Kulis.az tanınmış şair Mətləb Ağanın şeirlərini təqdim edir.
Adımı söylə, çıx get
Gün çatmaz keçən günə,
hey çağır, hey soraqla.
bir şirin xəyal yarat,
bu acı ayrılıqla.
Yaş axır gözlərindən,
bəlkə o evdə indi.
mən orda olmasam da,
xatirələr sənindi.
Bu ötən saatlara
ömür - filan deyirlər.
kim görüb ki, mən sağam,
vallah, yalan deyirlər.
Məni yerlərə vurdun,
sən dur o göylə çıx get...
nə zaman qarşılaşsaq,
adımı söylə, çıx get...
***
Hansı ölkəydi, hansı?
bəs neçənci əsrdi?
orda - o köhnə yolla
bir uşaq tələsirdi...
fikrindən nə keçirdi,
nə tutmuşdu əlində?
nə vardı çiynindəki
o nimdaş zənbilində?
Tanrı hardaydı onda,
ya xeyirxah mələklər?
bilirdilərmi bir gün
Ona nə deyəcəklər?!
...sonra güldü qəfildən,
bütün ağrısı keçdi:
ovcundasa, soyumuş
qəlbini gizləmişdi
***
Nə xəbər var şəhərdə?
kim piyada, kim atlı
fevralın boz soyuğu
hələ ki, salamatdı...
hərdən sular kəsilir,
ya da işıqlar sönür...
yəqin, fikirləşirsən:
“yaxşı tərk etdim səni...”
yox, heç pis-filan deyil,
bu nisgilli təkliyim
cırıb atdım fotonu,
sərçələr dimdikləyir...
sonra qaranlıq çökür,
dayanmadan yağır qar
və eyni o əhvalat:
“Qoca Arxip... Lyonka...
***
Bu il də belə keçdi,
bir yaş da düşdük geri
yığmağa yer də yoxdur
dadsız xatirələri...
indi durub özünə
deməyə nə sözün var?!
hava da boz-bulanıq,
bizdən də duru kim var?!
hər qarışda dirənir
dekabrın şaxtası...
orda-bir soyuq evdə
yanır dörd sətir yazı:
“maraqsızdı, bilirəm,
bu bitir, o başlayır...
köhnə ssenaridə,
təzə kino başlayır...”
***
dəyişən heç nə yoxdu,
döngədə on qarış yer;
qaraqabaq fotoqraf,
köhnə foto atelye...
mənəmmi o fotoda;
hərdən məəttəl qalıram
adı nədi bu ömrün,
komediya, ya dram?..
indi o şəkillərin
üzünə baxmaq olmur...
vaxt da elə gödəlib,
durub darıxmaq olmur...
”nədi orda qaralan,
bayaqdan təkdi orda
yol üstündə qalmasın;
götür o şəkli ordan...”
***
...İslandı bütün şəhər,
böyükdən kiçiyəcən...
...bir ağacın dibində
büzüşmüş küçüyəcən...
...köhnə tramvayların
susduğu parka kimi...
...ağ kağız qayıqların
üzdüyü arxa kimi...
...ən hündür binayacan,
lap uzaq küçəyəcən...
...deyindi qonşu qarı
sabahdan gecəyəcən...
...sonra qəfil də kəsdi,
kiridi qonşu qarı...
...bir uşaq hönkür-hönkür
ağladı qayıqları...
***
...və bu sentyabr da
köçünü yığışdırır,
yenə bir külək düşüb
küçəni yığışdırır.
...parçalanıb ortadan
albomunda bir şəkil.
daha gecdi soruşmaq
“nədi ürəyindəki?”
bundan sonra dirisən,
ölüsən, eyni şeydi.
ya Janna Dark ol indi
ya Süsən, eyni şeydi.
durub fikirləşirsən:
“bir oyundu... kim kimi”
- pəncərəndə boylanıb
bölünmüş şəkil kimi...
***
...sonra payız da keçdi,
fevral-filan da sonra.
gözdən düşdü fəsillər
elə bir anda sonra.
və bir stansiyaydı
qatar, filan da vardı.
üstəlik qarşılayan,
yola salan da vardı.
perrondaydın, vaqonda?
daha fərqi də yoxdu.
şəkil doluydu hər yer,
bir o, sərgidə yoxdu.
qəribəydi olanlar
həm də bir az bayağı.
baxıb gülümsəyirdin
Mono Liza sayağı...