Mirzə Ələkbər Sabirin lağa qoyduğu Füzuli şeirləri - MƏTN

<b>Mirzə Ələkbər Sabirin lağa qoyduğu Füzuli şeirləri - <span style="color:red;">MƏTN </b>
30 may 2018
# 13:30

Bu gün böyük Azərbayaan şairi Mirzə Ələkbər Sabirin (30.05.1862-12.07.1911) doğum günüdür. O, satirlar, qəzəllər, uşaq şeirləri ilə yanaşı Məhəmməd Füzulinin qəzəllərinə də nəzirə və bənzətmələr yazıb. Özü bunları "nəzirə-təməsxüranə", yəni ironik nəzirələr adlandırırdı. Həmin şeirlərin bir neçəsini təqdim edirik.

***

Füzulinin qəzəlinin ilk beyti:

Ah eylədiyim sərvi-xuramanın üçündür,

Qan ağladığım qönçeyi xəndanın üçündür.

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

Qan ağladığım qəhveyi-fıncanın üçündür;

Vəz eylədiyim hədyəvü ehsandan ancaq

Ümdə qərəzim kisəvü həmyanın üçündür;

Sərkəştəliyim xirməni-buğdalar ucundan,

Aşiftəliyim sərvətü samanın üçündür;

Fərş eylədiyim sinəmi hər gün qədəmində,--

Kəskin təməim süfrədəki nanın üçündür;

Bimar tənim küftəvü bozbaş ələmindən,

Xunin ciyərim dolma-badımcanın üçündür;

Ağzım dolusu neməti-firdovs dedikdə,--

Boşqabda qara gözlü fisincanın üçündür;

Vəsf eylədiyim zövqlə ənhari-behişti,--

Kövsər məzəli şərbəti-reyhanın üçündür;

Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,

Bildim bu tədarük şəbi-ehsanın üçündür.

Ax, bircə görəydim səni, ey sevgili varis,

Meylim sən ilə dəsti-zərəfşanın üçündür!

Münimlərə can ver, könül, uyma füqərayə,

Sinəmdə səni bəslədiyim anın üçündür.

Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,

Bu od sənin ancaq alışan canın üçündür....

Yan, dinmə, sən allah!

Qan, dinmə, sən allah!

Həq söyləmiş olsan,

Dan, dinmə, sən allah!

***

Könlüm açılır zülfü-pərişanını görcək,

Nitqim tutulur qönçeyi xəndanını görcək.

Könlüm bulanır küçədə cövlanını görcək,

Nitqim tutulur hərzəvü hədyanını görcək.

Canım üzülür əldəki qalxanına baxcaq,

Qəlbim alışır beldəki patranını görcək.

Baxdıqca revolverinə əndamım olur süst,

Bağrım yarılır xəncəri-bürranını görcək.

Təfriq edəməm: məstmi, hüşyarmısan sən,--

Məstanərəviş, məşyi-pərişanını görcək.

Düşdün lotuluq məşqinə, islama uyuşma,

Öldür nerədə olsa müsəlmanını görcək.

Qoy börkünü kəc qaşının üstündə, fırılda

Kəndin kimi bir lotiyi-meydanını görcək.

Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,

Yum gözlərini xaneyi-viranını görcək.

Əmrədlər ilə keyfıni çək bağda, çəməndə,

Bir baxma da ətfali-ciyərqanını görcək.

Gah "iskoroxod" çəkmə, gəhi gey "lakoronni",

Vellən gecə-gündüzdə xuramanını görcək,

Var-yoxunu sərf eylə barişnalara, ancaq

Söy həmsəri-məzlumeyi-nalanını görcək.

Gül, gül ki, cavansan,

Əyyaşi-cahansan,

Sərxoşlara cansan!

Vaxta ki, qocaldın,

Rişi döşə saldın,

Pis günlərə qaldın

Onda biləcəksən!..

***

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?

Məndə ar olsaydı ölmək ixtiyar etməzmidim?

Abrunun nolduğun bilsəydim ar etməzmidim?

Gər şüurum olsa idi dustü düşmən bilməyə, --

Şapşalı, Fəzlüllahı işdən kənar etməzmidim?

Anlasaydım Əsədin fikrin, Sipəhdarın işin, --

Onları məqtuli-tiği-canşikar etməzmidim?

Xaki-İranın mənə bir guşəsin versəydilər, --

Kəndimi Əbdülhəmid tək bəxtiyar etməzmidim?

Bilsə idim el məni axir belə müflis qovar, --

Var-yoxu dərcib edib əvvəl fərar etməzmidim?

Mülki-İranın düşünsəydim əlimdən getməyin, --

Var ikən fürsət о mülkü tarü-mar etməzmidim?

Ah, ol dəm ki, Təqizadə mənə əl vermədi, --

Mümkün olsaydı başın təndən kənar etməzmidim?

Qoy desinlər, Məmdəli düşdü Ədes sövdasına....

Məncili versəydilər orda qərar etməzmidim?

***

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır!

Təhsili-ülum etmə ki, elm afəti-candır,

Həm əqlə ziyandır;

Elm afəti-can olduğu məşhuri-cahandır,

Mərufı-zamandır;

Pəndi-pədəranəm eşit, ey sadə cavanım,

Yaxma qəmə canım!

Xoş ol kəsə kim, vel dolanıb, dağda çobandır,

Asudə hamandır.

Elm içrə xəta olduğun ondan bilirəm kim,

Bilsə nola hər kim,

Elmə gəzənin küfrü zəbanlarda bəyandır,

Təkfirə nişandır.

Məktəb sənə xoş gəlməsin, ol cayi-xətərnak,

Girmə ona çalak;

Məktəb dediyin qeydi-dilü bəndi-zəbandır,

Qarətgəri-candır.

Çernil nədir? Ol qəlbi qara hoqqeyi-dilxun,

Olma ona məftun!

Ağ günlərini etmə qara, allah amandır,

Bu rəng yamandır.

Dəftər nədir? Ol hərzələrin həmdəmi-razi,

Covfı dolu yazi,

Şairləri naqqal edib, avara qoyandır,

Bu mətləb əyandır.

Ol başı kəsilmiş qələmin tutma belindən,

Xovf eylə dilindən;

Axırda çalar canını, bir əfi ilandır,

Əfisə çalandır.

Kağız sənə ağ göstərir öz sineyi-safın,

Guş eyləmə lafın;

Çox tez qaralar qəlbi, mürəbbisi yamandır,

Bir xırdaca yan dur.

Ol zahiri sürxün ürəyi qara qarandaş,

Mirzələrə yoldaş,

Qəlbində xəfı sirrini bildikcə yazandır,

Əyyari-zamandır.

Derlər oxumuşlar: oxumaq yaxşıdır, əmma,

Var bunda müəmma....

Yaxşı nəzər etdikcə sərəncamı yamandır;

Hər addımı qandır;

Lağlağı, amandır,

Qızdırmalı, yan dur,

Sırtıq, Mozalan, dur!

Hop-hop dilə düşdü,

İş müşkülə düşdü,

Çünki belə düşdü,

İmdi balabandır.

# 2360 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #