Çılpaq Göyərçin - Qəfər Rüstəmin hekayəsi

<b>Çılpaq Göyərçin</b> - <span style="color:red;">Qəfər Rüstəmin hekayəsi
9 dekabr 2017
# 15:36

Səsi beynimin içində uğuldayan telefonu qulağıma yaxınlaşdırdım. Yarıyuxulu deyilənləri dinləyirdim.

Telefondakı adam işlədiyim qəzetin baş redaktoru idi. Həmişəki kimi əndirabadi hadisələri araşdırmağı tapşırırdı. Bir-iki saat içində hazırlaşıb ucqar bir kəndə getməli idim.

Niyəsə yataqdan qalxmaq istəmirdim. Kürəyimdə, belimdə küt ağrılar vardı. Elə bil bütün sinirlərim bir-birinə dolaşmışdı. Elə yuxularım kimi.

Yuxuda görürdüm ki, tükləri yolunmuş göyərçini ağacdan asıblar. Aşağıda duran qara-qura məxluqlar onu imsiləyib ulaşırdılar. Ulartı qəribə ağlaşma, inləmə səsinə oxşayırdı.

Lənətə gələsən, indi dur get dünyanın qurtaracağına. Həmin hadisəni araşdırıb qəzetdə kiçik məqalə formasında yazmışdım. Elə də böyük hadisə deyildi. Balaca bir ölüm hadisəsi idi. Düzdü ölüm balaca hadisə deyil. Ancaq son zamanlarda dərinləşən ailə-məişət problemləri cinayətə meylliliyi artırıb. Bu hadisə də onlara bənzəyirdi. Ucqar bir kənddə cavan bir qız özünü öldürmüş və öldürülmüşdü... Sonra... Yəni mən nə edə bilərəm axı? Burda maraqlı olan nə var?

Deyəsən, vicdansızlaşmışam. Jurnalistiylə başlayanda belə düşünmürdüm. Hər hadisəni həyəcanla qarşılayırdım. Sonralar həkim soyuqqanlılığı bürüdü məni. İntihar, təcavüz, qəzalar, xəyanət daha nələr... İnsan olan yerdə belə şeylər nə vaxt əksik olub ki?!

Hazırlaşıb həyətə düşdüm. Yol kənarında çənə döyən taksi sürücülərdən birinə məni vağzala aparmağını xahiş elədim. Sürücü qaradinməz adam idi. Mən də danışmağa heç həvəsli deyildim. Odur ki, yol boyu həmin hadisəni düşündüm.

Redaktor məndən xahiş edirdi ki, gedim müəllimi görüm. Yəni həmin qızın müəllimini. Məndə olan məlumata görə kənd camaatı onu qovub kənddən çıxarmışdılar. Deyəsən, intihara görə onu təqsirləndirirdilər. Oğlansa bunu qəbul etmirdi. Kəndin ağsaqqalları onu qəzəbli camaatın əlindən güclə alıb kənddən çıxarmışdılar.

Redaktor müəllimin harda olduğunu yana-yaxıla axtarırdı. Onun qəribə jurnalistika intuisiyası var. İnanırdı ki, nəsə bu hadisənin altında maraqlı xəbər var. Həmin hadisə göründüyü kimi sadə deyil. Mən isə razılaşmırdım. Doğrusunu desəm, razılaşmaq istəmirdim. Bilirdim ki, hadisəni araşdırmaq üçün məni göndərəcək. Mən isə artıq yorulmuşdum. Belə absurd şeylərdən qəti yorulmuşdum.

Başqa bir qəzet kəndə gedib hadisə haqqında araşdırma aparmışdı. Kənd camaatı hadisəni sadə intihar kimi qələmə vermiş və həmin müəllimi günahlandırmışdılar. Guya müəllim həmin qıza intihar etməyi təlqin edibmiş. Daha artıq məlumat verməyən kənd camaatı yas var deyə jurnalisti kənddən uzaqlaşdırmışdılar. Heç kim əlavə məlumat verməmişdi. Bu xəbərdən sonra həmin hadisə yavaş-yavaş gündəmdən düşürdü. Lakin bizim redaktor kor tutduğunu buraxmadığı kimi müəllimin izini buraxmırdı. Bilirdi ki, onda nəsə gizli məlumat var. Budur, axır ki, onu tapıb. Məndə məcnun kimi düşmüşəm həmin müəllimin dalınca.

Vağzaldan tutduğum taksini düz müəllimin olduğu kəndə sürdürdüm. Soraqlaşa-soraqlaşa onun kirayə tutduğu evi tapdım. Kənd əsl dağ kəndi idi. Deyəsən, müəllim gözdən iraq olmaq üçün bu yeri seçmişdi.

Arıq, orta boylu, qarayanız bir adam idi. Saçlarını çoxdandır kəsdirmədiyi üçün pırpızlaşıb bir-birinə qarışmışdı. Peysərindən uzanan saçları, on-on beş gündür qırxmadığı səliqəsiz saqqalı onu olduqca pəjmürdə göstərirdi. Çatma qaşlarının altındakı yorğun gözlərinə nisgil yuvalanmışdı.

Məni görən kimi üz-gözünü turşutdu. Nə üçün gəldiyimi bilirdi. Ancaq heç bir şey demədi. İçəri dəvət elədi. Mənsə bayırda oturmağı təklif elədim. Şəhərin kirli havasında sonra dağın sərinliyi ürəyimə yağ kimi yayılırdı.

İki stol gətirib həyətə qoydu. Tut ağacından düzəldilmiş dairəvi masanın ətrafında oturduq. Ac olub olmadığımı soruşdu. Yoldan gələrkən yaxşıca nahar eləmişdim. Elə bir aclıq hiss etmirdim. Təşəkkür edib ac olmadığımı bildirdim.

Köməkləşib samovarı qaladıq. Söhbətimiz uzun çəkəcəkdi. Uzun söhbətin öhdəsindən ancaq bir samovar çay gələ bilərdi.

Quru çay almaq üçün qonşuya gedəsi oldu. Mən də fürsət tapıb onun evinə girdim. Ev iki otaqlı idi. Evdə qalaq-qalaq kitablar vardı. Bizim klassiklərdən tutmuş, dünyanın müasir və klassik əsərləri üst-üstə komalanmışdı. Çox güman, onları səliqəyə salmağa vaxtı olmamışdı. Evdəki əşyalar kitabların arasında itib batmışdı.

Çay hazır olandan sonra armudu stəkanlara çay süzüb söhbətə başladıq. Əvvəlcə mən hansı qəzetdən gəldiyimi və hadisə haqqında hansı məlumatlara sahib olduğumu bildirdim. O da məni diqqətlə dinləyirdi. Arada-bir gözləri yol çəkir, sonra yenə mənim dediklərimə diqqət kəsilirdi.

Hiss edirdim ki, bu hadisə haqqında danışmaq ona asan deyil. Ürəyində qəzəbdən çox nisgil vardı. Beləcə, müəllim söhbətə başladı:

‒ Qızın adı Məryəm idi. Ata-anası dindar olduğu üçün onun adını belə qoymuşdular. Ümumiyyətlə, bütün kənd qatı dindar idi. Dindar deyəndə bizim bildiyimiz dindən deyildi. Qəribə bir təriqətə mənsubdular. Bir az xristiyan, bir az islam, bir az buddist, hər nə desən var idi. Nə qədər araşdırsam da, onların dinləri haqqında heç bir məlumat tapa bilmədim. Elə bil bu kənddə peyda olmuş bir din idi.

Kənd ağsaqqalları deyirdilər ki, uzun illər əvvəl ulu kişilərdən biri həmin kəndə ayaq basıb. O günə qədər zülüm-zillət içində yaşayan kənd həmin ulu adamın işığı ilə dirçəlib. Bu dinin bir xüsusiyyəti də o idi ki, öz daxili sirləri və qanunları haqqında kənar adamlara məlumat vermirdilər. Bir növ qapalı bir təriqət idi. Mən də əlimdən gəldiyi qədər məlumat toplamağa çalışırdım. Məlum məsələdir ki, yasaq, gizli şeylər həmişə insanın marağını özünə cəlb edir.

Həmin ulu adam bunlara deyib ki, mən öləndən sonra filan ilin, filan ayında, bir qız uşağı dünyaya gələcək. Onu qoruyun, son qurtarıcı həmin qızın bətninə düşəcək. Ona görə də həmin qız hər ötən adamla evlənməməlidir. Onun zövcü təriqətin qaydalarına riayət edən biri olmalıdır.

Həmin tarixdə Məryəm dünyaya gəlib. Hətta ay sonuna qədər qıza ad qoymayıblar. Gözləyiblər ki, görsünlər başqa uşaq dünyaya gəlir yoxsa yox. Həmin ayda ondan başqa heç kim doğulmayıb. Ağsaqqallar toplaşıb ona ad qoyublar. Bütün kənd camaatı ümid və həyəcanla son xilaskarın yolunu gözləməyə başlayıb.

Məryəm pak, təmiz bir qız idi. Elə bil, həqiqətən, onda nəsə başqa bir məsumluq vardı. Mən həmin kəndə gedəndə artıq on beş yaşındaydı. Hamı ona hörmət edirdi. Heç kim başını qaldırıb ona baxmağa ürək etmirdi. Nəsə üzündə qəribə nur var idi. Mən belə bəzən həmin kəhanətin doğru ola biləcəyinə inanmağa başlayırdım.

Məryəmi məktəbə getməyə qoymurdular. Küçə-bayıra da az-az çıxardı. Hara getsə, başdan ayağa həmin kəndin qadınları kimi örtüyə bürünüb gedərdi. Boynunda bu dini kənddə gətirən ulu kişinin yadigarı gümüş boyunbağı vardı. İndiyə qədər bu boyunbağı heç kim boynuna taxmamışdı.

Məktəbə çox az uşaq gəlirdi. Mən məktəbə gəlməyən uşaqların valideyinini mütəmadi dilə tuturdum. Heç kim uşağını məktəbə göndərməyə həvəsli deyildi. Çox adam fikirləşirdi ki, uşaqlar məktəbə getsə öz dinlərini bəyənməyəcəklər. Çünki belə hadisə çox olmuşdu. Kənddən şəhərə oxumağa gedənlər tamam başqa fikirdə qayıtmışdılar. Odur ki, kənddə hamı məktəbə yad bir məkan kimi baxırdı.

Mən də idealist müəllim ədasıyla kənd üçün nəsə etmək istəyirdim. Özümü oda-közə vurub uşaqları məktəbə yığmağa çalışırdım. Lakin heç kim mənə əhəmiyyət vermirdi. Mənə qonaq kimi hörmət etsələr də, sözümə qulaq asmırdılar.

Bir gün ağlıma yaxşı fikir gəldi. Kənd camaatına təklif elədim ki, dinlərini məktəbdə öyrənsinlər. Məktəbdə uşaqlara öz dinlərini öyrədəcəkdik. Onları məktəbə öyrəşdirə bilsəm, gerisi düzələr deyə fikirləşirdim.

Kənddə oxuyub-yazmağı bilən tək-tük adam vardı. Onlar da dinlərinin təlimlərini dərindən bilmirdilər. Mən təklif elədim ki, Məryəm məktəbdə dərs versin. Hamı razı oldu. Məryəm də bu təklifi məmnuniyyətlə qəbul etdi.

Hamının ona dərin hörməti vardı. Böyüklər də gəlib sinifdə ona qulaq asırdılar. Onun səsində əsrarəngiz bir məlahət, könüloxşayan lətafət vardı. Mən də qapının arxasından onun dediklərini dinləyir, onların dinləri haqqında məlumat toplamağa çalışırdım. Məryəmin dərsindən sonra sinifdə gözləyən uşaqlara dərs başa salırdım.

Bir gün dərs vaxtı qapı astaca döyüldü. Məryəm vüqarla qapının astanasında gözləyirdi. Uşaqlar onu görən kimi ayağa qalxdılar. Tək deyildi. Yanında bir cavan qız, bir də orta yaşlı bir qadın vardı. Ümumiyyətlə, o, heç vaxt bayıra tək çıxmırdı. Kənd camaatı onu gözdən qoymaq istəmirdilər. Onu müqəddəs əmanət kimi qoruyurdular.

Məryəm də sinifdə oturmaq istəyirdi. Oxuyub yaza bilmək ona çox maraqlı gəlirdi. O gündən sonra heç bir dərsi buraxmadı. Tez bir zamanda oxuyub yazmağı öyrəndi. Dərrakəli qız idi. Dərs vaxtı qəribə suallar verirdi. Bir də görürdüm ki, dərs bir kənarda qalıb mən Platondan, Freyddən, Nizamidən, Mirzə Cəlildən, nə bilim kimlərdən sitatlar gətirirəm. Nəfəs dərmədən dediklərimə qulaq asırdı. Elə bil hamısını başa düşürdü.

Kənddə hamı ondan danışırdı. Eşitdiyimə görə, yavaş-yavaş ona ər də axtarırdılar. Ancaq heç kimi ona layiq görmürdülər. Hamı çaş-baş qalmışdı. Mənə də maraqlı idi. Görəsən, Məryəm kimi seçəcəkdi?

Söhbətin bu yerində müəllim bir müddət susdu. Qabağında soyumuş çaydan bir qurtum içdi. Mən sual soruşmaq üçün ağzımı açmaq istəyirdim ki, sözümü ağzımda qoydu.

‒ Deyəsən, var idi... Mənə qarşı hissləri var idi... Çünki baxışları əl-ayağımı dolaşdırırdı. O da məni görcək nəsə özünü itirirdi. Ancaq özünü tez ələ alırdı. Çünki hamının gözü onda idi.

Bir gün dərsdən çıxarkən mənə çönüb dedi ki, yenidən dünyaya gəlsəydin, bu həyatı yaşamaq istəyərdin mi? O gün onun niyə belə sual soruşduğunu anlamamışdım.

Oxumağı öyrənəndən sonra mənim kitablarımı bir-bir oxumağa başladı. Acgözlüklə oxuyurdu. Elə bil harasa tələsirdi. Bəzən dərsdən sonra oturub kitabları müzakirə edirdik. Yanında gözləyən qadınlar da səbirlə bizə qulaq asırdılar

Bəzən uşaqlarla məktəbin həyətində oyun oynayırdı. Bir dəfə gördüm ki, uşaqlar onunla qaçdı-tutdu oynamaq üçün yalvarırlar. Bir ara o da uşaqlara qoşulub oynamaq istədi. Ancaq zəhimli gözətçilərdən biri ona yaxınlaşıb qulağına nəsə dedi. Həmin an Məryəmin sevincdən parıldayan üzü boz buludlar kimi tutqunlaşdı. Məktəbdən çıxıb getdi.

Kəndin yaxınlığında bir təpə vardı. Bəzən orda oturub kitab oxuyurdum. Axar-baxarlı bir yer idi. Yaşıl çəmənli, bağ-bağatlı kənd təpədən ecazkar görünürdü. Bir gün yenə ora getmişdim. Qaş qaralmaq üzrə idi, ona görə də kitab götürməmişdim. İnsanlardan kənar qalıb bir az dincəlmək istəyirdim.

Təpəyə yaxınlaşanda ağlama-sıtqama səsi eşitdim. Səs ürəkyaxan həzin musiqi kimi gəlirdi mənə. Ürəyimə damdı ki, bu Məryəmdi. Ancaq onun tək-tənha bura gəlməyi mümkün deyildi.

Təxmin etdiyim kimi oldu, Məryəm orda idi. İçin-için ağlayırdı. Səsimi eşidən kimi ayağa qalxıb göz yaşlarını sildi. Həmişəki kimi mənə baxmırdı. Mən də danışmağa cəsarət etmirdim. Mənə dedi ki, təpədən hər şey gözəl görünür, ancaq bura qorxuncdu, burda başım hərlənir. Mən getməliyəm.

Yanaşı yeriməyə icazə vermədi. Tək-tənha kəndə qayıtdı.

Müəllim ayağa qalxıb sönən samovarın içindəki közləri qarışdırdı. Samovardan kül qarışıq duman yüksəldi. Bir stəkan çay süzüb yerinə oturdu. Heç bir sual vermirdim, onu sehrli aləmdən qoparmaq istəmirdim.

‒ Heç kim onun hara yoxa çıxdığını bilmirdi. Tək başına hara gedə bilərdi axı? Ömür boyu bütün kəndin gözü qabağında olmuşdu. Bütün kənd, elə mən də onun nəsə fərqli birisi olduğuna inanırdıq. Hamı başını itirmişdi. Hamı bir-birini təqsirləndirirdi. Oxlar ən çox mənə tuşlanmışdı. Mən də özümü müdafiyə edə bilmirdim. Gücüm çatmırdı. Elə bil daxilən özümü təqsirkar sayırdım. Bəlkə də, bəzi şeyləri ondan gizlətməliydim. Bəlkə də, o, dünyadan təcrid olmuş saf bir dünyada yaşamalıydı.

‒ Bəs kənd cammatı nə fikirləşir indi? Kəhanət baş tutmadı axı.

‒ Ağsaqqallar toplaşıb buna da bir izah gətirdilər. Onlara da belə bir şey lazım idi. Onsuz da, təlimləri kifayət qədər anlaşılmazdı. Bir təlim nə qədər anlaşılmaz, mübhəm olsa, insanlar ona bir o qədər inamla bağlanılır. Ağsaqqallar dedilər ki, Məryəm ölməyib, xilaskarı gətirmək üçün başqa aləmə gedib. Ancaq bir şey şübhə doğururdu. Bəs niyə çılpaq getmişdi?

Qulaqlarıma inanmadım. Nəsə səhv başa düşdüyümü fikirləşdim.

‒ Necə yəni çılpaq? Məgər onu çılın-çılpaq tapmışdılar?

‒ Bəli, paltarlarını səliqəylə bir kənara qoymuşdu. Nə bədənində, nə də paltarlarında zor tədbiq edildiyinə dair bir nişanə var idi. Gümüş boyunbağını da kənara tullamışdı. Cəsədi isə paltarlarından bir az kənardakı qayalıqdan tapılmışdı.

‒ Axı mətbuatda belə bir məlumat yox idi.

Müəllim titrəyən əllərini pırtlaşıq saçlarında gəzdirdi. Gözləri yol çəkirdi.

‒ Gizlətdilər, heç kimə demədilər. Əslində, kənddə də bir çox adam belə bir şeyin baş veridiyini bilmir. Çünki bunu heç cür açıqlaya bilmirdilər.

Eşitdiklərimi sürətlə qeydə aldım. Zehnimdə böyük bir hekayə canlanırdı. Bizim redaktorun iti hissiyatı yenə doğru tərəfə yönəlmişdi.

Müəllim məni maşınına mindirib şəhər avtobuslarının keçdiyi yola apardı. Yolda söhbət edə-edə qeyd tutmağa davam edirdim.

‒ Bundan sonra nə etməyi fikirləşirsən. Yenə kənddə müəllim olmağa davam edəcəksən?

‒ Bilmirəm. Kənddə ruhən rahatlıq taparam deyə bura həvəslə gəlmişdim. Təəssüf ki, ömür boyu məni iztiraba qərq edəcək belə bir hadisəylə qarşıladım. Artıq hara gedəcəyimi bilmirəm. Elə çox istəyərəm ki, dərviş olub Məryəmin hekayəsini hamıya danışım, ancaq bunu bacarmaram.

Müəllimlə sağollaşıb şəhərə gedən avtobusa mindim. Onun danışdıqları zehnimdə böyük bir hekayəyə çevrilirdi. Amma qəlbimin dərinliyində oyanan dərin bir göynək əl-qolumu bağlayırdı. Hər şeyi olduğu kimi yazmaq mənə ağır gəlirdi. Nəsə hekayə başqa cür olsun istəyirdim. Ağsaqqalların dediyi kimi Məryəm qucağında xilaskarla qayıtsın. Hər yer gülüstana çevrilsin. Bütün insanlar xoşbəxt olsun...

Mikrafonun gurultulu səsi məni yuxudan oyatdı. Sürücü şəhərə çatdığımızı bildirirdi. Pencəyimi qoluma keçirib avtobusdan düşdüm.

24.10.17

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
#
#
# # #