Kulis tanınmış şairə Sevinc Elsevərin yeni şeirlərini təqdim edir
Pəncərələrdəki ağ bayraqlar
axşam yeməyindən sonra
süfrəni yığışdırıb
pəncərədən çırpmaz
çörək qırıntılarını atmaz
bizim elin qadınları
çocuqlarının gecəgözü
yavan-yavan
gəvələyib yerə tökdüyü
çörək qırıntılarını
diz atıb əlləriylə dənləyər
səhəri gözləyərlər
evdən zibil çıxartmazlar
qonşuya ağartı verməzlər
evlərinin bərəkəti qaçmasın deyə
amma yenə nəsə kəm olar süfrələrində
xiyar doğrasalar salatlarına
pomidor qalar
pomidor doğrasalar
xiyar
qarpız kəssələr
yemiş olmaz yanında
yemiş kəssələr
qarpız
bəzilərində heç biri olmaz hətta....
səhər ki açıldı
pəncərələrdən
ağ bayraq kimi dalğalanar süfrələr
yoxsulluğa ağ bayraq qaldırarlar beləcə
bizim elin qadınları....
Quşlar
Damında quşlar gecələyən evlərimiz vardı
Quşların civiltisiylə yuxuya gedərdik
Layla kimiydi...
Pişiklər dırmaşırdı damlarımıza
O quşların yuvalarına hücum çəkirdilər
Seyrçi qalar
Bir şey etməzdik...
Bizə sığınmışdılar oysa
Bizim evimizə
Sonra
Yandı
Uçdu
Dağıldı evlərimiz qanlı döyüşlərdə
Quşlar pırr eləyib uçdu damlarımızdan
Yuvalarında ətcə balaları qaldı...
İndi qaçqın kimi sığındığımız böyük şəhərlərdə
Quş damı boyda evlərimizdə
Quş səslərinə həsrətik
***
Dəyişən təzyiqim kimi
Nə düşməyini istəyirəm
Nə qalxmağını
Mən dayandığım pillədən
Aşağıda olanda sən
Özünə inamını itirirsən
Yüksələndə
Mənə olan inamını...
Hər zaman bərabər qalaq istəyirəm
***
Alma kimi ismətlidi
Bizim elin qızları
Öpüb-dişləməmiş qızarırlar...
***
Çocuqluğumuzda
Bizə danışılan nağıllarda
Şişman olurdu zəngin xanımlar
Şişdikcə qəddarlaşır
Ögey qızlarını daha çox ağladırdılar
Amma indi
İştahsız çocuqlarının boşqablarındakı
Yemək artıqlarını atmağa
İsraf etməyə əli gəlməyən
Yoxsul ev xanımları
Evlərinin həm pişiyi
Həm iti olurlar...
Çocuqlarının qarnına yeyirmiş kimi yeyirlər
əlləri gəlmir çocuqlarının payını
küçə itlərinə yedirməyə
eyinlərinə deyil televiziyaların
arıqlama proqramları
“Adım Aişədi”
“Adım Rövşəndi” deyib boşqabı aldadırlar
Çocuqlarının adını çəkərək...
özgəsinin payını yeyənin
dilinə pay çıxar deyirlər ya
bizim yerlərdə....
Çocuq da inanır az qalsın
Yeməyi özünün yediyinə....
Çocuqlarının yarıda buraxdığı hər işi
Boynuna çəkməyə
Qaldırmağa gücləri yetməyən
Hər yükü çəkməyə
Razıdır analar...
***
Qan azlığından əziyyət çəkən
Hamilə qadın
Hər gecə yuxudan üşüyərək oyanıb
əriylə oğlunun açılmış üstünü örtür
yuxularına hər gecə ağappaq qar yağır
qar kraliçasına dönür
qan azlığından əziyyət çəkən hamilə qadın....
***
Ayağındakı köhnə çəkələkləri
Məktəbli çantasının arxasında gizlədən qızcığaz
Bilirdi bu çanta bu gün olduğu kimi
Sabah da
Saman çöpü olacaq ondan ötəri
Düşdüyü qəm dənizində
İçindəki kitab-dəftərlər onu batmağa qoymayacaq....
Süpürülüb atılan kədər
təzəcə kəsdirdiyi saçlarının
ona çox yaraşdığını söylədi hicablı rəfiqəsi
ustasını təriflədi
“hansı ustaya saçlarını kəsdirdin” - dedi
“mən də saçlarımı kəsdirmək istəyirəm”....
“sən özün də saçlarını kəsə bilərsən
hansısa stili neynirsən
görünmür ki saçların sənin” -
güldü saçlarını kəsdirən qadın
bir az acımasızlığı da vardı....
qızardı öncə
saçlarını gizləyən
küləyə öpdürməyən qadın
“güzgüdə gözlərimə
bir ayrı görünmək istəyirəm” - söylədi....
söylədi amma
heç biri etiraf etmədi
təkcə gözəl görünməkçün
saçlarını kəsmir qadınlar
darıxırlar
boğulurlar
bu dünyada gücləri çatan tək şey
elə saçlarıdır ancaq
dünya dağılsa
əvvəl saçlarına əl atırlar
yolurlar
kəsirlər
üzlərindən qovurlar gücləri yetdiyi qədər....
bir ömür boyu qadınlar
saç uzadırlar hədər
kəsilən saçların bir adı da kədər
gözəllik salonlarında
süpürülərək xəkəndazlara yığılan saçlar
kədərin şəklidi bir az da...
sən o kədəri süpürüb atdıqca
yenə uzanar
yenə gələr...