Bu gün gənc şair Aqşin Evrənin doğum günüdür. Kulis.Az bu münasibətlə onu təbrik və yeni şeirlərini təqdim edir.
Çörək qırağı qadın
Çörək qırağı qadın,
indi səndən “Necəsən?” yox, “neçəsən?” soruşmaq istəyirəm
Bizim orta məktəb yaşımız deyil axı
İndi bizi 2 almaq deyil, iki ola bilməmək ağrıdır
İndi
- “Salam. NEÇƏSƏN?”
- “Salam. YOXAM”la başlayır bütün ayrılıqlar
Yalandı, “ayrılıq” sözünün yanında heç vaxt “başlamaq” sözü olmur
Ayrılıq elə sondu, bitməkdi
gecələr...
gecələr öz yatağının içində itməkdi
Yerdən götürüb daşın üstə qoyduğum tikələr haqqı,
bir xalqın çörəksizliyi qədər ağrıyıram
Çörək qırağı qadın, görəsən,
bir pencəyin altında iki can gəzdirənlər daha çox bədbəxtdi,
ya eyni yorğan altında bir-birini bezdirənlər?
Sən də bilirsən,
Sevgidə ayaqları yox, əlləri yorur gözləmək...
Çörək qırağı qadın,
Bu şiddətli ağrıların bir asta-asta öldürməyi var,
bir də gecə yarısı yuxudan oyatmağı
Səndən heç nə istəmirəm... bircə
Ayaqlarına qayıtmağı öyrət, qayıtmağı
Yaş köynəyin fotosu
İndi bütün gözləməklər qapında ölüb
Day o gəlmir deyə, pəncərən kor qalıb,
qapın da ölüb...
Elə bil saçın da onu tapmaqçün
uzanır harasa... harasa gedir
Sənin bədəninin yarsı evdədir,
geyinib yarısı harasa gedir
Köynəyin ütüləyirsən əlin üşüyür
Atıb getmək istəyirsən ağrıyır ayaqqabın
Bilirsən, ömürdən doğma biri gedəndə
Üşüyüb tez evə girər çöl qapın...
Hə, asandı qab yumaq... yemək bişirmək
Bircə həmişə oturduğunuz skamya indi bir az soyuq,
indi bir az kirlidi
İndi xatirələrə toxunmaq onun yaş köynəyini
elektrik xəttindən asmaq kimidi.
Durna qatarına son bilet
Bakının ağ buludları saçlarına ilişib, ata
Ciyərimdəki su hər “sənlə nəfəs alıram” dedikcə gözlərinə dolub
Gözlərin dolub
Sinoptiklər bildirir ki, taleyimə dolu gözlənilir
Ata ömrünün epiloqu
hər övladın “Göz TV”-sində üzüntüylə izlənilir.
Zəfər təxirə salındı, çünki şahım devrilib
İndi kadr önündə mat qalmışam
Bağışla ata, bu gün alın yazımdan 2 almışam.
Ölüm-itim dünyasıdı,
Ölüm olma, razıyam itin olaram
Deyirlər, itlərin sədaqəti daha güclü,
daha sağlamdı
Torpaq hamı üçün döşəmə olsa da
ölülər üçün damdı
Başımız o qədər daşdan-daşa dəyir ki,
sonda bizə başdaşı qoyurlar
Təkcə öləndə saflaşırıq, ata,
Onda da cəsədimizi bu dünyanın çirkli suyuyla yuyurlar…
Başına qarışqa yükü qədər dən düşür
saçların ağarır, sən heç qəm yemə…
Zənn et ki, bu bəyazlıq ağ undur:
Tanrı öz ruzisini başından tökür
Həyatın bir qanunu var:
“Torpaqdan yarananı yavaş-yavaş torpaq da özünə çəkir”
56 yaşında şəxsiyyətin 5 qiyməti alsa da,
belin 6 rəqəmi kimi bükülüb
Nəzərlərini yerə dikən həyat
səni torpağa öyrəşdirib
İndi dərs otağımda
sən adlı bir məqbərə sökülüb
Bütün riyazi hesablamaları həll etsəm də,
sənin qalan ömrünü hesablaya bilmirəm
Üçbucaqlar dodaq büzür,
Pifaqor məyusdur
Çünki hesab fənnindən sinifdə qalmışam
Bağışla ata,
bu gün alın yazımdan 2 almışam.