“Səksəni ötəndən sonrakı ölüm qorxusu” - Mübariz Cəfərlinin hekayəsi

“Səksəni ötəndən sonrakı ölüm qorxusu” - <span style="color:red;">Mübariz Cəfərlinin hekayəsi
22 mart 2018
# 10:00

Kulis.az yazıçı Mübariz Cəfərlinin “Ağır səfər” hekayəsini təqdim edir

Atam öləndə bibim qırx gün bizdə qaldı ki, fıkrim dağılsın. O vaxt bibimin qalmağı məni az-çox ovundurdu. Gözümə yuxu getməyəndə baş-başa verib sübhəcən dərdləşərdik. Özümü yalqız, kimsəsiz, köməksiz hesab elədiyimdən bibimin söhbətləri mənə şirin gəlirdı. Bir axşam bibim yenə namazını qılıb qurtaranacan mən bir siqaret çəkdim. Stulda qurcalanıb yuxarıdan-aşağı bibimə baxdım. Qarı da gözlərini üzümə dikdi. Nə isə demək istədiyimi anlamışdı. Allah şeytana lənət eləsin, bibimi çaş-baş salmaq fikrinə düşmüşdüm. Özü də din-iman məsələsində...

- Ay bibi, görəsən o dünya var?

Qarı qətiyyətlə başını elə tərpətdi ki, guya, o dünyaya metro çəkmişdilər, bibim də o metro ilə neçə kərə o baş-bu başa gedib qayıtmışdı:

- Həlbət ki, var!..

- Hardan bilirsən?

Bibim karıxıb deməyə söz tapmamalıydı. Həqiqətən başım xarabdı mənim! Qarını çətinə salmaq nəyimə gərəkdi? Bu sayaq suallarla təkcə bibimi yox, kimi desən çaşdırmaq mümkündü, "Toyuq əvvəl olub, yoxsa yumurta?" - orta məktəb illərində ən çox baş sındırdığımız məsələydi. Amma bibim nə orta məktəb şagırdiydi, nə də hər qaranlıqdan qorxub geri çəkiləndi. Qarının xırda gözlərinin iriləşib işıldamağından özümü yığışdırdım. Səsiqarışıq bütün sir-sifətini heyrət bürümüşdü.

- Nə danışırsan, bala, "Quran" yalan deyəcək?..

Susdum. Araya sakitlik çökdü. Pərtliyimi gizlədib bibimin könlünü almaq üçün ağ bayrağı qaldırdım:

- Ay bibi, ölümdən qorxursan?

Cavab aydın idi, o dünyaya sidq-ürəklə inanan ölümdən zərrəcə qorxmamalıydı.

- Hə, ay bala, - bibimsə köksünü ötürdü. - Ölüm ağır səfərdi...

***

Doqquz il sonra yenə dilxor-dilxor kəndə qayıdırdım. Gecə zəngi bir yox, birdən-birə iki bəd xəbərlə yuxuma haram qatmışdi:

- Əmin ölüb, bıbin də can üstədi...

Səs tanış gəlirdi, intəhası, bilmədım zəng eləyən kimdi. O yazıq da yəqin özünü itirdiyindən, xoş-beşsiz, hal-əhvalsız sözünü deyib dəstəyi qoymuşdu yerinə.

...Əmimin yasında gözüm bibimi axrarırdı. Elə bil yumşaq yerimə tikan batmışdı. Ölən ölüb gedib. Əsas üzü bəridə olandı. Di gəl, heç kəs bibimdən danışmırdı, bibim yada düşmürdü, baş qarışmışdı.

Bibim oğlundan soruşdum:

- Bibim necədi?

Bibim oğlu lap qaşqabağını salladı, üz-gozündən zəhrimar yağırdı:

- İndi babatdi.

- Nədi kı, xəstəliyi?

- Əmin öləndə qorxub...

- Hardadı?

- Sizdə...

Atam öləndən bibim kənddəki evimizdə qalırdı ki, həyət-bacadan göz olsun.

Sən zəng vurmuşdun axşam mənə?

Hə... - bibim oğlu başını tərpətdi. - Arvada başımız qarışdı, sənə əmin öləndən iki gün sonra xəbər verdik. Yaddan çıxmışdın, - yox, bibim oğlunun deyib-gülməklə arası sərindi, gülümsünmək istəyəndə də uzunsov sifəti əyilib bədheybət hala düşürdü. Yasda ağır oturub, batman gəlmək lazımdı. Yaşa dolduqca itirdiklərim məni yandırsa da, get-gedə yüngül keçirirdim ölüm-itimi. Mən öləndə də istəmirəm kimsə vay-şivən qoparıb haray-həşır salsın...

Hər halda, yasda ölüdən çox diridən danışmaq yaxşı düşməzdi. Əmim oğlu da bizə yaxınlaşmışdı. Söhbətin sonluğunu da qulağı almışdı deyəsən.

- Əzrayılın yadından çıxasan... - dedi əmim oğlu.

Çar-naçar gülümsünüb mızıldadım:

Olur elə şeylər...

Camaat qəbir üstünə gedəndə qalxıb Kürün qırağı ilə pay-piyada evimizə sarı yönəldim. Maşını çadırın yanında qoydum ki, elə bilsinlər yaxındayam. Yayın oğlan çağında Kürün qırağındakı bəndin üstü ilə gəzişməyin ayrı ləzzəti var. Sıx yulğunluğun qarışıq mənzərəsi, çayın üzü Xəzərə axması, sərin mehin adamın vücuduna sığal çəkməsi tərkidünyalıq eşqi yaradır. Bir anlığa heç kəslə kəlmə kəsmək istəmirsən. Kəndin içi ilə getsəydim, indi neçə adamla qarşılaşacaqdım. Buralardasa təkəm-seyrək yeniyetmələr çaya qarmaq atıb səbirlə gözləyirdilər. O taydasa heç balıqçı da yoxdu, o taydakılar üzürdülər, oynaşırdılar, fit çalıb hay-haray qoparırdılar. O taydakı hay-küy, bu taydakıların eyninə gəlmirdi, sanki balıq tutmaq istəyənlər əmimin ölüm xəbərini eşidib kədərlənmişdilər.

"Əzrayılın yadından çıxasan"... Əzrayıl özbaşınadı ki, kimisə yaddan çıxara? Həyət qapısını itələyib tanımadığım yerə gedirəmmiş kimi, ürkək-ürkək içəri girdim. Sağ olsun bibimi, həyət səliqə-sahmanlıydı. Gözümü açandan dimdik, qədd-qamətli gördüyüm şam ağacının budaqları yüngulcə titrədi. Yox, bu bəzəmə-filan deyildi, məni bu şam ağacıyla çox məsələlər məhrəmləşdirmişdi. Nişanlımı da ilk dəfə burda, bu ağacın altında öpmüşdüm. Barsız, meyvəsiz ağaclar mənə daha doğma idi, çünki onlar daha dərin mətləblərdən ötrü yaradılmışdı. Dayaz, dərin nə fərqi, can üstədi deyilən bibim oturmuşdu artırmada, yuxarıdan-aşağı mənə baxırdı. Şükür Allaha, salamatlıqdı! Ancaq deyəsən yeriməyə heyi qalmamışdı, yoxsa ayağa durub aşağıda mənnən görüşərdi. Qalxıb arvadın üzündən öpdüm. Dairəvi masanın yanındakı kətildə əyləşdim.

- Nolub, ay bibi?

- Heç nə, ölürəm, bayıra çıxdım ki, mənə hava dəysin.

- Kim baxır sənə?

- Heç kim. Mənə nolub ki?

- Əstəğfürüllah, gah deyirsən ölürəm, gah deyirsən sağlamam...

- Yox, vədə yaxınlaşır, amma yenə şükür, yatağa-zada düşməmişəm.

- Bibioğlu deyir qorxmusan...

Qarı qaxaca dönmüş əlini yellədi:

- Ey... Onun nə vecinə... O, elə mənim ölməyimi istəyir...

Omrümdə birinci dəfəydi ki, bibimdən qeybət eşidirdim.

- Boş ver görək. Kim qorxudub səni, ay bibi?..

- Əmin canını tapşıranda üşəndim. Əlimi elə sıxdi ki, ruhu bədənindən çıxanda... - sağ əlini gözünün qabağında oynadıb səsini yavaşıtdı. - Aparacaq məni...

- Həşdadı ötmüsən, nədən qorxursan? Əzrayıl özü sənnən qorxur.

- Mən ölümdən yox, ordakı sorğu-sualdan qorxuram.

- Sən Allah adamısan, sənin nə günahın var ki?..

- Hamımızın günahı bəs deyincədi...

Yox, bu arvadın könlünü almaq çətindi. Bilmirdim söhbəti necə dəyişim. Yaxşı ki, özü köməyimə gəldi:

- Sən nə təhərsən?

- Pis deyiləm.

- Şəhərdə nə var, nə yox?

- Şəhərdi də, camaat bir-birini aldada-aldada başını girləyir.

Üzümə baxdı:

- Tək yaşayırsan?

Başımı tərpətdim:

- Hə.

- Gərək nişanlını maşın vurandan sonra sən evləneydin...

...

- Ata-anan yəqin orda nigarandı sənnən...

...

- Nə vaxt gedəcəksən?

- Elə bu axşam...

- Düz eləyirsən, işinnən qalma...

Qarı adamayovuşmaz olmuşdu. Elə bil özgəsi ilə üzbəüz əyləşmişdim.

- Day mən gedim...

- Bağışla ki, ötürə bilmirəm səni. Heyim qalmayıb, - yerində qurcalandı, yəqin canı ağrıyırdı.

- Durma, durma, - qalxıb ehmalca arıq çiyinlərindən tutdum. - Mən bir də yas yerinə dəyim, sonra yolçu yolda gərək...

- Yaxşı yol, bala... - yalnız indi sezdim ki, kirpikləri nəmlənib... Yavaş-yavaş pilləkəni enib həyətə düşdüm.

Deyirlər, doğulduğu yer adamı çəkir, bəs niyə mən həyətimizdən tez-tələsik uzaqlaşmaq istəyirdim? Gün batırdı. Əslində təcili bir işim də yoxdu. Yas yerinə qayıtmaq bəhanəydi. Bibimdən yaxa qurtarmaq istəyirdim. Söhbətimiz tutmadı. Səbəbini anlamırdım, o, dəyişmişdi, ya mən. Elə bilirdim həyətdən çıxıb sinədolusu nəfəs alacam, yungülləşəcəm, rahatlanacam. Çünki boğazıma nəsə tıxanıb qalmışdı. İlahi, həyət qapımızın önündəki bu iri şam ağacı hardan peyda oldu? Bu ağac mən həyətə girib-çıxanacan əkilib yekələ bilməzdı axı... Demə, darvazaya gedən cığırdan sola burulmuşam və gedib dayanmışam həyətimizdəki şam ağacınm qabağında... Adi ağacdı. Düz mənim boyuma qədər gövdəsı çılın-çılpaqdı, yuxarıdakı budaqlarısa sımsıxdı, sanki aşağıdakı "keçəlliyinin" əvəzini çıxırdı. Atam deyərdi ki, aylı-ulduzlu gecədə ürəyinə yaxın ağacın altında hərəkətsiz dayanıb gözlərini yumsan, qulağına musiqi sədası gələcək. O musiqi uzaqlardan gəlsə də, apaydın eşidiləcək. Bu ruhun musıqisidi. Hər kəs öz ruhuna uyğun musiqi eşitməlidi... "Əgər eşitməsə?” "Eşitməsə, deməli, ruhu ölüb?.."

O musiqini eşitmək üçün bir həftə gecələr nəfəsımi qısıb gözlərimi yumaraq narahatlıqla, nigaran-nigaran gözlədim. Bəs necə? Söhbət ruhumun musiqisindən gedirdi. Bəlkə mənim ruhum ölü idi? Bir həftə sonra lap uzaqlardan qulağıma musiqi sədası gəldi. Səs get-gedə yaxınlaşırdı. Simli alət olduğu şübhəsizdi. Tar deyildi, heç saza da oxşamırdı. Səkkizinci gecə simli alətin səsini tanıdım. Udun həzin, ritmik, ahəngdar nəğməsi bütün varlığıma elə hakim kəsilmişdi ki, elə bilirdim ayaqlarım yerdən üzülür, havaya qalxıram, bir azdan başım buludlara dəyəcəkdi. Xudaya, demə, insan da quş kimi uça bilərmiş. Demə, ağaclar, ələlxüsus, barsız ağaclar insanla Yaradan arasında bələdçilər, vasitəçilərmiş. Meyvə ağacları yox, barsızlar, meyvəsizlər... Meyvə ağaclarının ayağına daha çox günah yazılıb...

Adəmlə Həvva yasaqlanmış meyvədən dadmaqla təkcə özləri günaha batmadılar, ağacı da suç yiyəsi elədilər. Xəbər vermədi Allaha Adəmlə Həvvanın əməlini ağac. Tanrı suçluları cəzasız qoymadı, amma özünəbənzər yaratdığına az-çox mərhəmət göstərdi, ağacısa daha ağır şərtlər gözləyirdi; qiyamətəcən başı qaranlıq, bədənisə işıqlı dünyada yaşamalı idi. Beləliklə, ağac bu dünya ilə o dünya, Tanrı ilə insan arasında bələdçiyə, körpüyə çevrildi.

Günahı ucbatından həzrəti İsa ilə bərabər - əslində İsa peyğəmbərdən əvvəl - çarmıxa çəkilən ağacın yeganə təsəllisi elə boynuna düşən vasitəçilik missiyası oldu. Bir də haçansa bağışlanmaq ümidi...

Külək qalxanda ağacın yarpaqları, budaqları əsər, yellənər, önümdəki şam ağacınınsa aşağısı, “keçəl" gövdəsi əməlli-başlı tərpənirdi, titrəyirdi. Hərçənd külək-zad qalxmamışdı, hava lal-mat idi.

Qəfil mənə elə gəldi ki, ağacın gövdəsi yellənib-yellənib dairəsindən çıxacaq və məni caynağına alacaq. Mən ağacın kökünə, gövdəsinə, budaqlarına, hətta yarpaqlarına hoparaq içinə daxil olacam, göz qırpımında ağac məni "yeyəcək". Gördüklərimə tamam-kamal inanmaq üçün gözlərimi yumub-açdım, açıb-yumdum... Ağac oynamağında idi. Ağac dairəvi oynayırdı, dairə get-gedə genişlənirdi. Bəlkə belə də olmalıydı. Ruhən yaxınlar, yaxınlar da yox, eynilər birləşməlidilər ki, kainatdakı tarazlıq dayanıqlı hala düşsün. Mən isə hələ ağac olmağa hazır deyildim. Çünki ağlıma gələnlərdən xoflanıb həyət qapısına sarı götürüldüm. Qapının ağzında ayağım nəyəsə ilişdi. Müvazinətimi güclə saxlayıb birtəhər küçəyə çıxdım. Dəmir darvazanın bala, balaca qapısı zərblə örtüldüyündən ətrafa uğultu düşdü. Küçəyə çıxanda mənə elə gəldi ki, bir də heç vaxt bu evə, bu kəndə qayıtmayacam.

Ancaq on gündən sonra geri döndüm; bibim ağır səfərə yollanmışdı...

# 1404 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #