İnsaflı oxucular (lap elə insafsızları da) bilir ki, bəndəniz həmişə alternativ fikri dəstəkləyib və tənqidə dözümlü olub. “Birinin azadlığı başladığı yerdə o birinin azadlığı itir”. Açması: yəni sən öz fikirlərində azad olduğun kimi, qarşındakı da azaddır. Daha bir obrazlı ifadə də işlədim ki, mətləbə uyğun gəlsin: xalq həmişə öz şairini (yazıçıları da əlavə edək) dar ağacında görmək istəyir. Açması: yəni xalq istəyir ki, onun sözçüsü (mətbuat xidmətinin rəhbəri anlamında demirəm) həmişə onun sözünü desin: hətta ölümə getsə belə.
Nəsə...
Dostlar, son zamanlar dünyaca məşhur yazarımız Çingiz Abdullayevin bir neçə kəlməsi kimlərisə cırnadıb. Mənə elə gəlir ki, burda cırnamalı bir şey yoxdur.
Çingiz Abdullayev nə deyib? Deyib ki, İranda həbs olunan Azərbaycan yazarlarının həbsdən azad olunmasında onun rəhbərlik etdiyi PEN-klubun xidmətləri olub. Düz də deyib. Onu da deyib ki, jurnalist Rasim Əliyevin qətlinə görə (bəli, məhz qətlinə) Azərbaycanın futbol klublarını (konkret “Qəbələ”ni) Avropa Kubok oyunlarından kənarlaşdırmaq istəyiblər və o, bunun qarşısını almaq üçün çabalar göstərib. Sitat: “Dedim ki, bu tez-tez təkrar olunan hadisə deyil, faciədir...”
Çingiz Abdullayev deyir ki, Beynəlxalq PEN-Klub Dağlıq Qrabağ ermənilərini dəstəkləyir. Bu məsələyə kimlərinsə şübhəsi olmasın. Çünki beynəlxalq təşkilatların əksəriyyəti separatçılığı himayə edir, elə PEN-Klub İnternational da. Mən şəxsən bunun dəfələrlə şahidi olmuşam, elə bu üzdən də beynəlxalq layihələrdə iştirakdan boyun qaçırmışam. Lap elə Londonun özündəki tədbirlərdə Dağlıq Qarabağ ermənilərini bir subyekt kimi tanımalarının şahidi olmuşam və mənimlə olan dostlarımla birgə buna etiraz eləmişik.
Avropa Parlamentinin Azərbaycanı sanksiyalarla hədələyən qətnaməsi də daha çox xaricdə bizim əleyhimizə fəaliyyət göstərən ermənilərin və ermənipərəst qüvvələrin canfəşanlığının nəticəsidir. Çingiz Abdullayev də elə bu təhlükələrə işarə edirdi.
Məsələnin o biri tərəfi də PEN-klubun filial olub-olmaması ilə bağlıdır. Azərbaycan PEN-Klubu 1994-cü ildə müstəqil təşkilat kimi qeydiyyatdan keçib və Çingiz Abdullayev son bir neçə ildir ki, qurumun prezidenti seçilib. Sitat: “Vaxtı ilə biz Beynəlxalq PEN-Klubun üzvü idik, hətta ora üzvlük haqqı da ödəyirdik, amma onlar erməniləri dəstəklədiklərinə görə bu quruma üzvlükdən imtina etdik...”
Bəli, məlum təşkilatın Gürcüstan və Ermənistanda nümayəndəliyi var, amma filial olmaqdansa, müstəqil təşkilat olmaq daha doğru deyilmi!? Onda öz siyasətini də müstəqil qurursan.
Qurumun rəsmi qeydiyyatdan keçməsilə bağlı sənədlər AYB.az saytında da yerləşdirilib.
Əslində sözümün canı heç bu sadaladıqlarım da deyil, başqadır. Gəlin, düz danışaq, dostlar. Azərbaycanı beynəlxalq səviyyədə tanıdacaq yazarlardan biri, bəlkə də birincisi Çingiz Abdullayevdir. Bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəridir. O başqa məsələ ki, həddən artıq səmimidir. Ona görə də düşündüyünü hamı ilə bölüşür. Bu, Çingiz müəllimin ən zəif damarıdır, özü də bunu etiraf edir.
Amma o təkcə yazılarına görə yox, həm də ad və soyadına görə azərbaycanlıdır. Mən onunla bir neçə səfərdə olmuşam və şəxsiyyətinə, yazılarına hörməti görmüşəm: həm xaricdə, həm də daxildə. Elə öz Azərbaycanımızda insanların onun barəsində necə ağızdolusu danışdıqlarının şahidi olmuşam.
Çingiz Abdullayev zaman-zaman Azərbaycanın başını ucaldacaq çox işlər görüb, hətta bizi istəməyənlərin acığına Parisin ortasında Azərbaycan bayrağı asılmış taksini dəfələrlə dövr elətdirib. Çoxları da bunun şahidi olub.
Yuxarıda dediyim kimi, biz çox zaman öz ziyalılarımızın, yazarlarımızın qədrini bilmirik. Halbuki onları qorumalıyıq.
Çingiz Abdullyevlə fəxr eləməyə dəyər, dostlar!
O, Azərbaycanımıza hələ çox lazım olacaq, elə bizlərə də!...
Sentyabr 2015