Mən sənin tarlanam... – Sara Selcanın şeirləri

Mən sənin tarlanam... – <span style="color:red;">Sara Selcanın şeirləri
4 iyul 2016
# 17:00

Kulis.Az Sara Selcanın şeirlərini təqdim edir.

Mənim Tanrılarım

- Mən sənin Tanrın, sən mənimTarlamsan! - deyib

ərim istədiyi vaxt şumladı

başdan-ayağa,

Sevib oxşayaraq deyil,

kobud və təhqirlə

Bətnimə toxumlar səpdi

söyüşlə.

Öz tanrılığı azmış kimi alçaldaraq

Diz çökdürdü

qarşılarında

Qayın Tanrıların,

Baldız Tanrıların,

Onların uşaqları tanrıçaların.

Qayın Tanrılarım kötəkləməklə,

zəncirləməklə hədələdi həmişə

Doyunca yal da vermədən,

Ölüsündən də qorxuram onların.

Baldız Tanrım tikanlarını

Dilinin altından atdı mənə -

Zəncirlənmiş yiyəsiz köpəyə.

Getməyə yerim də yox:

Ata Tanrım

Məni çoxdan rədd edib -

Ağ gəlinlik donunu geyən günümdən.

- Ağ Kəfənlə çıxa bilərsən ancaq –

deyir - səni yola saldığım yerdən.

Mən izah edə bilmirəm ki

bu cəhənnəm qarasında

kəfənim də ağ olmayacaq...

Ana Tanrım

Camaat nə deyər sindromunu tanrılaşdırıb,

Məni ucuzlaşdırıb.

Öz ayağımla gəldiyim bu yuvada

ilk hərəkət - ayağım altına qoyulan

boşqabı sındırmaq oldu

iki həmləyə.

Bu boşqabı sındırmaqla arzularımı

sındırırmışam, sən demə.

Çilik-çilik olan arzularımın

İndi

hər parçası batır ürəyimə.

Əzablarımı gizli anlatdıqlarım

- Barış, bu, səni qismətin dedilər.

Ey Tanrım,

sən də Yerdəki Tanrılar kimi itaət etdirməyi,

diz çökdürməyi sevirsən, bilirəm.

Sənin də itaətkar bəndənəm.

Hanı ədalətin?

Söyüşlə səpilmiş toxumlardan yetişən

göz yaşıyla bəslədiyim

İki balam

ikisi də xəstə.

Hanı sənin ədalətin, ey Tanrı?

İçimdəki saflıq odasına

qıymadın bir parça günəşi.

Boğuluram

Cismimin zəncirləndiyi

Yaşaya bilmədiyim

qaranlıq və zülmətdə.

Aran düzündə ərəblər göyərçinləri alıb öz şahinlərinə yedirdirlər

Ah, Göyərçin, Göyərçin.

Ərəb işğalı altındadır

mənim çöllərim,

Bitir

Meşəsiz, bulaqsız,

Yovşan qoxulu,

düzənlik azadlığı...

Sənə kasıb uşaqlarının

barmaqları ucunda toxunur ölüm,

Uzun əbalı ərəbin həzziylə.

Bu gün bir kasıba siqaret,

Birinə çörəkpulu olacaq

Zavallı canın.

Evlərimizin damı

sənə yuva olmadı,

tor oldu,

Düzənlik də sənə dar oldu.

Mənim çöllərim qətl yerin,

Ah, göyərçin, göyərçin.

Gündə beş rükət namazlı ərəb

öz şahinini

Səninlə məzələndirir,

Necə ləzzətlidir

Al qanında çırpınmağının

Eyforiyası.

Daha kasıb olmayacaq aramızda,

Yaxşı pul gətirir göyərçin bazarı.

Neçə yuva boşalır hər gün,

Hər səhər

Neçə nəğmə azalır:

Ətin şahinlərin, qanadın çöllərin

Ah, göyərçin, göyərçin...

***

Pərdə o pərdədir, sim sarı deyil,

Uzatdığın əllər sim sarı deyil,

Gözlər o gözlərin simsarı deyil,

Can tək öz canına bağlaya məni.

Bitib yazılar, oxunub dualar,

Doymaz eşqidən candan doyanlar,

Quş olsam canıma elə qıyarlar,

Göylər öz yadında saxlayar məni.

Köksüm altda eşq - röyası təmiz,

Duyduğum duyğular dünyası təmiz,

Sara o Saradır sevdası təmiz,

Arpaçay suyunda ağlayar məni.

***

Duyduğum bu kədərin
Qəribə qoxusu var,
Kim deyirsə yalandır
Quşun da yuxusu var.

Qağayının yuxusu
Dənizdəki ləpədir.
Göyərçinin yuxusu
Körpədən də körpədir.

Qaranquşun yuxusu
Saman çöpündə itir.
Sığırçının yuxusu
Gömgöy yemlikdə bitir.

Uyğusu sığal çəkir
Çöllərə küləklərin,
Yuxusundan tanıdım
Ən gözəl mələkləri.

***

Gedişini xatırladım

Uçuşunda quşların,

Süfrəmdə ayrılıq dadır

Xiffətin göz yaşları.

Ovucdakı sirr kimisən,

Yumulur, açmaq olmur.

Payızdan qaçan durnaya

Qoşulub qaçmaq olmur.

Saatları itirmişəm,

Vaxt da heçliyə döndü.

Üç zamanın üçü də sən:

Əvvəl, Sonra və İndi.

# 1173 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #