Tapmadım aləmdə bir həmdəm “Klassik şeirlərimiz”

Tapmadım aləmdə bir həmdəm  “Klassik şeirlərimiz”
6 may 2014
# 10:53

Kulis.Az daha bir layihəyə start verir. Adı sadədir: “Klassik şeirlərimiz”. Bu layihədə hər dəfə oxucularımızı bir unikal Azərbaycan şeiri ilə tanış edəcək, yaxud həmin şeiri təkrar yada salacağıq. Həm də biz burada “Klassik” sözünü təkcə qədimlik mənasında götürməyib onun bütün məna çalarlarına nüfuz etməyə çalışacağıq. Yəni, seçdiyimiz şeir zamanına görə deyil, bədii dəyərinə görə əhəmiyyət daşıyacaq.


Başlayaq...

İlk nümunə Səməd Mənsurun (1879-1927) “Həpsi rəngdir” şeiridir. Şeir insanların və cəmiyyətin riyakarlığına, ikiüzlülüyünə həsr olunub. Ümidsiz və qüssəli olsa da mübariz ruhu ilə adamı valeh edir. Əslində ən böyük inam da elə mübarizədədir.

Xoş mütaliələr!

Həpsi rəngdir

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir,
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

Görmədim bir zərri-xalis buteyi-nasutdə,
Mənəvi min ləkə gördüm ləldə, yaqutdə,
Biqərəz insan olur görmək fəqət tabutdə,
Bilməzəm varmı sədaqət aləmi-lahutdə ,
Azma, fikrim, cümlə ecazü kəramət rəngdir.

Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,
Var isə insafı şəxsin, dinidir, imanıdır,
Bədnihad insanların öz nəfsi, öz şeytanıdır,
Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,
Mabəqi övhamdır, şərü təriqət rəngdir.

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,
Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,
Dedim: əyyaş olmalı, ta gün keçə mötad ilə,
Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,
Anladım ki, zöhdü təqva, eyşü işrət rəngdir.

Qıl təsəvvür bir daha şairlərin xülyasını,
Aşiqi-zarın başında seyr qıl sövdasını,
Qəbri aç, göstər ona Şirinini, Leylasını,
Bir ayılsın da, düşünsün gördüyü röyasını,
"Bax", deyir "həqqi bütün eşqü məhəbbət rəngdir".

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,
Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,
Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda,
Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,
"Məslək"ə isnad edər, məslək, dəyanət rəngdir.

Bilmədim neyçinmiş aləm, bunca da yəsü ələm,
Zövrəqi-ömrün mühiti vərtəban, dəryayi-qəm,
Böylə halda kimsədən bihudədir ummaq kərəm,
Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,
Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngdir.

İndi ki, mümkün deyil aləmdə olmaq kamyab,
Ey gözüm qurbanı, saqi, ver genə sağər şərab,
Ver genə sağər şərab, ey saqiyi-alicənab,
Bəlkə badənlə edə Mənsur rahət iktisab,
Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngdir.

# 3345 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər