Kulis.az tanınmış şair Məmməd İsmayılın yeni şerilərini təqdim edir.
Dilənçi
Dilənçi uyumuş yol kənarında,
Amma ki, Allaha oyaqdı əli.
Bir ümid çağlayır damarlarında:
Yerlərin, qisməti göylərdən gəlir.
Nәsə pıçıldayır hərdən dodağı
Tanrı kəlamına dili dönmədə.
Uzanıb önündə şikəst ayağı
Özü yox, ayağı pul dilənmədə…
- Ayaq saxlamasın yanımda heç kim,
Halıma yanmasın gəlib gedən qoy.
Çəkilməz əzabdı mənim çəkdiyim
Baxıb da kef çəksin şikəst edən qoy…
Durmağa halı yox, durub neyləsin
Özgə kədərindən kim anlayar ki?
Dərdini kimlərə açıb söyləsin,
Kor olmuş dünyanın qulağı kar ki.
Durub qınasınmı gedib-gələni?
Elə insaflı da, insafsız kimi
Hamı dilənçidir, hamı dilənir
Göylərə əl açan yer dilənçimi?
Arxada qoymada yaşı səksəni
Nə ona baxan var, nə duasına.
Tez-tez səksənsəydi, gec-gec səksənir
Dəmir pul düşdükcə baxır tasına…
Kim xəbər verdi görəsən
Qış çatır sona
Mövsüm ilk bahar
Beş addım qalıb yaza.
Qarğalar dimdiyində
Çöp daşıyır harasa...
(Yəqin yuva qurmağa!)
Yer hara,
Üçüncü qat balkonunda
Bir belə çör-çöp hara?
Səhər təmizləsəm də
Axşama dolur balkon,
Bu qarğa yolu balkon.
Hərəsi dimdiyindən
bir çöp atır balkona:
Nə yatmısan dur,
Əlin var, ayağın var
Yetər kirəkeş qaldın
get, özünə yuva qur.
Gedib harda yuva qurum
Mənim üçün seçdikləri
Yer, necə yerdi görəsən?
Yurd-yuvasız qaldığımı
Baxtı qara qarğalara
Kim xəbər verdi görəsən?!
Balıqçı
Gözәlmi deyirsәn balıqçı olmaq,
Axşamdan sabaha dәnizә dalmaq.
Xırçın dalğalarla başbaşa qalıb
Yaşam varlığını yoxluqdan almaq…
Sular bir-birinә qatar sәslәri,
Balıqçı mürgüdә balıq sayıqlar.
Gәlәr qaranlıqdan mator sәslәri
Ovun peşindәmi ovçu qayıqlar?
Torlar dartılmada, balıqçı gәrgin:
- Yenә bu zәhirmar ilişib nәyә?
Alıb torumuzu atırıq hәr gün,
Balıqçı sulara, biz gәlәcәyә.
Titrəyir uzaqda alışan fәnәr,
Tale dә bir ucdan güc verәr yelә;
Arzular sabahdan umudsuz dönәr,
Qayıqlar әliboş çıxar sahilә.
Dirəkdən asılan paslı radyolar
Gördüyü yuxular çin olsa nolar
Yəqin ki, dünyanın gəlməzdi sonu;
Dirəkdən asılan paslı radyolar
Bir dəfə adını çəksəydi onun.
Nələr çağlayardı can həvəsində
Ona da çatsaydı bəxtin sırası.
Ya da qəzetlərin bir köşəsində
Gözə görünsəydi üç-beş misrası.
Sözləri düşsəydi dilə, ağıza
Qonum-qonşulardan duyan olsaydı.
Yetim çağlarını sevməyən qıza
Gedib bu xəbəri deyən olsaydı…
Ürəyə damması vardı sonunda
Bilirdi qarşıdan gələn çağları;
Bir vaxt o qəzətin, o radyonun da
Şerinin sehrinə dalacaqları...
Yetimlik dərdiydi hələ ki dərdi
(Düşdüyü Məcnunun düşdüyü yolmuş…)
Vaxtında gəlsəydi, daşmı düşərdi
Sonradan gələcək şöhrət kor olmuş.
…Yeni öyrəşirdi hələ yad yola
Belə başlamışdı əvvəli sonun;
Dirəkdən asılan paslı radyolar
Hələ ki adını çəkmirdi onun.
Niyә belәsәn, vәtәn
Dünyaya gәlmәmişdәn
Sevib seçdiyim vәtәn.
Varlıqda varlığımsan,
Heçdә, heçliyim vәtәn..
Gözünә tәpildilәr,
Qılığına girdilәr
Tapıb can dәftәrini
Adımı sildirdilәr...
Gәlsәm, tәrpәnmәz tükün,
Getsәm, vecinә deyil.
Lap qızıldan don geyim
Varlığım, ya yoxluğum
Yanında heç nә deyil.
Tutdura bilmәyәnlәr
Qәmә tutdurdu mәni.
Mәni sәnin gözündәn
Kimlәr saldırdı, vәtәn
Kim untdurdu mәni?!.
Bəs niyə dara düşdüm
Dünyanın gen yerində.
Ruhumun başdan-başa
Vətən deyən yerində...
Üstünü külü basmış
Dünya, sәngiyәn ocaq;
Zәngәzuru tutduran
Tәbrizi untduran
Bir gün Qarabağı da
Sәnә unutduracaq...
Niyә övladlarının
Papağı günә yandı.
Ad sәinin, dad özgәnin
Adındakı odundan
Yanan özünә yandı…
İşin qatmaqarışıq
gah yatan, gah tәlәsәn..
Niyә belәsәn, vәtәn;
Övladların niyә belә,
Özün niyә belәsәn?
Qəribi qürbətin qadını sevməz..
Elə ki, vətəndə qalar ürəyi,
Qürbət diyarlara bir qərib gedər.
Həsrət, ayrılığın gülü, çiçəyi
Yenə boz üzünü göstərib gedər…
Gedər, bilməsə də gedən yerini,
Arzusu özündən uzağa gedər.
Vətəndə itirib ümidlərini
Arayıb qürbətdə tapmağa gedər..
Günü axşam edir, ömrü əridir,
Önünə keçəni çəkər vaxt dara.
Bu dünya dediyin itik yeridir,
Hər kəs itirdiyi sehri axtarar…
Hüzünlü-hüzünlü ötər qumrular,
Quşlara qoşulub yay da ötüşər.
Əzəldən əbədə yol alar sular
Baharın yarpağı payıza düşər…
O yarpaq tökümü, o sonuncu səs,
Kim axı tökülən yarpağı sevər?
Qəribi qürbətin qadını sevməz,
Sevsə, olsa-olsa torpağı sevər.
Açılmasın, açıldımı sir gücdən düşər
Sən də birsən təkbaşına,
Birdi Yaradan.
Sən də sirr ol, özü boyda sirdi Yaradan
Birdən sonra iki gəlir, birdə yerin var
Sən də sirr ol, sirr olduqca bir dəyərin var
Tanrı sirdi,
Belə baxsan, hər şeydə sirr var;
Ləpəsini gərzək altda gizləmirmi qoz,
Dənəsini qabuq altda qorumurmu nar?
Niyə bülbül gül arayır, qarğa qoz gəzir?
Tumurcuqlar özü boyda sirrə bükülü
Yoxsa dülbül hardan bilər qöncədə gülü?!
(Dünya özü başdan-başa sirrә müntәzir…)
Niyə bizi çəkmədədir, niyə, özgə sirr?
Meyvə kimi budağından saça dən düşər,
Açılmasın, açıldımı sirr gücdən düşər...
Məhkum
Ana bətnindən ölümə qədər
Bu dünya bir tuneldir
Girdinmi çıxması yox.
Saralmış yarpağa dönər
Gerçəyə dönəndə arzu.
Tökülməyə məhkumdur hər yarpaq,
Axmağa məhkumdu hər su.
Yaxşı bax,
Bəlkə məzarına töküləcək
Ayağının altındakı qum.
O qayıqlar bu dənizsiz nəyə yarar ki,
O dənizlər bu boğazdan keçməyə məhkum.
Gecə aya, gündüz günə məhkum,
Sən qürbətə, qürbət sənə məhkum,
“Akşam, yine akşam, yine akşam…”,
Məhkum, yenə məhkum, yenə məhkum…
Mәndәn sonra da…
Mәn şeiri yazmadım ki
Şerim özü yazdı mәni.
Bәlkә dәrdim unudardı
Şerim unutmazdı mәni.
Yetim idim, ona görә
Qoyuldum adam yerinә.
Gah anamı әvәz etdi,
Gah oldu atam yerinә.
Alın yazımdı, alnımdan
Qәlәmә, kağıza düşdü.
Mәn qaldım, mәnim adımnan
O, dilә, ağıza düşdü.
İşığı hәr yana çatar
Әrimәdә şam yerinә.
Haqsızlığa dil uzadar.
Aparar edam yerinә…
Yüz bәlaya qatdı mәni
Qatacaq bundan sonra da.
Yaşadım, yaşatdı, mәni,
Yaşadar mәndәn sonra da…
Ömürmü yaşadı, ömür buydusa
Çıxa yollarına vaxtsız qəzalar,
Üstəlik bəxtin də üzü bəd ola.
Dostları yoluna quyu qazalar,
Tərs kimi adı da Məhəmməd ola..
Zamanı mәkanla aça aranı
Bəxtin qapısını bağlatmaq üçün.
Vәtәndә aldığı haqsız yaranı
Gedә qürbәtlәrdә sağaltmaq üçün.
Necәdir qismәtlә düşә acığa
Hәyatı qafiyә ola әngәlә.
Onun xörәyindәn gәrәk tük çıxa
Pis nә var tәk onun başına gәlә…
Ömürmü yaşadı, ömür buydusa
Özü bilmirdisә, kim bilmәliydi?!
Adı Mәmmәdisә, vaxt quyuydusa
Bir gün kәndiri dә kәsilmәliydi…
Çöpləri boşalan kibrit qutusu
Ah cavan vaxtlarım, cavan vaxtlarım
Aynalara baxsam xəbər-ətәr yox.
Qocalan canımda gəncliyə yer yox,
Hardasan, mən səni harda axtarım?
Yaşamaq deyəkmi yaşamaq busa
Dünənin tayıdır gəlәn yarın da.
Axşamdan sabaha telefon susar
Qulağı çəkilәr otaqların da…
Yaşın çoxdan keçib iki otuzu
Bəlkə də iştahın iki əllidi.
Çöpləri boşalan kibrit qutusu,
Alışmaq adına boş təsəllidir.
Yazın gəlişinə əriyən qarmı,
Getsən də yolların mənzilə çıxmaz,
Əriyən qarlardan qalxan buxarmı?
Nə qədər bağırsan səs zilə çıxmaz.
Dil tapa bilməz ki, yaxın uzaqla
İstəsən ikisi bir yerə düşməz.
Əgər bacarırsan içində saxla
Ürək də yaşayar sirr yerə düşməz.
Ata yox, ana yox bir oğlu birdin
Yorğunluq yolunu sarmış bu ömrün.
Sәn otuz səkkizә çatmaz deyirdin,
Yetmiş səkkizi dә varmış bu ömrün.
Sən mənə dünyanı bağışlamışdın…
Bu yaşda günəşin qürub halıydım,
Kölgənin nə işi gün olan yerdə?!
Sən olan yerlərdə mən olmalıydım,
Necə ki, sən vardın mən olan yerdə..
Ayrıydıq, biz elә yazda da qışdıq,
Birlәşdik… qoynunda qarın, yağışın.
Sәninlә birlikdә hesablamışdıq
Bircә günü varmış üç ayılıq qışın…
Sevgi sahilinә yanaşdı qayıq
Duyduq ürәklәrin bәhsәbәhsini.
Bәlkә bir ömürlik yaşatmalıyıq
Cәmi bircә günün xatirәsini…
Sən idin qürbətin canatımları,
Yoluma dikilən bir cüt baxışdın.
Mənə gətirmişdin qışda baharı
Sən mənə dünyanı bağışlamışdın…