Kulis.az Xalq yazıçısı Elçinin “Əkrəm, bu 70 hardan gəldi?” yazısını təqdim edir.
Dostum Əkrəm Qaflanoğlunun 70 illiyinə
1.
Bu yazını yazmaq üçün mizin arxasına keçəndə, məni sidq-ürəkdən gələn bir təəccüb hissi bürümüşdü: Əkrəmin bu 70-i hardan gəldi, necə gəldi? Hətta o təəccübdə yüngül bir etiraz da var idi: nə üçün gəldi?!
Eləcə sidq-ürəkdən də deyirəm: mənim bundan xəbərim olmadı.
Xüsusən, son zamanlar biz hamımız (hər halda mənim yaxınlarım, tanış-bilişilərim) vaxtın uçub keçdiyini deyirik, gileylənirik və mən indi bu sözləri yazıram, birdən-birə də Bakıdakı 199 nömrəli məktəbin səkkizinci sinfində oxuyanda bizim çox ciddi, hətta zəhmli riyaziyyat müəllimimiz Əlabbas müəllim yadıma düşür (gör fikir məni hansı uzaqlara aparır!). Müharibədə bir ayağını itirmiş Əlabbas müəllim bərk siqaret çəkən idi və siqareti siqaretlə yandırırdı və bu gözlənilməz xatirə ona görə mənim yadıma düşdü ki, indiki dövrdə səhərlər də rəhmətlik Əlabbas müəllimin çəkdiyi siqaretlər kimi elə bil, işığı bir-birindən alıb açılır, beləcə günlər bir-birinə calanır.
42 illik (!) dostumu 70 necə haqladı – bu, mənim üçün həyatın amansız sürətinin şəksiz bir göstəricisidir və bu zaman, vaxt sürətinə baxmayaraq, xoş bir cəhət odur ki, Əkrəm 42 il bundan əvvəl necə enerjiliydi, necə ürəyi təmiz, hər şözün, hərəkətin yerini bilən, necə vətənpərvər, etibarlı və sədaqətli idisə bu gün də elə o cürdür.
Oxucular tanınmış yazıçımız Əkrəm Qaflanoğlunun hekayələri, povestləri, «Həm gülək, həm düşünək», «55+», «Dünyanı belə gördüm» kimi kitabları ilə tanıyırlar və xüsusən onun bir neçə il əvvəl yazdığı «Talelər kəsişəndə» povesti oxucuların da, ədəbi ictimaiyyətin də diqqətini cəlb etdi. Bu povestin və ümumiyyətlə Əkrəmin yazılarındakı bir cəhəti ayrıca qeyd etmək istəyirəm: səmimilik.
O, nə yazırsa, səmimi yazır və bu səmimilik elə onun özünün daxili aləmindən gəlir. Aydın məsələdir ki, ədəbiyyatın obyekti həyatdır və Əkrəm də həyatdan yazır, ancaq bu, don geyindirilmiş, bəzədilib düzənmiş, bir sözlə, uydurulmuş həyat deyil, biləvasitə gördüyü, hiss etdiyi həyatdır. Onun qələmi iddiasız qələmdir və qəhrəmanları da sadə insanlardır.
2.
Biz 42 il ərzində Yazıçılar İttifaqında, sonra «Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – «Vətən» Cəmiyyətində, sonra da iyirmi ildən artıq Nazirlər Kabinetində – bir-birindən çox fərqlənən, hərəsinin öz xüsusi spesifikası və iş həcmi olan təşkilatlarda birlikdə çalışmışıq. Bu illər ərzində onun gündəlik fəaliyyətinin şahidi kimi bir az gurultulu səslənsə də, deyə bilərəm ki, Əkrəm avam, bəzən də yalançı yox, həqiqi və sağlam vətənpərvərlik hissini həmişə uca tutaraq işləyib, hər bir işi ürəklə görüb, özü də həmişə düz, qələmi kimi sadə və iddiasız olub.
O zaman Yazıçılar İttifaqında işləmək – Süleyman Rəhimov və Əli Vəliyevlə, İlyas Əfəndiyev və Əbülhəsənlə, Mirzə İbrahimov və İmran Qasımovla, İsmayıl Şıxlı və Hüseyn Abbaszadəylə, Süleyman Rüstəm və Rəsul Rzayla, Bəxtiyar Vahabzadə və Balaş Azəroğluyla, Mirvarid Dilbazi və Hüseyn Ariflə, Qabil və Nəbi Xəzriylə, bir çox başqa müxtəlif xasiyyətli, müxtəlif dünyagörüşlü qələm əhli ilə təmasda olmaq, ədəbiyyatla və konkret olaraq yazıçılarla bağlı problemlərin həllinə çalışmaq, duzlu zarafatlar, səmimi hal-əhvallar, ancaq bəzən də sərt münasibətlər, çəkişmələr, açıq, ya gizlədilmiş şəxsi-qərəzlik içində işləmək demək idi və Əkrəmin xasiyyəti də, işgüzarlığı da belə bir mühitdə ona hörmət qazandırmışdı. Bunun da əsas səbəbi o idi ki, Əkrəm həmin mühiti və bu mühiti yaradan yazıçıların yaşından, istedadlarının azlığından-çoxluğundan asılı olmayaraq, onları hiss edirdi, onlara hörmət bəsləyirdi – çünki yaradıcılıq aləmi onun üçün doğma və məxsusi idi.
«Vətən» Cəmiyyəti isə 19 80-ci illərin sonlarında, çox mürəkkəb və ağrılı-acılı illərdə təsis edildi və işə başladı: bir tərəfdən sovet sistemi iflasa uğrayırdı, erməni irqçiliyi Ermənistandakı həmvətənlərimizi didərgin salmağa başlamışdı və bu vəhşi irqçiliyi sona da çatdırdı, 20 yanvar faciəsi törədildi, separatçılar Dağlıq Qarabağı Şuşayla birlikdə ələ aldı, daha sonralar o biri rayonlarımız işğal edildi, son dərəcə ağır qaçqınlar və məcburi köçkünlər problemi yarandı – bir sözlə, cəmiyyət maddi və mənəvi kataklizm keçirirdi, başda Respublika rəhbərliyi olmaqla hərc-mərclik baş alıb gedirdi və belə bir şəraitdə ABŞ-da, Avropada (Almaniyada, Fransada, Skandinaviya ölkələrində və s.), Asiyada (Yaponiyada, Pakistanda, İsraildə və s.), hətta Avstraliyada yaşayan həmvətənlərimizlə əlaqə yaratmaq, onları və təsis etdikləri cürbəcür cəmiyyətləri, dərnəkləri, mərkəzləri axtarıb taparaq Azərbaycana cəlb etmək, güclü və zəngin erməni diasporunun, erməni lobbiçiliyinin kin-küdurətli və qərəzli təbliğatına, tarixi təhriflərinə və böhtanlarına qarşı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, xarici mətbuatda, informasiya vasitələrində söz demək və s., və i.a. işlərin (vəzifələrin!) öhdəsindən gəlmək, dediyim həmin vətənpərvərliklə bərabər, cəsarət və bacaraq tələb edirdi. Bütün bu işlərdə Əkrəm «Vətən» Cəmiyyətinin ən fəal əməkdaşlarından biri idi və elə ancaq bir faktı xatırlayıb, bu barədə söhbəti uzatmayacağam.
1980-ci illərin sonlarında mən Bəxtiyar Vahabzadə və 30 il Akademiyanın o zaman məşhur Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutuna rəhbərlik etmiş professor Nurəddin Rzayevlə birlikdə «Vətən» Cəmiyyətinin xətti ilə rəsmi nümayəndəlik kimi (Bəxtiyar müəllim də, mən də Respublika Ali Sovetinin deputatları idik) Türkiyəyə getdik və ilk dəfə olaraq M.Ə.Rəsulzadənin yaxın silahdaşı, onun yaratdığı Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Kəngərli ilə, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin sədri Feyzi Aküzümlə, Dərnəyin fəallarından Cəmil Ünal, Sovet İttifaqında antisovet jurnalist kimi məşhur olan Əhməd Qaraca (Ankarada nəşr olunan «Azərbaycan» jurnalının baş redaktoru idi), Yəhya Daşdələn və başqa üzvləri ilə görüşdük, danışıqlar apardıq, yaranmış vəziyyətlə onları tanış etdik. İlk dəfə olaraq da M.Ə. Rəsulzadənin qəbrini ziyarət etdik və Sovet səfirliyindən gizlin olaraq keçirilən bu görüşlər, danışıqlar, o ziyarət tamam konspİrativ idi.
Bu barədə ayrıca yazmağı sonraya saxlayaq (sağlıq olsun!), indi isə ona görə bu səfəri xatırlayıram ki, o zaman mən Məhəmməd Kəngərlini Azərbaycana dəvət etdim və o da:
- Gələcəyəm!- dedi.- Mütləq gələcəyəm! Qoy, məni lap həbs etsinlər!
Tərtərin Kəngərli kəndində anadan olmuş, hərbi həkim kimi müharibədə iştirak etmiş, 1942-ci ildə Krımda yaralanaraq əsir düşmüş və bütün varlığı ilə Sovet sisteminə nifrət edən Məhəmməd Kəngərli müharibədən sonra Türkiyədə M.Ə.Rəsulzadə ilə yaxınlaşmış, onun, dediyim kimi yaxın sirdaşı və silahdaşlarından biri olmuşdu.
O zaman Türkiyədən birbaşa Azərbaycana təyyarə reysləri yox idi, Ankaradan Moskvaya, ordan da Bakıya uçmaq lazım idi və Məhəmməd Kəngərli – bu cəsarətli adam – 1990-cı ildə həqiqətən Azərbaycana gəldi. Düzdür, SSRİ-də sistem xeyli zəifləmişdi, ancaq Məhəmməd Kəngərli adi adam yox, «düşmən» idi və onun təhlükəsizliyini qorumaq, onu provokasiyalardan uzaqlaşdırmaq asan məsələ deyildi. Elə bu məqsədlə də mən M.Kəngərlinin SSRİ-yə ayaq basdığı andan müşayiət etməyi Əkrəmdən xahiş etdim və Əkrəm Moskvada onu qarşıladı, Bakıya gətirdi, daima onunla oldu, gedəndə də Moskvaya apardı, onu Şeremetyevdən sağ-salamat yola saldı, biz də rahat nəfəs aldıq.
Bir müddətdən sonra isə Azərbaycan mühacirətinin siyasi xadimlərindən adlarını çəkdiyim Əhməd Qaraca, Cəmil Ünal və Yəhya Daşdələn bizim dəvətimizlə ilk dəfə Azərbaycana gəldilər və o qarışıq zamanda onları da səfərlərinin sonunda Əkrəm Batuma aparıb, Sarpdan Türkiyəyə yola saldı.
Mən «qarışıq zaman» deyirəm, ancaq bu ifadənin arxasında «Vətən»in fəaliyyəti ilə bağlı çox çətinliklər, təqiblər, iftiralar, provokasiyalar, şaiyələr durur və o qarşılamalar, müşayiətlər, yola salmalar belə bir şəraitdə baş verirdi. Elə buradaca bir əlamətdar hadisəni də qeyd etmək istəyirəm.
Bu həmin dövr idi ki, Moskvadan Azərbaycana (vətənə!) qayıdan Heydər Əliyev Bakıda vaxtıyla onun yüngül bir salamı üçün sinov gedən insanların nankorluğu ilə qarşılaşdı, təqiblərə məruz qaldı və Naxçıvana getdi, ancaq hakim dairələr (həmin o «sinovçular»!) Bakıda oturub, onun kölgəsini də qılınclayırdılar. Təsadüf elə gətirdi ki, belə bir vaxtda – 1991-ci ilin fevralında İsveç radiosunun müxbiri, əslən Cənubdan olan həmvətənimiz Əlirza Ərdəbili bizim dəvətimizlə Respublikadakı ağır vəziyyətlə tanış olmaq, müsahibələr götürmək üçün Bakıya gəlmişdi və onu Əkrəmin müşayiəti ilə ilk növbədə Naxçıvana, Heydər Əliyevdən müsahibə almağa göndərdik.
Bu barədə Əkrəm özü yazır: «Naxçıvan çox ağır günlərini yaşayırdı. Soyuq adamı qılınc kimi kəsirdi. Hətta camaat məcbur olub, qızınmaq üçün küçələrdəki ağacları da kəsib, yandırırdılar. Biz Rəsulzadə küçəsindəki mənzildə Heydər Əliyevlə görüşdük. Olduqca sadə bir həyat tərzi keçirirdi. Adamın inanmağı gəlmirdi ki, bu cür böyük bir insan bu qədər sadəlik içində yaşayır. Çox geniş müsahibə verdi. Görüşdə Vasif Talıbov da iştirak edirdi. Orda içdiyimiz ləzzətli qaynar çay canımızdakı soyuğu apardı. Heydər Əliyev məndən İlyas müəllimi soruşdu. Dedi: «- İlyas Əfəndiyevə və oğlu Elçinə daim xüsusi qayğı ilə yanaşmışam. Salamlarımı onlara çatdırarsan.» Sonra biz «Təbriz» otelinə qayıtdıq. Nömrədə bütün gecəni Əlirza ilə soyuqdan dona-dona oturduğumuz yerdə mürgülədik.»
Əgər səhv etmirəmsə, bu, Azərbaycana gələndən sonra Ümummilli liderimizin xarici radioya verdiyi ilk müsahibə idi və o müsahibə böyük maraqla qarşılanmışdı. Aradan bu qədər illər keçib, ancaq Əkrəm bu gün o unudulmaz səfəri bütün təfərrüatlarınacan xatırlayır və tez-tez də yada salır.
Dediyim kimi 20 il də Nazirlər Kabinetində birlikdə işlədik və bu işin həcmi Respublika üzrə bütün humanitar sahəni (xeyli müddət səhiyyə, sosial problemlər də daxil olmaqla) ehtiva edirdi. Bu iyirmi ildə görülən işlərdən, baş vermiş hadisələrdən çox danışmaq, çox xatirələri yada salmaq olar, ancaq indi Əkrəmin yubileyidir və mən yubiley yazısı olduğu üçün yox, həqiqət naminə onu deyim ki, həmin işgüzarlıq və mərifət Nazirlər Kabinetində də həmişə onunla bir yerdə idi.
3.
Mən Əkrəmlə birlikdə çox səfərlərə çıxmışam, Türkiyədən tutmuş İndoneziyayacan bu səfərlərlə bağlı çox xatirələr var – son dərəcə ciddi məqamlar da olub, duzlu-məzəli əhvalatlar da, ancaq mən yalnız bir səfəri – Əfqanıstan səfərindəki bir hadisəni xatırlayacağam.
2014-cü ildə müsəlman dövlətlərinin ənənəvi Novruz sammiti Əfqanıstanda keçiriləcəkdi və mən Kabilə uçmalı idim. Əfqanıstanda vəziyyət çox gərgin idi və Kabilə uçan təyyarələr vurulurdu (bizdən iki gün əvvəl kənd təsərrüfatı texnikası aparan xüsusi təyyarə də vurulmuşdu və bütün ekipaj da, sərnişinlər də həlak olmuşdu). Yalnız Türk Hava Yolları ilə uçuş nisbətən təhlükəsiz sayılırdı və biz martın 27-də Əkrəmlə və müşayiətçi heyətlə birlikdə İstanbula, oradan da Kabilə uçduq.
Kabildə məlum oldu ki, qalacağımız otel gecə partladılıb və bizi prezident Həmid Kərzainin tapşırığı ilə güclü mühafizəsi olan ayrıca bir Qonaq Evində yerləşdirdilər. Altı gün bir sıra dövlət başçılarının, yüksək vəzifəli nümayəndələrin də iştirak etdiyi konqres və tədbirlər keçirildi və nəhayət oktyabrın 3-də İstanbula, oradan da Bakıya qayıtmaq üçün Kabil hava limanına yola düşdük. Təyyarə səhər saat 10.45-də uçacaqdı və hava limanına iyirmi dəqiqəlik yol idi. Biz Qonaq Evindən bir az tez – 09.40-da çıxdıq və 10-da artıq hava limanında idik. Elə orada da xəbər gəldi ki, biz çıxandan 5 dəqiqə sonra, yəni 09.45-də qaldığımız həmin Qonaq Evini də partladıblar.
Tale bizimlə axırı yaxşı qurtaran belə bir «5 dəqiqə» oyunu oynamışdı.
Burasını da deyim ki, Əkrəm Mədəniyyət və İncəsənət Universitetindən əvvəl Azəf Zeynallı adına Musiqi Kollecini bitirib və mən yenə kiçik bir xatirə ilə bu yazını bitirmək istəyirəm.
Dörd-beş il bundan əvvəl yazın sonlarındakı bir bazar günü ailə ilə Qubaya getmişdik, Əkrəm də bizimlə idi və Molla Nurun at oynatdığı Təngə qayalıqlarından bu tərəfə gəzməli yerləri gəzə-gəzə nahar üçün Qəçrəş yolunun alt tərəfində, Qudyal çayının kənarındakı açıq havada «Əfsanə» adlı xudmani və təmtəraqsız bir kababxanaya gəldik. Çörəyimizi yeyəndən və həmişəki kimi Əkrəmlə bir-iki tas nərd oynayandan sonra (Əkrəmin yubileyi olduğu üçün, kimin udduğunu yazmıram) mən balaca nəvəm İlyasla Qudyalın qırağıyla bir az gəzişdim və geri dönəndə birdən-birə vələs meşəliyindən gözəl bir «Dilkeş» zəngulələri gəldi.
Əvvəlcə elə bildim ki, radiodur, ancaq yox, radio deyildi, pauzalarla daxildən, sinədən gələn o «Dilkeş» zəngulələri canlı ifa idi və adama elə gəlirdi ki, səninlə birlikdə o uca vələs ağacları da o dəm o ifaya qulaq asır, o zəngulələr onların da ürəyinə (!) yayılır.
Uzun sözün qısası, məlum oldu ki, özünü meşəliyə verib, oxuyan Əkrəmdir.
Həmin anlarda onun o zəngulələri mənim üçün çox xoş səslənirdi və daha artıq dərəcədə xoş gələni isə o idi ki, Əkrəm təbiəti bu dərəcədə hiss edir, təbiət də ona belə gözəl bir «Dilkeş» oxutdurur.
Onun bu hissiyyatında elə bir saflıq var idi kı, bu saflıq o vələs meşəsinin, Qudyalın əks-səda kimi səslənən şırıltısının saflığı ilə üst-üstə düşürdü.
Mən bu yazının əvvəlində yazdım ki, Əkrəm ürəyitəmiz adamdır və əlbəttə, belə olmasaydı vələs meşəliyində birdən-birə o «Dilkeş» də oxunmazdı.
… Ancaq bütün bunlarla bərabər, Əkrəm, bu «70» hardan gəldi?
27 iyun 2021. Bakı.