Belə-belə işlər

Belə-belə işlər
11 iyul 2019
# 18:34

Türkiyə bayrağını özü ilə daşıyan ispan futbolçu

... Yarıyuxulu halda televizoru açıram, kanalları bir-bir dəyişirəm. Maraqlı kino axtarıram. Birdən hansısa əcnəbi kanala düşürəm. Futbol gedir. Şərhçi öz dilində nəsə qışqırır. Diqqətlə qulaq asıram. Şərhçinin ispan olduğunu anlayıram. Rəqib komanda hücumdadır. Hücumçulardan biri qol vurur. Şərhçi qışqırır: Rodriqo Qonsales! Rodriqo Qonsales!!! Topu qapıdan keçirən futbolçu maykasının altından bağladığı al-qırmızı Türkiyə bayrağını çıxardır və əlində açaraq meydanda dövrə vurmağa başlayir. Rodriqo Qonsales...

Əvvəlcə elə bildim ki, komandalardan biri Türkiyəni təmsil edir, amma adlara baxanda gördüm ki, hər ikisi ispan komandasıdır və aşağı liqada oynayırlar. Bu ad mənə nəyisə xatırladır. Ona görə də tamam oyanıram. Yuxum qaçır. Beynimi qurdalayıram və birdən tapıram. "Bu odur!" -Öz-özümə deyirəm. Nədənsə sevinirəm. Bəzən sevincin kökünü, hardan gəldiyini adam özü də bilmir...

1999-cu ildə mən Strasburqa - Avropa Şurasının növbəti iclasına müxbir kimi gedirdim. Frankfurtda təyyarəmi dəyişəcəkdim. Böyrümdə sarışın və mavi gözlü yaraşıqlı bir xanım oturmuşdu. Qucağında hələ bir yaşı tamam olmamış oğlan uşağı tutmuşdu. Uşaq daim dartınır, ağlayır, nəsə istəyirdi. Əvvəlcə elə bildim ki, anasından süd istəyir. Çünki yaxasını dartışdırırdı. Cavan xanım da mənim baxışlarımı göydə tutdu və ispanca nəsə soruşdu. Mən də ingiliscə cavab verdim ki, ispan deyiləm, türkəm. Qadının gözləri işıqlandı. Və Türkiyə türkcəsində təəccübləndiyini dilə gətirdi.

-Ben də türkəm, -dedi, - o zaman türkcə qonuşalım.

Soruşdum ki, körpə niyə narahatdır. O da qayıtdı ki, özümlə İspaniyaya türk bayrağı aparıram. Hava alanında dedilər ki, bir bayraqdan artıq apara bilmərəm, çünki bayraqla alver eləmək olmaz. Mənə isə iki bayraq lazımdır. Birini evin eyvanından asacam, birini isə ərimin işdəki stolunun üstünə qoyacam. Ona görə də bayrağın birini qoynumda gizlətmişəm. Rodriqo da onu istəyir və dərhal ağzına basır. Bayraqla bu cür davranmaq olmaz.

-Əriniz də türkdür, yəqin.

-Yox, ərim ispandır. Amma Türkiyəni çox sevir. Özü iş adamıdır.

-Bəlkə körpə də Türkiyəni sevir, təhtəlşüur olaraq, ona görə də bayrağı öpmək istəyir.

Qadın güldü:

-Ola bilər, -dedi, - biz hamımız Türkiyəni sevirik.

Sonra mən ona İspaniya-Türkiyə savaşını xatırlatdım, Lepanto döyüşündən danışdım. Məlum oldu ki, qadın bunları bilmir. Bəlkə heç əri də həmin hadisədən xəbərsiz idi. Ya elə bəlkə həmin qanlı savaşı unutmaq, unutdurmaq üçün türkiyəli xanımla evlənmişdi.

İndi həmin epizodu yadıma salırdırm və fikirləşirdim ki, bayraq sevgisi Rodriqo Qonsalesə hər iki valideynindən keçib və özü ilə hər zaman Türkiyə bayrağını daşıyır.

Yerimdən qalxıb hamama keçə-keçə bütün bunların doğrudan da olub-olmadığını düşünürdüm...

İşıqların qəfil sönməsi televizorun da, mənim də səsimi kəsdi...

İyunun ortası, 2019

“Olaylar”

# 6400 dəfə oxunub

Müəllifin son yazıları

# # #