Kitayski səbir kasası - Əjdər Oldan yeni hekayə

Kitayski səbir kasası  - Əjdər Oldan yeni hekayə
2 mart 2016
# 10:58

Kulis Əjdər Olun “Qədir” hekayəsini təqdim edir.

Qədir çəkməçi köşkündə oturub çəkicini taqqıldada-taqqıldada müştərilərin köhnə ayaqqabılarına əl gəzdirirdi.

Onu fikir götürmüşdü, gündəlik qazancı evi görmürdü, bir qəpik artırıb dala atmaqdan söhbət gedə bilməzdi.

Artırmaq cəhənnəmə, borclar kəndir olub keçmişdi boğazına. Ərzaq dükanlarında, ət mağazalarında adı nisyə dəftərlərinin başında idi. İnsafən, alqı-satqı yerlərinin heç birindən Qədiri əliboş qaytarmazdılar. Bu balaca şəhərdə onu tanıyanların hər biri bilirdi ki, Qədir tutquçu deyil, əlinə pul düşən kimi gətirib borcunu qaytaracaq. O, tez-tez Allahına şükür eləyirdi ki, heç olmasa, az-çox tanış-bilişin etibarını qazanıb.

Özünə qalsaydı, heç nəyi vecinə almazdı. Çünki Qədir binadan gözütox adam idi. Bir şalvarı, bir köynəyi dəyişəksiz üç-dörd il geyərdi. Bəzənib düzənməklə arası yoxdu. Yeməyi nə idi? Balaca bir uşaqca qarnının tutumu vardı. Onun məzəli sözlərini, atmacalarını, lətifələrini eşitməkdən ötrü Qədiri yüz yerə çağırırdılar, denən heç süfrəyə gözünün ucu ilə baxırdı?! Ancaq arvadı Nazı onun gününü göy əskiyə bükmüşdü. Danlaq eşitməkdən yazığın qulaqları yağır olmuşdu. Hərdən özünü arsızlığa vururdu, əlüstü qonaqlıqlarda, çayxanalarda gününü yubadırdı ki, təki evə gec gəlsin, arvadının “dır-dır”ını az eşitsin. Amma Qədir hərdən də başqa cür düşünürdü. Başqa cür düşünəndə Nazını haqlı çıxardırdı. “Kopoyoğlunun qızı düz donquldanır də, - öz-özünə deyirdi - Qönçə günü-gündən yekəlir, onun yükü artır. O, nə başa düşür atasının dünya malında gözü yoxdur. O da tay-tuşları kimi yaxşı geyinmək, qəşəng görünmək istəyir. Arvadı Nazı özünü nədən ötrü yırtıb dağıdır? Usta Yusifin - Allah o dünyasını versin - kamançası alınandan sonra Qönçənin barmaqları əməlli-başlı şirinləşib. Hərdən o, kamançanın pərdələrində elə yanıqlı xallar vurur ki, Qədirin içi göynəyir, rəhmətlik dədə-nənəsi gəlib durur gözlərinin qabağında. Gözlərindən gildir-gildir yaş axır. O gün Nazı söz salmışdı ki, musiqi müəllimi Qönçəni Bakıda keçiriləcək gənc musiqiçilərin müsabiqəsinə aparmaq istəyir. Qönçəni başsız qoymamaq üçün Nazı ilə qızını Bakıya yola salmaqdan ötrü bir ətək pul lazımdı. Hələ arvadla uşağa babat əyin-baş almaq məsələsi var. Durub kimin üstünə borca gedəsən? Doğru deyiblər ki, yüz fikir bir borcu ödəmir. Qədirin axırda öz-özünə qımışıb, hər şeyin bir tərəfini boş buraxmağı vardı. Heç nəyi özünə dərd eləməzdi. Bəzən dolanışıqdan gileylənən Nazıya deyərdi ki, arvad, fikir eləmə, işlərin düzəlməyinə bir şey qalmayıb.

Bu vaxt Qədirin qapısı açıldı. Uşaqlıq dostu Fərman qapıda göründü. Onlar möhkəm qucaqlaşdılar. Fərman buraların qarışıqlıq olan vaxtlarında Moskvaya gedənlərdəndir. Orada əli tutub, neçə illərdir ayaqqabı işinə baxır. Moskva kimi ucu-bucağı bilinməyən bir şəhərdə ayaqqabı dükanı olmaq zırıltı məsələdir. Hər həftə ona Çindən mal vururlar. Dediyinə görə, Fərmanın Bakının “Sədərək”, “Binə” ticarət mərkəzlərində də iri “toçka”ları var. Onun öz doğma şəhərindəki ayaqqabı dükanı isə bəlkə də Moskvadakından da, Bakıdakılardan da böyükdür, ancaq işlədən yoxdur.

Fərmanın Moskvada başı çox qarışıb. İldə bir, uzaq başı iki dəfə buraları yoxlamağı var. Hər səfərində Qədiri görməmiş, məclis qurub onunla doyunca gop eləməmiş getməz.

Hər dəfə o, Qədirin dalınca maşın göndərib hansısa restorana çağırtdırar, məclis qurar, axırda da cibinə pul basıb evinə yola salar. Bu dəfə özü dostunun hüzuruna gəlmişdi.

Fərmanın qəfil gəlişinə yerində quruyub qalan Qədir bilmədi nə desin:

- Fərman burada otursan pal-paltarın bulaşacaq! Bəlkə gedək...

Fərman əli ilə Qədirin çiynindən yüngülcə basıb yerində oturtdu və özü də yanını Qədirin qarşısında müştərilər oturan kətilə qoydu.

Qədir əl-ayaq elədi:

- Bayaq termosda yaxşı çay dəmləmişəm. Bir fincan vətən çayı vur bədənə!

O, cavab gözləmədən termosun qapağını açdı, xırda məcməyidə çay dəsmalına bükülmüş fincana çay süzüb dostunun qənşərinə qoydu.

Fərman fincanı götürüb çaydan bir qurtum aldı və dedi:

- Qədir, biz dostuq də?

Qədir qaşlarını dartıb cavab verdi:

- Mən tərəfdən hə, sən tərəfdən bilmirəm.

- Yarım saat zarafatsız danışaq! İngilislər deyirlər ki, parlament yumoru sevmir. Mən də səninlə bir məsələni müzakirə etmək istəyirəm.

- Moskvadan o boyda yolu basa-basa bundan ötrü gəlmisən?

- Tutaq ki, elədir!

- Deməli, ölkələrarası danışıqlar başlanır. Buyur!

- Qədir, - Fərman qurcuxub yerini rahatladı - sən bilirsən də, bazarın böyründə mənim ayaqqabı dükanım var.

- Bunu hamı bilir - Qədir termosu açıb özünə də çay süzdü.

- Onu da bilirsən ki, həmən dükanı bacıoğlum Tapdıq işlədirdi.

- Hə, o dükan Tapdığı xarab elədi.

- Tapdıq qoşuldu lotu-potuya, neçə dəfə məni zibilə saldı.

- Yaxşı elədin o dükanı bağladın. Tapdıqdan dükan işlədən olmazdı.

- Qədir!

- Bəli Fərman!

- İndi istəyirəm o dükanı təzədən açım! O boyda “toçka” niyə boş qalsın ağzıgünə?

- Bundan ötrü məni strateji əhəmiyyətli işimdən ayırmaq lazım idi? Ə, bizdə bilirsən nə qədər ağsaqqal var?

- Qədir, mən özüm öz ağsaqqalımam. Səbrin olsun, məni axıra qədər dinlə!

Qədir qənddandan bir noğul götürüb ağzına atdı və çay içə-içə dedi:

- Səbr kasamdan nə qədər içirəmsə, yenə də dolub daşır.

Fərman Qədirin üslubunda cavab verdi:

- Mən deyənə razı olsan, sənə Kitaydan iri bir səbr kasası alıb göndərəcəm.

- Qurumsağ, Kitaydan Moskvaya, Bakıya bu qədər mal vurursan, bir dəfə yadına düşmüşəm?

- Sən həmişə yadımdasan!

- Elədirsə, mənə səbr kasası göndərəndə yanına bir cüt ayaqqabı da qoyarsan. Eşitməmisən ki, çəkməçinin ayaqqabısı yırtıq olar?

- Bundan sonra ayaqqabın yırtıq olmayacaq!

- Şvetzariya bankından dədəmin pulu tapılıb?

- Mən deyəni eləsən, onun kimi bir şeydir.

- Yaxşı, Fərman, zarafatı bitirdim. Dediyin nədir?

Fərman boğazını arıdıb dilləndi:

- Qədir istəyirəm dükanı sən işlədəsən.

Üzü-üzlər görmüş Qədir də təəccüblənərmiş. Bir anlıq onun sifəti dondu, kiprikləri çalmadı, aralı qalmış dodaqları bağlanmadı. Fərman sözünün dalını gətirəndə o da hərəkətə gəldi.

- Qədir, razı olsan, sabahdan işə çıxarsan.

- Sən bilən tacirliyi bacararam?

Qədir bu sözləri elə boğazla dedi ki, təklifə razı olduğu aydınca bilindi.

- Qırx ildir ayaqqabı ilə əlləşmirsən? Ayaqqabı satmağa nə var? Tərəzi işlədəcəksən? Pulunu al, malını ver! Qazancın da buradakından neçə qat çox.

Qədir artıq xəyalında dükan-bazara olan verəcəklərini bir-bir qaytarıb adını borc dəftərlərindən sildirirdi. Birbaşa əlborcu aldıqları da var idi. Yazıq neyləsin, həmişə xərci borcunu üstələyirdi.

- Nə “çorta” getdin, Qədir? Heç dünyanı idarə edənlər bir məsələni götür-qoy edəndə bu qədər fikirləşmirlər.

- Ona görə dünya bu gündədir də! - Qədir ayağa durdu və usta döşlüyünü belindən açıb divardakı mıxdan asdı. Fərman da ayağa qalxdı və söhbət ayaq üstə davam etdi:

- Hə, Qədir nə deyirsən?

- Arvadla məsləhətləşməliyəm! Ancaq düzünü desəm, mən öz sənətimi sevirəm. Mənə qalsa, min il bu sənəti işlədərəm.

Fərman qayğılandı:

- Birdən arvad “yox” dedi.

Qədir gülümsədi:

- Mənə elə onun “yox”u lazımdı.

- Başa düşmədim.

- O, “yox” deyən kimi, qaşlarımı düyünləyib səsimi qaldıracağam. Qoy kişilənməyimi görsün. Mən həmişə bir bəhanə tapıb arvadın ipini yığıram.

Onlar küçəyə çıxdılar. Fərman dostunun dediklərini zarafat sandığı üçün söhbəti uzatdı.

- Bəs arvad “hə” desə, nə tamaşa düzəldəcəksən?

- Onda Nazının qabağında forslanıb ləzzət alacağam. Ailə həyatının maraqlı etmək hər bir kişinin müqəddəs borcudur. Hələ evə qədər yolda bəlkə başqa ssenari cızdım.

- Qədir, nə eləyirsən, elə, özün bilərsən, axşama qədər mənə bir cavab ver. Üç gün vaxtım qalıb. Dükanı təhvil verib Moskvaya uçmalıyam!

- Yaxşı, qardaş, gedib görüm arvad məni hara uçurdacaq.

Qədir yolu keçib evlərin arasında gözdən itdi. Fərmansa yolun qırağında saxladığı “Cip”ə minib uzaqlaşdı.

Qədir həyətə girəndə arvadı Nazı pipiyini qızardıb döyüşə hazır vəziyyətdə dayanmışdı. Həyətin dörd-beş toyuğuna dən səpsə də, bir gözü indicə həyətə girən Qədirdə qalmışdı. Qədir həmişə ona davakar olduğunu deyəndə Nazının bir cavabı vardı: - Nə eləyirəmsə, balama görə eləyirəm!

Uşağın da qayğısı bitib qurtaran deyil. Onun hər bir istəyi Qədirə yeni bir dava gətirirdi.

Qədir Nazının qırımına baxıb onu qabaqladı:

- Arvad, gəl dava eləyək! Başla görək!

Nazının gözlərindən çınqı çıxdı:

- Arsız! Mən nə hayda, bu nə hayda?! Qönçə səhərdən axşamacan məşq eləyir, Bakıya hazırlaşır. Mənim fikirləşməkdən başım şişib. Hara əl atıram, əlim boşa çıxır. Bu da məzə axtarır.

Qədir tövrünü pozmadan cavab verdi:

- Nazı bu məsələ üstündə beş-altı dəfə dava eləmişik də. Davanın mövzusunu dəyiş!

- Məni ələ salırsan?

- Allah eləməsin!

- Bəs onda bu nə danışıqdır? Mənim başqa nə söz-söhbətim var?! Dilim Qönçə ilə açılır, Qönçə ilə bağlanır. Bircə balamdır. Qara qayğı canımı alıb. Vaxt daralır. Dünən gedib dükanlara baxmışam. Qönçənin əyninə görə elə qəşəng paltarlar, ayaqqabılar gəlib. Özümün də adam içinə çıxmalım yoxdur.

- Arvad, narahat olma, mənim işim axırda düzəlir.

Nazı yenə həmləyə keçdi.

- Elə işin axırıdır da! Bakıya getməyimizə iki həftə qalıb.

- İki həftəyə dağı dağ üstə qoymaq olar.

- Sən elə dilinə güc ver!

- Hər işi dil həll eləyir də! Danışıq olmasa, iş düzəlməz!

- İş görən adamlar kimi gur-gur guruldayırsan.

- Bəyəm işsizəm? Bekar oturmuşam? Mənim sənətim qədim sənətdir! Elə adamların ayaqqabısını yamamışam, desəm, gözlərin kəllənə çıxar.

- Bilirəm də...Yüz dəfə demisən Lütfəli Abdullayev şəhərimizə tamaşa verməyə gələndə təzə ayaqqabısının dabanı qopubmuş, qaytarıb yerinə mıxlamısan. Bir dəfə də Qədir Rüstəmovun ayaqqabısını yamamısan. İkisindən də pul götürməmisən, hə, noolsun?

- Hər halda xoş xatirələrdir də!

- Bunun xatirələrinə bax! Sənin sənətinin zamanı çoxdan keçib. İndi təzə ayaqqabı almaq onu yamatdırmaqdan ucuz başa gəlir. Neçə vaxtdır deyirəm ki, işini dəyiş! Yapışmısan çəkicdən, əl çəkmirsən.

- Bəs hansı sənətin qulpundan yapışım?

- İndi pul alverdədir. Hamı alıb-satır.

- Alver üçün əldə maya lazımdır, məndə pul var? Bəlkə evdəki köhnə ayaqqabıları silib-parıldadım, çıxardım bazara?

- Bircə o qalmışdı.

- Axı bu vaxta qədər heç nə alıb-satmamışam.

- Bundan sonra alıb-satarsan.

- Nə bilim, vallah!

- Mən olmasaydım, səni çoxdan qurd-quş yemişdi. Nə deyirəm, onu da elə!

Qədir özünü aktyorluğa qoyub yazıq səslə dilləndi:

- Nazı!

- Nədi? - Nazı təzədən tarıma çəkildi.

- Fərman Moskvadan gəlib.

- Gözüm aydın! Ona “dostumdur” deyirsən. Dostun olsaydı, sənə bir gün ağlayardı. Ancaq qohum-əqrabasını yanına çəkir. Sən də ona şit-şit zarafatlardan ötrü lazımsan.

- Bəlkə ona ağız açım?!

- Yox, yox, lazım deyil! O özü sənin halını görmür?

- Bəlkə görmür? O nə bilsin ki, sənin ürəyindən nə keçir? Bir ölkədə zəlzələ baş verəndə o biri ölkələrin başçıları ona təsəlli teleqramı vurub yazarlar ki, müraciət etdiyiniz halda sizə yardım göndərə bilərik. Bunu ona görə deyirlər ki, bəlkə heç fəlakətə düşmüş ölkənin başçısı yardım istəmir.

- Vallah Əhmədi-biqəmsən! Araz aşığındandır, Kür topuğundan.

- Müqayisə üçün deyirəm, arvad! Gedim bir Fərmanın ağzını arayım.

Nazı yumşaldı:

- Get, amma keçən dəfə kimi lül-atəş leşini gətirib üstümə atmasınlar.

Qədir içində sevindi, əgər iki-üç aydan sonra iş boşa çıxsaydı, daha Nazı onun beynini yeməyəcəkdi, axı özü ərini bu işə vadar etmişdi.

O, axşamüstü evdən çıxıb birbaşa Fərmangilə gəldi. Yolda iki-üç nəfər ona atmaca atıb danışdırmaq istəsə də, Qədir onlara məhəl qoymadı. Fərmangilə çatanda gördü ki, dostu üzüm çardağının altında qıçını qıçının üstünə qoyub çay içir.

Fərman Qədiri görüncə ayağa durub onun gəlişini gözlədi, sonra cavab almağa tələsdi:

- Qədir, Nazı bacının “hə”, “yox”unu öyrəndin? - deyə soruşdu.

Qədir gülümsədi:

- “Hə”sini də öyrəndim, “yox”unu da!

- Başa düşmədim.

- Sən deyənə “hə” dedi, mən deyənə “yox!”

Fərman xoşallandı.

Səhər Qədir onu çaya qonaq eləmişdi, indi o, dostuna çay süzürdü.

Onlar qarşı-qarşıya oturmuşdular. Artıq Fərman özünü müdir kimi aparırdı, Qədirə də işçisi kimi baxırdı. Qədir bunu aydınca hiss eləyirdi.

Fərman müdirliyə başladı:

- Qədir!

Qədir də oldu onun işçisi:

-Bəli, müdir!

- Sabahdan işə başlayırsan! Sənin hesab-kitabdan başın çıxır, bilirəm. Bir dükan nədir ki, onunla bacarmayasan? Satıcı da özün olacaqsan, mühasib də... Ayaqqabı ağır satılan şeydir, işin çox olmayacaq. Arada Nazı bacı da gəlib əl-ayaq verər, dükanı yığıb-yığışdırar.

- Arxayın ol!

- Sənə bir tapşırığım da var!

- Nə tapşırıq? - Qədir gözlərini döydü.

- Dükanı hırraxanaya çevirmə! İsti yer, məzə axtaranları çənənin altına yığıb laqqırtı vurma!

- Arxayın ol! - Qədir bayaqkı cavabı təkrar elədi.

Fərman sözünü qurtarmamışdı.

- Mənə görə heç kəs sənə dəyib-dolaşmaz. İşini görəcəksən!

- Arxayın ol! - Qədir başqa söz tapmadı.

Fərman fikrini yekunlaşdırdı:

- Ticarətdə, alverdə arxayınçılıq olmaz, Qədir!

- Özümə təsəlli verirəm!

- Qorxma! Əlinə pul dəydikcə ürəklənəcəksən!

- Nədən qorxuram! Mənim ürəyim şir ürəyidir!

Fərman Qədirə yola salanda dedi:

- Sabah səhər saat səkkizdə məni dükanın qabağında gözlə!

Qədir küçəyə çıxanda beş-altı metrlikdən eşidilə biləcək səslə öz-özünə dedi:

-Ömrümdə birinci dəfədir ki, saatla işləyəcəm!

Qədir yatağan adam deyildi. Gecə gec yatsa da, səhər obaşdan yerindən dik qalxıb durmuşdu ayağa. Ondan çıxmayan iş, həyətdə ağaclara su verirdi. İndiyəcən həyət-baca işlərini Nazı görərdi. Qədirin hövsələsi çatmırdı ki, əlinə bel alıb bağçada bir çim vursun. Nazı kotan kimi arvad idi.

Mağaza məsələsində Qədir hələ özünə tam arxayın deyildi. Heç cür ağlına sığışdıra bilmirdi ki, otuz il işlətdiyi çəkməçi köşkünün qapısı qıfıllı qalacaq. Öz-özünə deyirdi ki, bəlkə gündüz dükanı işlətsin, axşam pinəçiliyini eləsin. O qədər iki yerdə işləyən var ki...

Ürəyinin dərinliyində mağaza işindən gözü su içmirdi. Ancaq Nazının ağzını yummaqdan ötrü buna məcbur idi.

Qədir bir qədər suçuluq eləyəndən sonra eyvandan qızı Qönçənin səsi gəldi:

- Ata, gəl, çay hazırdır!

Sonra Nazının xoş səsi eşidildi:

- A kişi, gəl ağzına bir şey at, işə gecikirsən!

Nazı “işə gecikərsən”i xüsusi əda ilə dedi, sanki ərini öz arzularını yerinə yetirməyə səfərbər edirdi.

Qədir arvadının və qızının həlim baxışlarının sığalı ilə səhər yeməyini yedi və özünü qaydaya salıb həyətə endi. Həyət qapısından çıxanda heç özü də bilmədi nəyə görə qanrılıb geri baxdı. Qönçə ilə Nazı balkonda yanaşı durub onu gendən yola salırdılar. Hətta bir anlıq atasının baxışlarını tutan Qönçə ona əl elədi. Qədirin canına istilik gəldi. Deyəsən bu qeyrət istiliyi idi. O, qızının üzünün gülməsi üçün bu dəqiqə hər çətinliyə razı idi.

Qədir, deyilən vaxtdan da qabaq Fərmanın mağazasının qabağını kəsdirdi. Dostu vaxtında gəldi. Maşından düşən kimi Qədiri başı ilə salamladı. Qədirdə cavab olaraq başını tərpətdi. Sanki əl tutmaq hər ikisinin yadından çıxmışdı.

Fərman mağazanın seyf qapısını açdı. Onlar içəri girdilər. Qədir ətrafa göz gəzdirdi. İçəridə əməlli-başlı səliqə-səhman vardı. Bir tərəfdə qadın ayaqqabıları, o biri tərəfdə kişi ayaqqabıları yan-yana düzülmüşdü. Yəqin ki, burada hər ölçüdə ayaqqabı tapılardı. Hər ayaqqabının üstündə qiyməti yazılmışdı. Qədir əvvəlcə bir az döyüksə də, gözləri içəriyə tez alışdı. Burada çətin nə iş vardı? Hər şey hazırdır. Vitrindən ayaqqabını müştəriyə ver, pulunu al.

Fərman yeni satıcısını mağazanın qapısı içəridən olan balaca anbarı ilə də tanış etdi. Ayaqqabı qutularının üzərindəki kodlarla baxıb çeşidləri və ölçüləri ayırd etməyi ona başa saldı. Sonra onlar kassa aparatının yanına gəldilər.

Fərman dilləndi:

- Kassa aparatını işlətmək çətin deyil. Tapşıracam, başa salacaqlar. İki-üç günə dilini tapacaqsan. Yadında saxla, təcrübə hər şeyi sənə öyrədəcək. Alverdə əsas şey diribaşlıqdır. Əldən iti olmalısan. İçəri girən müştərilərin başının üstünü kəsdir! Dildən pərgar ol! Allaha şükür, dil də səndə. İlanı yuvasından çıxardarsan!

Qədir dilləndi:

- Fərman, ilanı yuvasından çıxarmaq asandır, gərək onu ovsunlayıb yuvasına elə salasan ki, qabağına keçəni çalmasın.

Fərman bu gün bəlkə də ilk dəfə güldü.

- Yaxşı, axşam gəlib sənə baş çəkəcəyəm. İşə başla! Bazar olsun!

Fərman getdi, Qədir meydanda tək qaldı.

İki saata yaxın heç kəs qapıdan girmədi. Bu iki saatda Qədir ayaqqabılarla əməlli-başlı tanış oldu. Hətta zarafatla bəzi ayaqqabılara söz də atdı. Hər mövsümə uyğun ayaqqabı vardı burada. Allah bilir, bəlkə də Fərman “Binə”də, “Sədərək”də işə getməyən mallarını da gətirib doldurmuşdu mağazaya. Bir başıçıxan adam kimi Qədir özü üçün müəyyən etdi ki, ayaqqabılar dözümlü, möhkəm olmasalar da, üzdən gözəgəlimlidir.

Qədir gözlərinin qapaqlarını növbəti dəfə qaldıranda Nazı ilə Qönçə qapıda göründü.

Arvadı ilə qızının üzü parıldayırdı. Onları sevindirə bildiyi üçün - bu Qədirin ailəsində az-az olurdu - bir ər və ata kimi içinə rahatlıq gəldi.

- Bazar olsun, a kişi! -deyən Nazının bir gözü ayaqqabılarda qalmışdı. Qönçə anasına sığınıb gülümsəyirdi.

Qədiri xoşbəxt eləyən bu dəqiqələr uzun çəkmədi. Nazı Qönçənin əlindən tutub qadın ayaqqabıları olan sıraya sarı yönəldi. Qədir də onların dalınca bir neçə addım atmalı oldu. Nazı ayaqqabıların birini götürüb, birini qoya-qoya sözə başladı:

- Deyirəm, bu başdan Qönçəyə də, özümə də ayaqqabı seçim, birdən yaxşı mallar satılıb qurtarar, bizə qalmaz.

Qədir Qönçənin uşaq ayaqqabılarına başı qarışdığını görüb Nazının eşidə biləcəyi səslə pıçıldadı:

- Arvad, qoyaydın siftə eləyəydim də... Səhərdən burdayam, hələ qapıdan içəri boylanan olmayıb.

- Ürəyini sıxma, mənim əlim yüngüldür. - Nazının fikrinin doxsan faizi əlində ora-burasına baxdığı ayaqqabıda idi. - Bizi Bakıya yamaqlı ayaqqabıda göndərəcəksən?

- Özümüz özümüzdən nisyə mal götürək? Axşam Fərmana nə cavab verəcəm?

- Dünya dağılmaz! Maaşından çıxar!

- “Bismillah” deməmiş maaş davası eləyim?

- Özün bilərsən, sənə qalsa, Qönçə Bakıya getməyəcək.

- Arvad!... - Qədirin sözünün dalı gəlmədi...

Bu vaxt Nazı seçdiyi ayaqqabını Qönçənin ayağına geyindirirdi. Uşaq ayaqqabıları geyinəndə o, altdan yuxarı ərinə dedi:

- Bax, görürsən ayağına necə oldu? Elə bil balam üçün məxsusi tikiblər - sonra qızına - Yeri, atan da görsün!

Doğrudan da ayaqqabılar Qönçənin ayaqlarında çox şıq görünürdü.

Qədirin satıcılığı, pulu yadından çıxmışdı, heyran-heyran qızının ayaqqabılarına baxırdı.

Nazı təzə ayaqqabıları qızının ayaqlarından soyundurub qutuya qoydu və cibindən çıxartdığı sellofan torbaya salıb əlinə götürdü. - Yaxşı, mısmırığını sallama, - Nazı Qönçə ilə qapıdan çıxa-çıxa dedi, - özümə heç nə götürmürəm, amma balama ehtiyat tuturam.

Nazı gedəndən sonra mağazaya girib-çıxmağa başladılar. Qədir günortaya qədər dörd-beş ayaqqabı satdı. Bununla da Qədirin Fərmanın dükanını işlətdiyindən dükan-bazardakılar xəbər tutdular.

O, fasiləyə çıxıb özünü pitixanaya verəndə tanış-bilişlər onu yeni iş münasibətilə təbrik elədilər. Bu təbriklər zarafatlarla dolu idi, sanki onun yeni işi də növbəti bir macəra yaradacaqdı. Dünənə qədər onun söz atdığı, şəbədə qoşduğu qəssab Dadaş qonşu stoldan irişə-irişə soruşdu:

- Qədir, bu nə hoqqadır çıxardırsan? Bəs camaatın ayaqqabısını kim yamayacaq?

Qədir ilk tikəsini ağzına qoyub gülümsədi:

- Bundan sonra imkan vermərəm bu şəhərdə bir adam nimdaş ayaqqabı geyinsin. Ayaqqabı yamamaq qurtardı. Təzə ayaqqabı məndə! Qədirin qədrini bilin də! Görün sizi necə irəli aparır.

Qəssab əl çəkmədi:

- Bizə ayaqqabını havayı verəcəksən?

Qədir onu cavabsız qoymadı:

- Ə, hava da havayı deyil. Təmiz hava udmaq üçün yaylağa çıxmaq lazımdır! Havayı bir çöpünüzü görmüşəm? Adım nisyə dəftərlərinizdə siyahının başındadır.

Qəssab Dadaşqarışıq içəridə nahar eyləyənlərin dörd-beşinə Qədirin borcu vardı. Qədir axırıncı cümləsini işlədəndə onlar bir-birinə baxıb qımışdılar.

“Motoris” Qulunun səsi gəldi:

- Qədir, doğrudan pinəçiliklə üzülüşdün? Gül kimi sənətin vardı...

Qədir Quluya yanakı baxdı:

- Qulu, sənin də ağzında dilin varmış. Ə, nooldu, həmişə sözü səndən kəlbətinlə çıxartmırdım?! Motorum xarab olanda mənə ağıl öyrədərsən. Ay qardaş, ayaqqabı yamamaqla ayaqqabı satmaq arasında fərq var?

“Motoris” Qulu konkret cavab verdi:

- Yerlə göy qədər!

Yeməyini yeyib qurtaran Qədir salfetlə əllərini silə-silə ayağa durdu və hamının onun ağzına baxdığını görüb dedi:

- Yaxşı,gedirəm o fərqi ayırd eləməyə.

Sonra bufetçiyə üz tutdu:

- Göyüş, sənə iki pitinin pulunu borclu idim, bu da olsun üç! Atalar üçəcən deyib. Fərman mənə yüksək maaş boyun olub. Gələn aydan başlayıram borclarımın dalından dəyməyə! Ürəyin təzə ayaqqabı istəsə, gəl götür! Üç pitinin pulu nisyə qalar.

Hərənin ağzı bir quş tuturmuş. Qədirin “Üç pitinin pulu nisyə qalar” deməsi ildırım sürətilə bazara yayıldı. Qədir mağazaya qayıdandan sonra bir saat keçməzdi ki, hay-küylü bir dəstə içəri doluşdu. On-on iki nəfər olardılar. Bunlar hamısı Qədirin neçə illər tanıdığı bazar-dükan əhli idi. Dəstə ayaqqabılara daraşdı. Hərə özünə ayaqqabı seçirdi. Sonra yeni bir dəstə sayı çoxaltdı. Onlarda vitrinlərə cumdular. Qapıda tək-tək, iki-bir, üç-bir görünüb içəri keçənlərdə vardı.

Qədir tanıdığı adamların ona müştərilik etməsinə sevindi. İçəridə adam əlindən tərpənmək olmurdu.

- Baho! - Qədir dodaqaltı mızıldandı, mənim dost-tanışlarımdan heç birinin təzə ayaqqabısı yoxmuş.

Sonra başını aşağı əyib öz köhnə ayaqqabılarına baxdı və mızıldanmaqda davam etdi: - Bəlkə mən də özümə təzə ayaqqabı seçim?

Bu vaxt Qəssab Dadaş əlində tutduğu bir cüt ayaqqabı ilə ona yaxınlaşıb dedi:

- Qədir, bu ayaqqabının qiyməti əlli beş manatdır. Əlli altı manat mənə borcun var, ortada qalır bir manat, onu da sənə bağışlayıram.

Qədir özünü sındırmadı:

- Ə, sənin bir manatına qalmışam? Borc borcdur, onu da qaytaracam!

İkinci dəllək Nuru ona yaxınlaşdı. O, uşaq ayaqqabısı götürmüşdü.

- Qədir - dəllək dilləndi - bir ildən çoxdur mənə on dörd manat verəcəyin var. Bu ayaqqabıların - o hər əlində bir tayını tutduğu ayaqqabıları irəli tutdu - qiyməti iyirmi beş manatdır. Sənə borclu qalıram. Yaz nisyə dəftərinə!

Qədir dəllək Nurunu daladı:

- Nuru, sənin kimi barmaq hesabı aparmıram, başımda hər şey yerli-yerindədir. Sənə on dörd yox, on iki manat verəcəyim var. Get nisyə dəftərinə yaxşı-yaxşı bax!

Üçüncü “motoris” Qulu Qədirin çənəsinin altını kəsdirdi:

- Qədir, keçən ayın əvvəlində məndən nə qədər pul almısan?

Qədir əlaçı şagird kimi cavab verdi:

- Keçən ayın dördündə, axşam saat altıya işləmiş səndən otuz manat alıb axundumuzun nəvəsinin toyuna yazdırmışam.

“Motoris” Qulu dedi:

- Sənin bir qızıl xasiyyətin var, neçələri kimi adamdan aldığın borcun dalına keçən deyilsən.

Növbəti alıcının səsi “motoris” Qulunun səsini eşidilməz etdi. Bu “Jiquli”si ilə “taksavat”lıq edən Rəşid idi. O, gözünü-qaşını oynada-oynada dedi:

- Qədir, beş aydır bu dükan bağlıdır. Altı deşik ayaqqabılarla hərlənirəm.

Qədir Rəşidə bozardı:

- Rəşid, ehsan paylamıram!

Rəşid sözünü bitirməyibmiş:

- Fərman hər il mənə bir cüt ayaqqabı bağışlayır. Özü mənə deyib ki, ildə bir dəfə gəl dükandan ayaqqabı payını götür. Özü sənə tapşırmayıb? - Qədirin susduğunu görüb əlavə etdi - Yəqin unudub. Özün onun yadına salarsan.

Sonra rəhmətlik kamançaçı Usta Yusifin oğlu, qonşuda ərzaq dükanı işlədən Cabbar yaxınlaşdı. Götürdüyü bir cüt ayaqqabıya işarə ilə dedi:

- Qədir, bu ayaqqabıların qiyməti əlli doqquz manatdır. Aşağı yeri yoxdur?!

Qədir ötkəm cavab verdi:

- Yoxdur!

Cabbar razılaşdı:

- Yaxşı, nə deyirəm? Götürürəm, sabah gətirib pulunu verəcəyəm.

Qədir ayaqqabıları ehmallıca Cabbarın əlindən alıb piştaxtanın altına qoydu. Cabbarın yerindən tərpənmədiyini görüb dedi:

- Sən rəhmətlik dədən Usta Yusifin kamançasını o vaxt mənə nisyə verdin?

- Sən Usta Yusifin kamançasını Kitay ayaqqabısına tay tutursan, Qədir? Səni hal əhli bilirdim. Hayıf!

- Neçə ildir dükan işlədirsən. Bir dəfə heç kəsə nisyə verməmisən.

- Nisyə götürmürəm ki... Sabah yanındayam.

- Sabah pulu gətirərsən, ayaqqabını apararsan. Xətircəm ol!

Cabbardan sonra Fərmanın bacısı oğlu, altı ay əvvələ qədər bu mağazanı işlətmiş Tapdıq gəlib Qədirin qarşısında dayandı. Onun əlində ayaqqabı yox idi. Tapdıq kinli-kinli Qədirə baxırdı, sanki nə deyəcəyi haqda düşünürdü. Qədir onu qabaqladı:

- Tapdıq, bu şəhərdə hələ heç kəs mənə sənin kimi kinli-kinli baxmayıb.

Tapdıq kəsədən getdi:

- Səni burada işləməyə qoymayacağam!

Qədir dilləndi:

- Bayaqdan elə heç kəs məni işləməyə qoymur.

- Burada mən işləməliyəm!

- Gəl, əl-ələ verib işləyək də...

Tapdıq fısıldaya-fısıldaya çıxıb getdi.

Sonra Qədir üzdən tanımadığı dörd adama beş cüt ayaqqabı satdı. Ürəyinə bir az toxdaqlıq gəldi. Ancaq rahatlığı uzun sürmədi. İçəridə qalan tanış-biliş onun üstünə hücum çəkdi. Sanki onlar sözü bir yerə qoyub eyni vaxtda dükana təpilmişdilər. Hərəsinin də qoltuğunda bir cüt ayaqqabı.

Onlar növbə ilə ayaqqabının qiymətini deyərək şifahi haqq-hesab edib aralanırdılar:

- Qədir, mənə səkkiz manat borcun qaldı.

- Qədir, on iki manatın məndə!

- Qədir, ayaqqabını götürürəm, oluruq başa-baş!

- Qədir, aramızda iki manatlıq haqq-hesab qalır, gəlib dükandan meyvə götürərsən, üzülüşərik.

- Qədir....

Qədir daha deyilənləri eşitmirdi. Onda ayıldı ki, dükanda heç kəs qalmayıb. Vitrinlərdə ayaqqabıların sırası seyrəlmişdi. Xeyli ayaqqabı aparılmışdı. O dükanın qapısını içəridən bağlayıb vitrinləri gözdən keçirdi. Yeri boş qalmış ayaqqabıların sayını bilmək su içimi kimi bir şey idi.

Bu vaxt qapı çöldən döyüldü. Qədir yerindən tərpənmədi. O, dükanı işlətmək fikrində deyildi. Bir azdan qapını bağlayıb birdəfəlik gedəcəkdi. Qapı yenə döyüldü. Qədir Fərmanın səsini eşidəndə tənbəl-tənbəl gəlib qapının açdı.

Dükanın talanmasını Fərmana çatdırmışdılar. Ona görə də içəri girən kimi bir anlıq pauza verib soruşdu:

- Qədir, daha kiməsə borcun qalmadı?

Qədir dilləndi:

- Qaldı.

- Kimə?

- Sənə. Neçə-neçə adama borclu olmaqdansa, bir Fərmana borclu olmaq daha yaxşıdır.

- Neçə ayaqqabı getdi?

- Saymışam, səhərdən doqquz ayaqqabı satmışam. Üç yüz yetmiş beş manat kassada pul var.

- Bəs neçə cüt nisyə aparıblar?

- Otuz yeddi cütünü!

- Demək otuz yeddi adama borcun var imiş!.

- Yox, deyəsən bunlar hamısı deyildi!

Fərman kassaya sarı gəlib daxılı açdı və pulları sayıb Qədirə uzatdı:

- Bu da olsun sənin zəhmət haqqın!

Qədirin cavabı qısa oldu:

- Bu çox deyil?

- Götür! Sən elə-belə oğlan deyilsən. - Pulu Qədirin döş cibinə qoyandan sonra əlavə etdi: - Açarları təhvil ver!

Qədir açarları verib qapıdan çıxanda Fərman ucadan dedi:

- Qədir, biz dostuq! Sən çəkməçi işləsən yaxşıdır!

Fərman son sözünü dedi:

- Fərman, ölənəcən sənə borcunu qaytardım qaytardım, qaytara bilməsəm, qiyamət günündə üzülüşərik!

Qədir birbaş evə gəldi. Özündə deyildi. Nazı onun kefsizliyini yorğunluğa yozdu.

- A kişi, siftəm sənə düşdü? Mənim əlim həmişə yüngül olub.

Qədir dilləndi:

- Nazı əlin yüngül imiş, ayağın ağır. Fərmanla pozuluşduq.

Nazının qaşları çatıldı:

- Elə mənim götürdüyüm bir cüt ayaqqabıya görə?

Qədir dərhal cavab verdi:

- Yooox! Özüm istəmədim. Gördüm ki, bu iş mənlik deyil.

Nazı yanıb-töküldü:

- Ay fərsiz, heç olmasa Qönçənin Bakı pulunu düzələnə qədər işləyəydin.

Qədir Fərmanın verdiyi pulları cibindən çıxardıb Nazıya uzatdı.

- Fərman bunları mənə zəhmət haqqı verib.

Nazının gözləri kəlləsinə çıxdı:

- Satıcılar günə bu qədər pul qazanır?

Qədir sinəsini qabağa verib dedi:

- Mənim kimilər, hə!

2015

525.az

# 1179 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #