Kulis.az Amil Məmiyevin yeni şeirərini təqdim edir.
***
Yayda yemiş istəyən
yetim bir körpə üçün
kəsib aydan bir dilim
kimsə göyə qoymuşdu.
Özü də kim idisə
yemiş xoşlayan idi.
Bütün ulduz əvəzi
səma yemiş tumu idi.
***
Dünyanın ən sehrli
fokus nömrəsi idi.
Ağzı boş adamın
ağzından düz söz çıxırdı.
***
"Sənə güldən ağır söz deyərəmmi heç?"
cümləsindəki ağır sözü gülü ağrıdar.
***
Bu sevgi deyilmiş, iki-üç həftəlik
sevgi turuymuş mənə.
Qarşılama, ürəyində yerləşdirmə
və yola salma.
Hamısı da bir məqsəddə, bir paketdə.
Gündə üç dəfə isə içini yemək - hədiyyə.
***
Yox, sığallamırdım, tumarlamırdım.
Dünyanın ən uzun salavatını
çəkirdim saçlarına sənin.
***
Bu insana müvəqqəti olaraq sevgi çatmır.
Sevgi ya sevilməyib yada ki
sevginin əhatə dairəsindədir.
Lütfən bir az sonra yenə sevin...
***
Bir gün ən faydalı qazıntılarla
bəzədiyin bədəninin hissələrini
ən faydasız qazıntı kimi tapacaqlar.
***
Nə qəribə fizioloji yaradılışı var insanın.
Birisi qollarının qatlanacağı yerdən
gücünü göstərərkən
birisi ayaqlarının qatlanacağı yerdən
diz çökür, ilahi.
***
Elə boşam, elə təkəm...
Çağırıb taksi şoferləri kimi
demək istəyirəm.
Gedirsiz, gəlin xanım?
Sevgiyə son bir nəfər,
bircə dənə yer.
***
Nə zalımdı bu dünya, Tanrım.
Kiminsə əlinə düşməmək üçün
kiminsə ayaqlarına düşmək lazım.
***
Hamının adamı var,
heç kimin insanı yoxdu.
Bəlkə də başqasının həyatını
həyata keçirtməkdi həyat.
***
Elə insanlar var ki ürəklərinin dediyini
nəinki dilləri səhv dublyaj edir
hətta sinxron olaraq
dodaqlarıyla belə üst-üstə düşmür.
***
Bir gün qalib edib bir əlini
o biri günsə təslim edib
hər iki əlini qaldırarlar.
***
Deyirlər yumruq
boyda olur ürəklər.
İçdən döyüb adamı,
vurur, vurur, vurur
öldürənə kimi.
***
Yağ ey, ağ qar, çoxlu yağ
topsuz uşaqlara qar topu kimi
adamı olmayanlara qar adamı kimi yağ
***
Bir az yaxşı fikirləş gör özünü hara qoymusan?
Bəlkə itirmisən? Ya yadından çıxıb özün?
Hansı yolla gəlmişdinsə o yolla qayıt,
bəlkə o zaman özünü tapdın.
***
Bəlkə də... anamın yazdığı resept
Dünyanın ən gözəl şeridi elə!
Duz, çörək, düyü, yağ, qənd,
Keşniş, soğan, mer-meyvə...
***
Xaltası boğazından asılı ac it kimi
bağlayıb dənizə kim qoyub gedib
bu qayığı tək-tənha belə?
İşdir açıb buraxsam indi
gedib tutmaz ki balıqları?
***
Süni gülləri evin tozundan
qorumaq üçün təmizləyərsən,
təbii güllərsə evin tozunu
təmizləyib səni qoruyar.