İşə adətim üzrə səhər tezdən gəlirəm. Qapını açan təki onunla qarşılaşıram. Daha doğrusu, qara çərçivəyə alınmış şəkli ilə. Qarşısında Quran, ətrafında bir dəstə qızılgül... Nüfuzedici mavi gözləri ilə harasa baxır. Hüzün içində, asta addımlarla yanından keçib üçüncü mərtəbəyə qalxır, otağıma keçirəm. Xəyalım bir yerdə qərar tutmur. Ömrünün müxtəlif anları gəlib gözlərim önündən keçir. Zarafat deyil, 10 il bir yerdə işləmişik. On il! Onun qurub-yaratdığı, Baş direktoru olduğu «Təhsil» nəşriyyatında. Bəhruz Axundov nəşriyyata, naşirliyə sadəcə biznes gözü ilə baxmırdı, o, bu sahənin vurğunu, fanatı idi. O, sadəcə kitabsevərlər ordusunun adi bir oxucusu deyildi, yeni-yeni kitabların yaradıcısı, ideya verəni idi. Ömrünün 35 ilini kitab nəşrinə, çapına həsr etmişdi. Kitabı «bəşəriyyətin ən böyük kəşfi, sivilizasiyanın onurğa sütunu» hesab edirdi. Kitab onun üçün böyük anlamda ƏLAHƏZRƏT idi. «Əlahəzrət kitab» aforizmi də elə ona məxsusdur.
Mən qırx ildən çoxdur ki, nəşriyyat sistemində çalışıram. Bir çox naşirlərlə işləmişəm. Bir direktor kimi Bəhruz Axundovun kitaba olan sevgisini ancaq mərhum naşir Əjdər Xanbabayevlə müqayisə edə bilərəm. Bəhruz Axundov Azərbaycan kitab nəşrini dünya kitab nəşri səviyyəsinə qaldırmaq istəyində olan, bu istiqamətdə fəaliyyət göstərən fədakar bir naşir kimi tanınırdı. Çünki onda nəşriyyat işinə, kitab çapına şüurlu münasibət vardı. O, «Mən niyə naşir olmaq istəyirəm?» sualına tam, dolğun, səmimi cavab verə biləcək tək-tək naşirlərdən biri idi. Onun naşiri olduğu bir çox kitablar, hətta Avropa ölkələri arasında keyfiyyətli kitab nəşrinə görə Qızıl medala, «Qızıl Delfin» mükafatına, «Qran-Pri»yə layiq görülmüşdü.
O görəcəyi hər bir işə peşəkarcasına yanaşır və peşəkarlarla işləməyi sevirdi. Çünki bilirdi ki, yüksək nailiyyətlərə ancaq işini bilən peşəkarlarla nail olmaq mümkündür. O, daim yeniliyə can atan, işləməkdən usanmayan, iradəli, əqidəli bir insan idi. Həm də ötkəm və tələbkardı. Kollektivdə hər kəsin müsbət və mənfi keyfiyyətlərini, bacarığını çox gözəl bilirdi.
Bəhruz Axundov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik də etmişdi. O, burada tələbələrə nəşriyyat işindən dərs deyirdi. «Nəşriyyat işinin əsasları», «Nəşriyyat-poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti» dərsliklərinin, dəyərli «Azərbaycanca-Rusca, Rusca-Azərbaycanca atalar sözləri və zərbi-məsəllər lüğəti» kitabının həmmüəlliflərindən biri idi. Unudulmaz naşirimiz tələbələrinə də sabahın naşiri gözü ilə baxır, hətta layiq olanları rəhbəri olduğu nəşriyyatda işlə təmin edirdi.
Bəhruz Axundov müstəqillik illərinin bəhrəsi olan çoxsaylı nəşriyyatların inkişafını qəlbən istəyən təəssübkeş adam idi. Bu sahədə həmrəyliyin olması üçün o, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin yaranmasının təşəbbüskarı olmuşdu. Birliyin sədri seçilmişdi. Bu sahədə də çox işlər görmək arzusunda idi. Təsadüfi deyildir ki, dərhal Birliyin «Naşir» adlı jurnalını nəfis şəkildə nəşr etməyə başlamışdı. Bəhruz Axundovun bu jurnalın qüsursuz, mənalı və məzmunlu çıxması üçün nə qədər vaxt, əmək sərf etmişdi. Jurnalın hər səhifəsi onun göstərişləri və zövqünə görə tərtib olunurdu.
Bəhruz Axundov BDU-nun jurnalistika fakültəsini bitirmişdi. Onu bu fakültəyə gətirib çıxaran isə bədii yaradıcılığa olan məhəbbəti, yazıb-yaratmaq eşqi idi. O, mənimlə şəxsi söhbətlərində həmişə heyifsilənirdi ki, özünü bütövlükdə bədii yaradıcılığa həsr edə bilməyib. Təsəlli verib deyirdim ki, qardaş, sənin ən böyük əsərin «Təhsil» nəşriyyatıdır. Gör nə qədər kitablar nəşr etmisən. Hər bir kitabda sənin naşir ömrün yaşayır. Sözlərimə gülümsəyirdi, siqaret alışdırıb damağına alaraq xəyala dalırdı.
2015-ci ildə «Dünənki sabah» adlı hekayə, esse, bədii publisistika və şeirlərdən ibarət kitab nəşr etdi. Bu, onun sonuncu kitabı idi. Kitabın redaktoru kimi şahidəm ki, necə nigaran, necə narahat idi. Hər bir yazısının üstə əsirdi, redaktə edirdi, fikir bölüşdürürdü. Kitabına neçə ad seçmişdi. Bu gün bəyəndiyini sabah qəbul etmirdi. Bu adqoyma axtarışı az qala bir ay çəkdi və nəhayət, kitabını «Dünənki sabah» adlandırdı. Gözlənilməz və tam orijinal bir ad.
Bu kitabda hər şey var; ata-ana məhəbbəti, dost itkisi, torpaq dərdi, yurd həsrəti, kitab və nəşr məsələləri, arzular, istəklər, hətta dünyaya yenicə qədəm qoyan nəvə sevinci də:
İlk nəvəmi qucağıma almışam,
Həyəcandan gicgahıma tər gəlib.
Ey insanlar, qarşılayın nəvəmi,
Dünyamıza yeni igid, nər gəlir.
Bəhruz Axundov şairlik iddiasında deyildi, ancaq yazdığı şeir nümunələri onun istedadı haqqında çox şey deyirdi:
Çırpınan dalğasıyam
Sən adlı bir dənizin.
Aramızdan su keçməz,
Torpaq ayırmaz bizi.
Harda üz-üzə gəldik,
Necə vuruldum sənə?!
Nə vaxt girdin bilmədim,
Mənim bu daş qəlbimə?!
Bəlkə, bu bir yanlışlıq,
Bəlkə, günahım mənim.
Bəlkə, həyat cəzamdır
Mənim səni sevməyim?!
Bəhruz bəy Ağdamda dünyaya göz açmışdı, uşaqlığı, gəncliyinin ilk çağları orada keçmişdi. Ona görə də yurd itkisi onu ömrü boyu tərk etmədi. «Torpaqsız, obasız qarabağlıyam», – deyirdi həmişə. Həm yazıları, həm də xeyirxah əməlləri, maddi köməyi ilə yurddaşlarına hayan dururdu:
Vətəndə vətənsiz soydaşlarım var,
Çadırda inləyən qardaşlarım var,
Minlərlə şəhidim, sirdaşlarım var,
Soruşma halımı, qəlbi dağlıyam,
Torpaqsız, obasız qarabağlıyam.
Bizim unudulmaz naşirimiz həyatdan, çatışmazlıqlardan ah-uf, giley-güzar edən adamlardan deyildi, əksinə, mərdi-mərdanə meydana atılan, sinəsini qabağa verənlərdən idi. Köhnə kişilərin çox-çox müsbət keyfiyyətləri cəmləşmişdi onda. Şeirlərinin birində deyir ki:
Hər kəs bəhrəsini vaxtında dərib,
Mənsə fidanımı indi əkirəm.
Gənclik illərimi küləyə verib,
Ahıl günlərimə keşik çəkirəm.
Dostum bu şeir parçasında təvazökarlıq edib. O, gəncliyini küləyə verməmişdi. Əksinə, çox iş görmüşdü, ali təhsil almışdı, bir əsgər kimi orduda xidmət etmişdi, Ağdam rayonunda Komsomol katibi işləmişdi, sonra Bakıya gəlib 3 №-li mətbəədə çalışmışdı, 1992-ci ildə Təhsil Nazirliyinin yenicə açdığı «Öyrətmən» nəşriyyatına direktor təyin olunmuşdu və bu nəşriyyatı quraraq bugünkü «Təhsil» nəşriyyatına çevirmişdi. Ölkənin ən qabaqcıl nəşriyyatlarından birinə!
Əziz dostumuzun qəlbi qurub-yaratmaq eşqi ilə çırpınırdı. Həyatsevər, insansevər bir şəxs idi. Süstlükdən, ətalətdən uzaq, çox uzaq, fəal, daim hərəkətdə olan insan! Aşağıdakı şeir parçası onun öz ruhunu daha aydın ifadə edir:
Boğazdan bircə loğma keçirsə,
Gecələr gözünə yuxu gedirsə,
Ömrün bir zillətli ömür deyilsə,
Demək, aşiq deyilsən.
Çox təəssüf ki, biz fədakar naşirimizi, həssas qəlbli şairimizi, iti qələmli publisistimizi itirdik.
Deyirlər, əvəzolunmaz insan yoxdur. Mən bu sözləri qəbul edə bilmirəm. Tam cəsarətlə deyirəm ki, Əməkdar mədəniyyət işçisi, dosent, Bəhruz Həsən oğlu Axundov əvəzsiz, təkrarolunmaz naşir idi. Onun adı və gördüyü işlər kitab mədəniyyəti tarixində daim yaşayacaqdır.
Allah rəhmət eləsin.