Ağsaqqal sözünə görə sürücünü öldürmək istədi – Aslan Quliyevdən YENİ HEKAYƏ

Ağsaqqal sözünə görə sürücünü öldürmək istədi – <span style="color:red;">Aslan Quliyevdən YENİ HEKAYƏ
25 yanvar 2018
# 17:40

Kulis.az yazıçı Aslan Quliyevin “Ağsaqqal” hekayəsini təqdim edir.

Avtobusa arxa qapıdan mindi. Oturmağa yer yox idi, bu onu elə də narahat eləmədi, kənddə-kəsəkdə günü ayaq üstə keçirdi. İndi yarım saat ayaq üstə dayanmaqla nə olasıydı?

Birdən üz-gözü tüklü, gözlərindən yuxusuzluq yağan, sifətinin tüklərdən çöldə qalan hissəsi qırmızıya çalan sürücü güzgüdə arxaya boylanıb etinasız səslə dedi:

- Ağsaqqal, düş.

Bu kimə ağsaqqal deyirdi? Hər halda ona demirdi, hələ əlli yaşı yox idi, ağsaqqal-filan nə demək? Bəs onda ona tərəf niyə baxırdı? Yəqin yanındakılardan kiməsə deyirdi. Sürücünün səsi onu xəyaldan ayırdı.

- Ağsaqqal, dedim axı, düş.

Lənət şeytana, bu əbləh hansı ağsaqqalı avtobusdan düşürtmək istəyirdi. Aydın məsələdir, ona demirdi. Bəs onda kimə deyirdi? Ətrafa boylandı və yanındakıların hamısının ona baxdığını görəndə karıxıb qaldı. Belə çıxır ona deyirdi.

- Mənə deyirsən? – hələ də ümidini itirməmişdi.

- Sənə deyirəm!

- Niyə? – pərt halda dilləndi.

- Gediş haqqını verməyibsən.

- Düşəndə verərəm də. - hirslə dedi.

Gələndə də beləcə avtobusa arxa qapıdan minmiş, sürücünün pulunu da düşəndə vermişdi. Bir kimsə, o cümlədən sürücü də ona düş, filan deməmişdi.

- Ağsaqqal, burda pul kartla verilir.

- Nəylə?

- Kartla! Ağsaqqal, başımı ağrıtma, düş.

Görünən buydu ki, düşməliydi. Kartı yox idi, əslinə qalarsa kartın nə olduğunu, pulun kartla necə verildiyini də bilmirdi. Hirsindən qaralmış halda düşür, ürəyində sürücünü söyürdü. Ay oğraş, ağsaqqal deməyin nədir, düş deməyin nədir? Məni o qədər adamın içində avtobusdan düşürdənəcən, dözərdin, səbr elərdin, düşəndə sənə beş manat verməsəydim, atama lənət, yeddi arxadan dönənimə lənət!

Avtobusdan düşəndə ona elə gəlirdi hamı ona baxır. Yanıb yaxılır, amma əlindən bir iş gəlmirdi. Nə bilsin kartladır, yoxsa o kart deyiləndən onunu alar, bu qədər adamın içində rəzil duruma düşməzdi. Sözünə bax, ağsaqqal, düş! Ürəyində qəzəblə and içirdi, bundan sonra kim mənə ağsaqqal desə, əngini əzməsəm, o dünyaya atamın yanına it sifətində gedim!

Hansısa institutun tələbəsi olan cavan oğlan köməyinə çatdı, yaxınlıqdakı avtomatdan onun üçün kart aldı, buna pul da yükləməliyik, dedi, yoxsa işləməyəcək. Çıxarıb oğlana əlli manat verdi, yüklə, dedi. Oğlan gözlərini döyürdü:

- Hamısını?

- Hə.

- Niyə? Sənin günün avtobuslarda keçir?

- Yox, ay oğlum, - yana-yana dedi.

Əslinə qalarsa indiyə qədər yaşlandığını hiss eləməmişdi, bir kimsəyə də oğlum-qızım deməmişdi. Qanmaz sürücü onu təkcə avtobusdan düşürtməmiş, həm də artıq qocaldığını yadına salmışdı. İndi bu hisslərin təsiri altında tələbəyə oğlum deyirdi.

Oğlanı başa salmağa cəhd eləyirdi, gör sənə nə deyirəm, uzağı iki-üç günlük şəhərdəyəm. Uzaqbaşı da beş-altı dəfə avtobusa minəcəyəm. Amma daha bir kimsənin mənə: “Ağsaqqal, düş” deməsini istəmirəm. Avtobusa belə şəstlə minmək, kartı o oğraşın gözünə soxmaq istəyirəm. Yoxsa Allah eləməmiş, kartda pul olmaz, işləməz, mən də o sürücünü ağız-burnunu əzərəm, ya da öldürərəm. Bu da mənə baha-başa gələr. Evimi-eşiyimi də satsam, yaxamı polislərin əlindən qurtara bilmərəm. Başa düşdünmü?

- Yox, - oğlan başını yırğaladı.

- Nəyi başa düşmədin?

- Ağsaqqal, sürücünü niyə öldürürsən?

- Sən mənə necə dedin? – gözləri hədəqəsindən çıxdı.

- Ağsaqqal dedim.

- Mənə dedin?

- Hə də.

Oğlanın alnından necə vurdusa, oğlan arxası üstə avtomata dəydi, ancaq yıxılmadı. Geri-geri çəkilirdi, gözlərində qorxu və heyrət ifadəsi var idi:

- Ağsaqqal, niyə vurursan?

- Ağsaqqal dediyinə görə!

Oğlan bir qədər də geri çəkildi və arxasına baxmadan qaçıb getdi. Tələbəni vurduğuna görə peşman oldu. Ona kömək eləyir, o isə yumruğunu işə salır, sürücünün də acığını zavallı tələbədən çıxır. Amma neyləyə bilərdi, and içmişdi, bu yaramaz tələbə də dilini dinc saxlamadı. Ay uşaq, mən ağsaqqalam? Mən yaşda ağsaqqalı harda görübsən?

Avtobus hələ yola düşməmişdi, dolsa da, sürücü müştəri yığırdı. Kartından istifadə eləyib içəri keçdi. Arxaya gedə bilmədi, elə yaxınlıqdakı dəmir tutacaqdan yapışdı. İstədi sürücüyə desin, al, bu kartı, nə qədər pulu, kartı olmayanlar gəlsə, hamısını mənim kartımla keçirt, sonra fikrini dəyişdi. Bayaq ona qarşı elə hörmətsizlik eləyən, o qədər adamın içində rəzil eləyən, islanmış cücəyə döndərən bu tüklücə ilə nəsə bir iş görməyi, ona söz deməyi özünə sığışdırmadı.

Dəmir borunu sıxır, barmaqlarını açıb yumurdu. Birdən sürücü yenə də güzgüdə arxaya boylandı və bayaqkı kimi etinasız səslə dedi:

- Ağsaqqal, düş.

Bu oğraş yenə kimə ağsaqqal deyirdi? Hər halda ona demirdi. Kartıyla şəstlə gediş haqqını vermiş, keçmişdi. Doğrudur, düşündüyü kimi eləməmiş, kartı sürücünün gözünə soxmamışdı. Amma hər halda bu tüklücəni nifrətlə süzmüşdü. Yəni məni düşürtdün də, nə oldu? Başı boşluğun, gicbəsərliyin hesabına beş manatından oldun. Mənsə vur-tut iyirmicə qəpik verib yenə avtobusa mindim. Pislik sən əbləhə qaldı!

- Ağsaqqal, dedim axı, düş.

Allah, Allah! Bu nə oyundu düşmüşdü?! Bu küçük yenə kimə ağsaqqal deyirdi, ən əsası da hansı ağsaqqalı avtobusdan düşürtmək istəyirdi. Ətrafına boylandı, görsün bu dəfə sürücü hansı ağsaqqalı qaralayıb? Lənət şeytana, hamı ona baxırdı. Ay oğraş, məndən nə istəyirsən? Nə veribsən ala bilmirsən? Bu avtobusda məndən başqa adam yoxdur? Yox, ola bilməzdi! Burda nəsə yanlışlıq var idi! Ya da bu tüklücə ağlını itirmişdi. Niyə də itirməsin, bütün günü tökülmüş avtobusunu şəhərin narahat və tozlu yollarıyla qovur. Adam bir dəfə minir, az qalır ağlını itirsin. Bu isə bütün günü!

Dilxor halda geri dönüb soruşdu:

- Mənimləsən?

- Səninləyəm! – sürücü təsdiqlədi.

- Yenə niyə?! – astadan deməyə çalışırdı, amma necə bağırdısa, ətrafındakılar diksindilər.

- Ağsaqqal, bir saatdı düymələri qurdalayırsan. Yəqin sıradan çıxardıbsan.

- Hansı düymələri? – eşitdiklərinə inana bilmirdi.

- Əlinin altındakı!

Yalnız indi baxıb gördü ki, yapışdığı boruda, əlinin altında düymə var. Yaxşı, bura bu düyməni niyə qoyublar? Bəs hardan yapışmalıyam? Havadan tutmalıyam? Ay oğraş, qanımı niyə it qanına döndərirsən? Mənimlə nə düşmənçiliyin var? Pulu verməyibsən, ağsaqqal, düş! Düyməni oynadıbsan, ağsaqqal, düş! Bəxtindən küs, andıma əməl eləməyin vaxtı gəlib çatdı! İndicə sənə ağsaqqalı da göstərərəm, düşməyi də!

Adamları yararaq sürücüyə yaxınlaşdı:

- Düş, - qısaca dedi.

- Hara? – sürücü gözlərini döyürdü.

- Yerə.

- Niyə?

- Səni öldürməliyəm, ona görə.

- Məni? – sürücünün tüklü sifəti uzandı.

Əlbəttə səni, razılıqla gülümsəyərək dedi, nəyə görə də sənin kimi şərəfsiz, alçaq birisini yox, başqasını öldürməliyəm? Amma bir avtobus adamın içində öldürə bilmərəm. Düş yerə, səni söykəyim o iri, qara təkərə, mübarək işimi arxayınçılıqla sona çatdırım. Atamın yanına da adam kimi gedim, belə şəstlə, adam sifətində!

Sürücü isə onun dediklərini ciddiyə almadı, ağsaqqal, sənə bir söz deyim, amma incimə, sənin sifətindən mübarəklik yağmır. And olsun dədəmin goruna yağmır! Mənim bu “kitay” avtobusum alman avtobusuna nə qədər oxşayırsa, sən də mübarək iş görənə bir o qədər oxşayırsan!

Haqlısan, təsdiqlədi, bir halda indiyə kimi mübarək iş görməmişəmsə, sifətimdən niyə də mübarəklik yağmalıdır? Atam da deyərdi, sən bir dəfə də ağıllı-başlı iş görməyibsən! Amma indi mübarək işimi görüm ki, sifətimdən mübarəklik yağacaq, atamın da ruhu şad olacaq. Başımı ağrıtma, düş. Ömrümdə birinci dəfədir mübarək iş görmək istəyirəm, vaxt itirməyək.

Sürücü yerə düşmək əvəzinə xoruzlanırdı, hələ bir söyüş də söydü. Hardan bilsin onun yumruğuyla taxtaya mıx vurduğunu?

Polislər vaxtında özlərini yerinə yetirməsəydilər, mübarək işini elə avtobusdaca sona çatdıracaqdı. Buraxın, deyə dartınırdı, qoy heç olmaya ömrümdə bircə yol bir mübarək iş görüm. Sifətimdən mübarəklik yağsın. Hər it-qurd da mənə sifətindən mübarəklik yağmır, deməsin!

Tərs kimi bu polislərin mübarək iş haqda, ən pisi də onu necə görmək haqda anlayışları yox imiş, gedək şöbəyə, dedilər, sən burda mübarək dediyin o işi başa çatdıra bilmədin, şöbədə biz başa çatdırarıq.

Bu günə qədər polisdə bircə dənə də yaxşı adamın olmadığını düşünürdü, amma var imiş. Orta yaşlı mayor nə ondan pul istədi, nə də mübarək işin nə olduğu haqda zərrəcə də anlayışı olmayan polislərinə döydürdü. Yalnız məzəmmətlədi, axı sən onu niyə döyürdün? Bəxtin çəkib, qarşına yaxşı adam çıxıb. Başqası olsaydı, yaxandan əl çəkməzdi. Heç üzr istəməyini də tələb eləmədi, dedi, şərini məndən uzaq eləsin, bəsimdir. Bilirsən nə var, ağsaqqal, çıx get, kəndinə, bir də buralara qayıtma. Sənsiz də işimiz-gücümüz başımızdan aşır. Yəni şərini bizdən də uzaq elə.

- Sən mənə necə dedin?

- Nəyi necə dedim? – mayor tutulub qaldı.

- Ağsaqqal dedin?

- Hə, dedim.

Təəssüflə başını yırğalayırdı, gərək demirdin. And içmişəm, həm də necə and? Sən yaxşı adamsan, mənim o dünyaya atamın yanına it sifətində getməyimə razı olmazsan. Bir özün düşün, hamı o dünyaya adam sifətində getsin, bizimkilər də baxıb görsünlər oğlumuz it sifətində gəlir. Bu dünyada yazıqlara bir faydam dəymədi, heç olmaya o dünyada mənə görə xəcalət çəkməsinlər.

Bir şey başa düşməyən mayor heyrətlə ona baxırdı. Qolaylanıb mayorun alnının ortasından nallamaq istədi, amma yumruğu boşa çıxdı. Mayor gicgahından necə vurdusa, çul kimi tozlu döşəməyə sərildi. Haçandan-haçana özünə gəlsə də, baş verənlərə inana bilmirdi. Hələ indiyə kimi bir kimsə onu bircə yumruqla vurub yerə sərə bilməmişdi.

- Hə, ağsaqqal, nə deyirsən, gedirsən? – mayorun kefi açılmışdı.

- Gedirəm, - pərt halda dedi, - amma and…

- Sən bundan sonra and içəndə mütləq qeyd elə ki, bu andın polisə dəxli yoxdur.

- Yaxşı, - dedi və heysiz halda ayağa qalxıb otaqdan çıxdı.

Dayanacağa gəldi. Ola bilməzdi, dayanacaqda yenə həmən avtobus dayanmışdı, yenə həmən sürücü müştəri yığırdı. Yox, bu avtobusa minə bilməzdi. Sürücü ilə təzədən dalaşmaq istəmirdi. Ürəyinə dammışdı, minsə, sürücü bir bəhanə tapıb, ağsaqqal, düş, deyəcəkdi. Onda da sürücünün təkcə əngini əzmək yox, onu öldürmək lazım gələcəkdi.

Sürücünün səsi onu xəyaldan ayırdı:

- Ağsaqqal, niyə minmirsən?

Diksindi, bu kiminləydi? Yəqin ki, ona demirdi. Polislər vaxtında özlərini yetirsələr də, hər halda o gic başına iki-üçünü ilişdirə bilmişdi. Bundan sonra durub onu avtobusa dəvət eləməzdi. Avtobus sürücüləri kinli olurlar. Bir balaca quyruqlarını tapdaladın, sınıq-salxaq avtobuslarında hansısa dərəyə yuvarlanıb cəhənnəmə vasil olana kimi unutmurlar. Bəs onda kimi çağırırdı? Burda ondan başqa nə ağsaqqal, nə də qarasaqqal yox idi.

- Ağsaqqal, sənnənəm axı? – sürücü başını kabinadan çıxartmışdı.

- Mənnənsən? – inamsızlıqla səsləndi.

- Hə də!

- Sən mənə necə dedin?

- Dedim, niyə minmirsən? Gedirik axı.

- Yox, ondan əvvəl nə dedin?

- Ağsaqqal, dedim.

Acı-acı güldü. Hə, mən də elə onu soruşurdum. Dedin, söndürdün dədənin çırağını. Yəqin sən özün də sənin kimi itin birisindən ötrü o dünyaya o sifətdə getməyimə razı olmazsan! Nə deyirsən, istəyirsən düş yerə, burda öldürüm, söykəyim qara təkərə, mübarək işimi görüm. Ya da avtobusda öldürüm? Sənin üçün fərqi yoxdusa, mənim üçün heç fərqi yoxdu. Ən nəhayət bu mübarək işi başa çatdırım. Qoy sifətimdən mübarəklik yağsın!

Sürücü gözlərini bərəldib ona key-key baxırdı. Allah, Allah, əllərini yana açdı, ağsaqqal yenə xəriflədi, yenə mübarək işdən dəm vurur. Dedim axı, səninlə mübarək arasındakı məsafə, bizimlə Amerika arasındakı məsafədən çoxdur. Bu yaşa gəlibsən, sifətindən mübarəklik yağmır, bir ayağın cəhənnəmdəykən, özünü öldürəsən, yağmaz!

Yağar, sən heç narahat olma, nəyə görəsə kefi kökəlmişdi, hə, dostum, belə mühüm adamdın, çox bilmiş adamdın, ağsaqqalı avtobusdan düşürdürdün. Amma heç ağlına da gəlməzdi ki, günlərin birində əcəlin ağsaqqalın əlində tamam olacaq. Ağsaqqal da babalarının yanına o sifətdə yox, mübarək sifətdə gedəcək.

Üç nəfər polis hardansa gəlib avtobusa mindilər. Sanki başına bir qazan qaynar su tökdülər. And getdi işinin dalısınca, polislər ona sürücünü öldürməyə imkan verərdilərmi?

Polislər minən kimi də sürücü qapıları bağladı, başını pəncərədən çıxardıb hırıldayaraq:

- Ağsaqqal, xoşca qal! – dedi və avtobusu yerindən tərpətdi.

Təpəsindən tüstü qalxdı, heysiz halda belini səkinin kənarındakı daş hasara söykədi. Bu dünyada bir gün görmədi, indisə ortalıqda o dünyaya da o sifətdə getmək söhbəti var idi.

# 1639 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #