Orxan Fikrətoğlunun yeni hekayəsi: “Qocafəndi bazlıq”

Orxan Fikrətoğlunun yeni hekayəsi: “Qocafəndi bazlıq”
19 fevral 2018
# 13:30

Kulis.az Orxan Fikrətoğlunun “Qocafəndi “bazlıq” hekayəsini təqdim edir.

- Necəyəm?

Qadın ağappaq mələfəni utana-utana üstünə çəkib iri, ala gözlərini gözlərinə zillədi.

- Bomba kimi!

Qadın gülümsünəndə alnının qırışları aydınca göründü.

Çarpayıdan qalxıb eyvanın qapısını açdı. İstanbulun adam səsli küləyi otel otağını havalandırdı. Siqaret alışdıranda çevrilib gözucu qadına baxdı.

Üzündə rahatlıq vardı.

- Səni verənə şükür! - deyib eyvana çıxdı.

Sultan Əhməd meydanına iynə atsaydın yerə düşməzdi. İrəlidə qaralan Ayasofya məbədinin möhtəşəmliyi qarşısında Sultan Əhməd camisinin qəribə hüzuru vardı. Deyirdin bir müdrik Şeyx qarşısında diz çökmüş yaralı qladiatorun tövbəsini qəbul edir. Bu tarixi məbədlərin üz-üzə dayanması hər dəfə onu heyrətləndirirdi. İki yad mədəniyyətin eyni fəzada bu cür səssiz mövcud olmaları məntiqə görə mümkün olmasa da göz önündə ilahi müdaxilə ilə necəsə mümkün olmuşdu. Ona görə də Sultan Əhməd meydanının İstanbul içində tamam ayrı bir halı vardı. Burda insan nəhəng dağ qarşısında dayanırmış kimi bütün əzaları ilə heç nə olduğunu anlayırdı.

Arxadan qadının hənirini hiss etdi. Qadın barmaqları ucunda dikəlib boynuna sarıldı.

- Məni niyə almadın?

- İçəri keç, soyuqlayarsan!

Çevrilib qadını qucağına götürdü. Qadının cingiltili gülüşü tavana dəyib taqqıldadı.

- Qrıjan çıxar, neynirsən?

- Ərinə fikrin getməsin. Mən möhkəm kişiyəm!

Ərinin adını eşidən kimi qadının gülüşü üzündən sürüşüb döşəməyə düşdü.

Qadın ərindən qorxduğu üçün İstanbulda görüşürdülər. Qaldıqları “Fehmi bey ”otelində onları neçə ildi ailə bilirdilər. Özləri də adam içində ər-arvad kimi davranırdılar. Kənardan baxan onların evli olmadığını ağlına belə gətirməzdi. Üzdən də biri-birinə oxşayırdılar. “Ərlə arvadın torpağı bir yerdən götürülür” deyimi elə bil onlar üçün deyilmişdi. Artıq neçə ildi biri birinə vurğun sevgili deyildilər. Canlarında bir elə “seks həvəsi” də qalmamışdı. O, dükandan, qadın tarixdən zövq almasa da, min ilin doğmaları kimi “uşaqlara xətir” dükana, muzeyə birlikdə gedirdilər. Alış-verişləri də bir idi. O, qadına, qadın ona hədiyyələr alardı.

- Şəhərə çıxıb bir az gəzişək?

- Çimmək istəyirəm!

Çiləyin altına girib kranın puçunu burdu. Su təninə dəydikcə içi durulurdu. Son zamanlar yaman darıxırdı. İllər keçdikcə dostlarını bir-bir itirmişdi. Bircə nəfər də olsun, dostu qalmamışdı. Hərəsi bir bəhanəylə aradan çıxmışdı. Boz günlərin axarındaydı. İşlədiyi idarədən, yaxınlarından belə bezmişdi. Tanıdığı adamların üzündən son aylar zəhrimar yağırdı. Heç kəs başqasının uğuruna sevinə bilmirdi. Hirsli, kədərli, quru adamların haləsi altındaydı. Sanki yas mağarında hərə öz ölüsünü ağlayırdı. Qonşu qonşuya salam verməyə belə ərinirdi. İş yoldaşları da ona rəqib kimi baxırdılar. Ətrafının arzusu nə olursa olsun ayaqda qalıb pul qazanmaq idi. Oğlu İspaniyada instituta girəndən evində də sakit otura bilmirdi. Terrorçular hər gün bir ölkəyə duzaq qururdular. Gecələr oğlu ilə telefonla danışmasa gözünə yuxu getməzdi. Onun üçün qorxurdu. Yeknəsəq həyatı, ağılsız müdiri, arvadının deyingənliyi də bir tərəfdən canını sıxırdı. Yeganə nəfəsliyi qadın idi.

- Çıxmırsan? - qadın dəhlizdən səsləndi.

Qadın tanınmış ailədən idi. Ərinin adı, vəzifəsi, qulluğunda duran minlərlə işçisi vardı. Onunla hələ orta məktəbdə oxuduqları zaman sevgili olmuşdular. Sonra araları dəymişdi. Qadın ərə onun acığına getmişdi. O da qadını hirsləndirsin deyə evlənmişdi. Hərəsi öz yolunu tutsa da, hirsli başla yol olmayan tərəfə getmişdilər. Və günlərin bir günü hər ikisi anlamışdı ki, ayrı-ayrı yaşasalar da, əslində bir-birinin acığına yaşayıblar. Və yenidən görüşməlidirlər.

Bu gizli oyun ölümlə də bitə bilərdi. Qadına niyə bu qədər yaxınlaşdığını özü də başa düşmürdü. Aralarında daha əvvəlki sevgi qalmamışdı. Bir o qədər gözəl deyildi. Sən deyən cəlbedici bədəni də yox idi. Adi mətbəx qadını idi. Hərdən etdiklərindən utanırdı. Peşman olurdu. Di gəl onsuz qala da bilmirdi. Yanında olmayanda səsi üçün, gülüşü üçün darıxırdı.

Qadın hamam otağının açıq qapısı ağzında döşəməyə çöməldi. Uzaqdan əzələli bədəninə baxıb:

“Yaxşı qalmısan ha!” - dedi.

Kranın puçunu burdu. Divara bərkidilmiş dəmir taxçadan məhrəbanı götürüb qurulana-qurulana dəhlizə çıxdı. Otağa tərəf döndü. Qadın arxasınca gəlirdi. Necə oldusa büdrəyib dizi üstə döşəməyə yıxıldı. Arxaya çevrildi. Qadının ağrıdan gözləri dolmuşdu. Dərman səbətindən yod tapdı. Yodu pambığa hopdurub qadının qanamış dizinə sürtdü. Aşağı çömbəlib qanamış yeri üflədi. Qadının üzündə göz yaşları qarışıq saf gülüş əmələ gəldi. Boynuna sarılıb ucadan ağlamağa başladı.

Bir qədər ağlayandan sonra qadın kiridi.

Çay içdikdən sonra geyinib şəhərə çıxdılar. İstanbul dəniz kimi ləngərliydi. Yerəbatan muzeyinin qarşısında iki latın amerikalı fleytaya oxşar alətdə “ilahilər” çalırdılar. Səs ürəyinə xəncər kimi batdı. Yerindəcə dondu. Fleytanın haləsi qadını da dəyişmişdi. Taxta oturacağa oturub qovrulmuş şabalıd yeyə-yeyə bir neçə saat bu qəribə naləni dinlədilər.

Sonra Sultan Əhməd meydanında bir qədər də gəzişib otelə qayıtdılar. Axşam Bakıya dönəcəkdilər. Uçağa bileti ayrı-ayrı yerlərə almışdılar. Yan-yana otura bilməzdilər. Hava alanına da tək-tək gələcəkdilər. Qadın çamadanları səliqə ilə yığıb kətilə çökdü:

- Bu səfər sənə xeyli pal-paltar almışıq. – dedi.

- Hara çıxıram ki? - pıçıldayıb siqaret alışdırdı.

Oteldə görüşüb ayrıldılar.

Hava alanının “pasport kontrol” nöqtəsində qadınla göz-gözə gəlsələr də kəlmə belə kəsmədilər.

Qadının pasportuna möhür vuran sərhədçi:

- Xanım sizin neçə yaşınız var? - soruşdu.

Qadın nazla:

- Pasportumda yazılıb da! - dedi.

Sərhədçi möhürü pasporta basıb:

- Çox yaxşı görünürsüz! - söylədi.

Uçaq Bakıya enənə qədər qadın gözünü ondan çəkmədi.

Hava alanında qadını ərinin cangüdəni qarşıladı.

Pillələri qalxıb qapını öz açarı ilə açdı. İçəri keçəndə gözü dəhlizdəki güzgüyə sataşdı. Saçlarının bəmbəyaz qar ağlığına baxmağa macal tapmamış nəvəsi qaranlıq içindən işıq kimi sıyrılıb boynuna sarıldı:

- Babam gəldi, Babam gəldi! - qışqırdı.

Səsə arvadı da dəhlizə çıxıb salamsız kəlamsız:

- Dərmanlarını vaxtlı vaxtında içirdinmi? - soruşdu.

Ayaqqabılarını çıxara çıxara:

- İçirdim! - dedi.

# 2473 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #