Mənim hələ bir müddət ər evində qalmağımla barışdılar – BİRCƏNİN ROMANI

<b>Mənim hələ bir müddət ər evində qalmağımla barışdılar – <span style="color:red;">BİRCƏNİN ROMANI </b>
18 may 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Bu söz-söhbətdən sonra əlim iş-gücdən, ev-eşikdən soyudu. Daha kimsəyə can yandırmaq istəmirdim, özümü heç kimə borclu saymırdım. Bir müddət Zöhrə xalaya da baxmadım. Evdə özümü yol üstə olan qonaq kimi hiss eləyirdim.

Deyilənlər, olanlar Misir əminin də qulağına çatmışdı. Bir axşam oğlunu, arvadını götürüb bizə gəldi:

- Daha nəyi gözləyirsiz, hava azca sərinləyən kimi Elgizin toyunu eləmək lazımdı.

Zöhrə xala ölüşgümüş gözləriylə məni süzdü:

- Toy eləyim bəs bunlar nolsun?

Misir əmi ona acıqlı-acıqlı baxıb Cavidlə məni göstərdi:

- Bunların bu işə nə maneçiliyi var?

- İki gəlin bir yerdə dolanmaz, uşaq da qalar ortalıqda.

Yavaşca süfrəyə yaxınlaşdım:

- Mənim o qızla nə işim olasıdı, - dedim, - toyunuzu eləyin, söz-söhbət də bitsin.

Uzun çək-çevirdən sonra noyabra razılaşdılar.

Ona qədər payızın ilk ayında atamgil də Hakimə toy çaldırasıydılar. Hakimin sevib-seçdiyi qız həm bacım Sevilin sinif yoldaşı, həm də bibimin ər tərəfdən qohumuydu. Toydan sonra təzə bəy-gəlin şəhərdəki ata evimizə yerləşəcəkdi. Növbədə Laləydi, Eminin ili çıxandan sonra bacıma da nişan qoyulmuşdu. Lalə qonşu kənddən olan iş yoldaşının qardaşına adaxlanmışdı. Toyları olandan sonra onlar da Bakıda yaşayacaqdılar.

Yeri gəlmişkən deyim ki, Lalənin Misir əminin oğluyla izdivacı baş tutmadı, bacım Eminin “vəsiyyətinə” əməl elədi. Əslində isə Lalə oğlanı bəyənməmişdi, Misir əminin arvadı da bundan pəjmürdə olub bacımın bir dəfə qaçırılmağını bizimkilərin başına qaxmışdı:

- Niyə şadlığınıza şıllaq atırsız, əldən alınmış qızın adını kim tutacaq?

Qaynanam da Lalənin bizə qonşu gəlməyini istəmirdi, ona görə bu işin baş tutmaması arvadı çox sevindirmişdi.

Lalə rayon mərkəzindəki idarələrdən birində işləyirdi. Həftədə bir dəfə dolu zənbillə bizə dəyirdi. Doğmalarımın sayəsində qəhətlik-qoxutluq, aclıq bizim gözümüzü qıra bilməmişdi. Camaat çörəkdən, undan ötrü saatlarla növbəyə dururdu, ancaq yenə qarın dolusu çörək alammırdı. Qənd-çay tapan xəzinə tapmış kimi sevinirdi. Ancaq mənim zəhmətkeş atam özünün əkib-becərdiyi buğdanın unundan çuval-çuval gətirib yanımıza yığırdı.

Bibim mənə qazanda çörək bişirmək öyrətmişdi, xırda kündələri bir-bir dərin mis qazana qoyub ağzını örtürdüm, vam xodda qıpqırmızı qızarırdı. Qonşuluqda bir lal Kərim vardı, onun məktəbdə müəllim işləyən gəlinindən də şəkər tozundan şirni bişirməyi öyrənmişdim. Nə çörək, nə də qənd sarıdan korluğumuz vardı. Di gəl, ərsiz, başsız olmağım məni top kimi ayaqlarda oynadırdı.

Bir çimdik duza, bir atım çaya, bir qənddan qəndə, bir qəlib sabuna, hətta bir qutu kibritə gələn qonşular vardı. Heç birini əliboş qaytarmırdım. Zöhrə xala neçə dəfə cibimdə çay, qoynumda duz tutmuşdu. Danlayırdı, dalaşırdı, yenə öhdəmdən gələmmirdi. Mahmud əminin bacısı qızı – Sevdanın anası bir dəfə yağ istəmişdi məndən. Donmuş yağı qəzetin arasına qoyub evdən çıxanda gördüm Zöhrə xala gəlir. Qəzeti yumrulayıb qoynuma saldım. Əllərimi, ciblərimi boş görən qaynanam arxayın olub yatağına girən kimi evdən çıxdım. Ağac dibində məni gözləyən qadına özümü yetirəndə yağ sinəm aşağı axıb əynimdə nə varsa hamısını yağlamışdı...

***

Qaynım Yunus axşam işdən gələndə uşaqlarına balaca kağız qutularda meyvə şirəsi alırdı. Cavid də uşaqlara qoşulub əmisinin qabağına qaçırdı. Atalarının Cavidə şirə almadığını görən uşaqlardan biri öz payını ona verirdi, sonra da xorla Yunusa bərk-bərk tapşırırdılar:

- Ata, biz dörd deyilik, beş uşağıq, sabahdan beş qutu şirə alarsan.

Sakitcə başını yelləyən qaynım ertəsi gün yenə dörd qutu şirəylə qayıdırdı.

Bir gün mən bunu Səməndərə danışdım. Qardaşlarımın aldığı şirniyyatı Cavid həmişə əmisi uşaqlarıyla bölüşürdü. İndi mən bir qutu şirədən ötrü hər gün şəhərəmi gedəydim? Səməndər cibindən azı bir yeşik şirə almağa yetəcək qədər pul çıxardı:

- Bunu ver qaynına, qoy hər axşam Cavidə də əlində pay gətirsin.

Yunus pulu məndən dinməzcə alıb cibinə qoydu. O gün Cavid axşamı gözləməkdən yoruldu, əmisi darvazadan girəndə uşaqlara qoşulub onun qabağına qaçdı. Əlbəttə inanmayacaqsan, qaynım yenə əlində dörd qutu şirəylə gəlmişdi! Cavid getdiyi sürətlə geri qayıdıb pilləkənə çökdü:

- Bəs axı biz ona pul verdik, niyə mən yadına düşmədim?

Uşaq qucağımda Maralgilin qapısına çatanda qaynımın böyük oğlu qutuların dördünü də yerə atıb hirslə tapdalayırdı:

- Sən nə təhər atasan, nə təhər əmisən, - Bəhruz ağlaya-ağlaya deyirdi, - axı o sənin qardaşın oğludu, axı onun dayısı sənə pul göndərdi, niyə Cavidə də almadın?

Balamı köksümə sıxıb dinməzcə geri qayıtdım. Yaxşı ki, bizi görən olmamışdı.

Sonralar öyrəndim ki, Eminin yasında ölkədəki vəziyyətdən söhbət düşəndə qardaşım Aqil Yunusun xoşuna gəlməyən bir fikir söyləyibmiş. Demə mənim ağsaqqal qaynım bir əlcə uşaqdan o sözün qisasını alırmış...

***

Payız gircək toy hazırlığına başladıq. Eminin ölümündən bir il iki ay neçə günsə ötürdü. Bu müddətdə Elgizin nişanlısını heç görməmişdim. Qızın atasına kənddə səy Fərman deyirdilər; düzü, bu ayamanın kişinin adına nə səbəbdən qoşulduğunu da bilmirdim. Mənə göndərdiyi o xəbərdən sonra Nərgizi görməyi, gözünün içinə baxmağı çox istəyirdim.

O payız günlərinin birində məktəbin darvazasından çıxıb evə qayıdanda kiminsə məni aralıdan çağırdığını eşitdim. Geri qanrılanda uzun bir qızın üstümə gəldiyini gördüm. Ayaq saxladım. Qız yerimirdi, quş kimi səkirdi. Aramızda dörd-beş addım qalmış dilləndi:

- Salam, Bircə, necəsən? Mənəm ey, Nərgiz...

İlk baxışdan anışdıra bilmədim, diqqətlə baxanda anladım ki, bu elə o Nərgizdi. Üzünə ikrahla baxıb:

- Nə var, - dedim, - mənlə sənin nə işin?

Qız bir az da irəli yeridi:

- Bilirəm, sözüm xətrinə dəyib.

Elə bildim sinəmə yaba dirədilər, bir az geri dartındım:

- Yaxın gəlmə, səni tutub iki bölərəm! Bir də məni dilə-dişə salsan, onun-bunun yanında qaramca danışsan, səy dədənin evinə od qoyacam!

Deyib qızın sinəsinə saz bir dürtmə vurub aralaşdım.

Arxamca səsləndi:

- Bax elə buna görə o evə gəlmək istəmirəm ey.

Geri çevrilmədən:

- Heç gələn günün olmasın, - dedim.

Bizim tanışlığımız da, ilk görüşümüz də bu oldu. Qız elə bil uzunluq etalonu kimi yaranmışdı, hər yeri uzun idi – boyu, əlləri, qolları, ayaqları, burnu, hətta üzü də. Qıçları kürəklərinə qədər uzanırdı, elə bilərdin bir cüt ayağın üstünə bir uzun sifət bərkitmisən...

***

Hakimin toyuna bir həftə qalmış şəhərdən gələn Aqilgil yolüstü bizə dönüb Cavidlə məni də atamgilə apardılar. Toy-filan yalan oldu, doğmalarım mənim ər evində oturmağımın doğru olub-olmadığını müzakirəyə çıxardılar. Atam, qardaşlarım Emindən sonra orda qalmağımın mənasız olduğuna məni inandırmağa çalışırdılar, Cavid balacaykən oralardan qopmağımı istəyirdilər.

Mən onları başa düşürdüm, amma hara, çıxıb hara gedəydim? Özümün ayrıca bir daxmam, dörd yalın divarım olsaydı o evdə bir gün də qalmazdım. Ata evində də gözüm yoxudu, bilirdim anam bizi yola verməyəcək. Qardaşlarımdan hansının evinə getsəydim mənə də, uşağıma da öz balaları kimi baxardılar, amma bir yad qızının qaladığı ocağın qırağında ömür boyu oturmaq olmazdı axı. Nəhayət mənim də öz evimin yiyəsi olmaq, bundan sonrakı həyatımı övladım üçün yaşamaq haqqım vardı, ya yox? Hansı evə qonsaydıq analı-balalı altıncı barmaq kimi artıq görünəcəkdik. Lap doğmaca atam evində də...

Toya qədər Cavid mənə nə təhər toy tutdusa hamı fikrindən döndü, mənim hələ bir müddət də ər evində qalmağımla barışdılar. Uşaq heç kimə yaxın getmədi, bir tay-tuşuyla oynamadı, nə verdilər oynatmadı. Verilən hədiyyələri bir torbaya doldurub qapının ağzında hazır durdu, gözünün suyunu axıdıb nənəsini, əmisi uşaqlarını istədi. Anam yenə qaşqabağını salladı:

- Aparın bunu verin nənəsinə, bəlkə səsi kəsə.

Toyun səhəri günü ertədən atam bizi evimizə yola saldı.

Qapıdan girən kimi Zöhrə xala Caviddən soruşdu:

- Nənən qurban, Xanımla (anamı deyirdi) Lalə qeybətimi qırdılarmı?

Cavid də əlindəki at şəklinə baxa-baxa:

- Nənə, yaxşı eşitmədim, - dedi, - amma nəsə tez-tez adını çəkirdilər.

Gözüm kəlləmə çıxdı – bir anda uşaq bunu necə uydurdu? Gördüm qaynanam inanır, başladım and içməyə:

- Vallah özündən qondarır, orda sənin adının “Z” hərfini də deyən olmayıb.

Zöhrə xala Cavidi bağrına basıb öpdü:

- Sözün düzünü uşaq deyər.

Yüz dona girirdim, yüz cəfaya dözürdüm, yalmanıb-yaltaqlanırdım – di gəl yenə uşağımın məni, doğmalarımı görən gözü yoxuydu. Atası ölən gündən bunların biri ona bir konfet uzatmamışdı, biri necə yaşadığımızla maraqlanmamışdı. Üstəlik, Emindən sonra onun övladına çatası nə vardısa mənim yenidən ərə gedəcəyim bəhanəsiylə qapazlamağa çalışmışdılar. Bu evin adamları hamılıqla səfərbər olunub hər an məni bir uşaqla küçəyə atmağa hazırıydılar. Ancaq mənimkilər bizdən ötrü dəridən-qabıqdan çıxırdılar, bizə gözlərinin yağını yedirirdilər, yenə də Cavid o tərəfə mehr salmırdı.

Hamı bir yana, qaynanam da artıq məni – nəinki məni, öz doğmaca nəvəsini, oğlunun yadigarını da – bu evin sakini kimi görmürdü:

- Sən hamımızdan ağıllıymışsan, - deyirdi, - elə düz elədin Caviddən sonra doğmadın. Bir var bir uşaqla harasa gedəsən, bir də var iki-üç uşaqla.

Belə danışanda ona nifrətimi gizlədəmmirdim:

- Birinin nə urvatı oldu ki, ikincini-üçüncünü də doğaydım? Burdan-bura sən – ölən oğulun anası bizi istəyib qəbul eləmirsən, gör başqası neyləyər!

- Odey, sənin nənən üç dəfə ərə getmişdi, hələ nə yaşın var, sən də ailə qurarsan. Cavidə biz baxarıq. Atan, qardaşların sənin yolunda canlarından keçərlər.

Eşitdiyimə inanmadım; özümü ha çimdiklədim, qulaqlarımı ha çəkdim, yenə çənəmin əsməyini saxlaya bilmədim. Yerimdən atılıb qaynanamla burun-buruna dayandım:

- Sən bacısının evini dağıdan bacın qızının dərdini çək, ora-bura əl aparma!

Arvad səksənib gözlərini məndən qaçırdı:

- Hmmm, agentin yaxşı işləyir. Maral çatdırıb, eləmi, sənə?

- Hər kim çatdırıb, çatdırıb, yalan ha çatdırmayıb.

Mənim ikinci abortumu qaynanama xəbərləyən qadının doğma bacısı bunun əriylə aradan pərdəni götürmüşdü. İşin üstü açılanda qızı kənddən genitmişdilər ki, guya əmisi oğluna qoşulub qaçıb; uşağını saldırandan bir müddət sonra ərinin narkoman çıxdığı bəhanəsiylə yenidən evlərinə qaytarmışdılar.

Həmin o xəbərçi xalaqızı bir dəfə bacısına sataşan əriylə bizə gəlmişdi. Onda Maral onların üzünə də baxmamışdı. Gəlin bunun səbəbini soruşanda Maral qırmızı-qırmızı düz onun gözünün içinə belə demişdi:

- Sənin kimi alçaq arvadın nəyinə salam verəcəm? Hələ bir dəyyusu da yanına salıb evlərimizi gəzdirirsən.

Cəngavər eltimin bu qəfil həmləsi qarşısında ər-arvad quruyub qalıb “mıqq” da eləyə bilməmişdi. İndi mən qaynanama bunları xatırladırdım, bunu qaxırdım bu başıdaşlı arvadın başına.

- Hər şeyi əlimdən ala bilərsiz – evi də, malı-mülkü də, mənə verdiyiniz qızılları da. Amma Cavidə barmaq uzada bilməzsiz! Bir gecədə hamınızı öldürrəm, evinizi yandırram, uşağımı vermərəm!

Arvad sakitcə üzümə baxıb tövrünü pozmadan dedi:

- Ərə getsən, uşağın üzünü görməyəcəksən.

- Mən də bu gündən sənə baxmayacam, get poxunun içində ağna! Allah ilanın əməlinə baxıb ayağını qarnında yaradıb, sizin bir balaca gücünüz, imkanınız olsa bilirəm neylərsiz. Siz qorxulu adamlarsız. Bir qardaş ki ölən qardaşının ili çıxmamış onun paltarlarını geyə, evinə yiyələnə, böyüyü, ağsaqqalı qardaşının yetiminə bir qutu şirəni qıymaya...

Qışqırırdım, ağlayırdım, nifrin yağdıra-yağdıra qapıları açıb-vurub otaqdan-otağa keçirdim. Qaynanam mənim bu havalı halımdan, qorxuya düşməyimdən altdan-altdan həzz alırdı, məni bir az da körükləyib havalandırmağa çalışırdı:

- Anandan bəri bax! Bircə gecə sənə yoldaş olmadı, bu bir ildə bir dəfə qapından girib halını soruşmadı, bizi bəyənib süfrəmizdə tikə dadmadı.

- Lap düz elədi! Bir ildi qardaşlarım daşıyır, nəsillikcə ağulanırsız, gərək anam da sizə nökər olaydı? Atamın, qardaşlarımın əziyyətinə nə hörmət qoydunuz ki, anama ondan pay düşmədi?!

Gördüm yüz ilin fəndgir arvadıyla dilləşməyə gücüm çatmayacaq, Cavidi geyindirib yedəyimdə sürüyə-sürüyə Səməndərgilə getdim. Qaynanam dalımca baxa-baxa qaldı, hərçənd hara getdiyimi Marala demişdim. Quşqun olub quyruğa keçməkdən bezmişdim daha, gedirdim qardaşım mənə bir yol göstərsin.

***

Biz onlara çatanda Səməndər dərsdən yenicə gəlmişdi. O boyda kişi qol götürüb qabağımızda oynayırdı:

- Allah, bunlar gələn yola qurban olum!

Sonra bir anda qızlarını səfərbər elədi:

- Tez olun, açılmış güllərin hamısını dərin düzün pilləkənə, ən ləziz yeməkləri bişirin.

Çox da böyük olmayan həyətində Səməndər hansısa nəbatat bağında gördüyü min bir gül parkının şərəfinə yüz bir gül əkmişdi. İlin bütün fəsillərində həyətin dörd bir yanı gül-çiçək olurdu.

Dayısının min oyundan çıxdığını görən Cavid ağlamağını kəsib dincəlmişdi. Elə mən özüm də təmtəraqlı mərasimlə qarşılandığımı görəndən nəyə gəldiyimi unutmuşdum.

Yedik-içdik, dedik-güldük, axşam hamı yatandan sonra bacı-qardaş göz-gözə qaldıq. Mən başıma gələnləri, qaynanamdan eşitdiklərimi Səməndərə dönə-dönə danışdım, daha orda qalmağımın mənasız olduğunu, bir az da keçsə uşağımı əlimdən alacaqlarını, gedəcək bir yerimin də olmadığını ağlaya-ağlaya qardaşıma söylədim. Səməndər məni təmkinlə dinləyib axırda bunları dedi:

- Sən bez deyilsən – arşın gətirim kəsim götürüm, qoz deyilsən – çuval gətirim yığım dalıma şəlləyim, tək deyilsən – səni hamının əlindən alım gizləyim. Ortada bir gözəl balan var, bir azca da səbr elə. Bax görürsən, gələndən ağlayır, ora dartınır, nənəsini, əmisi uşaqlarını istəyir. Qorxuram tələsik addım ataq, Cavidə bir zərbəni də biz vuraq. Qoy qaynının da toyu olsun, sonra görək neyləyə billik. Zöhrə xala da yazıqdı, sən ordan çıxsan kim baxar ona? Qaldı Cavidə, onu səndən heç kəs ala bilməz, uşaq da ev, maşın, paltar deyil ki, ona yiyələnələr. Sən də orda heç kəslə dilləşmə, heç kəsə cavab qaytarma, ağılla-başla otur-dur. Biz səndən bezməmişik, indiyə kimi özün könüllü qaldın orda, indi də biz uşağa görə sənə yaxın durammırıq. Bir az da böyüyər, özü hər şeyi başa düşər. Gedib atamgilə də genəşəcəm, görək nə məsləhət bilirlər.

Səhəri Səməndər yenə məni qaynanamın səltənətinə qaytardı. Yolboyu mənə o ki var öyüd-nəsihət verdi:

- İnsafını yerə qoyma, sənə pis olsalar da sən pislik eləmə. Aclıq gedər, bolluq gələr, qalar üz qarası, kömbə yarası. Elədiyini başa qaxma, balanı da gözdən qoyma, yaralı barmaq ağızda deyiblər. Özünü də unutma, özünü də sev. Qoy sənə arsız desinlər, amma yazıq deməsinlər.

Ayrı vaxt öyüd-nəsihət başıma batmazdı, ancaq indi Səməndərin dedikləri məndən ötrü labirintdə dolaşana ip ucu vermək, kompassız qayığa mayak işartmaq, azan səyyaha xəritə göstərmək kimiydi. Qardaşım danışdıqca başıma çökmüş duman yavaş-yavaş ayazıyırdı...

...Mən onda anlamırdım; anlamırdım ki, bu danışan Sənsən, Dostum...

***

Gecə Cavid enli taxta uzanıb balaca qollarını, ayaqlarını qurbağa kimi açmışdı, məni də otuzdurmuşdu kürsüyə. O vaxtlar çox məşhur olan “Gənclik” jurnalından sapsarı elqovan çiçəklərinin arasıyla qaçan bir ağ at şəkli cırıb götürmüşdü, gözünü o rəsmə zilləyib mənə nağıl oxudurdu. Şəkil əlindən sürüşüb ətəyinə düşəndə bildim ki, onu yuxu tutdu. Üstünü örtüb düşdüm həyətə, özümü verdim qovağın çətirinin altında.

Birdən itlər ağız-ağıza verib hürüşdü. Mənə elə gəldi kəndin başı üstündə Sənin kölgən dolaşır, Dostum, itlər də elə o kölgəyə hürürlər. Sonra qovağın başı əsdi, yarpaqları titrəşdi, elə bildim həyət-bacaya Sənin hənirin toxundu.

Nəsə ustufca çiynimə dəyib yerə düşdü. Üşəndim. Ayağımın altına baxanda bir işıldaquşun yerdə işım-işım işıldadığını gördüm. Dəli gülüş sinəmi tutdu, elə bildim bu böcəyin parlayan qanadlarında mənə xoş xəbər göndərmisən.

İşıldaquşu yerdən götürüb qovağın budağına mindirdim, sonra sevincək evə qaçdım. O böcəyin Səndən bir işarə, canlı məktub olduğuna özümü inandırıb dərin yuxuya getdim.

ardı var

# 1800 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #