İsa Hüseynov Mehdi Hüseyn haqqında: Ən amansız tənqidçim

İsa Hüseynov Mehdi Hüseyn haqqında: <span style="color:red;">Ən amansız tənqidçim
21 aprel 2014
# 12:47

Kulis.Az İsa Hüseynovun Mehdi Hüseyn haqda xatirə yazısını təqdim edir.

Bizim ilk tanışlığımızın, sonrakı ayrılmaz ədəbi həyatımızın və dostluğumuzun bəzən qəribə və əyləncəli, bəzən kövrək və həzin, çox zaman isə gərgin, sarsıntılı və mən deyərdim ki, ibrətamiz hadisələrlə dolu tarixi var. İlk tanışlıqdan həmişəlik ayrıldığımız günə qədər – iyirmi il ərzində Mehdi Hüseynin mənim həyatımda kim və nə olduğunu ifadə etmək üçün əslində mən gərək heç nə yazmayam, ürəyimi çıxarıb, ovcuma tutub deyəm: Baxın, hamısı burdadır, - dost məfhumu qələmə gəlmir. Bununla belə, ədibin altmış illiyi ərəfəsində heç olmasa kiçik bir kitabça yazmağı təcrübə etdim. Aşağıdakı parça həmin kitabçadandır.

Bu qeydlər nə qədər şəxsi – intim xarakterdə olsa da, ümid edirəm ki, mərhum ədibin xatirəsinə ehtiram bəsləyən oxucuları maraqlandıracaqdır.

1946-cı ildə mən həkimliyi “vətən və xalq üçün yeganə xeyirli sənət” hesab edən nüfuzlu bir qohumumun təhriki ilə Tibb İnstitutunda oxuyurdum. Mehdi Hüseynlə hələ tanış deyildim. Ancaq onu hər gün görürdüm. O vaxt o indiki Əliheydər Qarayev küçəsində bir nömrəli evdə olurdu, mən də həmin evə yaxın qohumumun mənzilində qalırdım. Gecələr, pəncərəsi həyətə açılan mətbəxdə oturub yazı-pozu ilə məşğul olarkən birdən onun tanış ayaq səslərini eşidib pəncərəyə yönəlirdim. Mənim on səkkiz yaşım vardı. Onun otuz səkkiz. Mən utancaq və cəsarətsiz idim. O isə qürurlu və zəhmli idi, qəribə - uzun, ağır addımlarla gəlib keçərdi. Bundan sonra mən saatlarla, hələ kənd məktəbində ikən ədəbiyyat müəllimim Səlim Çəndirlinin tövsiyəsi ilə oxuduğum “Komissar” və “Kin” povestlərinin müəllifi ilə tanış olmağı, indi çoxunun adı belə yadımda qalmamış saysız – hesabsız sandıq ədəbiyyatı nümunələrimi – hekayə və povestlərimi ona oxumağı arzulardım. Əgər o özü mənimlə maraqlanmasaydı, cəsarətsizliyim üzündən bu elə arzu olaraq qalacaqdı.

Bir yaz gecəsi bürküdən heç kəs yatmırdı. Birinci mərtəbənin sakinləri, o cümlədən bizimkilər də həyətə çıxıb pillələrdə və kətillərdə otururdular. Mən isə öz daimi yerimdə - mətbəxdə idim. Birdən...

- Mariya Konstantinova, bu uşaq kimdir? Elə həmişə burda görürəm...

Mehdi Hüseyn iki addımlıqda dayanıb mənə baxırdı. Mənim təsəvvürümdə yazıçı ilə allahın heç bir fərqi yoxdu. Necə həyəcanlandımsa, Mariya bibimin mənim mənim haqqımda nə danışdığını bilmədim. Sonra yazıçının mənə yaxınlaşdığını hiss etdim.

- Salam, yoldaş həkim... Hə, demək Çexov olmaq istəyirsən?.. Gecələr camaatı yatmağa da qoymursan. Göstər görüm nəyin var?

Mən stolun üstünə bir aləm şey tökdüm.

O daha gülümsəmirdi. Sifəti həmişəki kimi sərt və zəhmli idi. Dəftərlərdən birini götürüb açdı.

- Xəttin bişkindir. Yəqin elə həmişə yazırsan, oxumursan. Düzdür?.. – Sükutdan sonra: - Təravətli yaz otları onun ayaqları altında göy soğan kimi xışıldayırdı. Bunu yaxşı demisən. Amma artıq söz işlətmisən. Özün tap görüm bu cümlədə hansı söz artıqdır.

Mən sevincdən və həyəcandan titrəyən barmağımı “Təravətli” sözünün üstünə qoydum. Yazıçı başını qaldırıb diqqətlə üzümə baxdı və yenə gülümsədi:

- Yox, balam, deyəsən qabında bir şey var. – Dəftəri səliqə ilə büküb o birilərin üstünə qoydu. – Yazıçılar İttifaqında hər həftənin beşinci günü gənclər əsərlərini oxuyurlar. Gələrsən... Amma sualıma cavab vermədin. Bir şey oxuyursan, ya yox?

Burada mənim dərdim açıldı. Stolun küncünə atılmış “Ostiologiya” kitabını, xırda – xırda skelet sümüklərini göstərib Tibb İnstitutunda dərslərin ağırlığından şikayətləndim. Mən danışır, eyni zamanda yazıçının davranışında nə isə kəskin dönüş hiss edirdim. Bakıya gələndən bəri, doqquz ay ərzində mütaliə naminə “Paris Notrdam kilsəsi” əsərindən savayı heç nə oxumadığımı bildikdə, bircə kəlmə:

- Olmadı, - dedi və dərhal mənə marağını itirib geri döndü.

Ertəsi günü Mirzə Fətəli bağının səkiyə doğru əyilmiş bir ağacının kölgəsində o, mənimlə cəmi bir neçə dəqiqə söhbət elədi. Çox könülsüz danışdı. Lakin bu söhbət mənim həyatımı birdən – birə, həm də kökündən dəyişdirdi: bir həftə sonra mən, ordudan tərxis olunmuş bir qohumuma qoşulub kəndə getdim. Yadımdadır ki, anamdan başqa orda hamı məni təəccüb və qəzəblə qarşıladı: Zaçot vaxtı niyə gəlibsən?! Xəstəyəm, - deyirdim. Bu gedişlə Tibb institutuna vida dediyimi və buna Mehdi Hüseynlə bağın yanında o qısaca söhbətimizin səbəb olduğunu isə heç kəsə açmırdım. O söhbətin məğzi hərbi qulluqda olan atama məktubumda aşağıdakı şəkildə qalıb: Mehdi Hüseyn dedi ki, gözümə ala – bula görünürsən, həvəsin ədəbiyyatdırsa, bəs medinstituta niyə giribsən? Mən dedim ki, Niyazi dayım deyir, bu saat vətən və xalq üçün yeganə xeyirli sənət varsa, o da həkimlikdir. Mehdi Hüseynin mənə acığı tutdu: “Dayın deyir? Bəs özün nə fikirdəsən?” Sonra dedi ki, özüyün müstəqil fikrin yoxdursa, yazmağı boşla, get dərsini oxu, yazıçı hər şeydən əvvəl müstəqil olmağı bacarmalıdır...

Atam ordudan tərxis olunub vətənə qayıtdıqdan sonra ailəsində hamını çox zəif, xəstəhal görüb, bizi dərhal dağa – Semyonovka yaylağına aparmışdı. Orda bir axşam mən təsadüfən onun planşetini açdım, iki bloknotdan ibarət cəbhə xatirələrimi, Əhməd Cəmilin Berlinə qədər bu planşetdə gedib qayıtmış şeirlər kitabını və kitabın arasında haman məktubu gördüm. Belə güman etdim ki, bu mənim atama axırıncı məktubum olduğuna görə təsadüfən qalıb. Sonra mənim üçün gözlənilməz şeylər meydana çıxdı.

Məktubun arxasında atam əski əlifba ilə nə isə qeyd etmişdi. Bu qeydi ona göstərib xahiş etdim ki, oxusun.

Atam oxudu:

- Müstəqil olmağı bacarmalıdır.

Üzünün ifadəsindən gördüm ki, bu sözləri nə üçün qeyd etdiyimi unudub. Vərəqi çevirib mənim xəttimi tanıdıqda isə birdən xatırladı:

- Mehdiyə kağız yazmaq istəyirdim.

Atam dörd il cəbhədə olsa da köhnə pedaqoq vərdişlərini unutmamışdı – lazım bilmədiyi şeyi mənə demirdi. Yəqin ki, bu səbəbə görə də Mehdi Hüseynə yazmaq istədiyi, ancaq nədənsə yazmadığı məktubun məzmunu haqqında mənə heç nə demədi. Dörd il ərzində uzaq ölkələrdə çəkdiyi həsrətin dərin izlərini hələ də mühafizə edən gözlərlə mənə baxdı və həmişəlik yadımda qalmış sözlər dedi:

Biz heç... ömrümüz cəbhələrdə keçdi... Top – tüfənglə keçdi. Bizim ixtiyarımız heç vaxt özümüzdə olmayıb, zamanın küləyi hayana vurub o yana getmişik. Sizin səhv eləməyə ixtiyarınız yoxdur.

Mehdi Hüseynin sözləri fikrimdə dolandı: “...Müstəqil olmağı bacarmalıdır”. Atam da bu fikrin təsiri ilə danışırdı. Bunu onun sonrakı hərəkəti də göstərdi. Məktubu mənə qaytarıb gülümsündü:

- Al, öz kağızını özünə yadigar verirəm, - dedi.

Mən başa düşdüm ki, əslində yazıçının sözlərini və özünün bu sözlərdən çıxarışını yadigar verir.

O gündən başlayaraq, hər səhər yuxudan oynananda “müstəqil” sözü mənimlə bərabər oyanır, bir də yatana qədər rahatlıq vermirdi. Həmin sözün təsiri ilə bir gün nəhayət qərara gəldim: o vaxta qədər nə yazmışdımsa, hamısını cırıb Semyonovkanın başının üzərindəki dağ döşündən üzüaşağı havaya sovurdum. Çünki bunların hamısı oxuduğum kitabların təsiri ilə yazılmışdı. Tək biri, indi düşünürəm, Sarı yoxuş deyilən yerdə menşeviklər tərəfindən güllələnmiş əmilərimin faciəsini təsvir edən “Qanlı yoxuş” adlı povest həyat materialı ilə fərqlənirdi; o faciənin təfsilatını bir dəfə atla Dilicana gedəndə yolda atam mənə danışmışdı. Bunu yaz demiş, mən də yazmışdım. Lakin yadımdadır, dəftər vərəqlərini havaya sovuranda o povest üçün də qətiyyən təəssüflənmirdim. Mən özüm özümə qələbə çalmışdım.

Üç il sonra “İnqilab və mədəniyyət” jurnalında ilk mətbu yazım çap olunanda və Mehdi Hüseyn jurnalın bir nüsxəsini mənə bağışlayanda yuxarıdakı əhvalatı ona danışdım.

- Müstəqillik mənə çox baha başa gəldi. Üç il idi heç nə yazmırdım, - dedim.

Onun bir cür gülməyi – başını arxaya atıb qısaca “ha-ha eləməyi vardı”. Bu cür gülüb, mənim əlimdəki nüsxəni aldı.

- Sən elə bilirsən tamam orijinal şey yazmısan? Bu cümləni hardan çırpışdırmısan? – Jurnalı açıb altından karandaşla xətt çəkilmiş sözləri göstərdi: - “Göy soğan kimi xışıldayan yumşaq ot...” – Bu, mənim vaxtı ilə məhv etdiyim hekayəmdən yadımda qalmış sözlərdi ki, üç il sonra bir qədər başqa şəkildə gəlib bu oçerkə düşmüşdü.

Mən ədibin yaddaşına heyrət edirdim. O isə gülümsəyəndə zəhmini dərhal itirib çox yapışıqlı, hətta uşaq kimi məlahətli olan sifətlə başını azca yanakı tutub məni süzürdü.

- Plagiatlıq eləmisən, aşna. Yazıçının özünün özündən oğurlaması daha pisdir. Bu o deməkdir ki, təzə təşbeh tapa bilməmisən, köhnə baqajına əl uzatmısan. Mənim yaşımda bunu bəlkə də bağışlamaq olar. Sənə - yox. Hə, di get, jurnalı suya sal, suyunu iç!

O məni qapıya qədər ötürdü, arxamca baxıb, yenə “ha-ha” elədi.

- Ə, yerişin nə tez dəyişdi... – Qəhqəhə çəkib: - Yox, balam, səni özbaşına buraxmaq olmaz. Hərdən gəl, qağan səni maarifləndirsin, - dedi.

Daha üç il keçdi. Bu müddətdə Mehdi Hüseyn məni doğrudan da “özbaşına” buraxmamışdı. “Bizim qızlar” adlı ilk povestimi altı dəfə müxtəlif formatlı kağızlara köçürməyə məcbur etmiş, yalnız bundan sonra çapına razılıq vermişdi. Bu heç də xüsusi qayğı əlaməti deyildir. Mehdi Hüseyn ədəbiyyata “kommersent” gözü ilə baxmaları, özünün dediyi kimi “ana bətnində pozulmuş” gəncləri çəkinmədən qəzəblə damğalayır, ədəbiyyata saf ürəklə, qayə ilə gələnlərə isə həssaslıqla, qayğı və tələbkarlıqla yanaşırdı. O, məni bu gənclərdən biri hesab edirdi. Lakin bir hadisə tezliklə onunla mənim aramda xüsusi münasibətin yaranmağına səbəb oldu.

Əlli üçüncü il oktyabrın iyirmi ikisində mən ilk kitabımın ilk nüsxəsini paketə qoyub kəndə - atama göndərməyə hazırlaşarkən oradan “molniya” teleqram gəldi: “Atan can üstədir, təcili gəl. Xanbaba.”

Rayondan qayıdanda yarıbayarı kiçilmişdim. Mehdi Hüseyn məni bu vəziyyətdə görüb, evinə apardı. Lakin o, təsəlli verməyi bacarmırdı. Mənim doqquz nəfərlik külfət içində qaldığımı biləndə, hərdən dediyi tək – tək sözlərə də ara verdi. Rəngi qaraldı. Bu halda siqaret çəkə - çəkə stolunun arxasında bir müddət oturduqdan sonra dikəlib üzümə baxdı. Bu dəqiqəni heç vaxt unutmayacam. Çünki həmin bu dəqiqədə mən Mehdi Hüseynin xarakterini duydum və onu ömürlük sevdim.

- Bura bax, İsa, mən qoymaram sən qələmini külfət saxlamaq üçün işlədəsən. Mən səni oğulluğa götürürəm. Əbədi oğulluğa... Məni düz başa düş. Pis əsərinə yaxşı deməyəcəm. Yaxşısına da pis deməyəcəm. Ağıllı əsər yazsan, hücumlardan qılıncla qoruyacam... Slovom, mən səni oğulluğa götürdüm.

O, bu sözləri öz adi səsi, sakit qətiyyəti ilə dedi. Ancaq bu sözlər and kimi səsləndi. Mən heç nə deyə bilmədim. Riqqətlənmişdim. Bir də hiss etdim ki, mənim təşəkkürüm hər şeyi korlaya bilər. Ədib isə yəqin ki, mənim kövrələcəyimdən ehtiyatlandı, gözlənilmədən zarafata keçib, axır illərdə tez – tez mənə sataşanda işlətdiyi sözləri təkrar etdi:

- Ə, müstəqilliyini əlindən almıram ki? Mən də zarafata keçdim:

- Yerli – dibli aldınız, - dedim, - bundan sonra səhv addım atsam, qorxuram Taras Bulba kimi hərəkət eliyəsiniz.

Bu, ona ləzzət verdi. Gülüb, gümrah səslə:

- Ne isklyuçayetsya!

Bu vaxt Fatma xanım, yəqin ki, ərinin səsini eşidib və bizim nəhayət, yas əhvali – ruhiyyəsinə qalib gəldiyimizi başa düşüb kabinetin qapısını açdı.

- Nə olub, a qazaxlılar, bir – birinizə difiramba oxuyursunuz, ya çırpışırsınız?.. İsa, sən bu Mehdiyə çox da inanma ha, dost – dost deyə - deyə bir də görəcəksən tənqid qılıncını çıxarıb, düşüb üstünə. – Fatma xanım da zarafatyana danışırdı. – Ən yaxın dostu Səməd deyil? Mən olmasam Səmədnən heç bircə gün də yola getməz... – Aydın görünürdü ki, ərlə arvad arasında bu mövzuda nə isə söhbət olmuşdu. Elə buna görə də ədib bir qədər tutuldu.

- Fatma, kompromis dostluğun qəddar düşmənidir, - dedi. – Şəxsi münasibətlərdə güzəşt olar. Bunsuz keçinmək çətindir. Ədəbiyyatda güzəştə getmək mənəvi bankrotluqdur.

Başqa münasibətlə danışsa da, hiss etdim ki, ədib bu sözləri həm də mənə eşitdirir; mənim cibimdə Qorki adına İnstitutun diplomu olsa da, həqiqətdə ədəbi tərbiyəm hələ təzə başlanırdı.

Xudahafizləşib çıxanda ədib məni bu sözlərlə yola saldı:

- Bundan sonra xüsusi dəvət gözləmə.

O vaxtdan Mehdi Hüseyn mənim əlyazmalarımın birinci oxucusu və amansız tənqidçisi oldu.

Tezliklə o, özü mənə bir qovluq verdi ki, oxuyub fikrimi söyləyim. Bu, “Səhər” romanının bir hissəsi idi. Bizim dostluğumuz belə bir zəmində - sırf ədəbi ünsiyyət zəminində yaranmağa başladı.

1969

# 3110 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #