Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.
Fextivanger və onun «Yalançi Neron»u
Mənim üçün iki yazıçının tarixi-bioqrafik əsərləri klassikadır – Lion Feyxtivangerin və Stefan Sveykin.
Sveyk nə qədər lirik-psixoloji araşdırıcıdırsa, bir o qədər də Fextivanger epik-psixoloji araşdırıcıdır.
Onların ikisi də yazdıqları zamandan asılı olmayaraq, xisləti araşdırır.
Sovet ədəbiyyatşünaslığı deyir ki, Fextivanger «Yalançı Neron»u faşizmi, şəxsən Hitleri nəzərdə tutaraq yazıb (guya, bu, əslində faşizm haqqında romandır?!), yəni Feyxtivanger müasir dövrü qədim Romaya köçürüb.
Bilmirəm, nə dərəcədə doğru fikirdir (ola da bilər, Feyxtivangerin arvadı Marta Lefflerin xatirələrini oxuyanda görürsən ki, onların başı faşizmdən çox bəlalar çəkib), ancaq mənim üçün bu roman epoxasından asılı olmayaraq, cəmiyyətin (fərqi yoxdur, hansı cəmiyyət olursa, olsun – antik dövrdən tutmuş, kapitalizmə, bizim də bu sosializmizə qədər!) mahiyyətini, iç üzünü açmaq baxımından son dərəcə dolğun bir əsərdir və yəqin elə buna görə də, bu romanı oxuyanda tez-tez «Don Kixot» yadıma düşürdü.
Burada da Feyxtivangerin başqa bioqrafik romanlarında olduğu kimi (mənim ən çox xoşuma gələn Russo haqqında yazdığı «Qəribə adamın müdrikliyi»dir), insanın daxili aləmi və əxlaqi-sosial problemləri ilə bədiilik arasında üzvi bir vəhdət, harmoniya var.
Özünü Neron elan etmiş Terensiyanı əhatə edən mühitin, onun özünün, dostlarının və düşmənlərinin, kasıblapın və varlıların, bir sözlə, cəmiyyətin intiriqaları, riyakarlığlı, amansızlığı və yaltaqlığı, ikiüzlüyü və xəyanətkarlığı, nadanlığı və təkəbbürü, kütlə psixologiyası – kimisə birdən-birə bütə çevirir və sonra elə həmin sürətlə də yerə çırpır – bütün bunlar dediyim o vəhdət və harmoniya ilə təsvir (və tədqiq!) edilir.
Qəddar və mənasız bir vücud olan Terensiyanı sağ qalmış Neron adı ilə taxta çıxaranlar, bu yalançı Neronun taxtının laxlamağa başladığını hiss edən kimi də, dərhal qaçırlar, düşmənlərin havadarlarına çevrilirlər və onların laxlamanı əvvəldən hissetmə qabiliyyəti (əslində, bu da bir vergidir!) öz şikarını axtaran heç bir vəhşi heyvanda da yoxdur.
Terensiya başda olmaqla, romanın bütün qəhrəmanları canlıdır, ətli-qanlıdır, bəzən də Feyxtivanger hadisələri bir tarixçi kimi nəql edir, ancaq bildyim dərəcədə, tarixdə Terensiya haqqında üç-dörd cümlədən artıq bir şey yoxdur və bu – Feyxtivangerin (yazıçının!) yazdığı tarixdir.
Sveykin Firudin bəy demişkən, təhkiyeyi-kəlamı Heminquey kimi nə qədər yüngüldürsə (yaxşı mənada), Feyxtivangerin təhkiyeyi-kəlamı Folkner kimi ağır çəkilidir.
Mənim üçün Feyxtivanger XX əsrin böyük yazıçılarından biri – birincilərdən biridir.
Nodar Dumbadze haqqında
Keçən həftə Tiflisdən qayıtdım, elə o vaxtdan da bu roman mizimin üstündə idi, bazar günü oxudum.
Ayın 4-də* axşam «Vremya» xəbər verdi ki, Nodar Dumbadze vəfat edib, bir az keçəndən sonra, Sahib Quliyev** mənə evə zəng elədi ki, Kamran Bağırov xahiş edir Dumbadzenin dəfnində iştirak edim. Dilarəyə*** telefon açıb, Leyla Eradzenin **** telefon nömrəsini aldım və onunla danışıb, səfərimi götür-qoy etdim. 5-də səhər Tiflisə uçdum, aeroportdan da Mirzə müəllimə***** xəbər verdim ki, Tiflisə gedirəm.
Dumbadzeni böyük təntənə ilə dəfn etdilər və bu, təşkil olunmuş təntənə deyildi, Şevardnadze başda olmaqla, bütün millət Mziuri parkınacan onu çiynində apardı, orada da torpağa tapşırdı.
Mənə elə gəlirdi ki, onun tabutunu qaldırıb aparan bu böyük izdihamın əli, çiyni deyil, onların sevgisi, məhəbbətidir və mən dəfn mərasimində bu boyda izdihamı, belə bir millət sevgisini düz 28 il bundan əvvəl (onda 13 yaşım var idi) Səməd Vurğunun dəfn mərasimində görmüşdüm.
Elə həmin axşam da Şevardnadze bizi, yəni mərasimdə iştirak etmək üçün gəlmiş qonaqları qəbul etdi və onun da süni yox, həqiqi kədərini hiss etmək çətin məsələ deyildi. «Gürcü xalqı böyük sənətkarını itirdi, mən isə böyük sənətkarla bərabər, böyük və əziz dostumu itirdim» - dedi.
Dumbadzeni dördüncü (!) infarkt aparıb.
Mən onunla üç il bundan əvvəl, Moskvada Qurultay zamanı****** tanış olmuşdum. Çox sağlam görkəmli, enerjili, zarafatcıl bir adam idi, təzəcə Lenin mükafatı almışdı və doğrusu, mən onun Gürcüstanda bu qədər sevildiyini ağlıma gətirmirdim.
İndiyə qədər onun iki romanını oxumuşdum: «Mən, nənəm, İliko və İllarion»u, bir də «Əbədilik qanunu»nu. «İliko» səmimi, yumoru duzlu, lirik və istedadlı bir əsərdir, ancaq bu romanı məşhurlaşdıran Tengiz Abuladzenin çəkdiyi film oldu. «Əbədilik qanunu» isə Lenin mükafatı aldı (görünür, bunda Şevardnadzenin dostluğu az rol oynamayıb), ancaq mən o romanı indi bir biganəliklə xatırlayıram.
Bir müddət bundan əvvəl onun «Qorxma, ana» romanını almışdım, ancaq indiyə qədər oxumamışdım. Bu kiçik həcmli əsər də səmimidir, lirikdir, yaxşı yumoru var, Dumbadze də Heminquey kimi dialoqları çox xoşlayır və onun istedadı sosrealizmə sığışmır, hətta elə yerlər var ki, mən təəccüb etdim ki, Qlavlitdən******* necə keçib. Misal üçün, sərhədi keçmək istəyən 19 yaşlı bir oğlanı (sovet gəncini!) tuturlar və onu dindirirlər:
- Hara getmək istəyirdin?
- Amerikaya.
- Türkiyədən?
- Hə, Türkiyədən.
- Bəs, Vətən necə olsun?
- Hansı Vətən?
- Sənin Vətənin.
- Hə, yenə Vətən! Mən bu Vətəndən yorulmuşam! Evdə – Vətən, məktəbdə – Vətən, radioda – Vətən, televizorda – Vətən! Bezmişəm! Mən harda xoşbət olacağamsa, ora da mənim vətənim olacaq!»
Buradakı «Vətən» – Sovet İttifaqıdır!
Vətəndən bezmiş oğlan da ABŞ-ın, ya İngiltərənin, ya da AFR-in vətəndaşı deyil, sovet gəncidir!
Düzdür, sonra məlum olur ki, bu sözləri deyən oğlan narkomandır, ancaq hər halda belə şeylərdə qazdan ayıq olan Qlavlit, qəribədir ki, buradakı açıq-aşkar «qızım sənə deyirəm, gəlinim, sən eşit»i görməyib.
Dumbadze yradcılığının sevilməsinin, onun populyarlığının bir mühüm bədii səbəbi vap: o, sentimentallıqdan ki, yazıçılar (mən özüm də daxil olmaqla) qorxurlar, sentimentallığa varmaqdan çəkinirlər, Dumbadze Aytmatovun da ilk povestlərində («Cəmilə», «Birinci müəllim», «Əlvida, Gülsarı») olduğu kimi, sentimental lirikadan çəkinmir, onun qəhrəmanları, xatirimdədir, misal üçün, «Salam, günəş!» - deyə günəşlə salamlaşırlar («Mən, nənəm, İliko və İllarion») və bu lirik-sentimental romantika Dumbadzedə təbii səslənir, yəni sentimentallıq onun yaradıcılığında bayağılığa, sentimental təmtərağa, əttökən «romantikaya» çevrilmir, dediyim kimi, təbii səslənir.
«Qorxma, ana» bu mühüm cəhətin «əyani» göstərcisidir.
Məşuq Napoleon
Yurmolada bukinistdən Fransa Akademiyasının üzvü Frederik Masso adlı müəllifin rus dilinə çevrilib, 1912-ci ildə Moskvada nəşr olunmuş «Napoleon və qadınlar» kitabını aldım, elə burada da oxudum.
Napoleon Korsikada sadə və kasıb bir ailədə doğulub Fransa imperatoru olmuş böyük sərkərdə idi – buna söz yox.
Ancaq eyni zamanda bacarıqlı da bir məşuq imiş!
Şair ola bilərdi…
Nazim Hikmətin Mikayıl Rəfilinin ölümünə yazdığı şeir bu məşhur misra ilə başlayır:
Nəslimin yarpaq tökümü başladı,
çoxumuz qışa qalmayacağıq.
Dəliyə döndüm, Rəfili,
ölüm xəbərini alır-almaz…
«Nəslimin yarpaq tökümü başladı» – təsirli və gözəl poetik obrazdır, ancaq bu obrazın (bənzətmənin) ilkin müəllifi elə Rəfilinin özü imiş.
Şamil******** Rəfilinin makina yazısında şeirlərini mənə verib və Rəfilinin özünün sonda qeyd etdiyi kimi, 1957-ci ilin 8 dekabrında səhər saat 3-də Moskvada yazdığı bir şeiri belə başlayır:
İnsan ömrü də bənzər ilin fəsillərinə…
Ömrün bağlarında açar bəzən bənövşələr,
Bəzən də payız kimi tökülər yarpaqları;
Qış gecələri kimi susar, ya inlər,
Ya da buz bağlayan arzu yerinə
Kül altında sızıldayan kösöylərdən
Qalar son ocaqları…
Hər itən gün əbədi bir itkidir, eyvah!
Hər sönən təbəssüm bir ulduzdur…
Bildiyim qədər, bu şeirin yazıldığı tarixdən ölümünə – 26 aprel 1958-ci iləcən Rəfilinin şeirləri, o cümlədən də bu şeiri çap olunmayıb, görünür, Rəfili bu şeiri Nazimə bağışlayıb, bəlkə elə özü Moskvada Nazimə oxuyub və onun ölüm xəbərinin sarsıntısı ömrün «bəzən də payız kimi tökülür yarpaqları» obrazı Nazimin fikrində ilişib qalıb, sarsıntı da təhtəlşüur olaraq bu obrazı qələmin ucuna gətirib.
Elə həmin 57-ci ilin 29 dekabrında Mokvada, Nazimgildə bu zarafatyana bəndi də Rəfili yazıb:
Badəmə nur tökür mey kimi, sokak,
Oxusun Koroğlu bizə bir ariya…
Bu gecə gəlmişik Nazimə qonaq,
Mən ölüm, yoxlama nəbzimi, Qaliya*********.
Nazimin həmin şeirindəki:
Səhih Mikayıl, şair ola bilərdin,
Professor oldun…
- misralarında aşkar bir təəssüf var.
Moskvada, Nazimgildə nəbzi ölçülən və «mən ölüm»lə buna etiraz edən Rəfili düz dörd aydan sonra 53 yaşında vəfat etdi və yəqin bu da maraqlıdır ki, həmin 57-ci il noyabrın 9-da Rəfili Nazimə yazdığı şeirdə «gəncliyin solmayan yarpaqlarını» yada salır:
Qarşımda əksin…
Əlimdə sadə qələm,
gözlərimdə Moskvada keçən
gəncliyimizin solmayan yarpaqları.
Sən – Nazim Hikmətsən,
mən – sadə bir tələbən.
_________________________
* Rəhmətlik Sahib Quliyev o vaxt Azərbaycan KP MK Birinci katibinin köməkçisi idi. Sonralar Nazirlər Kabinetində onunla birlikdə işləyirdik.
** Söhbət 1984-cü ildən gedir.
*** Dilarə Əliyeva – ədəbiyyatşünas, elmlər doktoru.
**** Leyla Eradze gürcü tərcüməçisi idi. Azərbaycan dilini bilirdi və bizim yazıçılarımızın əsərlərini (o cümlədən İlyas Əfəndiyevin «Söyüdlü arx» romanını) gürcü dilinə tərcümə etmişdi. Gürcüstn Yazıçılar İttifaqında işləyirdi və rəhmətlik Dilarə Əliyevanın yaxın rəfiqəsi idi.
***** Mirzə İbrahimov o zaman Yazıçılar İttifaqının sədri idi.
****** Sovet yazıçılarının VII Qurultayı.
******* Sovet senzurası idi və Ədəbiyyat və İncəsənət Üzrə Baş İdarə adlanırdı.
******** Rəhmətlik Şamil Salmanov ədəbiyyatşünas, tənqidçi və şair idi, Nizami ad Ədəbiyyat İnstitutunun nəzəriyyə şöbəsində (Məmməd Cəfər müəllimin şöbəsində) bir yerdə işləyirdik. Mikayıl Rəfilinin yaradıcılığı, xüsusən şeirləri ilə çox maraqlanır və onları toplayırdı.
*********Qalina Kolesnikova Nazim Hikmətin həkimi və Vera Tulyakovadan əvvəlki hyat yoldaşı idi. Kremlin «Bovarixa» sanatoriyasında terapevt işləyirdi və 1953-cü ildə Nazimlə orada tanış olmuşdular.