Prokuror olmaq istəyən oğlanın öpə bilmədiyi qız

Prokuror olmaq istəyən oğlanın öpə bilmədiyi qız
22 iyun 2015
# 13:24

Durnalar uçur

(çoxdankı hekayənin eskizi)

Yarğanın üstündəki pambıqlıqda dayanmışdılar...

- Sənə iydə gətirmişəm, -Hətəm dedi və kirdən qaralmış əlini şalvarının yekə cibinə saldı. Belə vəziyyətdə elə gülməliydi ki... Kəndin maşın-traktor sürən kişilərinə oxşayırdı...

- Nə gətirmisən? –Məlahət dedi, Hətəmin yekə şalvarına baxdı və gülməkdən qəşş elədi.

Hətəm qıpqırmızı qızardı, əlini cibindən çıxardı, sonra özünü ələ aldı və uzaqdakı iydə ağacını göstərdi:

- Məmişgilin bağından yığmışam,- dedi.

- Göstər görüm.

Hətəm bir balaca sevindi. Əllərini üstünə sürtdü və cibindən iydə çıxarıb, Məlahətin ovcuna tökdü.

- Yerdən yığmamısan ki? –Məlahət dedi və təzədən cingiltili səslə güldü.

Hətəm:

- Qağamın canı yox, -deyə ürəkdən and içdi.

Məlahət təzədən güldü. Qəribəydi ki, o, daim Hətəmə gülürdü. Hətəm düz deyəndə də, səhv deyəndə də gülürdü və orası da qəribəydi ki, Hətəm cırnamırdı.

Məlahət ağ-sarı iydələrdən birini ağzına atdı, sonra:

- Bəlkə mənə quş da tutasan, - dedi və bu dəfə elə ürəkdən qəşş elədi ki, sanki eşşəkləri soncuqlayıb Hətəmi yerə yıxmışdı.

Məlahətə baxanda hind kinoları Hətəmin yadına düşür. Bəxtəvər sevgililər. Heyf, hind mahnısı bilmir, yoxsa, oxuyardı Məlahət üçün. Hind mahnısı bilsəydi, Məlahət mütləq onu sevərdi. Qızlar hind mahnısı oxuyanları sevir.

Məlahət bu il səkkizi qurtarıb Bakıya peşə məktəbinə gedəcək.

- Mən prokuror olacam, - Hətəm qəfil dedi.

Məlahət yenə də güldü.

Burda gülməli nə vardı ki? Hətəm ona görə belə deyirdi ki, Məlahətin əmisini oğurluq üstündə tutmuşdular və o, prokuror olandan sonra Məlahətin əmisini həbsdən azad edəcək.

Məlahətin budəfəki gülüşü Hətəmin ürəyincə olmadı.

Göydə durnalar qaqqıldaşa-qaqqıldaşa, onların səmtinə uçurdu. Hər ikisi başlarını qaldırıb onlara baxdılar və hər iksi də eyni zamanda kökslərini ötürdülər.

“Bəlkə, təyyarəçi olum?” –Hətəm ürəyində fikirləşdi. Onda Məlahətlə hər yeri gözəlcə seyr edərdi, durnalar kimi...

Amma başqa söz dedi:

- Gedək su içək, yarğanın altındakı bulaqdan.

Məlahət bu dəfə gülmədi və yubkasının enli balağını əlinə yığıb yellənə-yellənə qabağa düşdü.

Hətəm onun ağ baldırlarını gördü, ağzının suyunu axıtdı. Ürəyində fikirləşdi ki, yarğanın altında onu öpsün. Onsuz da əvvəldən fikri beləydi.

Məlahət arxaya çevrilib ona baxdı. Hər ikisi eyni zamanda qızardı. Məlahət ona görə qızardı ki, Hətəmin ürəyindən keçənləri duydu. Hətəm də ona görə qızardı ki, Məlahətin onun gizli niyyətindən xəbərdar olduğunu bildi.

Yarğanın altında növbə ilə bulaqdan su içdilər. Məlahət gözünün quyruğu ilə hərdən ona baxır və qızarırdı.

Hətəm heç nə eləmədi. Yuxarı qalxdılar.

- Gəl oturaq. –Bu dəfə Məlahət təklif elədi.

Pambıqlığın içində oturdular. Burdan heç yan görünmürdü, bayaq durnalar uçub gedən göy səmadan başqa.

Günortaya yaxın Məlahət:

- Yaxşı, mən gedim, - dedi və ayağa qalxdı.

Hətəm də yerindən durdu:

- Axşamüstü gələssən?-deyə ürəksiz-ürəksiz soruşdu.

- Yox, -Məlahət dedi, -günortaya kimi burda girələndim bəsdi...

Həmin il Məlahət peşə məktəbinə oxumağa getdi...

Hətəm doqquza adladı. Və hərdən yarğanın başında durub göy səmaya baxırdı. Yenə də göydə durnalar uçurdu. Bu dəfə geri qayıdırdılar: Məlahət oxuyan şəhərə tərəf.

Hətəm istədi ki, Məlahətə durnalardan bir xəbər göndərsin, amma durnalara nə deyəcəyini bilmədi...

# 2367 dəfə oxunub

Müəllifin son yazıları

# # #