Sevda Sultanova
Çoxdankı əhvalatdır. Söhbət 1940-50-ci illərdən gedir. Milyonçu, prodüser Hovard Hyuz münasibətdə olduğu qadınlara kinoda karyera vəd edirdi və çox vaxt bu vədini yerinə yetirirdi də. O, imkanlarından istifadə edərək aktrisaları asanlıqla istismar edirdi. Onun qurbanlarından biri, seksual təcavüzə məruz qalan Cin Simmons (oxucular onu Stenli Kubrikin “Spartak” filmində Variniya rolunun ifaçısı kimi daha çox tanıyır-S.S.) idi. Hətta Hyuz özünün geniş imkanlarından istifadə edərək, aktrisanın müqaviləsinə ondan xəbərsiz olaraq dörd filmdə çəkilmə öhdəliyi haqda bənd salır. Bundan qəzəblənən aktrisa onun gözü qarşısında saçlarını kəsir. Buna baxmayaraq o, müqavilənin şərtinə əməl etməli olur və “Mələk üzü” filmində pariklə oynayır. Hyuz ona karyerasını məhv edəcəyini desə də, sonda məhkəmə mübahisəyə son qoyur. Sonralar Simmons “Hyuz məni satın aldı” deyirdi.
Hollivudda zaman-zaman rejissorların, prodüserlərin, aktrisalara təcavüzü, sataşması, zorlaması gündəmə gəlir. Ümumən isə kinosənayədə bu az qala tendensiya halını alıb. Elə Azərbaycanın özündə də. Məsələn, tanınmış aktrisalardan biri sovet dönəmində kinostudiya rəhbərliyinin, kobud desək yatağına girməkdən imtina etdiyi üçün, adı qara siyahıya salınmışdı. Ya da olub ki, aktrisa uğurlu karyera qurmaq üçün yolunu rejissorla intim münasibətlərdən salırdı.
Son günlər prodüser Harvi Vaynşteyinin seksual təcavüz hekayələrinin üstü açılandan sonra bu mövzu qərb mətbuatında geniş araşdırılır.
Mövzuyla bağlı yayılan materiallara görə, ötən zamanlarda belə Hollivudda rejissorların aktrisaları yataqdakı münasibətə əsasən seçdiyi heç vaxt gizli məsələ olmayıb. Üstündən illər keçsə də, qadın haqları, gender bərabərliyi ön plana keçsə də Amerika kino sənayesində vəziyyət dəyişməz qalır.
Çoxlarının fikrincə seksual istismar bu nəhəng kinosənayenin vacib həlqəsi olmaq üçün ödənişdir.
Ona görə də 30 dan çox qadının Vaynşteyni seksual təcavüzdə, dördünün isə onu zorlamada ittihamından Hollivudda təəccüblənmirlər, əksinə, kino sənayesinin digər nüfuzlu nümayəndələrinin də ifşasını gözləyirlər.
85 yaşlı aktrisa Rita Moreno bütün qadınları öz hekayələrini bölüşməyə çağırıb. Onun dediyinə görə, 19 yaşı olanda kinostudiya direktoru tərəfindən seksual təqibə məruz qalıb.
Seksual təcavüzə məruz qalanlar təkcə aktrisalar deyil. Onların arasında kadr arxasında qalan qadın əməkdaşlar da, televiziyada çalışanlar da var.
Konkret adlar çəkilməsə də, seksizmin miqyasını nə qədər böyük olduğu aydınlaşır.
Xüsusən, aktrisalara iş müqabilində seks təklif edənlər arasında prodüserlərin sayı çoxdur. Vaynşteynə qarşı ittiham sürən qadınların maraqlarını müdafiə edən vəkil Qloriya Ollred deyir: “Yataq vasitəsilə seçim indiyədək Hollivud üçün aktual tema olaraq qalır. Çox qadın qurbana çevrilir. Onlar iş almaq, işini yerini qorumaq və ya karyerada yüksəliş əldə etmək müqabilində intim münasibətlərə razılıq veriblər”.
Onun sözlərinə görə, Hollivudun nəhəng isimlərinin keçdiyi seksual təcavüzlər barədə intensiv məlumatlar daxil olur.
“Qadınlar kinoda” təşkilatının prezidenti Keti Şulmanın sözlərinə görə Vaynşteyn məsələsi güman ki, bu adların ifşasında müəyyən mənada qırılma anı ola bilər: “Bu kədərli vəziyyətdir. Amma vacibdir ki, bunu həlledici nəticə almaq üçün istifadə edəsən. Məni ən çox vəziyyəti dəyişmək üçün güclərinin yetərli olmadığını düşünən qadınlar əsəbiləşdirir".
Onun seksual təcavüzünə məruz qalan aktrisalar arasında Anjelina Coli, Qvinet Peltrou, Aziya Ardcento və başqa məşhur isimlər var. Amma bu hələ hamısı deyil, qadınlardan başqa kişi aktyorlar da Hollivud nəhəngləri tərəfindən seksual təcavüzə məruz qalıblar.
Vaynşteynin təcavüzünün qurbanları və ümumiyyətlə, Hollivudda seksizmlə rastlaşan qadınların çoxu adını açıqlamaq istəmir. Çünki hələ də açıqlamaların karyeralarının irəliləməsində maneə ola biləcəyini düşünürlər.
Çoxları düşünür ki, bu qalmaqal Vaynşteynin karyerasının sonudur. Hətta onun “Aşiq Şekspir” filminə görə Oskar almasına, uğurlarına öz imkanlarından sui-istifadə edərək qazanması kimi baxırlar.
Amma Hollivudun səhvləri bağışlamaq və qayıdış hekayələrinə qucağını açmaq kimi ənənəsi də var.
“Analar kinoda” təşkilatının rəhbərlərindən biri Kristi Lem isə əmindir ki, indi mədəni səviyyə tamamilə başqadır və ona ikinci şans verilməyəcək. “Düzdür, bir il əvvəl Tramp bütün qadınları təhqir elədi (onun qadınlara sataşması haqda açıqlamaları haqda lent yazısı nəzərdə tutulur – S.S.), biz onda heç nə eləmədik. Nəticədə o prezident seçildi və onun seçicilərindən 46 faizi qadınlar idi. Amma bu vəziyyətdə Vaynşteyni qova və hər şey edə bilərik ki, o, daha qayıtmasın”.
Hələ 2013-cü ildə aktyor Set Makfarleyn Oskara nominant olan ikinci plan aktyorlarının adını elan edəndə, onun üstüörtülü zarafatı dillərdə gəzirdi: “Təbrik edirəm. Siz beş nəfər artıq riyakarlıq etməyəcəksiniz ki, Vaynşteyndən xoşunuz gəlir”.
Makfarleynin sözlərinə görə, o, bu fikri “Üçüncü artıqdır” filmindəki həmkrarı Cessika Bartın Vaynşteynin ona seksual təcavüzü haqda danışandan sonra səsləndirib.
Belə bir sual dolaşır ki, nədən onlar uzun illər boyu susublar. Çünki nəzərə alırdılar ki, Vaynşteyn Hollivudda ən nüfuzlu isimlərindən biri və demək olar ki, əfsanəsiydi.
Onun keçmiş əməkdaşı Loren O' Konnor şirkətdəki təcrübəsini belə xarakterizə edir: Balans gücü belədir: mən - 0, Harvi Vaynşteyn - 10".
Vaynşteyn deyir ki, qadınların razılığı olmadan seksual əlaqəyə girməyib. Onun dediyində həqiqət payı əlbəttə ki, var.
Hollivudda prodüserlər filmdə rejissordan çox söz sahibidirlər. Vaynşteyn belə adamlardan biriydi. Onunla işləmək artıq uğurun, Oskar almağın təminatıydı.
Məşhur aktyor Maykl Fassbenderə “Sizin keçmiş nişanlınız Alisiya Vikanderlə Vaynşteynin romanına münasibətiniz necədir?” sualını verəndə o, laqeydliklə cavab vermişdi: “Harvi bizim üçün əla piar edir. Əgər sən Oskar almaq istəyirsənsə sənə piar lazımdır. Əminəm ki, kinoda karyera etmək düzgün piar kampaniyası qurmaqdan asılıdır”.
Uma Turman, Cennifer Lourens kimi aktrisalar karyeralarından ötrü onunla bu münasibətlərə gediblər.
Bir neçə il əvvəldən Vaynşteynin karyerasında uğursuzluq zolağı başlamışdı. İstehsal elədiyi filmlər kassa yığa bilmirdi. “Ceyn silah götürür”, “Tutulma”, “Bani”, “Tülpan qızdırması” və s.
Bu qalmaqaldan sonra bir çox nüfuzlu kinostudiyalar, simalar Vaynşteynin ifşasına qoşulublar. Kütləviliyin səbəbi isə sadədir, onlar həm maraqlarını qoyur, həm də xal toplayırlar.
Bununla belə Vaynşteyn kimisə zorladığını inkar edir, həmkarlarından isə onları keçmişdə incitdiyi üçün üzr istəyib. O şirkətdən qovulub, arvadı isə onu tərk edib. Hazırda isə o, müalicə kursu keçir.