Türk yazar: “Atilla İlhan şişirdilmiş şairdir” - MÜSAHİBƏ

<span style="color:red;">Türk yazar:  <b>“Atilla İlhan şişirdilmiş şairdir”</b> - <span style="color:red;">MÜSAHİBƏ
20 fevral 2018
# 12:25

Kulis.az Artkaspi.az-a istinadən türkiyəli yazar Murat Belgenin müsahibəsini təqdim edir:


– Sözü uzatmadan soruşacağam: şeir artıq dəbdən düşüb?

– Əhatə dairəsi əvvəlki kimi geniş olmasa da, dəbdən düşmüş demək doğru olmaz.

– Kitabda şeiri 1960-cı illər intellektual təbəqənin izlədiyi, mübahisələrə səbəb olan bir janr kimi təqdim edirsiniz. Bəs necə oldu ki, şeir məşhurluğunu itirdi? Hər kəs "şeir sevmirəm” deyənlərə çevrildi?

– Başqa ölkələrdə də belədir. Bilirsiniz, şeir klassik dünyaya aiddir. Məsələn, Hippokrat tibbi yazılarını qafiyəylə yazırmış. Zaman keçdikcə yeni janrlar "doğuldu”. Beləliklə, şeirin əhatə dairəsi daraldı, proza önə keçdi. Ardınca prozanı da "təhdid” edən filmlər yarandı, televizor kütləviləşməyə başladı. Artıq insanların özünüifadə formaları çox fərqli yöndədir. Bu gün modern kommunikasiya vasitələri şeirin funksiyasını məhdudlaşdırıb. Əvvəllər "Şair söyləsin, məni maraqlandırmır” deyə düşünülürdü, indi isə "mən bunu hiss etdim, dərhal hamıya yaymalıyam” deyilir.


– Sosial medianı izləyirsiniz?

– İzləməsəm də, nələr olub bitdiyini təxmin edə bilirəm. Məsələn, bir yerə çıxış etmək üçün dəvət edilirəm. Çıxışım bitir, 4-5 nəfər nəsə soruşur, ya da rəy bildirir (Söylədikləri adətən çox mənasız şeylərdir). Onlara istinadən "salonda 55 dinləyici var, 5-i bunları soruşdu. Digərləri də belə düşünürsə, mən burada niyə danışdım?” deyə özümü haqq-hesab edirəm. Əslində, geriyə qalan 500 nəfər belə düşünmür. Söylədiklərimi daha yaxşı anlamış, dəyər vermişlər. Ümid edirəm ki, sosial şəbəkələr vasitəsiylə irəliyə atılanlar geriyə qalanın mənasızlığını təmsil etmirlər.

– Şeir kitablarının satış rəqəmləri azalsa da, sosial mediada şeirlərdən parçalar, aforizmlər paylaşanlar çoxdur...

– Bu, bütün dünya üçün xarakterik haldır: kəmiyyət artır, keyfiyyət azalır. Kəmiyyət və keyfiyyət arasında hər zaman belə naqolay münasibət olub.

– "Şeiri bir az da şairlər yadlaşdırdı” yazırsınız. Nə etdi axı şairlər?

– Sadəcə şeir deyil, bütün sənətlər XX əsrdə içinə qapandı. Çox az biləndə bildiklərimizdən daha çox əmin idik sanki. Zamanla bildiklərimiz artmağa başladı. Beləliklə, hər şeydən şübhələnməyə başladıq. "Bu belədir” dediklərimizin belə haqq-hesab etmək zərurəti yarandı. Bu, sənətdə "Mən kiməm? Nəyə yarıyıram? Niyə varam?” kimi suallarda özünü büruzə verdi. "Bu gün hava çox gözəldir” kimi ictimai yüklü məlumatı ifadə etmək şeirin vəzifələrindən kənarda qalıb. "Bu gün havanın xoş keçməsi niyə məndə müsbət duyğular yaratmır?” kimi şəxsi məcralara çəkilib. Şeir yazmaq və ya oxumaq tapmaca hazırlamaq və tapmaq kimi oldu. Belə olduqca da insanlar şeir oxumağı azaltdılar. Dediklərim bütün sənət növlərinə aiddir. Bir çox insan "onsuz da anlamayacağam” deyib rəsm sərgisinə getmir.


– Ancaq sizə görə "ədəbiyyatın özü şeirdir”...

– Çünki söz "incə sənət” mənasını şeirlə kəsb etdi. Hafizin qəbrində bir gül açarmış, Hər gün yenidən açarmış qanayan rəngiylə”. Bu duyğunu rəsmlə də, musiqi ilə də izah edə bilərsən, amma ən təsirlisi sözlə ifadəsidir. Şeirin hər zaman ağıla, məntiqə müqavimət göstərən əsrarəngizliyi var.

– Şeir oxumağın insana nə kimi faydası ola bilər? Məsələn, bizi daha yaxşı bir insan edərmi?

