Xalq artisti: “İrəvanda ermənilərlə vuruşurduq” – MÜSAHİBƏ

Xalq artisti: “İrəvanda ermənilərlə vuruşurduq” – <span style="color:red;">MÜSAHİBƏ
7 mart 2019
# 12:07

ONA xalq artisti Elmira İsmayılova ilə müsahibəni təqdim edir.

- Elmira xanım, 2007-ci ildə xalq artisti adını almısınız. Necə düşünürsünüz, bir xalq artisti kimi kifayət qədər tanınırsınızmı?

- Xalq arasında tanınmaq o qədər vacib deyil. Mənim əsas fəaliyyətim teatrda olub, sonra televiziyaya keçmişəm, hazırda da televiziyada işləyirəm. 45 il İrəvan Dövlət Teatrında çalışmışam, sonra yaşla əlaqədar müqaviləyə keçirdilər. Mən də bundan sonra işdən çıxası oldum.

- Zəhmət olmasa, İrəvan Teatrındakı fəaliyyətinizdən danışardınız...

- Belə hesab elə ki, cəbhədə ermənilərlə vuruşurduq. Onlar İrəvan teatrını bağlamaq istəyirdilər. Biz də deyirdik ki, bu teatr mütləq yaşamalıdır, çünki qədim tarixi var.

- Səhv etmirəmsə, teatr əvvəl Göyçədə yerləşirmiş?

- Xeyr, əvvəldən İrəvanda olub, sadəcə, 1948-ci ildə azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya ediləndə hardasa bir il Göyçədə fəaliyyət göstərib, sonra yenidən İrəvana qayıdıb.

- Ermənilər sizə hansısa maneələr törədirdilər?

- Əlbəttə. Birincisi, bizə bina vermirdilər. Orda bir mədəniyyət evində yerləşirdik. İkinci maneə o idi ki, bizim bir tamaşamız azca zəif olsaydı, o dəqiqə ləğv edirdilər. Teatrda işləyənlərə daimi yaşayış üçün ev vermirdilər, ad vermirdilər. Yəni hər vasitə ilə çalışırdılar ki, bağlanmasına nail olsunlar.

- İrəvan teatrında erməni aktyorlar da çalışırdılarmı?

- Xeyr. Yalnız azərbaycanlı aktyorlar idi. Bir neçə nəfər köhnədən qalma azərbaycanlı aktyorlar vardı, sonra Bakıdan İncəsənət İnstitutunun məzunlarından bir qrup gəldi. Kollektiv yaxşı və çox güclü kollektiv idi ki, ermənilərin qarşısında dözə bildi. Hətta festivalda ikinci yeri bizim teatr tutdu.

- Ermənilər tamaşalarınıza baxmağa gəlirdilər?

- Əsasən dili bilənlər gəlirdilər. Biz daha çox azərbaycanlı tamaşaçılar üçün fəaliyyət göstərirdik, orda da ətraf rayonların hamısı, demək olar ki, azərbaycanlılar idi.

- Heç belə hal yaşanırdı ki, ermənilər gəlib tamaşalarınıza mane olsunlar?

- Yox, elə olmurdu. Bizə ancaq yuxarı səviyyədə maneçilik törədilirdi. Ermənilər istəyirdilər ki, bu tarixi teatr bağlansın. Sonra da 1988-ci ildə deportasiya olunduq, gəldik bura. Burda da kollektivin üzvləri hərə bir yana dağılmışdı. Mənimlə həyat yoldaşım (aktyor Vidadi Əliyev – red.) kollektivi bir yerə yığdıq və 5 il özünümaliyyələşdirmə ilə fəaliyyət göstərib, teatrı yaşatdıq. Ulu Öndərimiz Heydər Əliyev ölkə başçısı olandan sonra isə İrəvan teatrına dövlət statusu verdi. O vaxta kimi bizə heç kim yiyə durmurdu.

- Bu yaxınlarda isə İrəvan Dövlət Teatrının binasının təmir edilməsi ilə bağlı sərəncam imzalanıb...

- Böyük təşəbbüsdür. Teatrı saxlamaq, onun fəaliyyətini möhkəmləndirmək üçün atılmış gözəl addımdır. Bilirsiniz, İrəvan teatrı qədim teatrdır, o, yaşadılmalıdır.

- Elmira xanım, axırıncı dəfə nə vaxt səhnədə çıxış etmisiniz?

- Üç il bundan əvvəl. İrəvan teatrında oynamışam, ən axırıncı rolum “Abidənin dastanı” tamaşasında olub.

- Səhnə üçün darıxırsınız?

- Əlbəttə, darıxıram. Mən 45 il teatr üçün can qoymuşam. Azərbaycanda teatrda fəaliyyət göstərənlər başqa şərtlərlə işləyirdilər, biz tamam başqa şərtlərlə çalışırdıq. Bizim binamız olmadığına görə tez-tez qastrollara gedirdik. Yəni ikiqat işləmişik, amma buna baxmayaraq, bizim teatrın tamaşalarında ciddi dramaturqların əsərləri oynanılırdı. Hərçənd bizə çox qiymət verilmir. Hər hansı bir toy müğənnisi prezident təqaüdü alır. Halbuki onun heç o təqaüdə ehtiyacı yoxdur. Amma mən 45 il teatrda can qoymuşam, 45 il bu xalqın mənafeyini müdafiə edib düşmən içində teatr saxlamışam. Bu zəhmətimin, fədakarlığımın müqabilində mən bu gün Prezident təqaüdü ala bilmirəm, gedib toyunu oxuyub, öz cibinə pul qazanan müğənni isə təqaüd alır. Mən də dərmanlarımı almağa çətinlik çəkirəm. Mənim yoldaşım Vidadi Əliyev 1978-ci ildə əməkdar artist adını alıb, ona hələ də xalq artisti adı verilmir. Halbuki teatrın bütün baş rollarını oynayıb.

- Sizə qarşı bu laqeydliyin səbəbi nədir?

- Bu, Mədəniyyət Nazirliyinin bizə soyuq münasibətinin nəticəsidir. Müraciət eləmişəm, deyirlər nəzərdə tutacağıq, amma heç nə yoxdur. Mən ona təəssüflənirəm ki, bu xalq üçün çalışmışam, düşmən içində mədəniyyət saxlamışam, amma əməyim qiymətləndirilmir. Dəfələrlə müraciət eləmişəm, amma nəticəsi yoxdur. Mənim yoldaşıma lap çoxdan xalq artisti adı verilməli idi, ona görə ki, İrəvan Teatrının yaşamasında onun çox böyük rolu olub. Məsələn, mənə prezident təqaüdü verilməliydi, verilmədi. Halbuki mən cəbhədə olmuşam, nə fərqi var, ya Qarabağda vuruşdun, ya İrəvanda vuruşdun. Biri var silahla vuruşasan, biri də var mədəniyyətlə.

Xalq artisti Elmira İsmayılova: “Dilarə Əliyevanı səhnəyə mən qaytardım” - MÜSAHİBƏ | Foto qalereya

- Hazırda “5 gəlin” verilişinin əməkdaşısınız.

- Teatrda müqaviləyə keçəndən sonra məni bu verilişə dəvət elədilər, gəldim. Üç ildir artıq burda çalışıram.

- Siz, həyat yoldaşınız Vidadi Əliyev, övladlarınız Elçin Əlibəyli, Oqtay Əliyev, gəlininiz Dilarə Əliyeva... Sənətçi ailəsisiniz. Yəqin evinizdə sənət söhbətləri daha çox olar...

- Bizdə ayrı söhbət ola bilməz. Yalnız tamaşalardan, televiziyalardan danışırıq. Əlbəttə, həmişə tənqidə üstünlük veririk. Bizdə heç kim biri-birini tərifləməyib.

- Onda belə sual verim: sizcə, Dilarə xanım necə aktrisadır?

- Dilarə xanım çox gözəl aktrisadır. Əgər onun istedadlı aktrisa olduğunu bilməsəydim, evdə əməlli-başlı mübarizə aparıb onun teatra qayıtmasına çalışmazdım. Yoldaşı işləməyini istəmirdi. Amma mən dedim ki, bu cür aktrisanı evdə saxlamaq olmaz. Və mənim təkidimlə Dilarə əvvəlcə bizim teatrda fəaliyyət göstərdi, sonra televiziyaya keçdi.

- Dilarə xanım da “5 gəlin” verilişinə qatılsaydı, ona neçə qiymət verərdiniz?

- Baxır işinə. İş görəcəkdi, mükafatını alacaqdı. Görməyəcəkdi, almayacaqdı.

- Sizə elə gəlmir ki, ailənizdə yoldaşınız, oğlanlarınız, gəlininiz daha çox tanınırlar, amma siz kölgədə qalmısınız?

- Ola bilər.

- Bu, sizi narahat eləmir?

- Yox. Niyə narahat eləsin? Hərənin öz yeri, öz ətrafı var. Çox görünməyə həvəsli deyiləm. Rolumu oynamışam, tamaşaçı da məni tanıyıb. Bilirsiniz, mən bir növ bəxti gətirən aktrisa olmuşam, ürəyim hansı tamaşada istəyib, orda da oynamışam. Rejissor əsəri götürəndə çox vaxt mənimlə razılaşırdı.

- Səhnədə Vidadi müəllimlə münasibətiniz necə olub?

- Mən heç vaxt onunla tərəf müqabili olmamışam.

- Nə üçün?

- Alınmayıb. Mən həmişə xarakterik rollar oynamışam. O da əsərin baş qəhrəmanını oynayıb. Məsələn, Georgi Xuqayevin “Mənim qaynanam” əsəri var idi. Orda mən qaynananı oynayırdım, Vidadi də oğlanı. Onun fizionomiyası elədir ki, qırx yaşına kimi 16 yaşlı oğlan obrazını da oynaya bildi.

- İrəvanda tamaşa qoyanda çalışırdınız ki, erməniləri qıcıqlandıran əsər olmasın?

- Təbii, onları nəzərə alırdıq. Mən sizə bir fakt deyim. Müşfiqə aid bir əsər səhnələşdirirdik. Tamaşanın finalında qapı döyülür və Müşfiq düşür tamaşaçıların arasına, qaranlıqda yox olur. Əsərin müəllifi dedi ki, bu səhnəni çıxarın, buna görə başınız ağrıyar. Azərbaycanda qoyulanda o səhnə çıxarılmışdı. Amma biz oynadıq və nazirlikdən gələn erməni məmur tamaşaya baxıb dedi ki, bizimkiləri də belə ediblər, tamaşada bu səhnəni saxlayın.

- Elmira xanım, bayaq dediniz evdə bütün günü teatr, televiziya söhbətləri edirsiniz. Bu söhbətlərdə, adətən, bir-birinizi tənqid edirsiniz. Oğlunuz Eçin Əlibəyli də tez-tez tənqid olunur ki, bu cür savadlı bir adam, sənətşünaslıq üzrə fəlsəfə doktoru “El içində” kimi qalmaqallara hesablanmış veriliş aparır. Halbuki daha ciddi, intellektual verilişlərə imza ata bilər. Bu tənqidlərlə razısınız?

- Elçin bu dəqiqə tamaşaçını maraqlandıran mövzular qoyur. Bizim televiziya məkanında onun kimi kəskin danışan aparıcı varmı? Bəlkə də yoxdur.

- Dediniz, evdə bir-birinizi yalnız tənqid edirsiniz, onun üçün soruşdum...

- Məsələn, deyirəm ki, burda səsin xoşuma gəlmədi, duruşun xoşuna gəlmədi. Belə tənqidlər olur. Elə Dilarənin də verilişinə baxıb deyirəm, Dilarə, burda bir az aşağı səslə danışsan, yaxşı olardı, burda bir azca ifrata yol verdin. Belə şeylər olur. Amma mən mövzuya qarışa bilmərəm.

- Bəs bu tənqid edənlərə münasibətiniz necədir?

- O məkan, o da televiziya. Qoy çıxsınlar, görüm Elçindən yaxşı veriliş apara bilərlər?

- Vidadi müəllimi də tənqid etmisiniz?

- O qədər tənqid etmişəm. Tamaşadan sonra da evə gəlirdik, müzakirə aparırdıq, o mənə deyirdi ki, sən filan yeri düz oynamadın, mən də ona deyirdim. Bizim uşaqlar, demək olar, teatrda böyüyüblər. Hətta onlar da məşqlərdən sonra evə gələndə tənqid edirdilər. Mən uşaqların fikrini də nəzərə alırdım.

- Sizə xalq artisti adı veriblər, Vidadi müəllimə yox. Bu, sizi narahat edir?

- İkimiz də təqdim olunmuşduq, bizə dedilər ki, evdən yalnız bir adama ad verilə bilər. Onun da təqdimatı getmişdi, məni seçdilər, onu yox.

- Bir sənətkar kimi arzunuz nədir?

- Mən istəyirəm ki, İrəvan Teatrı daim yaşasın. Bu, həm də düşmənə cavabdır ki, mənim orda mədəniyyətim olub. Biz ermənilərə bu teatrla deməliyik ki, onlar kimi gəlmə deyilik, İrəvanın tarixi sakinləriyik və bizim də orda mədəniyyətimiz var. Mən prezidentə İrəvan Teatrının təmirinə vəsait ayırdığı üçün təşəkkür edirəm. Sağ olsun ki, teatrımızın yaşamasına köməklik göstərir.

Özüm barədə isə onu deyim ki... Mən təqaüd istəyirəm. Bu mənim haqqımdır. Çünki məndən az işləyən də, məndən cavan da, məndən təcrübəsiz də bu təqaüdü alır. Teatrda demək olar ki, böyük əsərlərin baş rollarını mən oynamışam, niyə mən almamalıyam? Əgər işə görədirsə, niyə mənim işimə qiymət verilməməlidir? O təqaüd alanları da bir tərəziyə qoysaq, mənim rollarımı da, mənim rollarım daha ağır gələr.

# 3130 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #