Əvvəl alın-alına, sonra dodaq-dodağa... - İlham Qəhrəmandan yeni şeirlər

Əvvəl alın-alına, sonra dodaq-dodağa... - <span style="color:red;">İlham Qəhrəmandan yeni şeirlər
15 fevral 2018
# 11:33

Kulis.az tanınmış şair İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.

Nohur gölündə xanım havası

Biz Nohur gölünə çatanda
dar vaxtıydı,
Güllüburun qaralırdı
müqəddəslərin türbəsi kimi...
Göydağ gölü yırğalayırdı

dizi üstündə körpəsi kimi.
Göl xumarlanıb süst düşmüşdü,
meşənin ətəyində məst düşmüşdü.
Gölün sakitliyi ətrafa hakim idi,
Payız yarpaqları körpə ovcu kimi
büküm-büküm idi.
Sahildəki qayıqlar, ağaclar
mürgü tutmuşdu,
Sən iki daşın arasında

saçına baxır -
əlində güzgü tutmuşdun.
Sonra əl-ələ verdik

payızın nəmli cığırında...

Cığırın axırında
dünyaya dəyən şaxlığınla
laübalı baxışınla
dayandın qarşımda,
Əvvəl alın-alına söykəndik,

sonra alnımız qaçdı söykəkdən...

Dodaqlar söykək tutdu...

Əllərimiz bizdən lap bərk-bərk tutdu.
Bizi qucaqlamışdı çölün dumanı,
bomboz kül dumanı - özün demiş –
“zərif, ütüsüz tül duman”ı.
Yadındamı Nohur gölündə o axşam? -
İkimiz ağacın altında,

meşəni kürk geymiş dağlar ucalırdı...
Hər yan o axşam sənə köklənmişdi –
bir gözəl xanım havası çalırdı.

23.11.2017

Adın ömrə yavanlıqdır

Səndən uzaqda, tellim,

adını yazıram kağıza,

Qələm üdülüyür, -

səndən qoymur dil boğaza.

Adın yolüstü qələmin darından,

şairin şeirindən –

varından keçir.

Qələm adın boyu aldığı zövqü

ayrı sözdən almaz hələm-hələm.

Adın Tur dağı misallıdı,

Musa misallıdı qələm.

Səndən üzüləndə əlim

qalıram adının umuduna.

Adın nur topasıdır, işıqdır,
adın olmasa, tellim,

gündüz də qaranlıqdır.
Bu həyat yavandı, tellim,
adın ömrə yavanlıqdır.

Adın gözümün dikənəcəyidir,

kimsəmdir, kəsimdir,

Səndən uzaqlarda, tellim,

bir qələm, bir adın bəsimdir.

08.12.2017


Sevgi və qüssə

Tellim, bu sevgi

ağlıkəsməz uşaq kimidi,

aşağıdakı nişanları ola bilər:

ayaqyalın, qolsuz köynəkdə,

günəşdən qamaşan gözlər,

üstünə qaçacaq.

Qaçacaq bir hovur

özünü ovutsun...

Harda görsən

üz göstərmə,

Təpin üstümə qayıtsın.

Sevgi mənimdi,

qüssəsi də yanında,

Kağız pulnan qəpik kimi.

Mən ikisiylə də bağrıbadaşam

hana ilə iplik kimi.

Tellim,

bu sevgini ovuda bilmirəm

Çəkilir içimə - qınında ağlayır.

Elə bil döş əmən uşaq

atasının yanında ağlayır.

Sevgi mənimdi

qüssəsi də xoşdu,

Tellim, sevgini mən bəslədim,

qüssəni yanına sən qoşdun.

10.12.2017

Fanilik

Telli balam, nə cəhd etsək,

Hamısı yaşama doğru.

Ay batır səhərin üstə,

Gün doğur axşama doğru.

18.12.2017

Sənsiz

Xoş o kəslərin halına,

Həm sevir, həm unudur.

Turş alça duzsuz nədirsə,

Sənsiz yaşamaq odur!

23.12.2017

Qarğiş

Tellim, bu sevgidən sən də çəkəsən,

Elə çəkəsən ki, heyin olmaya.

Sənin də içindən ağlamaq keçə,

Başını qoymağa çiyin olmaya.

23.12.2017

Uşaq şəkli gülərüz

Sevgiyə əydi qəddi,

Eşqinən yolun qoydu.

Qələmdən kağız üstə

İçinin halın qoydu.

Uşaq şəkli gülərüz,

Nələr gördü, nələr üz?!

Ağlayan göz, gülər üz...

Tale sığalın qoydu.

Bu nə gündü göz görə -

Xeyir yenilir şərə...

Gündə otuz dörd kərə

Möhürə alın qoydu.

28.12.2017

Laçında ardıc ətri

Telli balam, elə indicə

Laçında ardıc meşəsiylə

üzüyenişə çaya endim.

Yoldakı ardıcın altından keçəndə

qolunu boynuma saldı, əl tutdu,

saqqızı əlimə yapışdı,

kor tikanları qulağıma, üzümə batdı.

Budağında buğda dimdik

qaratoyuğu dinlədim.

Acıya çalan ətrindən pay qoydu,

büküb burnuma düyünlədi.

Ayrılanda gözüm nəmlədi,

əlim titrədi...

Telli balam,

Laçında ardıc ətri həsrətin ətridi,

Hara gedirəm o ətir mənimlədi.

28.12.2017

Heykəl sevgi

Tellim, bu sevgidən çox acı çəkdim,

Yaxına durmazdım ağıl eyləsəm.

Döşlüyün qaldırıb gözün silərdi

Anam sağ olsaydı, nağıl eyləsəm.

Yolu-yolağası bağlı – görüşmək,

Müşkülə çevrildi, əngələ döndü.

Dedim ötəridi, keçib gedəcək,

Bərkidi içimdə heykələ döndü.

29.12.2017

Vay o gündən

Həyatımızı sınaq meydanı etdilər -

Kimin nə ağlına gələr...

Kimin nə kefinə düşər...

Vay o gündən

aşağıdakı ağacın kölgəsi

yuxarıdakı ağacın üstünə düşər.

30.12.2017

Dişinin kilidi, gözünün kini

İslanmış yastığı tərs üzə qoydu,

İçində nəyi var yır-yığış etdi.

Əlinin dalını gözünə çəkdi,

Nə alqış söylədi, nə qarğış etdi,

Götürdü eşqini dəfn eləməyə.

Onun qarasına deyinmədi heç,

Hələ yerindədi soyuq təmkini?!

Yetər bu dünyanı alt-üst etməyə

Dişinin kilidi, gözünün kini...

Aparır eşqini dəfn eləməyə.

Ağlına gəlməzdi belə gün gələr,

Sitayiş edirdi ona büt kimi.

O necə sevibdi, kim anlayacaq, -

Ağzında balası gedən it kimi

Aparır eşqini dəfn eləməyə.

O qədər ağırdı zindan kimidi

Haraya gömülsə, sirr götürəcək...

Dünyada olanı-qalanı gedir

Yanında özünə yer götürəcək.

Aparır eşqini dəfn eləməyə.

31.12.2017

Timsalı

Hərəmiz bir bağdan ayrılıb gəldik,

Almaydıq, püstəydik, badamlarıdıq.

Timsalı deyirəm – sən yola gəlsən,

İndi yəqin başqa adamlarıdıq.

06.01.2018

Üstünə od tökülməsin

Camalının aynasından

Tellim, qəmzən çəkilməsin!

Dilindən qıfıl açılsın -

Eşidək şirin kəlməsin.

Səndən nişandı güldəki,

Şirin olur könüldəki,

Dedilər ölür çöldəki,

Dedin haqq olur - gəlməsin!

Nə gəzdin, nə yada saldın,

Dad döyəni dada saldın...

Məni yanar oda saldın,

Üstünə od tökülməsin!

07.01.2018

Dəniz, göz yaşı, maşın

Dənizin qaranlığına susayırlar,

Dəniz qaranlığıyla doğma gəlir.

Unamazdılar, - sən demə

qaranlıq anaş toyuq kimi

sevənləri altına yığır,

Sevən qaranlıqda

özünü suda balıq kimi hiss edir.

Qaranlığın əllərini tutmaq,

öpmək istəyirlər...

...Maşın sahildə saxlayır...

Qadın ağlayır, öpür, ağlayır, öpür,

Sonra öpmək göz yaşına məğlub olur,

başını çiyninə qoyub eləcə ağlayır...

Səsi lap dərindən – illərin arxasından gəlir...

Niyə ağladığı, nəyə ağladığı dilinə gəlmir.

Dəniz duzludu, göz yaşı da!

Kişi qollarını boynuna dolayıb yalvarır:

- Ağlama, pencəyimin çiyni ağarır...

15.01.2018

Dost, səni sevdiyin qadın ağladır

Gözünün bulağı islaq görünür,

Dost, səni sevdiyin qadın ağladır.

Qara sevdalar var yasaq görünür,

Dost, səni sevdiyin qadın ağladır.

Sinəni odlayıb keçən ahın var,

Bəlkə unutmusan bir günahın var,

Əfv üçün molla var, keşiş, kahin var…

Dost, səni sevdiyin qadın ağladır?!

Payız hardan çıxır, qış hardan gəlir,

Ayaq hara gedir, baş hardan gəlir,

Gözündən bir belə yaş hardan gəlir

Dost, səni sevdiyin qadın ağladır.

Sən tapan dərdidi tapdı Kərəm eyy,

O Kərəm hardadı indi görən eyy?!

Boynuna almırsan – and içərəm eyy,

Dost, səni sevdiyin qadın ağladır.

Nə tale gözləyir geridə səni,

Belə ki çəkirsən - əridər səni…

Kimin əlindədi kiridə səni?!

Dost, səni sevdiyin qadın ağladır.

23.01.2018

Image result for ilham qəhrəman

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #