Ədəbiyyatda təbiət təsvirləri - Seymur Baycan yazır...

Ədəbiyyatda təbiət təsvirləri - Seymur Baycan yazır...
28 mart 2016
# 12:38

Bir çox yazıçılar təbiət hadisəsini mexaniki yazırlar. Ola bilsin mexaniki yazılmış təbiət təsvirləri adamları bezdirir. Bizim ədəbiyyatda mexaniki yazılmış, mexanikliyi cəhənnəm, çox pis yazılmış təbiət təsvirləri çoxdur. O təsvirlər ki, nə hadisəylə bağlılığı var, nə də hisslərin qabarmasına xidmət edir. Bu kimi təbiət təsvirləri, təbiət təsvirləri deyil, sadəcə sinoptik xəbərlərdi.

Bulvarda, saat qülləsinin yaxınlığında yerləşən çayxanada, açıq havada oturub çay içə-içə gənc və perspektivli bəstəkar Firudin Allahverdi ilə (Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun) söhbət edirdik. Həmin çayxanada mürəbbəsiz çay verilmir, lakin sifətdən tanıdıqlarına, köhnə müştəriləri olduğumuza görə bizə güzəştə gedirlər. Allah onlardan razı olsun!

Biz elektrik kəşf olunmamışdan əvvəl və elektrik kəşf olunduqdan sonra yaradılan sənət nümunələri haqqında danışırdıq. Firudin bəy deyirdi ki, elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələri haqqında fikir yürüdərkən, söz deyərkən çox ehtiyatlı olmaq lazımdı. Bu günümüzdən o sənət nümunələrinə baxsaq, bu günümüzün şərtlərini əsas tutub o əsərlərə qiymət verməyə çalışsaq özümüzü dolaşdırarıq, səhvlər buraxarıq. Əsərləri, o əsərlərdəki mesajları, obrazların, qəhrəmanların hiss və həyəcanları, davranışların başa düşmərik. O dövrün və bu günün şərtlərini mütləq nəzərə almaq lazımdı. Nəzərə almaq lazımdır ki, elektrik kəşf olunmazdan əvvəl gün batanda həyat bitirdi. Adamların seçim imkanı az, vaxtları çox idi. Firudin bəy deyirdi ki, müasir insanın elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələrindən öyrənəcəyi çox az şey var.

Ümumiyyətlə elektrik kəşf olunmazdan əvvəl yaradılan sənət nümunələri haqqında danışarkən Firudin bəyin danışığında incə bir kinayə hiss edirdim. Firudin bəy dünyanı iki yerə bölmüşdü; Elektrikə qədər və elektrikdən sonra. Və elektrikli dünyanın sakini kimi elektriksiz dünyanın sakinlərinə qarşı eqoist bir münasibət nümayiş etdirirdi.

Mən isə deyirdim ki, hər bir kəşfin sənətə öz təsirini göstərməsi şəksizdir. Bir mobil telefonun kəşf olunması həyatımızda nə qədər dəyişikliklər etdi. Həyatımızda dəyişiklik varsa, sənətdə də dəyişiklik olmalıdır. Lakin bununla belə hər dövrün öz cəhaləti, öz avaraçılıqları, öz əyləncələri var. Sovet zamanında da nə qədər adam var idi, səhərdən axşama qədər domino çırpırdılar, nərd oynayırdılar. Kinoteatrlarda səviyyəli, ciddi filmlər göstərəndə tamaşaçı az olurdu. Təzə hind filmi gələndə nə az nə çox düz bir həftə kinoteatra yaxın düşmək olmurdu. Bu günün də öz əyləncələri, öz avaraçılıqları var. İnternet bəzilərinə öyrənmək üçün, bəzilərinə isə avaraçılıq üçün əlavə imkanlar, şanslar yaradıb. Elə adam var telefonuna əsərlər yükləyib yolda oxuyur, vaxtını səmərəli keçirir . Elə adamlar da var ki, telefonda bütün günü oyun oyanır. Bığlı-saqqalı yekə kişilərdi kənardan balaca uşaq kimi görünürlər. Elə bil özlərinə oyuncaq tapıblar. İndi biz bütün günü telefonla oynayan, elektrkli dünyanın bu saqqalı uşaqlarını elektriksiz dünyanın fikir adamlarından, sənət adamlarından məsələn tutaq ki, Sokratdan, Aristoteldən, Servantesdən, Rotterdamlı Erazmdan necə üstün tuta bilərik. Axı doğurdan da bəşəriyyətin böyük bir hissəsi kəşflərə hazır və layiq deyil. Kəşflər, kəşflərə hazır və layiq olmayanların debilləşməsinə, avaraçılığına, hətta vəhşiliyin təkmilləşməsinə münbit şərait, fürsətlər yaradır. Hazır kəşflərə, inkişafa, tərəqqiyə sahib çıxan bu saqqalı uşaqlar ümumiyyətlə tarixdən, dünyanın bioqrafiyasından xəbərsizdirlər. Əlində son model telefon tutub, amma baş daş dövrünün başıdır. Ən son model Mersedes sürür, amma təfəkkür araba dövrünün təfəkkürüdü. Söhbət getdikcə ağırlaşırdı. Gördüm daha danışmaq imkanım yoxdu. Savadım və səviyyəm bu mövzuda danışmaq iqtidarında deyil. Boşboğazlıq etmək, söz xətrinə söz demək istəmədim. Dayandım. Susdum. Öz tərəfimdən mövzunu bağlanmış elan etdim. Elə bu anda Firudin bəy dedi:

"Ədəbiyyatda təbiət təsvirləri nəyə lazımdır? Mən təbiət təsvirlərin oxumuram, ötürürəm..." .

Onsuz da səhərdən əsəblərimə oynayırdı, bu sözlə lap məni cin atına mindirdi. Başqası desəydi yenə birtəhər udmaq, ötürmək olardı. Amma sənətlə məşğul olan bir adamın belə bir sözü dilinə gətirməsi böyük qəbahətdir. Yəqin onun kimi düşünənlər çoxdu. Elə isə fürsətdən istifadə edib, ədəbiyyatda təbiət təsvirləri nəyə lazımdır sualına imkanımız çərçivəsində, bacardığımız və ağlımız kəsən qədər cavab verək.

Əsərdə təbiət təsvirləri bir neçə səbəbdən yazıla bilər. Səbəblərdən biri odur ki, təbiət və təbiət hadisəsi birbaşa əsərin mövzusu ilə əlaqəlidir. Məsələn, qar yağıb, yollar bağlanıb və hansısa bir məkanın, kəndin, qəsəbənin şəhərlə, mərkəzlə əlaqəsi kəsilib. Yaxud duman aləmi bürüyüb adamlar çölün düzündə azıblar. Canların vahimə bürüyüb. Ya da möhkəm yağış yağıb maşın, araba, hətta inək yolda batıb qalıb. Burda gərək müəllif təbiət hadisəsini olduqca canlı, ətraflı yazsın.

Əks halda baş verən təbiət hadisəsinin insanlara təsiri, doğurduğu nəticələr, hadisələr inandırıcı görünməyəcək. Müəllif gərək göstərsin ki, doğurdan da möhkəm qar yağmışdı, yollar da bağlanmışdı, ətrafla bütün əlaqələr kəsilmişdi. Müəllif gərək göstərsin ki, aləmi qatı duman bürümüşdü. Elə bir duman ki, istəyirsən bıçaqla kəs, qaşıqla qarışdır. Ya da elə bir şaxta var idi ki, hekayənin qəhrəmanı donmuş əllərini qızdırmaq üçün yanındakı itin qarnın cırıb əlin itin qarnına soxmaq istəyirdi. Yaxud elə bir quraqlıq hökm sürüdü ki, adamlar bütün günü dua edib allahdan yağış istəyirdilər. Əgər bu quraqlıq canlı, inandırıcı təsvir olunmasa adamların elini göyə açıb allahdan yağış istəməkləri də oxucuya inandırıcı görünməyəcək.

Tutaq ki, müəllif hər hansı bir məkanda hökm sürən sakitliyi ifadə etmək istəyir. Bunu müxtəlif formalarda ifadə etmək olar. Məsələn, ətrafda elə bir sakitlik hökm sürürdü ki, yerə düşən qar dənələrinin səsi eşidilirdi. Ətrafda elə bir sakitlik hökm sürürdü ki, adam damarlarında dövr edən qanın səsini eşidirdi. Qəbirstanlıqda elə bir sakitlik hökm sürürdü ki, qəbirlərdə çürüyən sümüklərin səsi eşidilirdi. Ətrafda elə bir sakitlik hökm sürürdü ki, adam öskürməyə qorxurdu. Baxır müəllifə, onun istedadına və üslubuna. Hadisələrin baş verdiyi məkandan da çox şey asılıdır. Məsələn, tutaq ki, payız fəslidir və bağı təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: Yarpaqlar seyrəldiyindən payızlıq meyvələr ağaclarda aydın görünürdü.

Tutaq ki, qarın yağmasını təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: “Üzüaşağı ələnən qar evlərin taxtapuşuna çatar-çatmaz burulur, bu evin damına düşməli olan qar başqa evin damına düşürdü” Bəh, bəh, bəh. Bu cürə gözəl təsvirlərin ləzzətin duymayan adam bədii təfəkkürünün olmamasını qəbul etməlidir.

Tutaq ki, axşamın düşməyin təsvir etmək istəyirsən. Belə təsvir etmək olar: “Günəş dirsəklərin üfüqə dayayıb yer üzünə tamaşa etməkdən həzz alırdı. Batıb getməyə ürəyi gəlmirdi” Bəh, bəh, bəh.

Bəzən əsərlərdə təbiət və təbiət hadisələrinin təsviri hisslərin daha da artmasını, qabarmasını, coşmasını göstərmək üçün lazım olur. Məsələn, adamın qanı qaradır, işləri düz gətirmir, bir tərəfdən də hava rütubətlidir, göy üzünü qara buludlar tutub. Yaxud insanın ovqatı əladır, hissləri coşub, elə bu zaman bir quş yaxınlıqdakı ağaca qonub başlayır cəh-cəh vurmağa. Biz nə qədər yağış görürük, amma bu yağışlardan bir neçəsi yaddaşımızda qalır. Niyə? Çünki o yağışlar yaddaşımızda qalır ki, həmin yağışlar konkret hadisəylə, günümüzlə bağlıdır. Fürsət düşmüşkən yaddaşımda qalmış yağışlardan birinin nə səbəbə yaddaşımda qaldığını yazmaq istərdim. Bir yaz günü Çavçavadze küçəsiylə yavaş-yavaş üzüyuxarı addımlayırdım. Heç hara tələsmirdim. Birdən çox bərk yağış yağmağa başladı. Elə bir yağış ki, tut ucundan çıx göyə. Otuz saniyə keçməmiş küçədə adam qalmadı. Hərə özün bir yerə soxdu. Taksi saxlayan kim, dayanacağa qaçan kim, kafelərə, mağazalara girən kim…Mən heç hara girmək istəmirdim. Yağışın altında gəzmək istəyirdim. Romantikliyim tutmuşdu. Bir dəqiqə sonra fikrimi dəyişdim. Gördüm yox bu yağış altında gəziləsi yağışlardan deyil. Balaca bir geyim mağazasına girdim. Dedim gəlmişkən özümə bir-iki futbolka da seçib alim. Bu mağazada maraqlı futbolkalar satırdılar. İki futbolka seçdim. Heç geyinib yoxlamadım. Böyük olmağının zərəri yoxdu, balaca olsaydı da kiməsə hədiyyə verəcəkdim. Futbolkanın pulun ödədim. Bir az artistlik edib çox mülayim bir səslə satıcıdan soruşdum : Yağış kəsənə qədər burda dayana bilərəm? Satıcı dedi: Əlbəttə, əlbəttə! . Bu zaman bir qız qaçıb mağazanın qapısı önündə dayandı. O, tamam islanmışdı. Satıcılar qızı içəri çağırdılar. Qız mağazaya girib satıcılara təşəkkürün bildirdi. Onun uzun qara qaşı, ağ sifəti, qara gözləri vardı. Boyu uzun, beli incə idi. Elə bil şərq şairlərinin qəzəllərindən çıxmışdı. İslanmağı onu daha da gözəlləşdirmişdi. Hələ onun yağışdan islanmağına reaksiyası…Bu reaksiyalara dözmək nə qədər çətin idi. Heç bir igidin ürəyi bu hərəkətlərin qarşısında tab gətirə bilməzdi. Qız elə bil yağışdan islanmağına təəccüblənmişdi, sanki hamı yağışdan islansa da bu islanmalı deyilmiş. Köynəyi islanıb bədəninə yapışmışdı. Saçlarının ucundakı yağış damlaları parıldayırdı. Gözəllik məndə depressiya yaradır. Gördüm daha bu gözəlliyə dözə bilmirəm. Elə bil ürəyimi məngənə arasına qoyub sıxırdılar. Çıxdım bayıra. Dedim bu ağır işgəncədənsə sətəlcəm olub ölmək daha yaxşıdı. Bir neçə gün o gözəlliyin yaratdığı depressiyadan çıxa bilmədim. Belə anları yazmaq da əzabdır, yazmamaq da.

Təbiətin hisslərlə, hisslərin tebiətlə əlaqəsinin gözəl nümunələrinə Yanusari Kavabatinin, Buninin, Şoloxovun, Paustovskinin əsərlərində tez-tez rast gəlinir…

Bir çox yazıçılar təbiət hadisəsini mexaniki yazırlar. Ola bilsin mexaniki yazılmış təbiət təsvirləri adamları bezdirir. Bizim ədəbiyyatda mexaniki yazılmış, mexanikliyi cəhənnəm, çox pis yazılmış təbiət təsvirləri çoxdu. O təsvirlər ki, nə hadisəylə bağlılığı var, nə də hisslərin qabarmasına xidmət edir. Bu kimi təbiət təsvirləri, təbiət təsvirləri deyil, sadəcə sinoptik xəbərləridi.

Məsələn, ədəbiyyatımızda bu cürə başlayan hekayələr kalandır: gün çıxmışdı, günün şüaları adamın gözünü qamaşdırırdı. Bəşir kişi əlini gözünün üstünə tutub təpələrə baxdı… Yağış yağırdı. Xosrov kişi əlində balta yağışa baxırdı... Bu təsvirin heç nəyə aidiyyatı yoxdu. Sonra Bəşir kişi gedib bostanda qarpız yığır. Xosrov kişi də sobanın qırağında oturub çay içir. Cəmilə bulvarda gəzirdi. Dalğalar sahilə yaxınlaşıb geriyə qayıdırdılar... Mizoppa dənizə baxırdı. Yağış yağırdı... Külək əsirdi...Heç nə, eşidiblər ki, hekayədə təbiət təsvirləri olmalıdı oturub belə quru, dəxilsiz təsvirlər yazıblar. Belə təbiət təsvirlərin oxuyanda bir yaşlı tanışımın sözlərin xatırlayıram. Adam deyirdi ki, vallah mənim qadına zada ehtiyacım yoxdu, prosta eşitmişəm qadınla olmaq lazımdı, mən də oluram.

kultura.az

# 1211 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #