Kulis.Az Qan Turalının “Telefon” şeirini təqdim edir.
mən indi Nokia 6210-am
sənin cib telefonunam
70 dollara aldın məni
o an elə sevindim ki,
işi-peşəsi qəzet satmaq olan uşağın
lotereya udması kimi
başımda cinlər oynadı
cin kartını taxdın mənə
sevincdən bütün bədənim titrəyirdi
sandın vibrasiyam işə düşdü
elə o gündən sən hər telefon açanda
titrəyirəm
sən də bunu vibrasiya sanırsan
ilk görüş
hər görüşümüzdə
barmaqlarınla düyməmə basıb açanda
işığım yanıb sönür
ilk görüşümüzü xatırlayıram
o zaman
göz vurmaqla başlamışdı hər şey
hər görüşdə salamdan əvvəl
göz vurmağa adətkər olmuşduq
indi yalnız mən
keçmiş günlərə sadiqəm
bax hələ də yanıram və sönürəm
ilk müşahidələr
qəribədir
elə ilk görüşümüzdə
səni satıcı oğlana qısqanmadım
ona qarşı gülümsəməni bağışladım
əvvəllər belə şeylər içimi qəzəblə doldurardı
telefonlar sevə bilər
amma qısqanclığın nə olduğunu bilməzlər
deyə bir fikir keçdi ağlımdan
yanıldım!
hər dəfə birlikdə şəhəri dolaşanda
telefon dükanlarında telefonları görürsən
ya da rəfiqənin
yeni model telefonuna həsrətlə baxırsan
içimdən qara qanlar axır
düymələrim bloka düşür
amma tez açılıram
barterdən qorxuram
ilk danışıq
səninlə birlikdə olmaq
nə qədər əzizdir mənə
amma ən çox
sənin mənimlə danışmağını sevirəm
çünki bu zaman əllərin korpusuma
yanağın ekranıma toxunur
qara saçlarının arasında yuva qururam
qulağına toxunuram
özümə sığınacaq tapıram
bu qaranlıq dünyada
ilk tanışlar
çantanda darıxıram
universitetin
altıncı mərtəbəsinin koridorunda
lap küncdə
pəncərənin yanında
sən ağlayan zaman
əlimdən alıb gözyaşlarını sildiyim
selpaklarla söhbətləşirəm
oriflame pomadan qoşulmur bu söhbətlərə
onu əvvəldən sevmədim zatən
dodağını gizlədərdi məndən
gəzinti
sənlə birgə yeriməyi
gec öyrənmişdim
çünki sən maneken ədasıyla
mənsə poçtalyon təlaşıyla
gəzirdim bitməyən yollarda
indisə belə problem yoxdu
məni sən daşıyırsan
o qədər də ağır deyiləm
cəmi 114 qram
xəyanət
günlərim xoş keçir
telefonların elektron dünyasında
amma bəzən gözlərimin önündəcə
mənə xəyanət edir
onunla eyni yatağı bölüşürsən
belədə təəssüf dolur içimə
fotoqraf makinam olmadığına görə
bu anı yaddaşıma kopyalayar
sənə olan nifrətimin mənbəyinə çevirərdim
bacarmıram
bəlkə yaddaşım az olduğuna görə
sənə nifrət edə bilmirəm
ilk etirafım
sən yemək yeyərkən zəng gəlir mənə
rafetin sürgününü mızıldanıram
məni qaldırır
Yes düyməmə basırsan
sevindiyimdən
fikir vermirəm bədənimə yapışan
yemək qalıqlarına
yağa və una
üstünü unlu görüb mənə dəyirmançı bilmə
məsəli belə yaranıb məncə
bir də
telefon deyil
abonent olduğum dönəmlərdə
baş verən bir hadisəni xatırlayıram
canlı bir insan kimi zəng etmişdim sənə
sənsə yemək yeyirdin
köklüyündən, çox yediyində söz açmışdın
mənsə belə də gözəlsən demişdim
səmimi idim sözlərimdə
səni belə sevirdim
indi kimsə demir bu sözləri sənə
telefon Allah şahidi
ancaq hər həftə səni nərmə-nazik qızlarla
dəyişərdim bir neçə saatlığa olsa da
yenidən sənə dönürdüm
görünür məni sənə bağlayan
köklüyün deyilmiş
avtobusda
birlikdə avtobusa minirik
istidən və basa-basdan tərləyirik
üstəgəl
səni görə bilmirəm
elə vaxt olur ki,
yanındakı oğlanın cibgir olmasından şübhələnib
məni əlinə götürürsən
sevinirəm
elə bil limitsiz internet yükləyiblər mənə
düzü xoşuma gəlir
bulaşmaq əlinin tərinə
metroda
metroya enirik
qaranlıq tuneldə
əhatə dairəsindən çıxırıq
ancaq ən çox bu saatlarda sən
yalnız mənim
əhatə dairəmdə olduğunu bilmirsən
guya nəyi bilirsən ki....
nağıllar dinlərkən
öz özünə kitab oxuyursan
mən də xəlvətcə qulaq asıram
gülməlidir keçmiş zamanlarda
sevgililər daşa dönərlərmiş
ayrılanda
nə qədər bədbəxt imişlər
telefona dönmək imkanları yox imiş
darağa dönüb
sevdiyin saçlarda gəzmək
imkanı varsa
nəyə yarar
daşa dönüb çöldə yatmaq
hər nəsə
onları yarğılamaq bizə düşməz
qaliblər və daşlar yarğılanmır
elə telefonlar də
son
sevgilin ola bilməsəm də
cib telefonun olmaq
qəlbimə təsəllidir
amma sənin xəbərin yox sevgilim
xəbərin yox
xəbərin yox…
2005