Kulis.Az “Yeni imza” layihəsindən Ülvi Bahadırın şeirlərini təqdim edir.
Andiçmə-Hesablaşma
And olsun Xeopsun ən narın qumuna...
Səhər ayılıb görəcəksən ki, əllərin səni sillədən çıxarıb...
...qapını çırpıb çıxıb gedib.
Ayaqların daha yaxşı yollarda irəliləmək üçün
Sənin lazımi yerinə bir təpik ilişdirib özünə bədən axtarır... yarmarkalarda.
Gözlərin qalacaq yerində... narahat olma.
Amma məncə ol!...
Çünki gözlərin görəcək...
...yetişən ayaqların, tutacaq əllərin olmayacaq arzularını.
Qulaqların da qalacaq...
Hər gün söyəcəklər söyülməli yerlərinə...
Nə ayaqların olacaq ki, səni söyənə çatasan...
...nə əllərin olacaq ki, ona bir taraz yumruq ilişdirəsən.
Bir sözlə heç nə olacaqsan!...
And olsun Xeopsun ən narın qumuna...
Arzuların qırılacaq bir addım qalmış...
Özünü tapacaqsan küçələrin birində
Enmiş... alçalmış... zorlanmış.
Ümidlərin vampir kimi içəcək qanını.
Hər səhər, hər günorta, hər axşam...
...ən ağır söyüşlərlə söyəcəksən uzaqlarını... sazaqlarını...
...xəbərsiz gələn qonaqlarını.
Arzularına ümid bəsləyə-bəsləyə...
...ümidlərini xəyallarla süsləyə-süsləyə öləcəksən.
And olsun Xeopsun ən narın qumuna...
Buludlar kainatın təcavüz olunmuş vaginasıdı.
Günəş gündüzlər çıxıb yandırır...
...Ay gecələr çıxıb utandırır “ladies and gentlemen”ları.
Bizim üçün cəhənnəm rahat olacaq.
Bir biz... bir şeytan... bir də tavandan asılmış alovdan çarpayı olacaq.
Ancaq doğrulardır Tanrının insafına qalanlar?!..
And olsun Xeopsun ən narın qumuna...
Bütün şablonlar yalanlardan ibarətdir.
Bu bir sürrealist rəssamın...
“...Yarpaq dolması bükən fransız qadını” tablosuna bənzəyir.
İnanmırsan, bax...
Şərq tarix boyu qəbir düzəldib üstünü də bəzəyib naxışlarla...
Qərb də muzey yaradıb Şərqin ala-bəzək qəbirlərindən.
And olsun Xeopsun ən narın qumuna...
Uğrunda ölməyə belə razı olduqlarımız...
...öldürəcək bizi ...əlvidalarıyla.
Red-Hallucination
Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə...
çiyələk qoxulu qırmızı külək...
...sevgimi paylayır sevgisizlərə?...
Qırmızı yarpaqlar bəzəyir yeri...
...gedir sonsuzluğa bir qırmızı yol...
Qırmızı yanaqlı bir qız oxuyur
“Mən səndən küssəm də sən yanımda ol”...
Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl-qırmızı...
Qırmızı sahildə oğlan nə vaxtdır...
...qırmızı dodağa qalıb tamarzı...
Qırmızı Ay çıxır qaranlıqlardan...
səssizlik mahnısı zümzümə edir.
“Bir cavan oğlanın nəmli qisməti...
...bir qızın qızarmış qismətindədi”...
Qulaq as...qulaq as qırmızı ruhum
Daha burda qalma sonsuzluğa uç...
-A bala qan yuyub aparır səni
-Alo
-Alo...103?...
Carpe Diem
Mavi və sarı kəpənəklər uçuşur.
Aynalar səni göstərir mənə hər onlara baxanda
Bəs mən hardayam?
Sən də eyni sualı verirsən orda bilirəm.
Çünki sən də aynalarda yoxsan mənim kimi.
Biz bir-birimizin təsəllisiyik.
Çıxar o maskanı.
Çıxar və bax mənə...
Bax və de...
Kiməm mən?...
Kimsən sən?...
Bu mavi şlyapalı,
Bu sarı paltarlı kəpənək...
Kəpənəyim mənim...
Aynadan uzaq dur...
Uzaqlaş məndən...
Mən kəpənək qəfəsiyəm...
Mən... mən zəncirlənmiş Proameteyin sonuncu nəfəsiyəm...
Əlindəki qırmızı oyuncaqla... gözləri oyulmuş qız uşağıyla sındır aynaları.
Özünü aynaların qırıntılarına boşalt...
Onlar səni sonsuz labirintin sonuna çatdıracaq.
Və sən sonsuzluq labirintinin sonuncu çıxışı olacaqsan.
...Və bir gün bənövşəyi don geyinib
Ağ dovşanın belində
Bir mart göyqurşağının qurşağından yapışıb
Deyəcəksən “Salam Günəş”
Gecəmin son nəfəsi
Mən nələr çəkdiyini bilirəm, gecəm
Sən nələr çəkdiyimi bilirsən necə
Gizlicə-gizlicə... pıçılda qulağıma
De ki, mən Ayı çox gözlədim
Çox özlədim...
Yetim ulduzlar qoynuma sığınanda
Deyim ki, üzülmə, gecəm, üzülmə
Ay anadırsa qayıdacaq...
Atadırsa indidən əlini üz...
Qəlbində bir buz
Qəlbimdə bir köz.
Bir az viski...
Süz, gecəm, süz
Sənə nəğmə qoşanların sağlığına yüz...
Gecəm, ağlağan gecəm...
Nizaminin gizlincə gələn yarı bəlkə elə sən özünsən?!...
Danış, gecəm, danış
“Yenə ol mah mənim aldı qərarım bu gecə,
Çıxacaqdır fələyə naleyi-zarım bu gecə”
Tanış gəlir qulağıma bu sözlər necə... necə
Ahh... gecəm məzlum gecəm... ufaq gecəm...
Sən nə sadiq imişsən
Sən nə xain imişsən.
Sən nə doğma imişsən
Sən nə yad imişsən.
Başdan-ayağa istedad imişsən.
Ölmə, gecəm, ölmə
Olmayan qadınlarımı
Yaşanmayan xoşbəxtliyimi
Yazmadığım şeirlərimi
Qaytarmadan ölmə, gecəm... ölmə
Mən çox Günəş gördüm həyatımda
Cəhənnəmi paxıllığından çatladan.
Amma ölmədim
Onsuz da indi ölənləri it yerinə də qoymurlar, gecəm...
Yaşa... yaşa ki, yaram sağalsın
Bəlkə də sən bilmirsən amma
Mən həyatımda neçə-neçə Günəş keçdim...
Yandım, amma ölmədim
Elə ona görə sən olmağı seçdim
Gecəm!...
Mən də gecəm...
Sən də gecsən...
Hamı da gecdi, gecəm...