Kulis Svetlana Turanın tərcüməsində Sergey Dovlatovun “Polkovnik deyir ki, sevirəm” hekayəsini təqdim edir.
- Bizim dünya absurddur, – mən arvadıma deyirəm, – insanın düşməni isə onun ailəsidir!
Mən zarafat etsəm də, arvadım hirslənir.
Cavabında deyir:
- Sənin düşmənlərin ucuz portveyn və süni sarışınlardır!
- Deməli, – deyirəm, – mən əsl xristianam. Axı İsa bizə düşmənlərimizi sevməyi öyrədirdi...
Bu söhbətlər düz iyirmi ildir ki, davam edir. Nə az, nə çox, düz iyirmi il...
Mən Amerikaya boşanmaq arzusu ilə gəlmişdim. Boşanma qərarımın yeganə səbəbi arvadımın son dərəcə sakit olmasıydı. Onun sakitliyi sərhəd tanımırdı.
Təəccüblüdür ki, bir insanın daxilində sakitlik və antipatiya kimi hislər bir-birilə necə yola gedə bilər...
Biz altmış üçüncü ildə tanış olmuşduq. Bu, belə baş vermişdi.
Mənim ayrıca giriş qapısı olan otağım vardı. Pəncərələrim isə zibilxanaya açılırdı. Az qala, hər axşam dostlarım mənim otağımda yığışırdı.
Bir dəfə gecənin bir aləmində yuxudan ayıldım. Masanın üstündə çirkli qab-qacaq və çevrilmiş kreslonu gördüm. Həmin axşam baş verənləri həsrətlə xatırladım. Yadımdadır ki, vodka dalınca düz üç dəfə qaçmışdıq. Kimsə belə dedi: “Gəlin Yeliseyevskiyə gedək! Ora üç yüz metr yol var, geriyə də, demək olar, elə həmin qədər...”
Mən səliqəsizlik hökm sürən otaqda səhər yeməyi haqqında düşünməyə başladım.
Birdən hiss etdim – mən tək deyiləm. Soyuducu ilə radionun arasında duran divanın üstündə kimsə yatıb. Qurcalanma və nəfəs səsi gəlir. Mən soruşdum:
- Siz kimsiniz?
- Tutaq ki, Lena, – sakit bir qadın səsi qəflətən cavab verdi.
Məni fikir apardı. Lena adına o qədər tez-tez rast gəlinmir. Bizim tanışlar arasında Tamaralar və Larisalar üstünlük təşkil edirdi. Mən soruşdum:
- Sizin statusunuz nədir? Daha aydın desək, sizin sosium er aktum nədir?
Fasilə yarandı. Sonra sakit qadın səsi dilləndi:
- Məni Qureviç burda unudub...
Qureviç mənim kitab bazarından tanışım idi. Təxminən iki il sonra onu türməyə basdılar.
- Necə yəni unudub?
- Qureviç o qədər içdi ki, taksi çağırdı...
Mən nələrisə xatırlamağa başladım.
- Sizin əyninizdə qəhvəyi don vardı?
- Ümumiyyətlə, hə. Yaşıl rəngdə. Onu Qureviç cırdı. Mən kiminsə idman geyimində yatmışam.
- Mənim əsgərlikdən qalma idman paltarımda. Necə deyərlər, tutyamdır. Gedəndə onu çıxarın.
- Burda hansısa bir orden var...
- Bu, – mən deyirəm, – idman nişanıdır.
- Adama batır... Mənə yatmağa imkan verməyib...
- Onu, – deyirəm, – başa düşmək olar...
Axır ki, bu qadını xatırlaya bildim. Arıq, solğun bənizli, monqollarınkına bənzəyən gözləri ilə.
Bu vaxt hava artıq işıqlaşmışdı.
- Üzünüzü çevirin, – Lena xahiş etdi.
Sir-sifətimi qəzetlə örtdüm. Elə həmin an akustika dəyişildi. Xanım-qız qapıya sarı yönəldi. Səsindən belə başa düşdüm ki, mənim velvet çəkələyimi geyinib.
Yorğanın altından çıxdım. Səhərim qəribə və sirli şəkildə açılırdı.
Sonra dəhlizdə narahatlıq verən bir toqquşma... Mənim elə də nazik olmayan baldırlarıma bürünmüş dəsmal. Onun dizlərinəcən sallanan hərbi idman paltarı...
Yollarımızı asanlıqla ayırdıq. Mən hamama girdim. Duşdan sonra mənim həyatıma müəyyən qədər aydınlıq gəlir.
Üç dəqiqə sonra ordan çıxanda kofe, peçenye, cem artıq masanın üstündədir. Hələ bir öz yağında konservləşdirilmiş balıq da var...
Lena artıq geyinib. Paltarın boyun hissəsindəki antik üslubda kəsik – Fima Qureviçin cilovlanmayan hissiyyatının nəticəsi – ona yaraşır.
- Doğrudan da, – mən deyirəm, – yaşıldır...
Biz mənasız şeylərdən danışa-danışa səhər yeməyini yeyirdik. Hər şey yaxşı, rahat və hətta xoşagələn idi. Bütün bunlar azacıq da olsa, ümumi dəliliyə bənzəsə də...
Lena əşyalarını topladı, tuflilərini geyindi və dedi:
- Mən getdim.
- Gözəl səhərə görə çox sağ olun.
Birdən eşidirəm:
- Təxminən altıda burdayam.
- Yaxşı, – mən deyirəm...
Belə bir əhvalat yadıma düşür. Bir tanışla hamamdan qayıdırdıq. Polis bizi saxlayır. Biz rahatsız olur və soruşuruq:
- Nə olub?
O, deyir:
- Yadınızda deyil ki, Axmatovanın “Təsbeh”i nə vaxt çap olunub?
- Min doqquz yüz on dördüncü ildə. “Qiperborey” nəşriyyatı, Sankt-Peterburq.
- Minnətdaram. Gedə bilərsiniz.
- Hara?
- Haraya istəsəniz, – deyə cavab verir. – Azadsınız...
Məni həmin vaxt adi bir şeylə dəliliyin qarışığı təəccübləndirmişdi.
- Təxminən altıda, – deyir, – burdayam...
Mənimsə altının yarısına görüşüm təyin olunub. Özü də qadınla deyil, Brodski ilə. Sonra isə kiminsə müdafiəsinə həsr olunmuş qonaqlığa gedəcəkdim.
Zəng edib görüşün vaxtını dəyişirəm. Qonaqlığı qulaqardına vururam. Evə taksi ilə tələsirəm. Fikirləşirəm ki, gərək, qapı üçün ikinci açar sifariş edəm.
Gözləyirəm. Təxminən altıda gəlir. Torbasını açır, içində konservlər, yumurta və hek balığı.
- Siz, – deyir, – hələlik öz işlərinizlə məşğul olun. Mənsə hər şeyi hazırlayaram.
Birdən ağlıma qəfil bir fikir gəldi. Bəlkə, məni kiminləsə səhv salır? Hansısa yaxın və dəyərli tanışı ilə? Bəlkə, dəliliyin lap dibinə yuvarlanıb?..
Şam etdik. Mən yazılarımın arxasına keçdim. Lena qabları yudu. Televizoru qoşdu.
Televizorum düz iki il idi ki, işləmirdi. İndi isə birdən-birə, təzəymiş kimi, işlədi...
Mən hansısa dəyişikliklərin olduğunu müşahidə etdim. Əlüzyuyanın üstündə bəzi xarici kremlər əmələ gəldi. Dolabımda zamş parçadan olan nəsə asıldı. Soyuducunun yanında bej rəngli çəkmələr öz yerini tutdu. Hətta mənzildəki havanın ətri də dəyişdi...
Axşam oldu. Lena soruşdu:
- Çay istəyirsiz, yoxsa qəhvə?
- Çay.
Çayı pryaniklərlə içdik. Pryanik yemədiyim otuz il olardı...
Baxıram ki, artıq gecə saat birdir. Deyəsən, yatmaq vaxtıdır. Lena deyir:
- Mətbəxə keçərdiniz.
Oturub siqaret çəkirəm. Ötüb keçmiş çərşənbə axşamının qəzetini oxuyuram. Otağa girib görürəm ki, yatıb. Elə həmin divandaca. Ancaq idman paltarı əvəzində əynində çəhrayı nəsə var.
Yerimə uzanıb dinşəyirəm. Cınqırı da çıxmır. Heç olmasa, işvə-nazla yuxuda tərpənəydi...
On dəqiqəyə yaxın gözləyib, sonra mən də yatdım.
Ertəsi gün yenə eyni şey. Bir az utancaqlıq, duş, südlü qəhvə...
- Bu dəfə, – deyir, – bir az gec gələcəm. On birdən sonra. Odur ki narahat olmayın...
Mən redaksiyaya getdim. Oradan da jurnalistlər birliyinin barına. Bir isveçli qızla tanış oldum. O, məni mehmanxanaya dəvət edirdi. Elə hey deyirdi:
- Kazak, mənə rus arağı süz!..
Dostlar gizlin keçirilən konsertə gedirdilər. Avanqardçı ifa edəcəkdi. Özü də kifayət qədər qeyri-adi avanqardçı, belə demək mümkünsə. Violonçeldə uzanmış şəkildə çalır... Bir sözlə, ağlı başdan alacaq şeylər çox. Mənsə evə tələsirəm. Öz dəlixanama gecikirəm.
O gələn kimi deyirəm:
- Lena, gəlin danışaq. Mənə elə gəlir ki, biz bəzi şeyləri aydınlaşdırmalıyıq. Anlaşılmaz bir şey baş verir. Mənim incə məqamlara toxunacaq bir neçə sualım var. İcazə verərdiniz soruşum?
- Sizi dinləyirəm, – deyir.
Üzü isə daş kimi sakitdir.
Soruşuram:
- Sizin yaşamağa yeriniz yoxdur?
Qız bir az incidi. Daha doğrusu, bir az təəccübləndi:
- Niyə yoxdur ki? Mənim Daçnaya tərəfdə mənzilim var. Nə olub ki?
- Əslində, heç bir şey... Mənə elə gəldi ki... Mən elə düşündüm ki... O zaman daha bir sual. Sırf dostyana... Min dəfə üzr istəyirəm... Bəlkə, mən sizin xoşunuza gəlirəm?
Ortaya sükut çökdü. Hiss edirəm ki, qızarıram. Nəhayət, o dillənir:
- Sizə qarşı heç bir pretenziyam yoxdur.
Elə beləcə də dedi – pretenziyası yoxmuş.
Ortaya daha ağır sükut çökdü. Mənim üçün. Onsuz da, o, tamam sakit idi. Baxışı isə soyuq və möhkəmdi, lap çamadanın küncü kimi.
Bu an məni fikir apardı. Bəlkə, onun sakitliyi, hətta cinsi fərqi də vecinə almayacaq dərəcədə böyük idi? Kişiyə olan bioloji meyldən də üstün idi? Həmişəlik yaşayış yeri fikrindən də daha üstün idi?
- Bir də son sual. Ancaq hirslənməyin. Əgər haqlı deyiləmsə, unudun getsin... Sözün qısası, bir fikir var... Siz təsadüfən Dövlət Təhlükəsizlik Komitəsinin işçisi deyilsiniz ki?
Ola bilər də, düşünürəm. Hər halda, mən gözə dəyən, özünü cilovlaya bilməyən bir adamam. Kifayət qədər çox içirəm. Artıq-əskik danışıram. “Alman dalğası” mənim adımı çəkib... Bəlkə, bu qadını yeni başlayan dissidentin yanına nəzarət etsin deyə qoyublar?
Elə fikirləşirəm ki, indi haray-həşir salacaq. Mən haqlıyamsa, onda lap çox haray-həşir salacaq...
Eşidirəm:
- Xeyr, mən qadın salonunda işləyirəm...
Ardınca da:
- Başqa sualınız yoxdursa, gəlin çay içək.
Bax beləcə hər şey başladı. Gündüzlər mən az-maz iş tapmaqdan ötrü ora-bura qaçırdım. Geriyə əhvalsız, alçaldılmış və hirsli qayıdırdım. Lena soruşurdu:
- Çay içərsiniz, yoxsa qəhvə?
Biz, demək olar ki, danışmırdıq. Yalnız kiçik məişət məlumatlarını bir-birimizə deyirdik. Misal üçün, o deyirdi:
- Sizə Beskin adlı kimsə zəng etmişdi...
Yaxud:
- Sizin paltar yumaq üçün məcununuz haradadır?..
Mənim işlərim onu maraqlandırmırdı. Heç mən də ona sual vermirdim. Dəlilik gündəlik, adi, rutin şəkillər alırdı.
Rejimim bir qədər dəyişmişdi. Pərəstişkar xanımlar getdikcə daha da gec-gec zəng edirdilər. Dəstəkdə sakit qadın səsi eşidəndən sonra niyə zəng etsinlər axı?!
Biz bir-birimizi qətiyyən tanımayan iki adam olaraq qalırdıq.
Lena inanılmaz dərəcədə susqun və sakit idi. Bu, nə xarab olmuş ruporun ağır sükutu idi, nə də tank əleyhinə basdırılmış minanın heybətli sükutu. Bu, ağac yarpaqlarının xışıltısını etinasızlıqla dinləyən bir kötüyün susqun sakitliyi idi...
Bir həftə ötdü. Bir şənbə səhəri mən daha dözə bilmədim. Mən dedim... Yox, bağırdım:
- Lena! Məni dinləyin! İcazə verin, tam olaraq səmimi olum. Biz sizinlə sanki evlilik münasibətlərindəyik... Amma evliliyin əsas elementi olmadan... Bizim hətta ev qayğılarımız var... Siz paltar yuyursunuz... Mənə bunların nə demək olduğunu izah edin. Az qalıram dəli olum...
Lena başını qaldırıb mənə sakit, mehriban bir nəzər salaraq dedi:
- Mən sizə mane oluram? İstəyirsiniz ki, gedim?
- Nə istədiyimi heç bilmirəm! Mən başa düşmək istəyirəm... Sevgini başa düşürəm. Eyş-işrəti başa düşürəm. Hər şeyi anlayıram... Təkcə bu normal hala salınmış dəlilikdən savayı... Əgər dövlət təhlükəsizliyindən olsaydınız, onda hər şey yaxşı olardı... Mən hətta sevinərdim də... Bunda məntiq olardı... Belə isə...
Bir az susduqdan sonra Lena dedi:
- Getməyimi istəyirsinizsə, deyin.
Sonra isə qıyıq monqolsayağı gözlərini aşağı salaraq:
- Əgər sizə BU lazımdırsa, buyurun.
- BU nə deməkdir?
Kirpiklər daha da aşağı endi. Səs lap astadan gəldi. Mən eşitdim:
- Yəni intim yaxınlıq.
- Yox, əşşi, – deyirəm, – nəyə lazımdır ki?..
Fikirləşirəm ki, mənim bu cür sakitliyi belə kobudcasına pozmağa cəsarətim çatarmı yəni?!
Daha iki həftə keçdi. Məni xilas edən vodka oldu. Hansısa redaksiyada şənlənirdim. Evə gecə saat birdə qayıtdım və heç bilmirəm, necə daha düzgün ifadə edim, özümü unutdum... Əl qoydum... Gələcək məhbus Qureviçin yanlış yolu ilə getdim...
Atdığım daş okeanın dibinə endi...
Bu, sevgi deyildi. Heç ani zəiflik də deyildi. Bu, xaosdan müdafiə olunmaq cəhdi idi.
Biz heç “sən”ə də keçmədik.
Bir il sonra isə qızımız Katya doğuldu. Beləcə, tanış olduq...
Bir ər olaraq mən çox şübhə doğuran tapıntı idim. Daimi işim illərlə olmamışdı. İşdən qovulmuş matadorun sönük görünüşünə sahib idim.
Hekayələrimi çap etmirdilər. Getdikcə daha qəzəbli və daha ehtiyatsız olurdum. Yetmişinci ilin yayında əlyazmalarım Qərbə yollandı.
Əcnəbi tanışlarım yarandı. Onlarla lap gec saatlaradək birlikdə otururduq. Arağı böyük həvəslə içib içalat kolbasasından dişləm alırdıq.
Kommunal qonşum Tixomirov təhdidlə mırıldanırdı:
- Tanışlarınıza bir baxın! Lap Sinyavski ilə Danielə bənzəyirlər...
Elə həmin ilin payızında adım yenidən xarici radiolarda çəkilmişdi.
Hekayələrim Lenanın diqqətini çəkmirdi. Onu bu cür fəaliyyət növü, ümumiyyətlə, maraqlandırmırdı. Lenanın bu məhdudluğu mənə onun bitib-tükənməz sakitliyinin bir hissəsi kimi görünürdü.
Həyatımda bu yolla iki çarpışan təbiət qüvvəsi hökm sürürdü. Sol tərəfdə yenicə başlayan nonkonformizm okeanında qasırğa qopur, sağ tərəfdə isə meşşan firavanlığının sakit səthi uzanıb gedirdi.
Mən də bu iki okean arasında ensiz torpaq yolla büdrəyə-büdrəyə beləcə dolaşırdım.
Həmin vaxt Lena işlədiyi bərbərxanadan çıxdı. “Sovetskiy pisatel” nəşriyyatına korrektor kimi işə düzəldi. Bu mənim üçün sürpriz idi. Heç bilməzdim ki, belə savadlıdır. Onun haqqında çox şeyləri bilmədiyim kimi. Heç indi də bilmirəm...
Bir il sonra onun hökumət orqanları ilə münaqişəsi yarandı. Məsələ belə idi.
Nəşriyyat Axmatovanın bir kitabını defisit sayda buraxmışdı. İşçilərin payına çox az miqdarda kitab düşürdü. Bəzilərinə kitabdan, ümumiyyətlə, verilməmişdi. Eləcə də mənim arvadıma.
Lena nəşriyyat direktorunun qəbuluna getdi. Ona öz narazılığını bildirdi. Kondraşev cavabında səsini qısaraq belə dedi:
- Siz qəliz siyasi mənanı tutmursuz. Tirajın böyük hissəsi xaricə göndərilib. Biz burjua təbliğatının ağzını yummağa məcburuq.
- Elə isə mənim də ağzımı yumun, – Lena xahiş etdi...
Beləcə, aramızda, bir növ, dissident anlaşılması yarandı.
İllər ötürdü. Qızımız böyüyürdü. O mənim yapon radiomu nəzərdə tutaraq deyirdi:
- Sənin “bibisi”nin yerini dəyişib pəncərə altlığının üstünə qoymuşam...
Kasıb dolanırdıq, tez-tez mübahisə edirdik. Mən özümdən çıxırdım, arvadımsa susurdu.
Susmaq böyük gücdür. Ona, eynən bakterioloji silah kimi, qadağa qoymaq lazımdır.
Mən elə hey heç bir perspektivin olmamasından şikayətlənirdim. Lena deyirdi:
- İki min hekayə yaz. Onlardan, heç olmasa, birini çap edəcəklər...
Fikirləşirdim ki, bu nə danışır?! Bir hekayədən mənə nə olacaq?!
Hətta inciyirdim də.
Nahaq yerə...
Bizim fərqli miqyas və ölçülərimiz vardı. Mən vurğunu birin üstünə qoyurdum. Lena isə çoxluğun.
O, haqlı idi. Yalnız çoxluqla qalib gəlmək olar. Bütün dünya tarixi buna sübutdur...
Arvadım haqqında o qədər az şey bilirdim ki, hər dəfə təəccüblənirdim. Onun sakitliyinin hər pozulma anına mat qalırdım.
Bir dəfə o, ev idarəsində alçaldıldığı üçün ağlamağa başladı. Sözün düzü, mən hətta sevindim də. Deməli, nə isə onun hislərini oyatmağa qadirdir...
Amma bu, nadir hallarda baş verirdi. Əksər vaxtı o, təmkinli olurdu...
Yetmişinci illərdə emiqrasiya başladı. Yaxın dostlarımız gedirdi. Bu mövzuya dair bitib-tükənməyən söhbətlər edirdik. Mən elə hey deyirdim:
- Mən orda nə edəcəyəm?! Öz evindən qaçmaq mənasızdır! Əgər ədəbiyyat qəbahətli işdirsə, onda yerimiz həbsxanadır...
Lena susurdu. Elə bil əvvəlkindən də susqun olmuşdu.
Günlər sonsuz, darıxdırıcı qonaqlıqlar, tez-tez baş verən ötürmələr, gecə söhbətlərində uzanıb gedirdi...
O fevral gününü yaxşı xatırlayıram. Lena işdən gəlib dedi:
- Bəsdir... Gedirik... Bezmişəm...
Mən etiraz etməyə cəhd etdim. Vətən, Allah haqqında, yüksək sosial təzyiqin üstünlükləri, dil və rəng ahəngi barədə danışırdım. Hətta tozağacının da adını çəkdim, bunu heç vaxt özümə bağışlamaram...
Amma Lena artıq kiməsə zəng etmək üçün aralandı.
Mən hirsləndim və bir aylığa Puşkin qoruğuna yollandım. Qayıdan kimi Lena mənə imzalamağım üçün hansısa kağızlar uzadır. Soruşuram:
- Artıq?
- Hə, – deyir, – hər şey həll olunub. Sənədlərim əlimdədir. Əminəm ki, bizi buraxacaqlar. Bu, yaxın iki həftə ərzində baş verə bilər.
Özümü itirdim. Heç bilməzdim ki, bu belə tez baş verəcək. Daha doğrusu, elə fikirləşirdim ki, Lena getməyim üçün məni dilə tutacaq.
Axı sovet rejiminə nifrət edən mən idim. Axı məhz mənim hekayələrimi çap etmirdilər. Axı məhz mən, az qala, dissident idim...
Düz son günədək mən sanki donub qalmışdım. Lazımi hərəkətləri mexaniki şəkildə icra edirdim. Qonaqları qarşılayır və yola salırdım.
Getmək günü gəlib çıxdı. Hava limanında camaat toplaşmışdı. Əsasən, içməyi xoşlayan dostlarım...
Biz sağollaşdıq. Lena çox soyuqqanlı görünürdü. Qohumlarımdan kimsə ona qara-bozumtul tülkü xəzini bağışladı. Sonra hələ uzun müddət üstümə dişlərini qıcayan tülkü sifəti yuxuma girirdi...
Qızımın ayağında ucu qasid çəkmələrinin ucuna bənzəyən qəribə ayaqqabılar vardı. Özünü itirmiş görünürdü. Həmin il çox yaraşıqsız idi.
Sonra avtobusa mindilər.
Biz təyyarənin nə vaxt qalxacağını gözləyirdik. Amma qalxan təyyarələr çox olduğundan onlardan hansının bizimki olduğunu bilmək çətin idi...
Hava limanından evə gedən vaxt artıq darıxmağa başladım. Taksidə arağı elə şüşədən başıma çəkirdim. Sürücü deyirdi:
- Başınızı aşağı əyin.
Cavab verirdim:
- Onda gəlmir axı...
O vaxtdan bütün həyatım dəyişdi. Canıma narahatlıq hissi düşdü. Ancaq emiqrasiya haqqında düşünürdüm. İçirdim və düşünürdüm.
Lena bizə açıqcalar göndərirdi. Onlar şifrələnmiş məlumatlara oxşayırdılar:
“Roma böyük, qəşəng şəhərdir. Gündüz bura isti olur. Axşamlar musiqi çalınır. Katya salamatdır. Qiymətlər nisbətən aşağıdır...”
Açıqcalar sakitlik saçırdı. Anam onları dəfələrlə oxuyurdu. Elə hey çalışırdı ki, onlarda hansısa hisləri tapa bilsin. Mən ki bilirdim, mənası yoxdur...
Sonrakı hadisələri punktirlə sadalayıram.
Tüfeylilikdə və qumarxana saxlamaqda günahlandırılma... Ölkəni tərk etməmək barədə imza... Müstəntiq Mixalev... Polis idarəsində səbəbsiz döyülmələr... “Alman dalğası” verilişləri silsiləsi... Həbs və Tolmaçyov küçəsində məhkəmə... Kalyayev həbsxanasında doqquz sutka... Qəfil azad olunma... Viza və qeydiyyat idarəsi...
İdarənin polkovniki mənə mədəni şəkildə və dostyana dedi:
- Siz getməlisiniz. Arvadınız gedib, siz də gərək çoxdan...
Ziddiyyət hissindən irəli gələrək etiraz etdim:
- Bizim nikahımız yoxdur.
- Bu formal bir şeydir, – deyə polkovnik gülümsədi. – Biz isə formalist deyilik. Siz onları sevirsiniz, elə?
- Onları, yəni kimi?
- Arvadınızla qızınızı... Əlbəttə, sevirsiniz...
Beləcə, arvadım və qızıma olan sevgim fakta çevrildi. Buna DİN polkovniki şəxsən şahidlik etdi...
Mən səmti tapmağa çalışırdım. Dünyada iki həqiqi qütb vardı. Aydın, doğma, boğucu – BURA və bilinməyən, yarımfantastik – ORA. Bura – dostlar və düşmənlər arasında əzablı həyatın sonu görünməyən açıqlığı. Ora – sadəcə, arvadım, onun dəyişməz sakitliyinin bapbalaca adası.
Bütün ümidlərim oradadır. Polkovniki nəyə görə bezdirdiyimi heç özüm də bilmirəm...
Altı həftə sonra biz Avstriyada idik. Vyana Leninqradın rayonlarından birini xatırladırdı. Haradasa Fontanka ilə Sadovaya arasında.
Şəhər mənzərəsinin yeganə ciddi detalı çay idi. Həmin çayın üç, ya dörd gündən sonra Dunay olduğunu öyrəndim.
Bozumtul küçə fonunda fahişələr seçilirdilər. Onlar əcnəbi filmlərin qadın qəhrəmanlarına bənzəyirdilər.
Biz “Admiral” mehmanxanasına yerləşdik. Anam bütün günü Soljenitsini oxuyurdu. Mən emiqrant qəzet və jurnalları üçün nə isə yazırdım. Daha çox özümün, əslində, mövcud olmayan dissident qəhrəmanlıqlarımdan yazırdım.
Həmin vaxt Lena artıq Amerikaya köçmüşdü. Onun məktubları getdikcə daha da lakonikləşirdi:
“Makinaçı işləyirəm. Katya məktəbə gedir. Rayonumuz nisbətən təhlükəsizdir. Evin yiyəsi yaraşıqlı, yaşlı amerikalıdır. Adı Əndrü Kovalenkodur...”
Avstriyada yaya qədər yaşadıq. Vyana Leninqrad və Amerika arasında aralıq mərhələ idi. Ola bilsin, bu məsafəni ancaq iki tullanışa qət etmək olar.
Nəhayət, biz Amerikaya getmək üçün sənədləri aldıq. Okean üzərində keçirdiyimiz yeddi saat mənə əbədiyyət kimi göründü. Bu cür məkanda maraqlı şey çox azdır.
Təyyarə Amerika ərazisi hesab olunurdu. Bələdçi qadınlar özlərini sərbəst aparırdılar.
Kennedi adına hava limanında dostlarımız bizi gözləyirdilər. Məşhur fotoqraf Kulakov arvadı və oğlu ilə gəlmişdi. Onlar elə salamlaşan kimi Amerikanı asıb-kəsməyə başladılar.
- Özünə “Toyota” al, a kişi, – Kulakov deyirdi. – Ya da ondan da yaxşısı – “Folksvagen”. Amerikanın maşınlarını apar tulla!..
Mən soruşdum:
- Bəs Lena ilə Katya hanı?
Kulakov mənə kağız uzatdı:
“Rahatca yerləşin. Biz Sağlamlıq klubundayıq. Saat səkkiz üçün qayıdarıq. Yemək soyuducudadır. Lena”.
Biz evə yollandıq – Flaşinqə. Bizi əhatə edən üfüqi mənzərə Moskva vağzalının astarını xatırladırdı. Göydələnlər görünmürdü.
Anam pəncərədn baxıb dedi:
- Küçə tamam boşdur...
- Bu küçə deyil, – Kulakov etiraz etdi, – bu hayveydir.
- Hayvey nə deməkdir? – anam soruşdu.
- Geniş yol, – mən dedim.
Lena çox da hündür olmayan kərpic evin birinci mərtəbəsində qalırdı. Kulakov çamadanı içəri aparmağa kömək etdi. Sonra da dedi:
- İstirahət eləyin. Avropada artıq gecədir. Sabahsa sizə zəng vuraram...
Sonra çıxıb getdi.
Əlbəttə, heç gözləmirdim ki, məni amerikalı yazıçılardan ibarət heyət qarşılayacaq. Amma Lena hava limanına, mənim fikrimcə, gələ bilərdi...
Biz boş mənzildə idik. Döşəmənin üstündə iki döşək vardı. Hər tərəfə paltar səpələnmişdi.
Anam soyuducuya baxıb dedi:
- Pendirləri, demək olar, bizimki kimidir...
Birdən canımı dəhşətli yorğunluq aldı. Adyalın üstünə uzanıb siqaret çəkməyə başladım. Gerçəkliyin konturları yayılırdı.
Mən kiməm və haradanam? Bizimlə nə baş verir? Bütün bunlar nə ilə bitəcək?..
Yeni həyat əhəmiyyətli dəyişikliklər üçün çox adi görünürdü.
Bir də düşündüm:
“İnsanlar arasında yaxınlıq necə əmələ gəlir? İnsanlara doğmalıq hiss etmək üçün nə lazımdır?..”
Səhər tezdən yuxudan ayıldım. Pəncərənin arxasında bir budaq yellənirdi. Yanımda kimsə vardı.
Soruşdum:
- Kimsən?
- Lena, – sakit qadın səsi cavab verdi.
Ardınca:
- Necə də kökəlmisən! Gərək səhərlər qaçasan.
- Qaçmaq üçün yerim, – deyirəm, – demək olar, yoxdur... Burda qalmağa üstünlük verərdim. Ümidvaram, bu mümkündür?..
- Əlbəttə. Əgər bizi sevirsənsə...
- Polkovnik deyir ki, sevirəm.
- Sevirsənsə, qal. Biz etiraz etmirik...
- Sevginin nə dəxli var? – mən dedim.
Sonra da əlavə etdim:
- Sevgi yeniyetmələr üçündür... Burda söhbət artıq sevgi yox, taledən gedir... Yeri gəlmişkən, Katya hanı?
- Nənəsinin yanında, həsirin üstündə uzanıb...
Sonra Lena dedi:
- Üzünü çevir.
Mən üz-gözümü amerikan qəzeti ilə örtdüm.
Lena ayağa qalxdı, əyninə xalatını keçirdi və soruşdu:
- Çay içərsən, yoxsa qəhvə?
Elə bu an Katya peyda oldu. Amma bu, tamam başqa mövzudur...