kimi də edir.
Amma etdiyi işin üstü açılacaq deyə qorxurmuş. Bunun üçün padşahın ildə iki dəfə etdirdiyi andiçmə mərasimini ildə dörd dəfəyə qaldırır; yaz, yay, payız, qış.
Di gəl ki, vəzirlərdən biri hiyləgər imiş. “İndiyə kimi ildə iki dəfə and içilirdisə niyə ildə dörd dəfəyə qaldırıldı” - deyə şübhələnmiş. O da heç kəsə demədən, icazə almadan xəzinəyə girə bildiyinə görə bir gün qırx bir otaqdan keçib, qırx bir qutunu açır. Qırx birinci qutudan çıxan üstü rəngli qaşlarla bəzədilmiş daşı görən kimi gözləri bərələ qalır. “Mən bunu götürüm, yerinə gümüş qoyum kim haradan biləcək?” - deyə düşünür.
Elə düşündüyü kimi də edir. Amma içində qorxu var imiş ki, buna görə də oğurluğunun bəlli olmaması üçün ildə dörd dəfə keçirilən andiçmə mərasimini hər ay etdirməyə başlayır. Xalq hər ay bir yerə toplanıb son damla qanına kimi bu müqəddəs əmanəti qoruyacaqlarına and içirlərmiş.
Saray naziri hiyləgər adammış. Andiçmənin ayda bir dəfəyə qaldırılmasından o da nəsə şübhələnir. Burda bir iş var, gedib o əmanəti görüm gərək. Qırx bir otaqdan keçib, qırx bir qutunu açıb əmanəti görür. Atalardan qalan bu müqəddəs əmanəti o qədər bəyənir ki, mən bunu götürüb yerinə mis qoysam heç kəs şübhələnməz deyə düşünür. Düşündüyü kimi də edir. Amma o da oğurluğu başa düşüləcək deyə əmanəti necə qoruduğunu xalqa göstərmək üçün ayda bir dəfə edilən andiçmə mərasimini həftədə bir dəfəyə endirir.
Di gəl ki, xəzinəni qoruyan subaşı (mühafizə işlərinə baxan adam) da çox hiyləgər olur. “Nə olur belə? Həftədə bir and içirik, bu müqəddəs əmanəti gedib görsəm yaxşıdı”- deyə ürəyindən keçirir. O da o biriləri kimi qırx bir otaqdan keçib, qırx bir qutunu açır parlaq mis görüncə “Mən bunu götürüb yerinə dəmir qoysam heç kəs şübhələnməz”-deyə düşünür. Dediyi kimi də edir, amma etdiyindən kimsə şübhələnməsin deyə hər gün əmanəti necə qoruduğunu göstərmək üçün and içərmiş.
Bir müddət sonra xalqın içindən bir nəfər: - Bütün xalq illərdir atalardan qalan bu müqəddəs əmanəti qoruyacağımıza and içirik. Bu əmanəti çox yaxşı qoruyuruq. Bəs bu əmanət nədir? Bu otaqları, qutuları açaq atalarımızdan qalan bu əmanətin nə olduğunu, nəyi qoruduğumuzu bir öyrənək - deyir.
Bu sözlər bomba effekti yaradır. Başda padşah olmaq üzrə əmanətə xəyanət edənlərin hamısı bu fikri ortaya atan adamın üstünə hücuma keçirlər. Əsl əmanəti oğurlayıb onun yerinə saxtasını qoyanlar, bu oyunu yalnız özlərinin etdiyini düşündüklərindən, bir-birinin oyununu bilmədiklərindən oğurluqları ortalığa çıxacaq deyə çox qorxurlar. “Qoruduğumuz əmanəti görək”- deyən adama:
- Vay xain! Atalarımızdan qalan o cür müqəddəs, dəyərli bir əmanəti sən kimsən ki, görmək istəyəsən deyə hücuma keçirlər. O adamı əmanəti alçaltmaqda, təhqir etməkdə günahlandırırlar. Bütün xalq da buna qoşulur. Yazığı az qala linç edəcəkdilər. Amma sonra padşah:
- Biz bunu ediriksə qanunla edək - deyə qərar verir.
Bunun üçün əvvəl bir qanun hazırlayıb, sonra məhkəmə qərarı ilə həmin adamı öldürürlər.
Di gəl ki, öldürməklə iş bitmir. Çünki, öldürülən kişinin sözləri ağızdan-ağıza gəzməyə başlayır. Getdikcə bu məsələ böyüyür. Günün birində xalqın içindən bir nəfər ölümü gözə alaraq o əmanəti görmək qərarına gəlir.
Amma özündən əvvəlkinin başına gələnləri göz önünə gətirərək bu fikri heç kəsə demir. Gizlicə xəzinəyə girib müqəddəs əmanəti görməyi qərarlaşdırır. Amma padşah, sədr-əzəm, vəzirlər, bütün əmanət oğruları oğurluqları bəlli olmasın deyə atalardan qalan bu müqəddəs əmanəti daha doğrusu yerinə qoyduqları saxta əmanəti əvvəlkindən daha möhkəm qoruyurlarmış. Elə buna görə də həmin adam xəzinəyə girib qoruduqları şeyi bütün xalqa göstərmək üçün çıxararkən mühafizəçilər tərəfindən saxlanılır. Adamın əlində sonuncu oğrunun əmanətin yerinə qoyduğu paslı qab var imiş. Subaşı adamın əlindəkini görən kimi:
-Müqəddəs əmanət bu deyil - deyə qışqırır.
Saray naziri:
- Bu deyil!
Vəzir də:
-Bu deyil! - deyir.
Sonra padşaha qədər sırayla hamısı:
-Bu deyil, bu deyil! –deyirlər.
Bu vaxt əlində paslı qab tutan adam:
- Müqəddəs əmanətin bu olmadığını haradan bilirsiniz? Bu deyilsə bəs hansıdı? - deyə soruşur.
Oradakıların heç biri bu suala cavab verə bilmir. Çünki hamısı başa düşür ki, əmanətin yerinə qoyduqları şey sonradan oğurlanıb. Tutulan adamı elə yerindəcə boğub öldürür və həmin paslı qabın içinə qoyub qırx birinci qutuya qoyduqdan sonra qırx otaqda gizlədib qırx birinci otağın qapısını bağlayaraq gizlədirlər.
Amma yenə də narahat imişlər. Müqəddəs əmanəti qorumaq üçün bir qanun çıxarırlar. Bu qanuna görə səhər, günorta, axşam gündə üç dəfə bütün xalq atalardan qalan əmanəti qorumaq üçün and içəcəkdilər.
Bu andı içənlərin heç biri qoruduqları əmanətin oğurlana-oğurlana sonda paslı bir qaba döndüyündən heç vaxt xəbər tutmurlar.