– Daha yaxşı olmaq istəyirsənsə, mütləq ki, kömək edər. Amma bu, bəziləri üçün o qədər də arzuolunan deyil. Düzü, mən bir şeyin digərlərini nə qədər çox xatırladarsa, bir o qədər yaxşı olduğunu düşünürəm. Məsələn, Jalə Parlayla bir dəfə Dubrovnikdəydik. Axşam yeməyi üçün bir restorana getdik. Küçədə uşaqlar oynayır, qışqırır, gülür, ağlayırdılar. Hava qaralmağa başladı, "İvan yemək vaxtı!” kimi ana səsləri eşidildi. Uşaqlar yavaş-yavaş dağılışdılar. Səssizlik, qaranlıq çökdü. Ağlıma Kamal Özerin şeiri gəldi: "Axşam bir atdır bütün ölkələrdə/ sərin əsmər bir atdır / tərkinə uşaqlar minən”.


– "Əvvəllər hər 3 nəfərdən dördü şair idi, indi isə ancaq biri qalıb” deyirsiniz. Bəs digər üçü haradadır?

– İşin pis tərəfi odur ki, indi roman yazırlar, ssenari yazırlar, filmə meyl edən də çoxdur. İnsanlarda hələ də bu dünyada özündən sonra iz buraxma istəyi var. Fəqət artıq bunu şair olaraq həyata keçirmək çətinləşib. Tutaq ki, şeirini yazdın, mətbu orqan axtaracaqsan. Deyək ki, onu da tapdın. Axı həmin jurnal, ya da qəzeti cəmi 300 nəfər alır (250-i öz şeirləri yayınlandığına görə).

– Qadın şairimiz niyə azdır? Qadın həkim, hüquqşünas, mühəndisin az olması ilə eyni səbəblərdənmi?

– Bəli. Fikrimcə, "qadınlara yaradılan imkan” kimi ümumi səbəblərlə bağlıdır. Buna rəğmən tək-tük qadın şairimiz var. Xoşbəxtlikdən sonralar ədəbiyyatımızın proza hissəsində qadın yazarların çiçəklənməsi dövrü yarandı. 1960-cı illərin əvvəllərində tərcüməçi kimi ədəbiyyat aləminə daxil olub hamıyla tanış oldum. Yazar qadını bir kənara qoysaq, aramızda heç qadın oxuyucu da yox idi. Ədəbiyyatımızda kişi kultu aparıcı mövqedə idi. Həyatımızın əksəriyyətini keçirdiyimiz içki masalarında qadın tapılmazdı.


– Şeirlərdəki o gözəl aşiqanə təsvirlər eşqə aclığın nəticəsiymiş, deməli...

– Ola bilər. Hətta bəzən yanımıza qadın gələndə başına elə pərvanə olunurdu ki, kənardan baxanda gülünc görünürdü.

– Fikrinizcə, layiq olduğundan daha çox və ya daha az bəyənilən şairlər hansılardır?

– Yəhya Kamala, Əhməd Haşimə qədər yazılanları şeir saymaq olmaz. Bir incə nüans var: bəzi yazarların mövqeyi, bəzilərin isə varlığı əsasdır. Bu, şairlər üçün də belədir. Namiq Kamalın, Ziya Paşanın adını çəkmədən Türk ədəbiyyatı tarixindən danışmaq çətindir. Yəni adlarını çəkdiklərimin mövqeləri var. Bəs varlıqları? Kitabları neçə tirajla nəşr olunur, neçə oxuyucusu var? "Cənab Şəhabəttinin bütün şeirləri” adlı bir kitab varmı? Yəqin ki, müəyyən bir müddət nəşr olundu, amma lazımsız bir kağıza çevrildi. Namiq Kamal və ya Əbdülhaq Hamid Tarhan kimi şeirimizin böyük adlarının heç biri böyük şair deyil. Sadəcə o dövrdə şair olmaq çətin məsələ olduğu üçün indi adları yaddaşlardadır. Həm də "Ən məşhur olan ən yaxşıdır” mülahizəsi doğru deyil. Hər halda Ümid Yaşarı (Oğuzcan), Edip Cansevəri oxuyanlardan daha çoxu oxumuşdur. Lakin bunun bir mənası yoxdur. Atilla İlhan da, məncə, istedadı çox şişirdilmiş şairdir. Layiq olduğundan az dəyər verilən şairlərə gəlincə, məsələn Asaf Haleti (Çələbi) neçə nəfər tanıyır? Halbuki yaxşı şairdir.


– Kitabda yaşayan heç bir şairin adını çəkməmisiniz. Bəs müasir şairlərdən kimi bəyənirsiniz?

– İsmət Özəl kimi mənim nəsildaşlarımdan olanlar var. Yeni nəsli o qədər də izləyə bilmədim. Çünki anlamamağa başladım. Amma romanlara "nələr baş verir?” deyib baxıram.

– Nələr baş verir?

– Özünü ifadəetmə istəyi artıb. Bununla bərabər, özünü ifadə edərkən başqasının səsinə çevrilənlərin sayı artır. Amma çox parlaq, əvvəlki nəsli kölgədə qoyan birini görmürəm. Orxan Pamuk beləydi. Məncə, "Cevdet bəy və oğulları”ndan etibarən "bu adamda nəsə var” demək olurdu. Latife Tekin də bu qəbildəndir. "Sevgili arsız ölüm”ü oxudum və diqqətimi çəkdi. İndi oxuduğum yenilər o qədər yaxşı olmasalar da, içi boş deyillər, gələcək üçün ümidvericidirlər.

# 1183 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #