Kulis.az İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.
Eşq ola ürək dolusu
Bəxtimizə bir gün düşə
Nə ağır, nə nəhs olmaya.
Yar səni xəlvətə çəkə
İnni, cinni, səs olmaya.
Bir qız ola yaz kimicə,
Qışdan çıxmış buz kimicə…
Yalayasan duz kimicə,
Yorulasan – bəs olmaya.
Bir söz desəm nə olası -
Ağrımarsanmı, balası? -
Eşq ola ürək dolusu,
Yar deyəcək kəs olmaya?!
08.10.2017
Gedənlər
Necəsiniz nəm dəsmalı,
Günəşə sərib gedənlər?!
Baramatək dörd yanını
Gözüyüb, hörüb gedənlər.
Təzə dərdə bax, cücərir,
Kim belə gözəl becərir?!
Bir dəfə gələn əcəli
Min dəfə görüb gedənlər.
Çıxarsan yola yüyürüb,
Yolu gedənlər əyirib...
Dünyaya qərib buyurub,
Dünyadan qərib gedənlər.
05.10.2017
***
Ömrün sonunda vurulmaq
əvvəlinə gecikməkdi.
Səni sevmək - bostana
özgə arxdan su çəkməkdi.
28.08.2017
Ölkə
Ayrılır mahal-mahal,
Kəsilir, doğranır bənd-bənd,
Yad olur şəhər-şəhər,
unudulur kənd-kənd.
Bir belə ağrıyla
lal kimi səsi, cınqırı
çıxmayan ölkə.
O qədər kiçilib
xəritəsinə adı sığmayan ölkə.
21.08.17
Sevgi
Sevgi gizlənmək bilməz,
İçini sərər günəşə.
Sevgi doyumluq deyil,
Aclıq çəkməkdi həmişə.
07.04.2017
İlahi, şair, söz
Hələ ki, qulağım səndədi mənim,
səni eşidirəm hələ, İlahi,
Səndən söz güdürəm söz bərəsində
gündü - keçirirəm belə, İlahi.
Gah çiçəkqabağı ağaca meh kimi
toxunur mənə sözlər,
Gah güldən gələn ətir kimi çatır,
Bəzən bir göz qırpımında –
şimşək üstə oxunan sətir kimi çatır.
Mən ki, bir yalquzağam,
səndən gəlmə yalquzaq xislətimlə
hər kəsdən aralanıb gendə yazıram.
Gündə yazmıram...
nə vaxt səni eşitsəm, onda yazıram.
Zaman tanımaz bu hal, -
(Mənimlə danışan bu lal)
Bəzən yuxudan oyanıb yazdım,
Bəzən yol gedəndə eşitdim səni,
Getdiyim yerdə dayanıb yazdım.
Gözdən yaşla qayıdan soğan acısı tək
gəlib məndən yazın qayıdır.
Bilirəm şair var gedir səndən bir söz eşidə
eşidə bilmir, əli ətəyindən uzun qayıdır.
İşim-peşəm budu mənim, -
Səndən söz alıram, söz qaytarıram,
Qorxuram nəfəsə gələ misralar
Üzərlik yandırıram, göz qaytarıram.
Sən qoyan mizan-tərəzi daha qalmayıb,
İndi şairlik bir quru addı, İlahi,
Səndən gələn sözün mənziliyəm,
Özüm bərbad gündə olsam da
Söz mənzilin abaddı, İlahi!
08.03.2017
Mərmiyəcən yaşamaq
(şəhidin dilindən)
Ömür vəfa etmədi -
qara buluda girən aya döndü,
gizləndi məndən...
Kim düzdü bu ömrü sapa bilmədim,
ha çırpındım -
ömrümün ardını tapa bilmədim.
Ömrümün sonunda mərmi dayandı...
İyirmiyəcən yaşadım,
Həmin mərmiyəcən yaşadım.
Yıxıldım qaldım torpağınan,
son dəfə sarmaşdıq bayrağınan.
Ömrüm az oldu, amma,
vətən sevgimdən tamsındı bir az.
Yağış, günəş, qarıynan sevdim,
Qanım süzən əsgər paltarıynan
sevdim vətəni.
2
Anamın sevgisi
çardağımızın altı kimiydi
çardağın altında az oldum
anam ağlayanda
çardax axtarar məni.
Qonaq-qara olanda
daxaldan məclisə
gətirərdim bardağı...
qonaq gələndə
bardax axtarar məni.
Hər axşam
çöl qapının çırağını
mən yandırardım
axşam düşəndə
çırax axtarar məni.
3
Atam toya gedəndə
çəkmələrini silərdim,
toya hazırlaşanda
atamın yadına düşərəm.
Başımda iki burux vardı, -
“iki arvad alacaq” deyirdilər
ikiburuxlu baş qırxanda
ustamın yadına düşərəm.
...Sevgimi bildirməyə
ömür vəfa etmədi...
(...başımda iki burux varıdı)
Ürəyim boş deyil, -
bir mərmi,
bir nakam sevgi dadı,
bir də o qızın adı...
Nə o qızı soruşun,
nə də bir sual edin,
apardıqlarımı halal edin!
30.03.2017