Vüsal - eyni tavanın, həsrət - eyni göylərin altında yaşamaqdı – Fəridin ŞEİRLƏRİ

Vüsal - eyni tavanın, həsrət - eyni göylərin altında yaşamaqdı – Fəridin <span style="color:red;">ŞEİRLƏRİ
19 oktyabr 2016
# 12:11

Şair Fərid Hüseynin “Bir də heç vaxt” adlı şeirlər kitabı işıq üzü görüb. Kulis.Az “Atv kitab” layihəsi” çərçivəsində, “Parlaq imzalar” nəşriyyatı tərəfindən nəşr edilən həmin kitabın “Liriklər və antiliriklər” bölməsindən bəzi şeirləri təqdim edir.

Sənsizlik

Səndən qaçmaq mümkünsüzdü,
fərari olmaq olmur.
Sən göstərdin ki,
qadın kişiyə bir cüt qabırğa əvəzində
bütün canını verə bilər.


İndi mən boş badəyə zillənmiş sərxoş gözüyəm,
kimə satıldığını bilməyən qulam,
məni sahibim yox, taleyim düşündürür.


Sənə qədər söz idim,
gəlib bəstələdin təkliyimi,
indi öz nəğməmizin tətik səsi qorxudur məni.

Başını qoysan – sevda balıncıdı,
qoymasan, tabut yeridi çiynim.
Səni görsəm, muştuluğa uzanmış ələm,
görməsəm, papağına zillənmiş dilənçi.


Məni qınama, demə ki, getdin –
mən səni yox,

yatağımı tərk etmişəm sadəcə.
Ta alın yazısını kəşf etmək istəyirəm,
dünyada işim yoxdur özgə.

Başqa cür olmur

Oxumalıyam, alim olmalıyam,
sənin təbəssümünü araşdırmalıyam.
İşləməliyəm, vəzifəm artmalıdı –
Busəçi olmalıyam.


Küsməliyik, saatımı kosmetika dolabında gizləməlisən,
yerini soruşub barışmalıyıq.
“Mülkümü” satıb qollarında yer almalıyam.
"Ayağın əlim boydadı" deməliyəm,
sənin balacalığına gülüşməliyik.


Əsgər papağımı başına qoymalısan,
mən sənə "komandir" deməliyəm.
Şəkil çəkdirməliyik

və "komandir" sözü şəkildə düşməməlidi.
Belə olmalıdı, yoxsa xoşbəxt olmaq olmur.

Qatarda

Məcnun Leylinin

ordusu tərəfə keçdi deyə

uduzdu həmişə.

Sənin gözlərin tərəfə keçmişəm –
bir ordu adama uduzuram indi.

Qatarla yaşadığın şəhərdən uzaqlaşdıqca,
relslər uzunu uzandıqca təklik,
sonuncu gülüşün qəlpə kimi gəzinir canımda –

insan bədbəxt olanda xatirələri də bədbəxt olur.

Qatarda hamı öz işindədir:
tum çırtlayırlar,
uşaq yatızdırırlar,
su satırlar,
bələdçi zibilləri yığır,
mənsə tez göz yaşını sildiyin salfeti gizlədirəm.

Bir də heç vaxt

Daha məni insanlarla bərabər

əşyaların taleyi düşündürür:
Məsələn, sənin aldığın qol saatı

vaxtı göstərməkçün yox,
sənsizliyi hesablamaqçündü.
Mənimçün indi insan vəfası

ikimizin də oxuduğumuz kitablarda
sənin altından xətt çəkdiyin cümlələrə

Təsbeh

Ömrə ad qoymaq olmur;
bəlkə geyindiyin bədəni
dəyişəksiz paltar kimi
sapı süzülənəcən –
yıxılıb ölənəcən
əynində daşımaqdı?
Vüsal – eyni tavanın,
həsrət – eyni göylərin

altında yaşamaqdı.

Günəşdən sallanan təsbehlə
sənin adını zikr edirəm...
Uzaqdan baxıb:
"Dodağının altında

nə mızıldanır bu?" – deyirsən,
...bilirəm...

Şəklin arxasına yazılan şeir

Dayanmısan şəkildə – o uzaq keçmişimdə,
qoşa şəkillərdə mən əvvəl özümə baxardım,
indi sənin yanımda durub-durmadığına.
Elə bil şəkillərdən də qaçaraqdır ayağın,
bir gün alboma baxıb görəcəm sən yoxsan ta.

Çox heyf, unutmağa yer də yoxdur şəkildə,
foto çəkilən tarix ayağının altında.

Şəklini yandırmaqla xilas ola bilmərəm,
onda da yandırdığım gün qalacaq yadımda.

Tək qalmış əlin səsi


Məni öldürsən, qanlı köynəyimi
verəcəyin adam yoxdu.
Mən ölməkdən yox,

köynəyimin yiyəsiz
qalmasından qorxuram.


Səndə heç nəyim qalmayıb,
verdiyim qabırğanı da çıxartdırmısan.
İndi özgürsən,

amma yerim görünür canında.
Səndən sonra quşlara yem səpirəm, –
kiminsə ümid yeri olmaqdı arzum...

# 4750 dəfə oxunub

Oxşar xəbərlər

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

16:45 12 avqust 2025
Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər