Bu boyda dünyaya sığa bilmirəm - Anar Aminin yeni şeirləri

<b>Bu boyda dünyaya sığa bilmirəm</b> - <span style="color:red;">Anar Aminin yeni şeirləri
28 mart 2018
# 17:30

Kulis.az Anar Aminin yeni şeirlərini təqdim edir.

I

Ovçu gülləsinə tuş gələr quşlar...

Bu payız yağışlar tez yağdı bir az;

yenə damcı damır, damdığı yerdən...

Güc alar köç edib gedən durnanın

qanadları göydən, dimdiyi yerdən...

Durnalar köç edir, yağır yağışlar,

yağışlar çöllərə nələr bağışlar...

Ovçu gülləsinə tuş gələr quşlar;

tuş gələr gözünü yumduğu yerdə.

...Gərək göz yummayım, ümid kəsməyim,

payızda üşüyüb, qışda əsməyim...

İlahi, mən səndən necə küsməyim,

könlümüz küsürsə umduğu yerdən?!...

II

Özgəyə yaxınam, özümə yadam

Suallar quşların qanadlarında,

cavablar quşların dimdiyindədi.

Günahlar sünbülün dənlərindəsə,

savablar quşların dimdiyindədi.

Özgəyə yaxınam, özümə yadam,

haçansa... başıma uçacaq bu dam.

Cəsədi qurd-quşa yem olan adam,

əzablar quşların dimdiyindədi.

Girsin öz içinə azmaq istəyən,

gördüyü yuxunu yozmaq istəyən.

Min ildi şairlər yazmaq istəyən

kitablar quşların dimdiyindədi...

III

Niyə başımıza qar-yağış yağır?

Əyər Yer döşəmə, Göy tavandısa,

niyə başımıza qar-yağış yağır?

Yağış yağdırırsa, demək istəyir: –

hər şeydə bir hikmət var, yağış yağır.

İstidə isinin, soyuqda əsin,

Ona qurban deyin, qurbanlıq kəsin.

Buludun harayın, yağışın səsin

eşitsə də, görmür, kor, yağış, yağır...

Keçirib ilməni, vurub naxışı,

hər naxış üstündə Onun baxışı...

O çaxan şimşəyi, yağan yağışı

görsə də, eşitmir, kar, yağış, yağır...

IV

Ürəklə cavanlıq edə bilmədim...

O çaxan şimşəklə, yağan yağışla,

bu əsən küləklə qocalıram mən...

“Yaxşı olar” deyib ümid edirəm,

arzuyla, diləklə qocalıram mən...

Arzuyla doludu bu ürək, bu can,

Allah, muradıma çataram haçan?...

Udduğum havayla, içdiyim suyla,

yediyim çörəklə qocalıram mən...

Yaş ötdü; ya bildim, ya da bilmədim,

verdim ömür-günü bada, bilmədim.

Ürəklə cavanlıq edə bilmədim,

bəs niyə ürəklə qocalıram mən?...

V

Həqiqət içdiyim meydədi, Allah

Nə atam əkibdi, nə sən doğmusan,

mən özüm özümü doğmuşam, ana.

Bu boyda dünyaya sığa bilmirəm,

bəs necə bətninə sığmışam, ana?

Atama, anama bağışla məni,

həqiqət içdiyim meydədi, Allah.

Görüb toxunduğum müqəddəs deyil,

müqəddəs nə varsa göydədi, Allah.

Nə varsa Sənindi, nəyim var mənim,

nəyin yiyəsiyəm, nəyin yiyəsi?

Görünmə, görünsən, biət etmərəm,

etmərəm, ay yerin-göyün Yiyəsi!...

VI

Qar yağa, bu qara bəxtim ağara...

Bəlkə də, neçə yaş səndən böyüyəm,

bəlkə də, mən sənlə tay-tuşam, ana.

Tək sənin bətnindən doğulmamışam,

çox qadın bətniylə tanışam, ana...

Məni soyuq tutub, məni yel vurub,

elə titrədirəm, boynumu burub...

Vüsalla aramda bir ömür durub,

hicranla mən bağrıbadaşam, ana.

Göylər dolu tökür... vurur nağara...

qar yağa, bu qara bəxtim ağara...

Böyük dərdlərimə kaha, mağara,

kiçik dərdlərimə koğuşam, ana...

Gəzirəm, bu dərddən doyandan bəri,

bu yandan o yana, o yandan bəri...

Səmavi sevgini duyandan bəri,

İlahi eşq ilə sərxoşam, ana...

VII

Mövlud MÖVLUD-u xatırlayarkən

Bəşər... yeriyəndən arxadan gələn,

qabaqda gedənin izin öldürür...

Bu, onun, o, bunun sözünü kəsir, –

O, bunun, bu, onun sözün öldürür...

Hərənin alnına bir tale yazan,

görən neyləyəcək bu qarda azan?...

Qazanmaq çətindi, itirmək asan;

bir günah savabın yüzün öldürür...

...Göllər buz bağlayıb, yatıb, bu qışda,

ayı mağarada, dələ koğuşda...

Bu əsən külək də, yağan... yağış da,

o yanan ocağın közün öldürür...

...Nə sirr var bu sönən ocaqda, nə sirr?!

Adamlar başına yığışır bir-bir...

Dünyanı dərk edən yaşaya bilmir –

dünyanı dərk edən özün öldürür...

VIII

Dərələr qəbirdi...

Dərələr qəbirdi, dağlar başdaşı,

qayalar özümü atacaq yerim.

İntihar etməyib fikrimdən dönsəm,

kahalar başımı qatacaq yerim.

Bax, odur uçrumum, budur yarğanım,

İlahi, kömək ol, qoyma... qarğanım!

Kötüklər balıncım, otlar yorğanım,

çəmənlər çarpayım, yatacaq yerim.

Yox olan nə varsa, ruhda, candadı,

bəlkə ilikdədi, bəlkə qandadı.

Hansı tərəfdədi, hansı yandadı,

hardadı arzuma çatacaq yerim?!

O yağan yağışdı, bu əsən yeldi,

insana ruzidi, heyvana yemdi...

Bəlkə də ağlıma gəlməyən yerdi,

mənim bu dünyadan tutacaq yerim.

Image result for anar amin

# 1952 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #