Kulis.az Samirə Əşrəfin Şərif Ağayarın "Ağ göl" romanı haqqında "Ağ göl səmasının pıçıltıları..." adlı yazısını təqdim edir.
Son illər yazılan hekayələri, romanları yada salarkən ədəbi mətnlərdə, oxucu yaddaşında özünə yer etmiş, oturuşmuş qəhrəmanları xatırlamaqda xeyli əziyyət çəkirik. Halbuki xatırlamalıyıq. Çünki məmləkət insanı olaraq son otuz ildə o qədər hadisələr, qan-qadalı günlər yaşamışıq ki, ən azından bizim özümüzdən kimlərsə yaranmalı, kitabların vərəqlərində zühur edib orada yaşamalı idilər.
Sovet hakimiyyətinin dağılması, 20 yanvar hadisələri, Xocalı soyqırımı, torpaqların işğalı, minlərlə şəhid, milyonlarla insanın ilan mələyən düzənliklərdə dərddən-ələmdən, istidən, şəraitsizlikdən can verməsi, kənd insanının şəhər mühitinə adaptasiya ola bilməməsi, onun şəhər insanı tərəfindən xor görülməsi, insan qarşıdurmaları, lap elə son illərin, qətl, intihar hadisələri hamısı bütünlüklə ədəbiyyat üçün bolluca xammal, loru dillə desək qəhrəmanlar dəstəsi idi. Elə isə hanı bu qəhrəmanlar?! Niyə həmin qəhrəmanlar yazıçı qələminin ucuna qədər gəlib çıxa bilmirlər?
Təbii ki, istisnalar var. Amma bu istisnalar fərz edək ki, əlli ildən sonra gələn nəsil üçün kifayət etməyəcək. Onlar haqlı olaraq bizdən, bu dövrün ədəbiyyatından, irili, xırdalı kitablarından haqq-hesab tələb edəcəklər.
Yazıçı Şərif Ağayar bu baxımdan öz dövrünün qəhrəmanını, onun sevincini, faciəsini ədəbiyyata gətirməyi bacardı. "Kərpickəsən kişinin dastanı” povestindən üzü bəri yol alsaq, "Harami”, "Gülüstan”, "Arzulardan sonrakı şəhər” romanları xəyalımızda xeyli sayda ağır tale, mürəkkəb ömür yaşamış qəhrəmanları canlandıracaq. Oxucu onları tez-tez xatırlayır, kimlərəsə bənzədir, müqayisə edir. Bir sözlə şüuraltında özünə yer etmiş obrazları yaddaşında hər zaman diri və canlı tutmağa çalışır.
Quranın "Qaf” surəsində deyildiyi kimi tanrı bu dünyanı altı günə yaratdı, yeddinci gün isə dincə çəkildi. Tanrı nəfəsindən kamil formada üfürülüb yer üzünə qədəm qoyan insan ov ovlamağı, quş quşlamağı sonra koma qurub, ocaq qalamağı, ailə sahibi olmağı da öyrəndi. Öyrənə-öyrənə də inkişaf etməyə, inkişaf etdikcə öz yaradıcısını, tanrını unutmağa doğru üz qoydu.
Yer üzündə tikilən bunca məscidlər, kilsələr, sinaqoqlar, məscidlərdən yüksələn azan səsləri, kilsələrdən ucalan zəng cingiltisi, sinaqoqlardan burumlanıb səmaya qalxan ətirli və müqəddəs tüstülər insanı öz xəbis əməllərindən uzaqlaşdıra bilmədi. Yer üzündəki müqəddəs məbədləri qurub yaradan da o, oldu, onları bombalayıb məhv edən də.
İlk kəsici aləti, öldürücü zəhəri, deşici gilizi, atom bombasını, müharibəni, qanı, vəhşəti də elə adəm övladı yaratdı.
Şərif Ağayarın "Ağ göl” romanı da tanrıdan, onun varlığına pənah gətirən, səcdəsinə əyilən müqəddəs övliyalardan, onların insanlıq üçün bəxş etdikləri halal ruzidən və elə halalı harama çevirən Pircahan qəsəbəsinin sakinlərindən bəhs edir.
Romanda kimsəsiz, vəhşi heyvanların, qarğa quzğunların məskəni olan ancaq sonradan Ağ Baba adlı övliya tərəfindən müqəddəsləşən Pircahan qəsəbəsində yaşayan insanlardan, onların həyat tərzindən, həqiqətlərə olan münasibətləri əks olunur.
Ağ Baba zalım şah tərəfindən öz məkanından sürgün edildikdən sonra Pircahan qəsəbəsinə üz tutur, orada yaşayıb, orada da dünyadan köçür. Sağlığında onun sorağını alıb qəsəbəyə gələn insanlar tədricən qəsəbədə məskən salırlar. Pircahanlılar vaxtilə içərisində qurbağalar, çömçəquyruqlar üzən üfunət saçan lakin, Ağ Baba tərəfindən paklaşan Ağ göldə üzən axça balıqları ilə dolanırlar. Ağ gölün səxavəti o qədər böyük olur ki, qəsəbə sakinləri heç kimdən asılı olmadan rahat ömür surə bilirlər. Lakin, tarix təkrar olunmalı, Ağ baba məzarlığındakı mamırlı qəbirlərin üzərində yazıların sirri çözülməli, Pircahanda növbəti övliya seçilməliydi.
Hamı yetişəcək müqəddəs vədəni səbirsizliklə gözləməkdəykən həmin günlərin əlamətləri də getdikcə sezilməyə başlayır. Qəsəbənin balacasından tutmuş böyüyünə qədər hər kəs öz dolanışığını, gələcəyini, rifahını düşünürkən, bircə nəfər ətrafda baş verənlərə qarşı gözütox yaşamaqdaydı. Pircahan qəsəbəsinin hörücüsü, hörümçəyi Camal ata.
Camal ata hər gün öz ulağıyla daşıyıb gətirdiyi qaratikan kolları ilə qonum-qonşuya çəpər hörür, Ağ gölə gələn balıqları tutmaqda əhaliyə köməklik edir, heç kəsdən və heç nədən təmənna ummurdu. Elə bu təmənnasızlığı, dünya malına olan gözü toxluğu onu tanrı tərəfindən seçilmiş edir. Ağ Babanın taleyi Camal atanın taleyinə köçürülür. Oğlu Pirməmməd Ağ göldə boğulur və meyiti tapılmır, qəbri açıq qalır. Bir müddət keçəndən sonra Camal atanın arvadı Cahan ana növbəti oğlunu dünyaya gətirərkən canını tapşırır.
Camal ata eyni ilə Ağ Babanın ömrünü yaşayır. Əgər insanlar qədim dövrlərdəki kimi inanclı, sədaqətli olsaydılar. Pircahan daha da müqəddəsləşər, sakinləri də firavan ömür sürərdilər.
Tanrı isə Pircahanlılar üçün növbəti sınağını yollayır. Sanki bununla yerdəkilərin bərkə-boşa necə dözəcəklərini, yaranarkən tək doğulan insan oğlunu birləşdirən şüur, əqidə dostluğunun hara qədər davam edəcəyini, mübarizəni nə zamana qədər sürdürə biləcəklərini imtahan edir. Pircahanlılar cəm halında olmasa da tək-tək gecələri uzaqdan göz qırpan, gündüzləri isə nəhəng məzar daşı kimi ağaran holdinqə məğlub olurlar. Tamah onlara güc gəlir.
Qəsəbənin müəllimi Maarif müəllimin də dediyi kimi dövr dəyişir. Daha qaratikan kolları ilə çəpər hörmək, gözəgörünməzlərdən möcüzə gözləmək zamanı deyil.
"Hacı Mikayıl barmağını müdrik-müdrik yuxarı qaldırıb sakit səslə dedi:
"Bunların işləri də hərfləri kimi qəlizdir!”
Maarif müəllim:
"Bizim üçün qəlizdir, özləri üçün rahatdır. Güclüdülər, Hacı! Çox güclüdülər. Sənin övliyalarının gücü onlara çatmaz! Min dəfə gözümüzə görünsələr də xeyri yoxdu! Övliyaların qəbrinin üstündəki hərflər də bu hərflər qədər mənalı deyil. Onlar nağılları yazır, bunlar gerçəkləri. Bax, o nəhəng texnika Camal atanın ulağından nə qədər güclüdürsə, onlar da bizdən o qədər güclüdür. Adamların pulu var, gücü var. Qanunlar da özəlləşməyə açıqdır. İşlərini etibarlı tutublar”.
Camal ata isə ətrafında baş verənlərin hamısını həssas qəlbi, hissiyyatı ilə dərindən anlayıb əzab çəkir. Lakin, ürəyindəki, inamını, dizlərindəki təpərini itirmir. Bir neçə dəfə ölüb dirilsə də ilahi qüvvə onun tamamilə yoxa çıxmasına imkan vermir
Romandakı hadisələr inkişaf etdikcə personajların da daxili aləmi yavaş-yavaş açılmağa, gün işığına çıxmağa başlayır.
Qəsəbəni Molla Mikayılın, Maarif müəllimin, Qəbzəliyevin haqqında gəzən satqınlıq şayiələri bürüyür. Kimisi inanır, kimisi inanmır. Bircə Camal ata dəqiqliklə hiss edir ki, Pircahan qəsəbəsi müqəddəsliyini itirib. Obaya daxil olan yad qoxular ətirli iydə ağaclarının qoxusuna üstün gəlib onları məhv edib.
Camal ata hördüyü qaratikan kolları ilə qəsəbəni, pircahanlıları qorumağa çalışsa da, onun ilmə-ilmə toxuduğu çəpərlər heç bir işə yaramır. O, tanıdığı, bildiyi insanların başqa sifətləri ilə rastlaşdıqca, böyük bir şeytanlıqla qarşı-qarşıya qaldığını, məğlub olduğunu anlayır. Bu məğlubiyyət onu müqəddəs iydə ağacını baltalamağa, qəsəbə üçün hördüyü qaratikan kollarını yandırmağa məcbur edir. Harama bulaşmış pircahanlılardan qaçaraq körpəsi ilə birgə torpağa, qəbirə sığınan Camal ata həm də allaha, yaradana sığınır.
Müəllif öz əsrində insan axtarışına çıxır. Lakin, Hacı Mikayılın, Maarif müəllimin, Qəbzəliyevin simasında insanlığın tənəzzülü, mənəviyyatın çöküşü ilə qarşılaşır. Bu qarşılaşma onu məyus edib hiddətləndirir, qəhrəmanı Camal ata vasitəsi ilə tanrı ilə yaxa boğaza çıxaraq, onunla haqq hesab çəkir, kainatda bu qədər ehtişamlı gözəlliklər yaratmişkən, N qədər naqisliyi, tamahkarlığı, satqınlığı yaratmasının səbəblərini sorğu sual edir.
Roman boyu oxucunu gözəgörünməz bir səs izləyərək onu Camal atanın paklığına inandırmağa, baş verənləri astar üzünə çevirməyə çalışır. Səsin kimliyi romanın sonunda məlum olur.
Oxucu Pircahan səmasından pıçıldayan səslə yazıçı nəfəsinin bir-birinə qarışdığını hiss edir. Hətta hərdən adama elə gəlir ki, həmin səs, təxəyyül məhsulu yox, həqiqətən də dünyanın harasındasa Ağ göl adlı göldə boğulub ruhu göylərə pərvəzlanan Pirməmmədin səsidir.
Real həyatda gördüklərini, müşahidələrini romanda yaratdığı mifik qatda ustalıqla təsvir edə bilən Şərif Ağayarın digər romanları da kiçik ərazilərdə, qəsəbələrdə baş verir. Yazıçı uşaqlığını, yeniyetməliyini, xatirələrini qoyub gəldiyi Laçından, Ağ bulaq kəndindən qopmaq, ayrılmaq istəmir. Həmin ayrıla bilməmək, unutmamaq ağrısı onun bütün irili, xırdalı mətnlərində də cərəyan edir.
Pircahan qəsəbəsinə nəzər salan hər kəs orada özünə, qohumuna, qonşusuna bənzəyən insanları mütləq tapacaq. Deməli, Pircahan qəsəbəsi həm də bizim hamımızın adiyyatımız olduğu məkandır.
Müəllif romanın sonunu bədbin notlarla bitirərək sanki özü də Camal ata kimi ümidsizləşir. Amma həm də tanrının tərəfində olduğunu, onun Pircahanlılar üçün təyin etdiyi cəzayla razılaşdığını agah edir. Xain, xəbis, ikiüzlü insanlara öz mətni vasitəsi ilə mesajlar ötürür. Onları yaradanın yaratdıqlarına xəyanət etməməyə səsləyir.
Yazıçının bütün nəsr əsərləri ilə yaxından tanış olduğumdan onun üslubunu, nəsr estetikasını, yazıçı nəfəsinin genişliyini hər zaman çox yaxşı və dəqiq hiss etmişəm. O, insanların dərdini, ağrılarını qəlbinin ən dərin qatlarından, duyğularının ən məhrəm tərəflərindən keçirərək mətnə hopdurmağı bacaran yazıçıdır.
Bəşəriyyətin, insanlığın var olmasında, ali dəyərlərin mühafizə edilməsində mühüm əhəmiyyətə sahib olan ədəbiyyatda Şərif Ağayar imzasının öz yeri və missiyası vardır. İnanıram ki, həmin missiyadan yaranan işıq heç zaman öləziməyəcək.