Bankda işləyən şəxs necə qatil oldu? – Mirmehdinin hekayəsi

Bankda işləyən şəxs necə qatil oldu? – <span style="color:red;">Mirmehdinin hekayəsi
8 oktyabr 2017
# 16:36

Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun “Fasilə” hekayəsini təqdim edir.

Axır ki... Şüşə qapını aça-aça nişanı validatora toxundurdu. Cihazın sinirləri iynələyən cüyültüsünü kim bilir neçənci dəfə eşidirdi.

Hava ilıq və günəşli idi. Yazın gəlişi artıq hiss olunurdu. Təzə-təzə cücərməyə başlayan yarpaqlar budaqlarda üzük qaşı kimi parıldayırdı. O, bu mənzərə üçün sinov gedirdi, di gəl ki, gün ərzində bunu üst-üstə 10 dəqiqədən artıq seyr etmək imkanı olmurdu. Cəmi üç dəqiqə fasilə etmək mümkündü.

Qapıdan aralanıb binanın tininə gəldi. Siqaret yandırıb gövdəsini yola əymiş qoca çinarın altında dayandı.

Bu gün birinci siqareti idi. Səhərlər yuxudan ayılıb öskürə-öskürə tualetə gedəndə nəfəs yollarını tutmuş kəhrəbayi bəlğəmi çanağa tüpürmək ona insana yaraşmayacaq qədər ədəbsiz göründüyündən və axır vaxtlar nəfəsi tez-tez təntidiyindən siqareti tərgidə bilməsə belə, heç olmaya azaltmağı düşünürdü.

Çalışırdı ki, birinci siqaretini mümkün qədər gec çəksin. İlk iki gün yaxşı başlamışdı. On birdən tez çəkmirdi. Bu gün isə əhdinə yarımca saat xəyanət eləyəsi oldu. Daha dözə bilməmişdi.

İşdəki gərginlik onu yaman yorurdu. Yenə mühasiblə sözləri çəp gəlmiş, dalaşmışdılar. Heç cür yola getmirdilər. Mühasibin verdiyi saysız-hesabsız tapşırıqlar nəinki iş vaxtını, bütün gününü, işdən sonrakı zamanını da məşğul edirdi. İşdə olanda başqa şey barədə düşünə bilmirdi. Çölə çıxdığı siqaret fasilələrində də key kimi olurdu. Nə qədər ailəsi, məişət qayğıları, həvəsləri barədə düşünmək istəsə də, başını məşğul edən iş məsələləri içindən heçcə birini dartıb çıxara bilmirdi. Heç ətrafı da doğru-düzgün müşahidə etmirdi. Bütün günü kompüterə zillənmiş gözləri elə bil artıq günəşə, ağaclara, buludlara, yoldan ötən maşınlara yadırğamışdı.

Siqaretə çıxanda çox nadir hallarda evə zəng edirdi. Əsasən nahar fasiləsində zəng etmək onda vərdiş halını almışdı. Bəzən ev sarıdan narahatlıq keçirdiyinə görə, ya içindən gəldiyi üçün deyil, sadəcə alışqanlıq olduğuna görə zəng edirdi.

Gecə yatanda, səhər işə tələsəndə özünü tənbehləyirdi ki, vaxt tapıb heç olmasa siqaret fasiləsinə çıxanda dost-tanışına, qohum-əqrəbasına zəng edəcək. Hər dəfə də unudurdu. Baş qarışıqlığından dostları, qohumları ilə yaranan bu uzaqlaşma onu ətrafdan, cəmiyyətdən getdikcə daha çox təcrid edirdi. Tənbehlərə verdiyi cavablar isə heç kəsi qane etmirdi. Başının işdən açılmadığına inanan yox idi. Yaxşı ki, bu siqaret fasilələri vardı. Bir an da olsa işdən ayrılırdı.

Heç nə, siqaret yandırıb ötən maşınlara, qəşəng qadınların əndamına baxırdı. Bəzən səmada oynaşan mavi buludlara dalırdı. Beləcə “İndicə içəri girəcəm həngamə yenidən qopacaq” qorxusunu içində basdıra-basdıra hər şeyi unutmağa çalışırdı.

Uzaqdan, svetaforun yanından sağ əlində bir dəstə bıçaq, digər əlində dama-dama “aeroport zənbili” tutmuş bir kişi göründü. Qırımından hiss olunurdu ki, yaxınlaşıb yanında dayanacaq. Uzaqdanca onu nişan almışdı.

- Qardaş bir bıçaq götür.

- İstəmirəm. - Elə bildi alverçi çıxıb gedəcək.

Əlində kustar üsulla düzəldilmiş, dəstəyi qırmızı, göy, qara rəngli mətbəx bıçaqları tutmuşdu. Üstəlik arıq, uzun barmaqları arasına qırmızı izoliyasiyalı iki kəlbətin, bir də yumru yeyə sığdırmışdı. Yeyəyə paltar zivəsi kimi rəngbərəng qayçılar keçirilmişdi. Arıq, balacaboy adam idi. Bütün səyyar alverçilər kimi üst-başı tökülürdü.

Belələrini Valeh hər gün, azı bir dəfə görürdü. Qab-qacaq, kəkotu, dərman bitkiləri, kiçik məişət əşyaları, ucuz ətir dolu zənbillərlə küçəbəküçə gəzər, idarələrə, mağazalara, məhəllələrə, dalanlara girib ucuz qiymətə məhsullarını təklif edərdilər.

Alverçi yenə dilləndi:

- Qardaş, bıçaq al.

- A kişi mən işdəyəm, bıçağı neyləyirəm?

- Lazım olar.

- Qəssabam?

Kişi inadla təkrarlayırdı: - Götür evdə işlədərsən. Siftə elə, götür. - Getmək fikri yox idi.

Alverçi “ev” deyəndə yadına düşdü ki, zəng etməliydi. Səhər qanqaraçılıqla çıxdığına görə yolda qərara almışdı ki, fasilədə zəng edib arvadının könlünü alsın.

- Pulum yoxdu, sağ ol.

Alverçi əl çəkmirdi, elə hey dayanmadan danışırdı. Valeh nə desə də hazırcavablıq göstərirdi.

- Pulun yoxdu, pay götür. Götür, siftə ver.

- İstəmirəm.

- Götür, götür. Siftə ver.

Siqaretə axrıncı qullabı da vurub kötüyü çinarın dibinə tulladı, getmək istəyirdi ki, alverçi özünü yana verib qabağını kəsdi.

- Götür, peşman olmazsan. Bir siftə ver.

Alverçinin əlində tutduğu bıçağın ucu düz onun qarnına dirənmişdi. Kişinin bundan xəbəri yox idi.

Kənardan elə görünürdü ki, sanki bıçağı Valehin qarnına soxmaq istəyir. Kişi inad edib təkrarlayırdı.

- Götür, götür. Heç olmaya siftə ver.

Daha dözə bilmirdi. Kişinin səsi beyninə validatorun ciyiltisindən betər işləyirdi. Tərslikdən pul qabı şkafın gözündə qalmışdı. Cibində isə kişiyə verib başından eləməyə xırdası yox idi.

- Al də, al, niyə almırsan, al apar evə.

Kişini əlilə özündən itələmək istəyirdi ki, o, bıçaqlardan birini paraşüt kimi Valehin ovcuna qondurdu. Alverçinin həyasızlığı onu lap təngə gətirdi. İşləri tökülüb qalmışdı. Heç olmaya bir azcıq iş gərginliyindən qurtulmaq, səhər erkəndən, bir də axşam qürub edəndə gördüyü günəşin parlaqlığından, işığından, təravətdindən zövq almaq üçün bayıra çıxmışdı. Onu da bu həyasız alverçi məhv etdi. İşinə dönüb metro qatarı kimi dayanmadan çalışaraq bayırda ötən günəşli, gözəl bir günü hiss etmədən başa vuracaqdı.

- Siftə ver.

Valeh bıçağın dəstəyini hirslə sıxdı. Gərginlikdən qolu ağrıdı. Axı alverçi niyə dürtdü bıçağı ovcuna, nə cür geri qaytarsın? Azı beş dəqiqə də mübahisəyə gedəcək; götür bıçağını... lazım deyil... siftə ver...

Bıçağı ağzını geri çevirib kişiyə uzatdı, düz göbəyinin üstünə sapladı.

- Al, bu da siftə.

Alverçinin ağ köynəyi bıçağın girdiyi yerdə qırmızı haləyə büründü. Azca qabağa əyilərək səndələdi. Əlində tutduğu əşyaları daha bərk sıxdı, əlinin, üzünün əzələləri gərildi. Çinarın gövdəsinə doğru əyilmək istəyəndə Valeh onun kürəyindən yapışıb ağaca söykənməyinə kömək elədi.

Kişi ağır-ağır yerə çökdü. Əlindəkiləri buraxıb qarnını qucaqladı. Peşmanlıq dolu gözlərlə altdan yuxarı ona baxırdı. Valeh təlaşla bir sağa, bir sola baxdı, gələn-gedən yox idi. Dayanacaqda işləyən kişi xeyli aralıda maşının çıxmasına kömək edirdi. Görən yoxkən içəri keçməyin zamanı idi. Təhlükəsizlik kameraları onsuz buranı çəkə bilmirdi.

Əcəb oldu bu əclafa. Axı niyə onun fasiləsini pozurdu? Axırıncı dəfə kişinin üzünə baxdı.

Alverçi güclə xırıldadı:

- Əlin nə yaman ağırmış!

Nişanı validatora yaxınlaşdırıb saata baxdı. Bu dəfə fasilə çox uzun çəkmişdi- beş dəqiqə.

2012

# 2061 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #