İntihar, təyyarə qəzası və boz ada-YENİ HEKAYƏ

İntihar, təyyarə qəzası və boz ada-YENİ HEKAYƏ
21 oktyabr 2016
# 11:52

Kulis.Az Amid Əlioğlunun “Boz ADA(m)” hekayəsini təqdim edir.

Yer üzərində yeri-yurdu tam olaraq məlum olmayan bir ada vardı. Əsrlərə şahid etdiyi uzaqdan hiss olunan qayalıqlar adanı ortadan ikiyə elə bölmüşdü, deyərdin ki çəlimsiz adamın onurğası bədənini ikiyə ayırır.

Adada yer-göy o qədər gözəl idi ki, nə əksən bitər, nə becərsən yetişər, nə tutsan əhliləşərdi. Yəqin ki, bir təyyarə qəzası sonrası gözünü burada açan adam, ilk günlərdə qorxu içində olsa da, sonralar “yer üzündəki cənnət budur” fikrinə düşmüşdü.

Müxtəlif iqlim şəraitlərində yetişən meyvələrin hərəsindən bir ağac olmaqla, o qədər də böyük sahəsi olmayan bu adada bitmişdi. Bundan başqa burda toyuq desən var, hind quşu desən var, qaz desən, ördək desən var.

Haradan və necə baş verdiyini bilməsə də, kibriti olduğu üçün çox sevinirdi. Ocaq yandırmaq üçün işinə yarayırdı. İstədiyi vaxt ocağı alışdırır, qalxmağına ehtiyac belə olmadan eləcə yanından ağır-ağır keçən toyuğu, cücəni tutub başını üzür, tükqarışıq dərisini soyur, ocaqda bişirir, yeyib elə oradaca uzanıb gündüzlər göy üzündə dövrə vuran quşları, gecələr isə parlaqlıqda yarışan ulduzları izləyirdi.

Toyuq, cücə, ördək, qaz və s bu qəbildən qidalar bitdimi, canın sağ olsun. Okeanmı, dənizmi, hər isə, sahilində əlini uzatsan tuta biləcəyin xeyli sayda və müxtəlif ölçülərdə ləzzətli balıqlar var. Yenə də istədiyin vaxt get, seçimini et, xoşun gələni tut və ənənəvi üsulla bişir, ye. Eynilə belə də edirdi, bizim adam.

Eyni qidanı qəbul etməkdən bezirdisə də, çürüksüz-qurdsuz, tər-təravətli meyvələrin istifadəsinə üstünlük verirdi. Ağaca çıxmağına da ehtiyac yox idi. Eləcə meyvəsi tükənmiş, qolu-budağı qırılmış və ən nəhayətində susuzluqdan qurumuş digər bir ağacın yoğun budağı ilə gövdəsinə nataraz vurmağı kifayət idi. Yetişmişlər bir yana, kal meyvələri də tökülmüş ağacın altında uzanıb meyvə yeməkdən zövqlü başqa nə ola bilər? Eynilə belə də edirdi, bizim adam.

Bu rejimlə üç aya yaxın idi ki, həyatdaydı. Artıq kibrit bitmiş, uçan-qaçan nə varsa yeyilmiş, meyvə ağacları qurumuş, balıqlar isə sahilə yaxınlaşmaq fikrindən daşınmışdılar. Qayalıqlara yaxın ərazidən çıxan bulağın isə gözü getdikcə korlaşırdı.

Bizim adam isə, sudan içib elə bulağın yanında uzanırdı son vaxtlar. Günəşin bozartdığı köynəyini üzünə atıb gözlərini yumurdu. Köhnə günlərini xatırlamaqla keçirirdi saatlarını. Köhnə deyəndə elə də köhnə yox, elə adada keçirdiyi günlərdən gedir söhbət. Xəyalında rəngarəng gördüyü adaya gözünü açıb baxanda bozun hökmranlığına şahid olurdu. Bəli, artıq onun üçün hər tərəf bomboz idi.

Əvvəllər ağacların əlindən adada şütüməyə cəsarət edə bilməyən külək indi əməlli başlı at oynadırdı. Zir-zibili azar-azar o tərəf bu tərəfə dığırladaraq özünə əyləncə düzəldirdi.

Daha bir kefli vaxtında həmin külək bizim adamın üzündəki cındır köynəyi necə üfürdüsə köynək qalxıb qayalıqların ortalarında bir yerdə ilişib qaldı. Əhəmiyyət vermədi əvvəlcə bizimki. Fəqət az sonra günəşin yandırıcı şüaları rahatlıq vermirdi ona. Əlini tutdu üzünə. Belə də rahat olmadı. Çevrildi üzüüstə. Bu dəfə toz-torpaq imkan vermirdi. Üzünü qumdan qaldırıb baxdı qayalıqlara sarı. Köynəyinin bir qolunu külək necə yelləyirdisə elə bil gəl-gəl deyir.

Həmin vəziyyətdə bir qədər dirsəklənib nəsə düşündü. Sonra ayağa qalxdı, son göz yaşlarını axıdan bulağın suyundan bir qədər içib qayalıqlara tərəf üz tutdu.

Əslində qayalıqlara dırmaşmaq o qədər də çətin deyildi. Pilləkən idi sanki. Bircə ehtiyatı əldən verməmək kifayət idi.

Üzünə düşən günəş şüalarından, qulağına-başına dolan toz-torpaqdan qorunmaq üçün o köynəyi götürmək, qayalıqlara dırmaşmaq əziyyətinə dəyərdimi? Elə bu sualı öz beynində var-gəl edə-edə qalxırdı bizim adam.

Hədəfə bir addım qala gözünə döndüyüm külək neylədisə köynək kəklik kimi fırr eləyib düz qayalıqların təpəsinə oturdu. Əsəbdən gözündən süzülən yaş adamın kirli üzündə çay kimi məcra açırdı. Qaldırıb başını baxdı köynəyin indiki yerinə. Bir də qət etdiyi yola. Təqribən gedəcəyi yol, gəldiyi yol qədər idi. Oturdu olduğu yerdəki bir daşın üstünə. Qayıtmağı düşündü. Həyatdan ümidini üzmüş birisinə cındır köynək lazımdımı?

Oturduğu yerdən ada ovcunun içi kimi görünürdü. Yenə də ətrafda bozluqdan bir şey görə bilmədi.

Əlinin üstünü üzünə sürtüb göz yaşlarını sildi. Sinəsini dikəldib qalxdı ayağa. Qərar vermişdi. İntihar edəcəkdi. Fəqət olduğu yerdən özünü atmaq ölməmək ehtimalı yaradırdı. Çevrildi arxaya, baxdı zirvəyə. Oradan atılmaq bütün şübhələrə nöqtə qoyurdu.

Taqətsizlik, yorğunluq, fasilə bilmədən göz yaşı içində qalxmağa başladı. Bir qədər sonra adam zirvədə, köynək isə ayağının altında idi. Duruşunu sabitləyib bir daha gəldiyi yola baxdı. Üç ay boyunca yaşadığı ada yenə də bomboz görünürdü.

Mümkün olmasa da adadan əvvəlki həyatını xatırlamağa çalışdı. Uşaqlığını israrlarla xatırlamaq istədi. Yenə alınmadı. Xəyalı da bomboz idi. Bütün bunlar intihar qərarının dəqiqliyinə işarələr idi. Odur ki, gözlərini yumub, irəli atılmaq istəyirdi ki, bir səs eşitdi. Nə səsi olduğunu bilmədi, amma nəsə eşitdiyinə əmin idi. Çəkdi sinəsini arxaya. Açdı gözlərini. Bir qədər durduqdan sonra yenə nəsə eşitdi. Yadına düşdü ki, durduğu yerə qalxandan bu yana ancaq önə baxıb. Çevrildi ani hərəkətlə arxaya. Eynilə filmlərdəki kimi gözləri bərəlmişdi. Üç ay əvvəl ilk gördüyü gözəlliklərin beş qatını görürdü. Hər şeydən beş qat əlavə idi. Çevrildi öz adasına baxdı, yenidən bu adaya baxdı. Sahələri eyni ölçüdə idi.

Nəinki intihar etmək qərarını dəyişmiş, hətta yeni kəşf etdiyi adada yaşamağı düşündü. Ən azı beş-altı ay daha yaşaya biləcəyi yer tapmışdı. Ayağına ilişən köynəyi əli ilə kənara tolazlayıb həvəslə enməyə başladı. Bir müddət sonra adanın torpağına ayaq basanda çox sevinirdi. Əl atıb qıpqırmızı almadan dərib əmin addımlarla irəliləməyə başladı.

Almaya sonuncu öldürücü zərbəni endirəndə əli ağzında qaldı. Adada kimsə var idi. Özü də həmin kimsə özünə əməlli-başlı şərait yaratmışdı. Bir az da, yaxınlaşdı bizim adam, gizlənə-gizlənə. Yol boyu sıra ilə əkilmiş meyvə-tərəvəzlər bizimkini xeyli çaşdırmışdı. Bütün yeməli ev heyvanları sürü halında hərəkət edirdilər. Quşlar ağacdan ağaca cəh-cəh vurub uçuşurdular.

Və ən əsası burdakı kimsənin ağacda çox gözəl evi vardı.

Bir az da yaxınlaşanda həmin adamın bir addımlığındaydı. Maraqla onun, balıqlara çörək atmasına baxırdı. Bir qədər sonra həmin adam çevrilib qayıdanda bizim adamın bədənindən cərəyan keçdi sanki. Bu kimsə elə bizim adamın özü idi. Arxa-arxaya təəccüb və həyəcan içində gedərək bir ağaca dirənib çökdü. Özünü rəsmən kənardan izləyirdi.

Bir azdan ayağa qalxdı və qayalıqlara tərəf yol aldı. Deyəsən hər şeyi başa düşmüşdü...

# 1491 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #