ey dili qafil fil faili məchul fani f....
zinc döyüb işıq yaxacam niyə qaranlıq şahım
Sərmayə əsarətindən qurtulub özünün əlindəki qəddar kapitalını qapdırmamaq üçün sufi bürüncəyində “mərhəmət işığını” dünyaya səpələyən bu göreşən zümrənin zınqırovlu zənbilində əslində zibildən başqa baş yazı ola biləcək “biclik” bülbülünün “qanlı nalələri, əfğanları” sinə parçalayıb göz yaşlarının sellənişindəki səslənişə bais olarkən, “mən sizi başa düşürəm, amma belə etməyin” hayqırışına hayıf qıran, hayıf çıxaran bir çaxnaşma çiləsində mənə yaraşdırılan “barbarlığımı” cilalamaq istəmirəm.
İstiqrarlı olmağınıza təminat Təmkinlə Verildiyi vergüldən sonrakı gününün başlanğıcında başını busəylə bəsləyən bəsirətlə bəxtinin Buxarısında buyrulan o tənhalıq dolu dəlilləri din adlı əmanətlə ələyib arıladan, aylı bir gecədə suların üzərinə sakit sehriylə sərilən sədaqətini varlığımda itiləyən o ölüm mələyi mənim müşküllərə millənən (mərasimlərimi) məsafələrimi öz iqtidarı altına aldığından əlimi qaldırıb qaybın qaysaqlanmış qiyamətinə uzadıram.
Bir saray inşaaaaaasının torpağı üzərində üzünün izinə düşüb dövranın döyüş çəlləklərində cahilliyini saxlayanlara azar-azar baxaraq qılı qırx yaran naləsini yeri gəldiyində işə salan nigarançılığını nisyə bilib bəraətini ilkin izahıyla isladan, o yoxsul yaxasındakı yoxuşlarda yıxılıb dursa da, geri çəkilməyən, cənnətin cəhalət dolu cariyələriylə cilə çıxaracağını düşünən bu mərasimpərəstlərin məkirli mənzillərində mənim müsafirliyim heç bir nəfəs həcmi qədər hücumda da həddini aşmaz, bayım....
lay-lilay
ey dili qafil fil faili məchul fani f....
mən danışsam ölər padişahın qızı...
günəş elə biləsən kainatın bütün ağırlığın yüklənib gətirir
kainat günəşə yumaq kimi sarılıb
bu sabah çıxıb üfüqə
aşağıda Azərbaycan işıq yurdu adında bir ölkə
köləlik zəncirini qırıb o da öz haqq ipliyiylə sarılsa bu günəşə
bu dağlar bu çöllər
elə bu meşin qoxulu bu meşə
nədən qucaq açıb hər addımda cəsədə ölüyə leşə
avropa ova çıxıb bu torpaqlarda
məni parçalayır şeytanları tapınaqlarda
günəş ağırlaşıb sanki düşəcək yerə parçalanacaq odlu kürə
qaf dağında
kür araz ovalığında
şumerlərin oğuzlara keçən qanında
min bir adı itir işığın gülün
atını minib sinəsindəki sazla çəkilir göylərə aşığım
ay adıyla mizrabı göz dağıdır başım üzərində gecələr
azıx mağarasında yolunu azmış yad düşüncələr
nəfəsindəki yazılarıyla yadıma düşən ərənlər
qeybdən sızan bir səslə varlığımı doğrayırlar:-
“balıqmı tuturlar günəşi gözümüzə salıb işıq tilovlarıyla?”
alay lilayla dalay lilayla dalay lilayla
lilay layla lilay layla lilay layla layla
qadin
ey dadi bidad danəndə dəhan dərviş d...
məzən olsun ey şah...
hanı sənin bərəkətin
skif
şumer
hun qanını bərk bərk tutan bətnin
qanın ən al-ını tənində gizləyib sehirləyən
qınansa alnının ağlığıyla gizildəyib şehlə üzünü yıxayan
şəhla adlı o dilbər yalnız şah oğlunun barmaqlarını toxundurub sinəsinə
doqquz aylıq ağrısını bayrağına toxuyub laylasını yayar ipəyinə
savaşdan dönən ərin yapışıb atının cilovundan
üzü yuxarıya baxar
gözləri igidinin gözlərini bir cüt tac kimi qaldırar göylərə
sonra da başına qoyub keçər yuvasına içəriyə
ər döyüşər
xatun qazanar savaşı
ər döyüşər
xalqın aşı bişən qazanının başındakı arvadı qazanar
belədir Xaliqin qız başına açdığı oyun
gecə nəyə yarar qurd ulamazsa yurdun qapısı ağzında
ulamazsa və səsi işləməzsə qundaqdakı yavrunun qulağında döyünən adına
yurd qapısının ağzı ayın nurundan daman keçiddir derlər
bizə gələn ordan keçər
bərzahdan gələnimiz də əli nizəli ayın nuru olan yurd qapımızdan adlar bətnlərə
bəyliyimiz yerindədir
bəyliyimizi bəyənənlər də yeddi qatımızdan keçərsə ruh titrədər can inlədər
çıxılanımıza üzülər cəmimizə baş əyər
özünü hasilimizlə biləyər varlığımızla itiləyər özünü
hekayəmi ovlayım
ey dili qafil fil faili məchul fani f...
padişah baxsa pəncərədən inanmaz gördüyünə...
nə arxivlər nə bəlgələr nə əlyazma savaşları
tarixin gün düşməyən qaranlıqlarında ağzı bağlı hədələr
hələ də boğçasında qat kəsmiş bilməcələr
çalxantılar arayışlar sonu gəlmiş gülüşlər
edam öncəsi üzündə tutqun buludların haşiyə çıxması
gözlərin irilərək zilləndiyi fələklər
üzüntü həngaməsi səs çıxarmayan mələklər
arasam içimdəki burulğan dolu cəhətlər
məni ki tanırsınız səsim ahəngə xilaf
məni ki səs biləli avaz qırtlaqda tiyəm
aha bəyliyim həssas azar qırmış biçarəm
ahuları bəyənən hansı zərdir pərdəsiz keçərəm
bulud suya su torpağa hikkəsini qandırır
bu sualı sil aparım hekayəmi ovluyum
qoy üşənən mən olum göyü dinşəsin halım
hiyləmi əsirgəsəm yenə yerdə mən olum....
köksümdə dəmlənər
1. ey dadi bidad danəndə dəhan dərviş d....
2. qaz vurub qazan dolduran şahdır da...
3. nə zamansa axar su olduğumu bilirəm
4. azmanca bir sura səs soluğuyla dolduğumu
5. bölürəm vaxtımı keçmişə düşəni nəşəmdi
6. gələcək göyə çəkilmiş şəklimlə kəmdi
7. yol ayrıcında ucunda baş yellənən nizə
8. izimə saldığı artığı udub div meşə
9. bu səslər qulağımdan yönəlir ağlıma
10. ağlama deyirəm lağımdakı maymağa lağlağıyla
11. dönüb gedirəm dirilir canımda su səsi
12. döyülüb gəlirəm div gəlib içimdən su içir
13. öyünmək gülüşdən betər suçumu çəkir
14. çimir getmir gözümə qan tər eyzan kirdir kir
15. başımın üstündə böyürür ay böyüyür
16. yuyur uyğumi su məni quş olmağa qoymur
17. çəkir altdan çəkir üstdən tarımam
18. tarının simləri suya düşmüş hərcayiyə
19. başımı itirsəm it hürsə kürsümə
20. köksümdə dəmlənər əzilən nilufər
21. fil gələr lərzəsin əsdirib hönkürər
22. kərəmi kiridən də var kərəmi ağrıdanı bir sor
23. qurşanıb qılıncın qaftanı eyzan tən malı
24. sualı vəbalıdır bu alpların ağrısnın...
gül
ey dili qafil fil faili məchul fani f...
deyin padişaha şam yandıracam...
bir gülü görməyimdə mədəniyyət işvəsi oynar
bir gülü görüb durmağım göyləri bu işə qatmağımı demirəm hələ
gətirib töksəm dibinə qıvrılar içindən su
su rənginə dönüşər gülün su rəngi güldən alar
indi ona toxunsam bütün yalnızlıqlar oynar yerindən
ya özümü tox tutsam yanğın başlar ürəyimdən
bir gül baxçada mədəniyyət deyib durur
nəfəsimi kəsir gözlərimi yumur dodağımı tikir
beləcə sükut vurur üzərimə içimə qaytarır var-gəli
qırx keçidimdə saxlayır məni yeddi yerimdən əyir
ərzin nehrlərini axıdır sorağına
bu gülü gör qafil, məni sonra qına
bu gülə yaxınlaşsam bir addım da nə olar görən
yerinmi göyünmü haqqına girdiyimi bilmirəm bilmirəm
əyilib qoxlasam bütün qisasımı dünyadan alıram (demək) ələk-vələk
əyilib qoxlasam bütlər yıxılası bütlər dağılasıdı
gül varsa qarşımda gözə almışam hər şeyi deməkdi
gülü gördüm gülü
içimdə mədəniyyət şahlandı
gül elə açıb elə pardaxlandı
dərmədim əlim havada qaldı
mən təslim mənliyim təslim mənəmliyim təslim
paris təslim london təslim tel-əviv təslim
cana sızan
ey dili qafil fil faili məchul fani f....
padişaha bəxşiş olarmı yavruların göz yaşı...
nəydi hüzünlərə vurulub ayrılıqlara düşkün işığa güvənc
düşüb də gizlinlərə sirr bükülüb yeddi qat
gəldim min bir rəng bərrakladan nurların qovha qovunda
yerə minnət torpağa sitəm dünyaya giləm
bir giləydim hədəfim hərdən bir sapıtanda qaragözlü qaplanların qırımından
ovları buraxdığım olurdu ovalarda onda ovulurdu mənim məndə qan adlı obam
yıxılnınca əllərim tökülərdi böyür başımdan
qalxınca min budaq kimi şaqqıldardı sümüklərimin ahəngi
yox belə bir gülün tikanıyla dialoqu keçmədi şeirlərin sözlərdən qalma şəhadətinə
yox beləsi
əsla olmayacaq da
titrək yanaqlarında aləmlər hansı üzlə sirrini açır Adəmin ədəbinə
mənə düşən gözlərimi açmaqdı
bu da bir qıpçaqlıqdı bu da bir alaçıqd bu da dünyaya bir qılıqdı qalıqdı
istər çöllər yığılsın bir gülə sonra baharda çıxsın tumurcuğundan göyün altında boşluq oyalasın
məni çıxarsın seyrə dursun pışvazıma pəri qızlarının suların başındakı qılıqları
məni salsın eşqə
məni salsın eşqə bir göylə bir yerin cana necə sızdığını görsün
eşşək dərdi
ey dili qafil fil faili məchul fani f...
istəyirəm eşşək olam ey padişah..
elə başımı qaldıran kimi eşşəklərdən yazıram
bu ölkədə başqa heyvan yoxmu
bəlkə də küləkdə aşqa ayrılan yoxluğam
elə isə ya əxi bu eşşəklərdən niyə yazmağa hazıram....
əlli isə yüzə qaldırıram... qafalarının içini qazıyıb payalara keçirir hasarlardan asıram
eşşək hara eşşək mövzusuna şərik çıxmaq hara
mən təbiətlə yarışa bilmərəm
yarışa bimərəm bu qanqal bitirən çöllə bu anqırtı yayan dərəylə
yarasa bəsləyən bir qalada bitlənən çalağan da axırda ayılır dərddən....
eşşək anqırsa da səsini unudur
eşşək xoruz deyil ki anqırdığı vaxtı bilə vaxtı köçürə yaddaşına
(payı axurda qalıb ...ona nə var sultanın da taxtını kiçildir yaradılışında...)
şəhər aşıb daşır
şəhər aşıb daşır onların yerişindən onların duruşundan
səslərindəki o hicran günlərindən qalma sinə parçalayan hədə
qoymur yaxınlaşaq yurda
qoymur keçək mətləbə....
badə nə badə badə nə badə...
özü gəzir şəhərdə səsi qalmış olar dərədə..