İnsandan daha ali, tanrıdan müqəddəsəm – Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR

İnsandan daha ali, tanrıdan müqəddəsəm – <span style="color:red;">Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR
5 aprel 2017
# 09:00

Kulis.az gənc şair Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Nəzir yaylığı

İstəsən bağışlayım
günahını, qulaq as,
bu gecə gəl evimə,
əynində qara libas...

Əlində qürurun tək
sınmış qırmızı kərpic;
qoy ayağın altına,
ovuclarımdan su iç.

De ki, bu yer üzündə
ən seviləsi kəsəm,
insandan daha ali,
tanrıdan müqəddəsəm.

Məni pir bil, sevgilim,
dolan başıma, dolan.
Bir şümşad ağacı tək
öp məni yarpağımdan.

Bir şam yandır, dua et,
əl aç sinəmə sarı...
Dilindən ətəyimə
düşsün yalvarışların...

Köhnə sevgiləri də
yığıb gətir bu gecə...
hamısını qurban kəs
qapımın önündəcə.

Adıma diləklər tut,
məndən mərhəmət istə...
Öp soyuq əllərimi,
qoy alnın, gözün üstə.

Əhdini, diləyini,
arzunu sinənə yaz.
Bir nəzir yaylığı tək
özünü boynumdan as.

Getmisən

Fahişə yastığıyam - hər gün bir başa yuva...
Elə çirklənmişəm ki, göylərə çatmır duam.
Bu münzəvi taleyim gəlmədimi xoşuna?
Öyrəndim yaşamağı...

Getmisən, darıxmıram...

Mən ucuz taksilərə bir zavallı müştəri...
Sən olduğun uzağa tükəndi gedişlərim.
Səbrimi sıxmağımdan sancı çəkir dişlərim,
Beş gün çəkər uzağı...
Getmisən, darıxmıram...

Bizdə hələ də sönmür səhərəcən işıqlar.
Bizim daş hasarlara ürək çəkir uşaqlar.
Bu dilim vuran topuq... Bu fikir qarışıqlar...
Onu deyirdim axı...
Getmisən, darıxmıram...

Bütün yalanlarım da ayaq açdı, yeridi.
Bu nə sayıqlamalar, bu nə fikirlər idi?
Dedim, daha darıxan arsız itin biridi...
Hürdüm bu axşamçağı...
Getmisən, darıxıram...

Bu bəlalı başıma

Bu bəlalı başıma
xoş gəldin, bəlam mənim.
Gəl, sənlə bu yataqda
ölsün bir balam mənim.

Tövbəsiz günahımsan
ağlım yenə də azdı.
Bilmirəm ölən balam
oğuldu, yoxsa qızdı?

Balam olmadı, öldü...
yaş gəldi yaşım üstə.
Mənim günahım sən ol,
cəhənnəm başım üstə!

Image result for aşk

Hərəsi bir adamdı:
quru solfet tikəsi,
bu balışın qoxusu,
o divarın ləkəsi.

Bu bəlalı başıma
gəlmisən, bəlam mənim!
Gör ki, olmadan ölən
nə çoxdu balam mənim!

Falçı qadın

Gəldim, üzü xəcil, boynu bükülü,
Mənə məndən danış, ay falçı qadın!
Dünən əllərimdən hamını qovdum,
Özüm ovucumun içində qaldım.

İndi tamam təkəm öz ovucumda.
Bax, gör nə haldayam, nə gündəyəm mən!?
Bir vaxt yerə-göyə sığmazdım, amma
İndi ovucumun içindəyəm mən.

De, harda nəzərə, gözə gəlmişəm?
Hansı gözdən gəlir bu dərd axını?
İçimdə adamlar dalaşır hər gün,
Kim sürtüb ömrümə bu qurd yağını?

Daraldı hövsələm, tükəndi səbrim,
Mənə bu darıxmaq qənim kəsildi.
Sən də bir cadu et, qır bu tilsimi,
Məni tənhalıqdan boşa, bəsimdi!

Evimdə doğulsun pişik balası,
Məndən sevgilimin saçını istə.
Bir tənha məzarda tilsim basdırım,
Qırmızı sap da qoy kirpiyim üstə.

Sənə yalvarıram, ay falçı qadın,
Ümidsən, bir cadu bağla dərdimə.
Görsən ki, düzəlmir, tükənir çarən,
Ağla, falçı qadın, ağla dərdimə!

Özündən qoru məni

Qoru, xətrimə dəyən
sözündən qoru məni!
Qorxum yoxdur kimsədən,
özündən qoru məni!

Nə gəlsə bu başıma
sənin əlindən gələr...
Getsən, paltarlarımın
sol tərəfi gen gələr.

Getsən, dalınca qaçar,
məndən qopar əllərim.
İtlər kimi hürüşər,
səni qapar əllərim.

Ən isti ayların da
soyuğundan donaram.
Getsən, sinəm üşüyər,
yoxluğundan donaram.

Bax, indidən deyirəm,
qoru məni o gündən.
Sonra bir günah olub
kök salaram içindən,

Qoru, xətrimə dəyən.
sözündən qoru məni.
Qorxum yoxdur kimsədən,
özündən qoru məni.

Məni itirdiyin üçün

Bu şəhərin ortasında
əllərini qaldır göyə,
dizlərinə döyə-döyə,
lap özünü söyə-söyə,
ağla, axşam-səhər, ağla,
məni itirdiyin üçün.

Ağlayır, göylər ağlayır,
ağlayır, hər yer ağlayır,
bütün məni itirənlər
səndən də betər ağlayır.
Sən də onlar qədər ağla,
məni itirdiyin üçün.

Məndən sənə bir məsləhət:
bu şəhərdən uzağa get.
Görsən yenə ağır gəlir,
heç yaşama, intihar et,
iç bir udum zəhər, ağla,
məni itirdiyin üçün.

Yersiz təsəlli eləmə,
bəlkə bağışlayar, - demə.
Heç Tanrı da bağışlamaz,
atar səni cəhənnəmə,
sənə şeytan gülər, ağla,
məni itirdiyin üçün.

Bu ağlayış bitəcəkdir,
çətini ölənədəkdir.
İndi məni itirməyin
heç bilirsən nə deməkdir?
Ağırdı bu qəhər, ağla,
məni itirdiyin üçün.

Öldürək bizi

Zülüm-zülüm, tikə-tikə,
Öldürər bu ürək bizi.
Gedək bir uçurum tapaq
Atlayıb öldürək bizi.

İkimiz də otuz yaşa
Bir nərdivan dayamışıq.
Qarşıda yeddi pillə var,
Yeddi rəngə boyamışıq.

Mən indidən yorulmuşam,
Qalxmayaq bu pillələri.
Gəlib sinəmizə qonsun
Bu dünyanın güllələri.

Əlini aç bir Tanrıya,
Ürək dolu qarğı, gülüm!
De ki, bizə gülənlərin
Başına gəlsin bu zülüm!

Mən Tanrıdan əl üzmüşəm,
O, çətin öldürsün bizi!
Tanıdığın biri varsa,
De, gəlsin, öldürsün bizi...

# 1268 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #