[b]Yüz il işgəncə altında yaşayaydım, amma... – BİRCƏNİN ROMANI[/b]

[b]Yüz il işgəncə altında yaşayaydım, amma... – BİRCƏNİN ROMANI[/b]
27 aprel 2018
# 11:22

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Eminin qırxı çıxana qədər bibim məni tək qoymadı. Hamı çəkilib getdi, zavallı qadın evini-eşiyini atıb kəsdirdi dizimin dibini. Arada Səməndər gəlib onu evinə aparırdı, başını-gözünü yuyub, paltarını dəyişib yenə qayıdırdı mənim yanıma, bu suyu soğulmuş dəyirmana.

Ərim öləndən bəri evdə görüləsi elə bir işim də qalmamışdı, bekarçılıqdan bağrım çatlayırdı. Gündə bir dəfə yemək bişirirdim, yeyən olmurdu. Yumağa paltar, süpürməyə zibil tapmırdım, hazırlıq görüb yoluna göz dikəcəyim bir kimsə də yoxuydu. Ölmə-diril qırxı gözləyirdim, elə bilirdim qırx çıxan kimi nəsə görünməmiş bir hadisə baş verəcək. Amma nə olacaqdı – bax bunu təsəvvür eləyə bilmirdim.

Uzun, məşəqqətli hazırlıqdan sonra ağır qırx mərasimini də yola verdik. Səhəri doğmalarım yenə bizə yığışdı. İndi mən o tərəfli-bu tərəfli hamının başına bəla, çiyninə yük olmuşdum, bilmirdilər mənlə necə davransınlar, məni neyləsinlər, hara qoysunlar, ya götürüb hara aparsınlar. Əmilərim, qardaşlarım Cavidlə məni atam evinə qaytarmağa meyillənirdilər. Mən su üzündə avarsız-yelkənsiz qayıq kimi avara qalmışdım, sabahımız haqda heç nə düşünə, heç bir qərara gələ bilmirdim. Bilmirdim hankı səmtə getsəm işıqlı dünyaya çıxaram.

Doğmalarım süfrə başında uzun müzakirə açdılar, uzun götür-qoy, çək-çevir elədilər. Arada Zöhrə xala özünü mətbəxə, mənim yanıma verdi:

- Nolar, bu tezliklə atan evinə getmə. Sən uşağı da götürüb bu evdən çıxsan, elə bil mənim boynumu vurursan.

Onun sınıxıb solmuş sifətinə, şaxı sınmış qəddinə diqqətlə baxanda lərzəyə gəldim. Doğrudan da, axı mən hara gedəsiydim? Sinəsi dağlı bir ananı yaxası dərd əlində qoyub kimin qapısında boynumu bükəsiydim? Elə salamatı buraydı, Cavid də əmisi uşaqlarından ayrı qalmazdı.

Qaynanama bir cavab vermədim, sinidə mətbəxdən zala daşıdığım çay stəkanlarını süfrəyə düzə-düzə atamın üzünə baxmadan:

- Mən heç yerə getmirəm, - dedim, - Zöhrə xalanın yanında qalacam.

Qardaşlarım, Eminin əmiləri nəfəslərini uddular, süfrəyə ağ bir sükut çökdü. Hamı mat-mat gözünü mənə zillədi. Handan-hana atam udquna-udquna altdan-yuxarı üzümə baxıb ürkək-ürkək dilləndi:

- Axı nə deyib burda qalacaqsan, kim baxacaq sizə?

Mən bir gözüm Zöhrə xalada ötkəm-ötkəm dedim:

- Baxmaq nəyə deyirsiz, kim acından ölüb ki! Bunlar necə, mən də elə. Heç hara gedən deyiləm, azından Eminin ilinəcən burda qalacam.

Misir əmi süfrə arxasından qalxıb hönkürə-hönkürə məni bağrına basdı:

- Sən bizim hamımızdan ürəkli çıxdın, qızım! Qal, nolar qal. Emin ölüb, biz də ölməmişik ki...

Sonra gözünün yaşını silə-silə son qərarı elan elədi:

- Di durun hamınız dağılın evinizə. Uşaqlar bizə amanat.

Atam, qardaşlarım üzümə baxa-baxa qalmışdılar, heç biri qımıldanmırdı. Qalacağımı qəti şəkildə bəyan eləyəndən sonra ağzımdan çıxan sözə, cəsarətimə özüm də heyran olmuşdum; elə bil o sözləri deyən mən deyildim, dedirdən dedirtmişdi. Hər nəydisə ox yaydan çıxmışdı artıq, qərar verilmişdi.

Qərar vermişdimsə də içimdə tərəddüd buzu hələ əriməmişdi, o buzun üstündə yıxıla-dura sağa-sola sürüşürdüm. Gedim – necə gedim, kimin üstünə gedim? Qalım – kimin ocağının qırağında qalım, kimin üzünə qalım? Yaşım hələ iyirmi səkkiz olmayıb, qucağımda bir dilbilməz, alnımda dul damğası; bir yanımda soyuğu canımı üşüdən ana, bir yanımda alovu üzümü qarsan qaynana; başımın üstündə səhra kimi yanan göy, ayağımın altında vulkan püskürən yer...

Fikrimin qəti olduğunu görən atam qardaşlarımı da götürüb getdi. Qaynanam, mən, nişanı qara gəlmiş qaynım Elgiz, bir də üç yaş yarımında yetim qalmış Cavid, qaldıq bir damın altında...

***

Cavid də biz arvadlara qoşulub evə qapanmışdı, nənəsindən bir dəqiqə aralanmırdı. Elə olurdu günlərlə məni dindirmirdi. Yemək vaxtı gələndə nağıl kitabını gətirib qoyurdu qucağıma, mən də onun xoşladığı nağıllardan oxuyurdum. Ağzına bir-iki tikə aparandan sonra birdən qışqırırdı:

- Oxuma, səsini kəs!

Mən suçlu-suçlu səsimi içimə salırdım. Uşaq gözlərini uzaqlara zilləyib bərkdən ağlayırdı:

- Niyə axı mənim atam öldü, indi mən Emişsiz (ölən günə qədər bir dəfə də ona “ata” demədi) necə qalım? Mən onu bir də havaxt görəcəm?

Belə deyə-deyə çığırır, əlinə gələni vurub sındırırdı. Onu belə görəndə Zöhrə xalanın fəryadı ərşi-kürşü yandırırdı. Cavid qaçıb girirdi nənəsinin qoynuna, yazıq arvad da uşağı qucaqlayıb nalə çəkirdi, saçını yolurdu, üzünü cırırdı, Allahı-bəndəni, yeri-göyü qarğıyırdı, söyürdü:

- Allah, sənin də balaların qırılsın, balam sənə neyləmişdi tez aparıb əlin-ayağın öz gözlərinə soxdun?!

Mən bu səhnəyə günahkar kimi sakitcə tamaşa eləyirdim, əlimdən ayrı bir iş gəlmirdi, təskinlik üçün söz tapmırdım. Nənəsi şivən qoparanda Cavidin də məni görən gözü olmurdu, uşaq mənə qanlı-qanlı baxırdı, elə bil atasının ölümündə məni suçlu bilirdi, onun yaşamadığı həyatda qalmağımı mənə çox görürdü.

Cavidin ağlar gözlərinə baxan qaynanam yanğısına çiləməyə kəlmə tapmırdı, birdən ağlı başında adama əcaib görünəsi sözlər deyirdi:

- Kaş Emin ölməyəydi, Elgiz öləydi...

Birdən də:

- Mənim balam bir qızı aldatmadı, bir qızı gözüyaşlı qoymadı, bəs kimin qarğışı tutdu bunu?..

Ardınca da:

- Odeeyyy Akif (Bakıdakı qaynımı deyirdi) xalxın qızını bədbəxt elədi, bəs niyə onu öldürmədi Allah?! Gəldi bunu apardı, tifilimi boynuburuq qoydu...

Maraldan öyrənmişdim ki, Akif öz sinif yoldaşıyla uzun illər sevişib, hətta oxuduğu ali məktəbdə qıza görə bir il kursda qalıb. Sonradan aralarında nə olubsa qaynım qızdan soyuyub. Axırıncı dəfə qəbiristanlıq bağı deyilən yerdə görüşüblər (Mən o bağı görmüşdüm, Mahmud əmi orda çoxlu meyvə ağacı – ərik, gilas, qoz əkmişdi. Bağın lap ortasında isə kənd qəbiristanlığı yerləşirdi. Kənd camaatı o bağın meyvəsindən ehsan kimi barınırdı).

Şər çağı qızı o bağda görüşə çağıran Akif:

- Daha məni gözləmə, - deyər, - mən gedirəm, bir də buralara gəlməyəcəm.

Qız ağlayıb sıtqayar:

- Bəs mən necə olacam? Səndən sonra kim mənə yaxın durar, gedirsən məni də apar.

Qız çox yalvarar, qaynım yumşalmaz. Ayrı çarəsi qalmayan zavallı düşər Akifin arxasınca:

- Hara getsən dalınca gələcəm, - deyər.

Qaynım qızın gerçəklədiyini görəndə bağın keçalatına hörüklənmiş inəyin boynundan çatını açıb qızın əllərini arxasında çataqlayar, ipin o biri ucunu bir başdaşıya bağlayıb qaçar.

Akif kənddən o gedən gedər, bir də rus qızıyla evlənəndən sonra buralara qayıdar. Qız da qalar başdaşıya sarıqlı. Qaranlıq qovuşanda inək dalınca qəbiristanlığa gedən Mahmud əmi qızın əl-qolunu açıb azad eləyər, kirimişcə aparıb atasına təhvil verər ki, qızla işiniz olmasın, onu alacam oğluma.

Maralın deməsinə görə, bu hadisədən sonra qız bir az havalı gəzib, valideynləri əl altından gizli-gizli onu müalicə elətdiriblər, sonra da öz kəndlərindən olan bir oğlana ərə veriblər...

İndi qaynanam bunu yada salmaqla elə bil Əzrayılla alverə girməyə çalışırdı, Emini onun əlindən alıb yerinə oğlanlarından bir ayrısını vermək istəyirdi. Emini o birilərdən üstün bildiyini gizlətmirdi də, tüstüsü ərşə dirəndikcə:

- Emin bir oğul deyildi ha, on oğuluydu, - deyirdi, - on oğlumu öldürüb Allah mənim!

***

Sentyabr gələndə havalar sərinlədi. Canımızın yanğısı, havası da bir az alındı, yaralarımız yavaş-yavaş qaysaq bağladı.

Cavid gecələr mənə qısılıb mehribanlıq eləyirdisə də, gündüzlər elə hey ağlayır, mənə yaxın gəlmirdi. Hərdən hamının yanında üzümə zənlə baxıb qırmızı-qırmızı deyirdi:

- Emiş ölüb deyin sevinirsən, eləmi? Mahnı oxuyursan, kitab oxuyursan, hə?!

Belə danışanda qaynımın balaları onun ağzını əlləriylə qapayırdılar. Oxumaq deyəndə ki oxumurdum, evdə adam olmayanda hərdən gumuldanırdım, uşaq da yəqin bunu deyirdi. Cavidin mənlə belə davranması qaynanamı, baldızımı açıq-aşkar sevindirirdi. Elə kinli-kinli danışdığı anlarda əlacım olsaydı onun dilini çəkib boğazından çıxarardım.

Axşamlar da bir ayrı cür duz səpilirdi yaramıza. Qaynım Yunus işdən qayıdanda balaları “atam gəldi, atam gəldi” deyib qabağına qaçırdılar. Cavid də onlara qoşulub darvazaya doğru sevincək bir-iki addım atırdı, sonra geri dönüb pilləkənə çökür, zülüm-zülüm ağlayırdı. Onda Eminin ölümü məni gerçəkdən yandırırdı, deyirdim kaş mən yüz il işgəncə altında yaşayaydım, amma bircə balamı belə boynuburuq, belə sınıq, belə qırıq görməyəydim...

Özümü Cavidə sevdirmək üçün nə yola əl atırdımsa hamısı boşa çıxırdı. Bizim evdən gedəcəyimizdən qorxan qaynanam baldızıma göz ağartmışdı deyə o da mənə elə dəyib dolaşmırdı. Bir sözlə, kimləsə öcəşmək “əyləncəsindən” də məhrum olunmuşdum, bekarçılıqdan bağrım çatlayırdı. Zöhrə xala baxa-baxa kitab da oxuyammırdım, elə bilirdim əlimə kitab alsam yaralı ananın dərdinə sayğısızlıq eləmiş olaram. Hərdən arvad mənim halıma baxıb:

- Görürsən, sən də avara qalmısan, - deyirdi, - evdə kişi olmamağı belədi. Dur get uşaqları çağır, evcik qurun oynayın.

Ancaq evcik yoldaşlarım daha mənlə oynamaq istəmirdilər. Cavid onları başına yığıb:

- Bircəylə evcik-evcik oynamayın, - deyən gündən uşaqlar xaraba qalmış limonxanada qurduğumuz evcikləri söküb aparmışdılar...

***

Yükün ağır yeri Səməndərin çiyninə düşmüşdü, yazıq yenə yollarda qalmışdı. Hər gələndə məni balaca uşaq kimi qarşısına qoyub dərs keçirdi (axı Səməndərlə Kamil həm də mənim orta məktəb müəllimlərim olmuşdular):

- Unutma ki, cavan oğul itirmiş bir yaralı ana sənə amanatdı! Ona pis olsan, cavab qaytarsan, onu incitsən, Allah bizim birimizi səndən alacaq!

Səməndər o qədər belə-belə danışıb məni qorxutmuşdu, elə bilirdim Zöhrə xalanın xətrinə dəysəm, göydən təpəmə daş yağacaq. Qorxumdan arvadın dizinin dibindən çəkilmirdim, körpə uşağım kimi onun nazıyla oynayırdım.

Bir dəfə günorta yeməyinə cücə bişirmək istədim. Elgiz də hardaydısa evdə deyildi. Həyətdəki çolpalardan birini tutub qaynanamdan soruşdum:

- Zöhrə xala, indi mən bunun başını kimə üzdürüm, bəlkə qalsın Elgiz gələnə?

Arvad bir mənə, bir də əlimdəki beçəyə baxıb:

- Götür bıçağı, özün kəs, - dedi, - mən yeyəcəm. Sən hansısa kişiyə toyuq-cücə kəsdirsən mənim oğlumun qəbri çatlayar.

O gündən sonra orada yaşadığım müddətdə toyuğu, hinduşkanı, ördəyi həmişə özüm kəsib bişirdim. Elgiz evdə olanda belə tənbəlliyindən:

- Qadan alım, dur özün kəs, sənin əlin dadlı olur, - deyib məni başından eləyirdi.

***

Oktyabrda Səməndər məni Misir əminin direktoru olduğu məktəbin kitabxanasına işə düzəltdi. Bu məsələ evdə böyük narazılıqla qarşılandı, ancaq çətinliklə də olsa qaynanamı yola gətirə bildik. İçim sevinclə, işıqla silələnmişdi. Bəs necə, mən artıq müstəqil adam olacaqdım, işləməyə başlayacaqdım! İçimdəki bayramı evdə bacardığım qədər gizlədirdim, özümü zorla işə göndərilən kimi göstərirdim. Cavidi də özümlə işə apara bilərdim deyə sevincim ikiqat idi.

İşə çıxdığım ilk gün Zöhrə xala məni çox incitdi. Nə geydimsə olmaz dedi, Emin ölən gecəsi tikdiyim qara donu geyinəndə sakitləşdi. Saçlarımı ortadan ayırıb ənsəmə yığdım, məktəbə eltimlə qoşa getdim. Maral mənə yolu tanıtdı, sonra Cavidi götürüb geri qayıtdı. Misir əmi əvvəlcə məni kollektivlə tanış elədi, ardınca kitabxananın qapısını açıb məni içəri ötürdü. Tanıyan-tanımayan, görən-görməyən hamı mənlə maraqlanırdı, məni yaxından görüb-tanımağa can atırdı. Kitabxanada işlədiyim müddətdə o kəndin adamlarından özümə qarşı sonsuz hörmət-ehtiram gördüm.

Hər yanı gül-çiçək olan məktəb, kitabla dolu böyük kitabxana otağı məndən ötrü sehirli bir məkan idi. Di gəl, işə gedən gündən Zöhrə xalanın mənə münasibəti yenidən pisləşdi, ona qədər dərd aramıza körpü salmışdı. Qaynanamı başa düşürdüm, Emin kimi məni hamıya qısqanırdı. Onu qıcıqlandırmayım deyə özümə bəzək-düzək də vermirdim.

Əvvəlcə belə başladı:

- Sənin evinin işini kim görəcək?

- Narahat olma, görsəm çatdırmıram, getməyəcəm, - dedim.

- Nolmuşdu, acından ölürdük, qardaşın tezcə sənə iş tapdı? El bizə nə deyər, ərin üç aydı ölüb, səni aparıb qoydular o hırrıxanaya!..

Səhərlər erkən qalxırdım, toyuq-cücəyə dən verib, sağılan inəkləri sağıb (Emin öləndən bəri qaynanam inəkləri də mənə sağdırırdı) Elgizə təhvil verirdim. Sonra səhər süfrəsi hazırlayırdım – qaynanamla Cavidə sıyıq bişirirdim, Elgizin çayını şirin eləyib qarşısına qoyurdum. Cavidin yeməyini bankada özümlə götürüb işdə arxayın yedizdirirdim. Hər işi canla-başla görürdüm, qorxurdum nəyisə çatdırmayam, Zöhrə xala məni işə buraxmaya.

Həftənin beş günü saat üçə qədər işləyirdim. İş deyəndə bir az yekə çıxır – qadın müəllimlər, yuxarı sinif qızları çox vaxt kitab götürmək bəhanəsiylə məni görməyə, dindirib-söylətməyə gəlirdilər. Qızlar görüb-eşitdiklərini gedib evdə analarıyla bölüşürdülər, mənim geyimimi, rəftarımı, sözlərimi müzakirəyə çıxarırdılar – bunlar da simsiz teleqrafla er-gec gəlib qulağımıza çatırdı. Qalan vaxt Misir əmidən başqa qapımı açan olmazdı.

Stol-stulları küncə itələyib Cavidə bir guşə də düzəltmişdim. Yeməyini yedirəndən sonra şəkilli jurnalları yığırdım qabağına, yorulanda stolun üstündə yatırırdım. Cavid orda da kürlük eləyirdi, tənəffüsdə əmisi uşaqları qaçıb yanına gəlirdilər, hərdən özləriylə onu dərs otağına aparırdılar. Ancaq çox çəkmədi, Cavid mənlə işə getməkdən boyun qaçırdı.

İndiki halımdan yerdən-göyəcən razıydım. Gecələr gec yatıb səhərlər ertə qalxırdım, evin işini axsamağa qoymurdum. Axşama dolma bişirəcəkdimsə, evdə dolmanın ətini döyüb hazırlayıb, duza qoyduğum yarpağı yuyub özümlə işə aparırdım. Kitabxanada işlərimi bitirən kimi oturub fındıq boyda dolmalar bükürdüm, evə qayıdanda suyunu, yağını əlavə eləyib bişməyə qoyurdum. Süfrə açılana yaxın dolma bişmiş olurdu. Zöhrə xala yeməyin belə tez hazırlanmasına mat qalırdı:

- Elə bil bu gəlinin iş görən cinləri var, - deyirdi.

Misir əmi məktəbin bağındakı geniş bir sahədə bostan əkib becərmişdi. Bağ sututan yerdəydi. Yaylıq tərəvəzlər çoxdan sovulmuşdu, orda-burda kolların qol-budağından salxım-salxım lobya, badımcan, şirin-acı bibərlər asılıb qalmışdı. Zəng vurulub hamı siniflərə çəkiləndə qaçaraq özümü verirdim bostana, şax tərəvəzlərdən yığıb, elə ordaca doğrayıb, evə çatanda tökürdüm yağ-soğanın içinə. Güzdək göyərtiləri də işdə doğrayıb hazırlayırdım, evdə bir qazan qatığın içinə töküb əlüstü dovğa bişirirdim. Hər dəqiqəmdən səmərəli istifadə eləyirdim, çalışırdım işə getməyim evdə söz-söhbətə səbəb olmasın.

Günortadan sonra düşürdüm bağa, meyvələrdən dərib düzürdüm əl damındakı qarğı tərəcələrin üstünə. Əvvəllər Zöhrə xala mer-meyvənin yarıdan çoxunu satırdı, ancaq indi elə bolluq deyildi, olanı da yığıb qışa saxlayırdım, Mahmud əmi yolunu öyrətmişdi mənə. Kişi sağlığında ərzaq anbarının otaqlarından birində tavandan alt-alta qarğı tanaqlar-tərəcələr asmışdı. Meyvəni yığıb düzürdük o tərəcələrə, üstünə də taxta ovuntusu səpirdik. Alma, armud, heyva, nar, xurma mart ayına kimi şax qalırdı orda. Hətta üzümü də qışa saxlaya bilirdim: iri bandaqları dərib saplağından gülmıxla taxta tavana bərkidirdim, sonra da cunadan, nazik parçadan balaca torbalar tikib geydirirdim salxımlara. Ta boz aya qədər o salxımlar o torbaların içində dəc qalırdı.

Kimsədən yardım güdmədən bu işləri gördükcə Zöhrə xala bilmirdim məni öyürmü, qarğıyırmı, suçlayırmı, danlayırmı:

- Allah bilir ey neyləyir, sənə kişi nə lazımdı! Elə sənin bacarığın yedi balamın başını.

Dillənməzdim, onu hörmətlə dinləyib kirimişcə işimə davam eləyərdim...

ardı var

# 1444 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #