Çölçü obasındakı işıq - Eltən Qədimbəyli yazır...

Çölçü obasındakı işıq - <span style="color:red;">Eltən Qədimbəyli yazır...
20 noyabr 2017
# 11:50

Meşə cığırı boyu çiyində yol çantası, əlində ağac, saqqallı, əynində çölə uyğun geyim olan bir adam yeriyirdi.

Ətrafına elə heyranlıqla baxırdı ki, elə bil gözündən hansısa yarpağın tərpənişini, meşədə rastına çıxan quşların budaqdan budağa qonmaq üçün qısa uçuşunu qaçırsaydı dünya dağılacaqdı...

Acgözlüklə ətrafına baxa-baxa yeriyərək, meşənin içərisindəki talada üç yurd çadırı olan Çölçü obasına çatdı. Obanın girişində təxmini üç metr hündürlüyündə gözətçi çardağı var idi. Gözətçi onu görən kimi böyük davula iki üç dəfə vurdu...

Obanın ortasındakı çadırdan uzun ağ saqqallı gümrah bir kişi çıxdı, qonağı görüb gülümsədi...

- Ooooo, Tufan bəy, Çölçü Obasına xoş gəldiniz, Sizi görmək nə xoş... Çölçülərim qonağımızın çantasına yardım edin.

Obadakı Çölçülər ona yaxınlaşıb çantanı aldılar və saxsı kuzədə su verdilər. Qonaq suyu içib yaxınlaşmaqda olan ağsaqqala sayğıyla yüngülcə baş əydi, sağ əlini sinəsinə qoyub:

- Xoş gördük, Çölçü Bilgəm... Məndə sizi özləmişdim, dedim gəlim Sizlə bir az çağlayaq…

- Buyur gəl, oğlum. Qəhvəni ocağa qoyum, danışaq...

Çölçü Bilgənin başında quzu dərisindən qəhvəyi rəngdə bir börk, əynində börkün rənginə uyğun əski türk biçimində bir qaftan, baş barmağında oxçu üzüyü, qollarında dəri və iplərdən hörülmüş biləkliklər, üzündə və qollarında qəribə döymələr vardı. O qəhvə qabını ocağa qoyub, göytürk tamğaları ilə bəzədilmiş üzərinə bəyaz qoyun dərisi atılmış taxtdan olan qoltuqlu oturacağına əyləşdi.

- Hə, oğlum, buyur otur görək, indi Çölçülərimiz yeməyi hazırlasın biz də ona qədər anlayaq görək sənin beynini bulandıran hansı sıxıntılardır ?

Yol Tufan bəyi yormuşdu, uzun saçları üzünə tökülmüş saqqalı dolaşmışdı... 25-28 yaşlarında olmasına rəğmən yaşlı görünürdü. Üzü tutqun, gözləri isə sönük idi. O, dərindən nəfəs alıb Çölçü Bilgənin göstərdiyi oturacağa əyləşdi. Üst köynəyinin cibindən bir kiçik kəndir çıxarıb saçlarını arxadan bağladı, saqqalını əli ilə tumarlayıb səliqəyə salmağa çalışdı. Bilgənin ona diqqətlə baxdığını görüb dərin nəfəs aldı, sözünə başladı.

- Mən son aylarda çox sıxılıram, Bilgəm, şəhərin hay-küyü, televizyalardakı verilişlərdə bilərək və bilməyərək yayılan dayaz fikirlər məni qorxudur, ətrafımda artıq heç kim heç kimin üzünə belə baxmır, dostlarımla görüşürəm guya danışmaq üçün, hamının əlində bir telefon internetdən bağımlı olur gündən günə... Dayaz danışıqlar, axmaq zarafatlar...Hələ saytları, qəzetləri demirəm... Məmləkətdə bir ovuc ziyalı, aydın saydığım adamlar var, bunlar da bir-biri söz savaşına giriblər, düşük-düşük mövzuların üstündə didişirlər... sosial şəbəkələrdə atmaca atan atana... Bezmişəm...

Çölçü Bilgə gülümsündü.

- Dur oğlum, ayağa qalxaq. Oxun-yayın yanındadır? Gedək bir az ox ataq, sənin hal-hazırda fikirlərin çox dağınıqdır, bir az durulmağın və beynini bu danışığa kökləməyin gərəkdir.

Çölçü Obasının üç tərəfində meşə, bir tərəfində isə iki sərt qayalıqlı dağla əhatələnmişdi. Bu iki dağın arasından tökülən şəlalədən sağ tərəfə axan çaya gedirdi. Çayın üstündə su dəyirmanı, sahilində isə bumbuz sulu bulağı var idi.

Obanın ərazisində at, mal-qara və qaz, toyuqlar üçün ayrıca tövlələr var idi. Çölçülərin ərazidə əkin sahəsi, yaradıcılıq işləri üçün emalatxana, təndirxana və digər gərəkli tikililəri var idi. Onlar kənardan heç nəyə ehtiyac duymamaq üçün gərəkli yaşam biçimi yaratmışdılar. Çölçülərin arasında demək olar ki, hər ixtisaslı adamlar var idi, elm adamları, həkimlər, sənətkarlar, müəllimlər.

Onlar Çölçü Obasının dağa yaxın tərəfində yerləşən ox təlimi meydançasına gəldilər. Burda buta formasında üç hədəf var idi. Əvvəlcə yayları əlləri ilə tumarlayıb qızışdırmağa başladılar, çünki girişi dərhal taxmaq yaya zərər vura bilərdi. Girişi yaya taxıb atış duruşunu aldıqdan sonra ox atmağa başladılar.

Tufanın atdığı oxlar çox az hallarda hədəfə saplanırdı. Çölçü Bilgə ona diqqətlə baxır, boşa gedən oxdan sonra onun necə hirsləndiyini, əllərinin əsdiyini izləyirdi. Birdən gülümsəyib ucadan dedi:

- Dur oğlum, dərin bir nəfəs al! Beynindəki sıxıntıları unut... İplər gəriləndə düyünləri açmaq olmaz, rahatlan, sakitləş, durul... Nəfəs al, ətrafa bir bax, ağaclara, göy üzünə bax, gör onlar necə sakitdirlər. Oxu və kamanı yerə qoy... Bilgə Kağan kimi bardaş qurmanı istəyirəm. Hər əlinin üç barmağını birləşdir, öz çağlama edək...

Tufan bəy bardaş qurub gözlərini yumdu, hər iki əlinin üç barmağı sinəsinin önündə birləşdirərək, özünü durultmağa, özünə axmağa, öz çağlamağa başladı. Bu ritualı ona Çölçü Bilgə öyrətmişdi. O, ürəyinin necə döyündüyünü barmaqlarının ucunda duymağa başladı, ürəyinin hər ritminə uyğun nəfəs almağa və ritmləri yavaşlatmağa başladı... Bir azdan o, uçmaq çağında idi... Ruhu durulurdu sanki. Çölün gözəlliyini özünə toplayırdı... Saniyələr içində qulaqları daha çox səs eşitməyə, burnu daha çox qoxu duymağa başladı... Özünü unudub sanki oturduğu torpağın bir hissəsinə, üzərinə kölgə salan ağacın bir budağına çevrilmişdi... Tufan bəy sakitləşmiş, durulmuş, üzünə qəribə bir işıq qonmuşdu... O, gözlərini açdı. Çölçü Bilgə gülümsədi...

- Hə, Bəyim, atışa hazırsan, HU!!!

Tufan bəy kamanında olan oxları bir-bir hədəfə qondurdu...

Gülümsəyib “həə, danışmağa hazıram Bilgəm” dedi!

Onlar ocağın başına qayıdanda Çölçü Bilgənin yanında öyüd alan Çölçülərdən biri artıq qəhvəni hazırlamış və taxta fincanlara süzmüşdü...

Çölçü Bilgə Çölçünün üzünə gülümsəyib, var olasan paşam, - dedi və fincanını götürüb qəhvəsindən bir qurtum içdi, Tufan bəyə sağ tərəfində yer göstərdi...

- Buyur Tufan bəyim, - dedi...

Tufan bəy qəhvəsini götürdü, bir qurtum içib sözünə başladı...

- Bilgəm, mənim canımı sıxan odur ki, toplumumuzdakı aydın, ziyalı dediklərimizin içində hələ də başqa millətlərin mədəniyyətinin köləsi olanlar var. Onlar millətimizə aşağıdan yuxarı baxır, toplumu öz tənqidi fikirləri ilə əzməyə davam edirlər. Onsuz da biz torpaqlarımızı itirdiyimiz üçün millət olaraq bir məğlub kompleksi içindəyik, düzdü heç birimiz bunu etiraf etmək istəmirik, amma içimizdəki bu yarımçıqlıq hissi bizi didib parçalayır. Biz çıxış yolu kimi Çölçü yaşam biçimini ortaya qoyuruq, millətin ruh yüksəkliyini qaldırmaq üçün çıxış yolları göstəririk, onlar bizi dinləmək belə istəmirlər. Anladıqları halda anlamamazlıq göstərir bizə qarşı aqressivləşirlər, sadəcə bizə deyil, özlərinə də...

Çölçü Bilgə dedi:

- Oğlum, çağdaş toplumdakı aydınların demək olar ki, hamısı o olduqları yerlərə öz özlərini yetişdirərək, bir çox əngəlləri aşaraq gəliblər. Bizim dövlətimiz gəncdir, 70 ilə yaxın bizi ruslar idarə edib, bu adamlar bəlli işlər görə bilmək üçün nələrindən keçiblər heç ağlına da gələ bilməz. Bizim toplumun üzərində aparılan manipulyasiya əməliyyatları çox sərt olub, adımız türkdən, tatara sonra da azərbaycanlıya çevrilib, əlifba iki-üç dəfə dəyişdirilib, düşünən beyinlər sovetin vaxtında repressiyaya uğrayıb, bu ərəfədə folklorumuzda əfsanələr, nağıllar, atalar sözləri, dastanlar, musiqimiz dəyişdirilib, bizi özümüzdən çıxarmağa çox çalışılıb. İndi üzdə olan aydınlar isə bütün bu mədəni işğala rəğmən yaşamlarında vətən, millət düşüncəsində qalıblarsa bu günümüzə sevinməliyik. Onların bizə qatılacağı gün uzaqda deyil, hər insan bir qıfıllı qapıdır, doğru açarı tapana qədər çalışmaq gərəkdir.

Bu gün çağdaş toplumda qloballaşma adı manipulyasiya davam edir. Milli düşüncə, dövlət sevgisi, ailə sevgisi yerinə xarici peyk kanallarında, internetdə və xarici kinolarda bütün dünyada fərdiyyətçi insan modeli formalaşdırılmağa çalışılır, fərdi inkişaf təlimçiləri meydan sulayır, vəhşi kapitalist düşüncə yayılır, adamları alış-veriş manqurtuna çevirən neyromarketinq hiylələri çoxalır - bunlar hər biri ailə, toplum dəyərlərini darmadağın etməyə, törəni tam bitirməyə çalışır. Bu gün sivilizasiyası ilə öyünən böyük dövlətlərdə belə cinsi ayrıseçkilik, irçilik, millətçilik gizli-aşkar hökm sürür. Biz bunları görürük.

Amma unutma oğlum, biz küllərimizdən yenidən doğuluruq, hər gün keçdikcə özümüzü daha yetişdiririk, dövlətimiz güclənir, təcrübə qazanır. Biz Çölçülər heç kimə yeni heç nə öyrətmirik, təkcə unudulanları xatırladırıq.

Biz Çölçülərik, insanları, toplumu bu mədəni beyin işğalının, manipulyasıyanın Çölünə çıxartmağa çalışırıq, özümüzə qaytarmağa çalışırıq, öncə öz millətimizi dövlətimizi sevməyə çağırırıq. Biz heç kimdən yüksəkdə deyilik, heç kimdə bizdən yüksək deyil.

Tufan bəy diqqətlə Çölçü bilgəni dinləyir, bu arada içində düşünürdü, bunları mən də bilirəm, Bilgəm bunları mənə niyə təkrarlayır...

Çölçü Bilgə gülümsündü:

- Bəyim, düşünürsən ki bunları bilirsən, mən sənə təkrar-təkrar nəsə deyirəm, hə?

Tufan bəy özünü itirdi...

- Bilgəm, düzü həə, amma Siz bunu hardan bildiniz?

Çölçü Bilgə:

-Tufan bəy, bax, bizim ən birinci əngəlimiz içimizdəki məndir. Bizim bəzən bildiyimiz hesab etdiyimiz, amma əslində bilmədiyimiz bilgilər var. Bilgini yaşamında işlədə bilmirsənsə demək ki tam öyrənməmisən, yarımçıqsan...

Tufan bəy qızardı, başını aşağı saldı...

Çölçü Bilgə:

- Bəyim, başını aşağı salma, dik tut... Yolda hələ yenisən, yeni davam edirsən... Elə biz də öyrənirik, ancaq biz hələ də yarımçığıq... Dünya hər gün dönür, döndükcə yenilənir... Biz də çağlamalıyıq hər gün...

Tufan bəyin gözləri işıqlandı...

- Bilgəm, mən öyüdümü aldım, icazənizlə mən gedim...

Çölçü Bilgə başını buladı...

- Yox, bəyim, bu gecə Çölçü Obasında qalacaqsan... Gecə ulduzların altında uyuyub, yenilənib, yeni enerji ilə yüklənib, geri dönəcəksən. Çağdaş toplum öz köklərindən qopub, bizim işimiz onları yenidən Çölə qaytarmaq və onları yeniləyəcək enerjini onlarla paylaşmaqdır. Onlar çağlayınca yaşamımız çox daha gözəlləşəcək...

Tufan bəy səhər Obanı tərk etdiyində artıq daha əmin addımlarla gedirdi...

Gözlərindəki işıq sanki səhərin alatoranlığında yolunu işıqlandırırdı...

O bu işığı beton cəngəlliklərin içərisində yaşamağı unutmuş, süni qəliblərin içində boğulan, yaşamlarını monitorlardan izləyənlərin içində sönmüş Çölçü ruhunu alovlandırmağa aparırdı...

# 2235 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #