Kulis Varisin “2016-cı il martın 15-də, deyim, niyə yağış yağdı?” hekayəsini təqdim edir.
Berjeron və Findayzen.
Çox qəribədir, hətta hər gün üz-üzə gəldiyim əksər qonşumun belə adını yadımda saxlaya bilmirəm, amma bu iki şəxsin soyadları nədənsə beynimin dərinliklərinə yazılıb.
Bu gün martın 15-dir. Yaz yağışı qəfildən başlayıb. Yağışın növləri çoxdur: narın yağış, leysan yağışı, qarlı yağış, kor yağış... İndi yağansa şıdırğı yağışdır.
Küçənin prospektlə kəsişən tinində görürəm onları. Oğlanla qızı. İnzibati binanın girişindəki çıxıntının altında sığınacaq tapıb üz-gözlərindən su süzülə-süzülə bir-birinə tamaşa edirlər. Oğlan necə də ovaxtkı mənə və qız necə də o vaxtkı ona bənzəyir. Ayaq saxlayıb matdım-matdım onlara tamaşa etməyə başlayıram. Xatirələr məni necə götürüb illər öncəyə aparırsa yağışın altında dayanıb islandığımın fərqinə varmıram.
Universitetdən çıxardıq, heç kəs sezməsin, söz-söhbət olmasın deyə bura kimi bir-birimizdən aralı gələr, bu tində əl-ələ tutub hey baxışar, söhbətləşərdik. Səsimiz necə titrəyərdi, ürəklərimiz necə döyünərdi...
O vaxt həmin o sevgi dolu anların necə dəyərli, insan həyatının bəlkə də ən qiymətli hissəsi olmasını duymurduq. Yalnız indi, keçən illərin yüklərini çiynimə yüklədikdən sonra anlayıram ki, düz deyirlər, insanın ən böyük xoşbəxtliyi gəncliyi, sevib sevildiyi anlarıdır. Deməzsənmiş, insan uzun müddət sevmək arzusuyla, qısa müddət sevərək və daha uzun müddət sevgi xatirələriylə yaşayırmış.
...Deyəsən islanmağa başlayıram...
Onlar necə də bəxtəvər-bəxtəvər baxışırlar. Oğlan çeçələ barmağıyla qızın yanağındakı yağış damcısını necə nəvazişlə silir. Qız necə incə gülümsəyir.
Təsadüfə bax. Bir qədər öncə Stiv Cobsun ölüm yatağında ikən yazdıqlarını oxuyub təsirlənmişdim. Anlamışdım ki, sevginin əsl həqiqətdə nə olduğuna ən gözəl tərifi məhz o kişi verib.
Bura bizim daimi görüş yerimiz idi. Burada qovuşub bir-birimizdən ayrı qaldığımız müddətin hesabatını verdikdən sonra prospektlə üzüaşağı düşərdik. O, yanımca elə yüngülcə addımlayardı, sanki ayaqlarını asfalta yox, pambığa basır. Haçan diqqət edirdimsə, görürdüm addımlarımızı eyni vaxtda, eyni ayaqla atırıq. Hətta arada bu eynilikdən bezib bir addım ləngiyib ayağımı dəyişirdim, ahəngi pozurdum. Amma sonra başım nəyəsə qarışırdı, yenidən ayaqlarımıza fikir verəndə görürdüm ki, yenə də addımlarımız eyniləşib...
Yol boyu başını əsla qaldırmazdı, sanki oğlanla yanaşı gəzdiyinin suçunu duyardı... Bizi kiminsə görməsindən elə ehtiyat edərdi ki...
Oğlan qıza nəsə pıçıldayır, o da gülümsəyir. Gözləri neçə parıldayır qızın. Yəqin sevgi etirafını eşidir. Qızlar sevgi etirafını eşidəndə çiçək kimi açır, ayrılığın gəlişindən xəbərdar olanda isə saralıb solurlar.
Əslində, 25 ildə sevgi prosesində ən əsas dəyişən şey bilirsiniz nədir? O vaxt oğlan 2 qəpiklik tapanda, rastına telefon avtomatı çıxanda, bu telefon avtomatında novbəylə qarşılaşmayanda, qızın evdə danışmaq imkanı olanda – yəni böyük çətinliklər bahasına, 3 – 4 gündən bir qızla danışmaq imkanı əldə edərdi. Amma indi mobil telefon bu 3 – 4 gün intervalını haradasa 3 – 4 dəqiqə edib, ünsiyyət xoşbəxtliyini urvatdan salıb.
Stiv Cobs nə yazmışdı?
...
...
...
Hə, yazmışdı ki, hazırda xəstəxana çarpayısında uzanaraq bütün həyatımı xatırlayıram. Başa düşürəm ki, həyatım boyu qürur duyduğum bütün tərif və zənginlik indi olduğum qaçılmaz ölüm ayağında çox cılız görünür. Ömrüm uzunu qazandığım sərvəti özüm ilə apara bilmirəm. Özümlə apara biləcəyim yeganə şey – sevgi dolu xatirələrimdir.
Düzü, çox kövrəlmişdim bunları oxuyanda. Hətta gözlərim yaşarmışdı da.
Bu nədir, lap islandım ki.
Yağışın altında key-key durmağım yoldan keçənləri təəccübləndirir. Ayaq saxlayıb, bəlkə də, ağlını itirmiş birisi hesab etdikləri mənə diqqət yetirməyi özlərinə borc bilirlər.
Hərəsi başına bir şey keçirib. Ancaq çətir tutanı yoxdur.
Hətta oğlanla qız da maraqla mənə baxmağa başlayırlar.
Oğlan dəri gödəkcə geyinib. Qız plaşdadır. Mən də 25 il əvvəl dəri gödəkcə geyinməyi xoşlayardım. O isə plaş da geyinərdi, sırıqlı gödəkcə də.
Yağış – bütün bədii ifadə vasitələrini bir qırağa qoysaq, əslində buluddan damcı şəklində tökülən mayedir. Yağış damcılarının diametri 0,5 kvadrat millimetrdən 7 kvadrat millimetrədək olur. Su damçılarının yuxarısı enli, aşağısı nazikdir. Ən böyük damcılar paraşüt formasına malikdir. Damcıların düşmə sürəti isə ölçülərindən asılıdır. Xırda damcılar 2 – 6 metr/saniyə, böyüklər isə 9 – 30 metr/saniyə sürətə malik olur.
Bizim bir görüşümüz də eynən belə bir yağışlı gündə olmuşdu... Prospektlə islana-islana düz avtovağzalacan getmişdik. Həmişə dilotu yeyibmiş kimi danışan mən hey susurdum. Bu halım onu öncə təəccübləndirmiş, sonra qorxutmuşdu. Etiraf edim ki, qorxusu özünü doğrultdu. Həmin görüş bizim son görüşümüz oldu. Ertəsi gün ona dama-dama dəftər vərəqinə yazdığım şeirimi göndərdim. Vəssalam. Dörd il uzanan sevgi yolumuz beləcə qırıldı.
Kim bilir, indi haradadır, həyatı necə keçir. Heç bilmirəm də ki, əlləri yenə buztək soyuqdurmu, güləndə yenə yanaqlarında çökəklər əmələ gəlirmi, utancaqlığından yenə dəqiqəbaşı qulaqlarının dibinəcən qızarırmı, saçının şampun ətri yenə valehedicidirmi.
Həmin o bizi ayıran gündən düz iki gün öncə prospektdəki iri baqqaliyyə mağazasının qarşısında (indi yerində yapon restoranıdır) bizi dama-dama paltarlı bir qaraçı yaxalamışdı, əlindəki Borya adlı tutuquşu ilə falımıza baxmağa cəhd eləmişdi. Mən əyləncə sevənəm, «baxsın» demişdim, amma qız qorxmuşdu, əlimdən çəkib «gedək» söyləmişdi. Tutuquşunun biclik yağan muncuq gözlərindən baxışımı qoparanda qızın xeyli aralandığını görüb qaraçıya üzrxahlıq edərək qızın ardınca götürülmüşdüm. Soruşmuşdum ki, niyə axı qoymadın gələcəyimizi bilək. Qəribə bir fikir bildirmişdi. Demişdi ki, fal – falçının əhval-ruhiyyəsindən asılı olaraq ağlına gələni söyləməsidir. Təəssüf ki, zaman aldanaraq bu söylənilənləri gec-tez reallaşdırır...
Buna deyərlər, təpədən dırnağa qədər islanmaq. Amma heç bir narahatlıq duymuram. Hətta əllərimi kənara açıb, başımı arxaya əyib lap uşaq kimi üzümü yağışın altına tuturam.
Yağış - 0єC-dən aşağı temperaturda soyudulmuş damcılar və buz kristarlarından ibarət olan qarışıq buludlardan tökülür. Yağış buludlarının yaranması müxtəlif temperaturlu iki hava kütləsinin qarşılaşmasından, habelə rütubətli havanın yerin soyuq qatı ilə təması nəticəsində baş verir.
Stiv Cobsun bayaq oxuduqlarımın içində nöqtə-vergülünü, tiresini belə heç vaxt unutmayacağım bir cümləsi var, yazır: «Hər birinizin həyatında pərdələrin enəcəyi gün gələcək, yalnız həmin gün başa düşəcəksiniz ki, sizin tək xəzinəniz – sevginizdir».
Qoyun görüm, o uzaq illərdə yazdığım və dama-dama dəftər vərəqinə köçürüb ona yolladığım şeiri xatırlaya bilirəmmi...
...
...
...
Hə, xatırladım.
Bir gün yeri-göyü başına alan
selləmə bir yağışın
ucundan tutub
gəlsəm, gəlsəm,
sənə çata bilərəmmi?
Yağışa qarışaraq
yanağın boyunca axan
göz yaşlarını
tapıb silərəmmi?
Biz axı yağış dəlisiydik.
Yağış təki
küçələr boyu axardıq,
Sonra da üz-gözümüzdən su süzülə-süzülə
bəxtəvər-bəxtəvər
baxışardıq.
«...Baxışında soyuqluq...»
«Ürəyində yadlıq...»
«Dilində yalan...»
Nə bilim daha nə, daha nə,
yüz cürə uydurma,
yüz cürə əfsanə
...Təkcə sənə yox,
özüm özümə də yükəm.
Neynəyim, gülüm,
Başıma haranın daşını töküm?
Əzəli bizsiz yazılan,
sonu bizsiz pozulan
ömür deyilən yükü çəkə-çəkə
düşmüşük qarğışa.
Sən Allah, çətir tutma,
sən Tanrı,
çətir tutma yağışa...
Yox, bu yağış kəsənə oxşamır. Navalçalardan şırıltı ilə gələn su daş döşənmiş səkinin üzəri ilə yürüş edir. Kontur kağızları, siqaret kötükləri qayıqlara, gəmilərə çevrilib limanlarına doğru üzməkdədirlər.
Dabanlarımı yerə sıxıb pəncələrimi qaldırıram ki, ayaqqabımın içinə su dolmasın.
Nədirsə bu mart bizim Abşerona dalbadal yağışlar yağır. Gözlənilməzdir.
Ən çox yağışlar rütubətli küləklərlə yüksək dağ silsilələrinin qarşılaşdığı ərazilərdə olur. Dünyada yağışın ən çox yağdığı yer Hindistandadır – Benqal körfəzinin şimalı və Kxasi dağının cənub silsiləsi.
Mərkəzi Amerikanın bir hissəsi, Zond adaları, Amazonka düzənlikləri, Çin və Yaponiya da yağışın çox yağdığı yerlərdir. Ən az yağış yağan yerlər isə Saxara, Ərəbistan, İranın əksər hissəsi, bir də Aral – Xəzər çökəkliyidir.
Yüz faiz bu belədir. Biz – dünyanın ən az yağış yağan qurşağındayıq. Amma, sən gəl, indi bu yağışın yağmağına bax da.
Oğlan bir əlini cibinə qoyub, bir ayağını divara dirəyib. Ara-sıra dikəlir, sinəsini qabağa verir. O biri əlini də tez-tez telinə çəkir.
İnsan da insana bu cür oxşayarmı?
25 il əvvəli görürmüş kimi həsədlə, qibtəylə oğlanla qıza baxıram. Anlaşılmaz hisslər keçirirəm. Hərdən hansısa qüvvə məni onlara tərəf çəkir. Çəkir ki, adlarını öyrənim. Adlarını soruşanda və öz adlarımızı eşidəndə dəli olmarammı?
Elə bu vaxt gəlib beş addım aralıda bir qoca kişi dayanır. Təəccübümə səbəb olaraq mənə baxmağa başlayır, köks ötürür. Yağışdan islanmasın deyə ovcunda gizlətdiyi siqaretdən dərin qullab vurur.
Tanrım, bu qoca da eynən mənə bənzəyirmiş ki. 25 il sonramı görürmüş kimi qüssəylə, ümidsizliklə onun azacıq əyilmiş vücuduna tamaşa etməyə başlayıram.
Nəyə deyirsinizsə and içərəm, bu qoca düz 25 il əvvəl gəlib bax burada eynən mənim kimi dayanıb daha 25 il əvvəlki özünə və sevdiyi qıza bənzər cütlüyə – bizə tamaşa edib.
Hətta görüşlərimizi təsəvvürümdə canlandırmağa çalışıram ki, görüm ətrafdakı insanlardan diqqətimizi çəkən olmuşdumu...
Ay yağış, sən kəsəcəksən, ya yox?
Qabaqlar çətir gəzdirmək bir dəb idi. Göyün üstündə kiçicik bir qara bulud göründümü, kişilər qara, qadınlar alabəzək çətirlərini götürərdi. Günəş yandırıcı şüalarını səpələməyə başladımı, yenə hamı çətirə sarılardı. Amma indi az-az adamda çətir görərsən. Biri başına sellofan torba keçirir, biri portfelini tutur, biri qəzet bürüyür.
Onun çətirlərini heç unutmuram. Tanışlığımızın ilk iki ilində üstündə çəhrayı-mavi rəngli xırda gülləri olan ağ çətir götürərdi. Sonrakı il dayısı oğlu ona əskərlik çəkdiyi Polşadan tüng qırmızı rəngli, iri qızılı butaları olan əntiqə bir çətir gətirmişdi, onu götürürdü. Əvvəlki yerli istehsaldan olan çətiri yalnız yağışda götürdüyü halda bunu günəşdə də götürürdü. Bu çətir ayrı aləm idi, hamının diqqətini cəlb edirdi. Altına girəndə mən də qürurlanırdım.
Hansısa əli qırılmış metroda oğurladı o çətiri. Yazıq qız, növbəti il yenidən yerli çətir götürəsi oldu. Adicə saya qırmızı...
Bəlkə elə bu da tale işidir, bu səhər heç yağış yağacağı ehtimalı yox idi, amma mənim gözümə internetdə çətir barədə məlumat sataşmışdı: çətirlər sintetik, su keçirməyən neylon və poliamid materialdan düzəldilir, bu material metal məftillərdən ibarət karkasa bərkidilir. Eramızdan əvvəl XI əsrdə artıq çətirlərə rast gəlinirdi. Çətirin vətəni Çin və Misir hesab olunur. O vaxtlar çətir hakimiyyət simvolu sayılırdı, yalnız fironlar və imperatorlar, bir də onların ən yaxın ətrafı çətirdən istifadə etmək hüququna malik idi...
Oğlanla qız telefonlarının kamerasıyla yağışı çəkməyə başlayırlar. Oğlan çəkir, qıza göstərir. Qız çəkir, oğlana göstərir. Çox nikbindirlər, çox şəndirlər.
Yeri gəlmişkən, yağışın yağması yalnız atmosferdə müəyyən temperatur şəraitində mümkündür ki, bu şəraitə də yalnız Yer kürəsində rast gəlinir. Və bu şərait atmosferin aşağı qatlarında hava cisimlərini aqreqat halında qoruya bilən suyun hesabına mümkündür. Su yağışı yalnız bizim planetdə mövcuddur. Saturnda metan, Venerada isə sulfat turşusu yağışı yağır...
Oğlanla qız və qoca mənə, mən isə həm oğlanla qıza və həm də qocaya baxmaqdayıq.
Keçmiş, bu gün və gələcək. Bu gündən keçmişə, sonra gələcəyə... Bu gün sanki bir qatar platformasıdır. Oradan gah keçmişə, gah gələcəyə saysız-hesabsız qatarlar yollanır...
Qəfildən içimdə əminlik yaranır ki, düz 25 il bundan sonra eynən bu cür yağışda hansısa gənc oğlan və qız indi yağışdan daldalanan bu sevişən cütlüyün yerini tutacaq, indi mənə təəccüblə baxan bu sevən oğlan yaşlaşacaq, mənim bax bu indiki yerimdə dayanıb yağışdan islanaraq gənc oğlanla qızı süzəcək, mən də qocanın yerində qərarlaşıb qırışmış üz-gözümün suyunu silə-silə sevişən cütlüyə həsədlə baxan yaşlaşmış oğlana baxacaq, köks ötürəcəyəm...
Bəlkə də həmin gün yağış indinkindən daha güclü, yaxud daha zəif yağacaq. Və bəlkə də, həmin gün damcıların şırıltısına həzin bir səs də qoşularaq pıçıldayacaq:
Sən Allah, çətir tutma,
sən Tanrı,
çətir tutma yağışa...
Və az qala unudacaqdım.
Berjeron və Findayzen...
Yağış damcılarının tökülməsi yalnız bir halda – su damcıları buz kristalında donanda baş verir, bu proses olmasa yağış yağmaz. Su damcılarının buz kristalında donması prosesi də məhz Berjeron – Findayzen prosesi adlanır.
Yağış lap şiddətlənir. Məni gərək oğlanla qız da, qoca da bağışlasınlar, evə qaçmaq zorundayam.
Lənət şeytana, ayaqlarım nə yaman islanıb...
Paltarım ağırlaşıb, bədənimə elə kip yapışıb ki...
...
...
...
Görəsən, hər halda, o vaxt üzərində iri qızılı butaları olan tünd qırmızı rəngli çətiri kim oğurladı axı?