Kulis “Axşam oxusu” layihəsində tanınmış şair Nazim Əhmədlinin yeni şeirlərini təqdim edir.
dünya donacaq, elə bil
ulduzlar yaman irilib,
göylər yanacaq elə bil;
buludlar yaxına gəlib
yerə qonacaq elə bil;
hara çəkilib səs-səmir,
göyüzü gecəni əmir;
min ildi dönmək istəmir
ruhum dönəcək, elə bil;
ömür əzabdan asılıb,
haqq var-hesabdan asılıb;
ürəyim sapdan asılıb
düşüb sınacaq, elə bil;
həsrətim köz kimi olub,
dərd acı söz kimi olub;
adamlar buz kimi olub
dünya donacaq, elə bil.
dəli könül nə dersən de
dəli könül nə dersən de,
dardı həsrətin yolları;
gədikləri duman basıb,
qardı həsrətin yolları;
yol yürüdüm döşə kimi,
tor qurulub meşə kimi
ürəyimi şüşə kimi
qırdı həsrəti yolları;
zaman nə gec axır zalım,
fələk baxır zalım-zalım,
canımda qalmadı halım
yordu həsrətin yolları;
oba köçür, talan qalır,
fani dünya yalan qalır,
gedən gedir, qalan qalır
gordu həsrətin yolları;
Gecənin qonağı
gecənin bir vaxtı qapım döyüldü,
görəsən bu vaxtsız qonaq kim idi;
açıq pəncərəmdən çölə boylandım,
göyüzünün kənarı sınıq möhür kimidi;
gecənin bağrını yarır
quşların səsi,
göyüzünün kənarından asılıb
ağacların kölgəsi;
adamdımı gələn,
daşdımı gələn,
nə ayaq səsi var, nə bir hənirti
bəlkə xatirələr döyür qapımı,
yuxum da çəkilib
bu da bir dərtdi;
buludların arasında,
ulduzlar çiçək-çiçək.
ulduzların işığı
ürəyimi çəkəcək;
ah, mən bu gecənin adamı
ürəyim yarpaq-yarpaq;
göy üzünün kənarında
buludlar papaq-papaq;
göyüzündən gələn var,
qapım döyülür tık-tık;
qalxım ayağa durum
qonağım gəlir artıq.
Dönüş
yollar yorğun-yorğun
dərd solğun-solğun,
əl çatmayan
uzaq bir sevgiyə gül oldum,
yanıb-yanıb kül oldum;
bir uzaq sevgidən
min il keçəni
solğun xatirələr ağuşunda
bağrıma basdım yorğun gecəni;
min il ötəni
uzaq bir ulduzdan
qayıdıb gəldim,
könlümdə
islaq-islaq saçlarının
min il əvvəlki qoxusu,
gözlərimdə ötən sevginin
bənövşə yuxusu.
Gecə
meh əsir
yarpaqlar tərpənir,
gecə elə qara ki
könlüm ürpənir,
gecə elə qara ki,
qara gözlü div kimi,
unuda bilmirəm
min il öncəki sevgimi;
unuda bilmirəm
anamın ölümqabağı üzünü,
atamın son sözünü;
gecə elə qara ki,
qara sevgilər kimi
yarpaqlar xışıl-xışıl
elə bil dərd də xoşdu,
dərd də geyinib yaşıl;
bu yuxusuz gecədən
istəyim nədir, Allah
nə ulduzlar sayrışır,
nə Ay işığı yoxdu...
ah, mənim bu gecədən
başqa bir istəyim yox...
... gecənin dərdi çoxdu.
Sevgi
sevgidən uzaq həyat yox,
dərddən uzaq göz yaşı;
bəzən gül-çiçəkli yaz gətirir
bir çiçəyin yaddaşı;
qarşı dağlar kimi
duman çəkilir başımdan,
min illərin sevgisi
çəkilmir yaddaşımdan;
çəkilmir yaddaşımdan
min illərin yuxusu;
mən yaz yağışından,
qız baxışından,
sellərin- suların axışından
ildırımın çaxışından yarandım;
bir Allahdan savayı
qorxdugum bir kimsə yox,
çığırsam, yıxılar dağlar,
yıxılar buludlar...
saçlarımın ağından,
ürəyimin istisindən,
dizimin təpərindən
gəlir sevgim;
hayqırsam sınar göyüzü,
sınar, buz tutmuş sular...
mən dəli bir sevginin oğluyam,
könlümdə həsrət quzular.
Kim nə dersə, desin
kim nə dersə desin,
haqqa üz tut, könül
olanlar dönməz daha,
unut, unut könül;
daha yollar uzun, uzun
ömür böyləcə qısa,
daha umud da qalmır,
qalmır bu gələn yaza;
həsrət soyuq qış kimi,
ağrılar isti-isti
daha dərddən danışma,
danışma, daha bəsdi;
dərd istəmirəm daha
neynirəm onu...
bahara yaraşmır
payızın donu;
neynirəm, neynirəm
ağrı-acını
mənə çox gördün Allah
bircə bacımı.
Ah çəkmə
Nə oldu, nə oldu
həsrət də yoldu;
göz yolda,
könül naçar...
ah çəkmə
dağlar uçar;
ürəyim
sapdan nazik,
ürəyim yarpaq üstə,
əlini mənə uzat,
məndən ürəyimi istə;
sevgilər beləcə
sevgilər incə-incə;
Allah məni bağışlar
səni sevdim gizlicə;
daha nə oldu, nə
əlimiz çata bilmir
duamız çatan yerə...
ürəyimi dənizə atmışam,
gedək, ürəyim batan yerə.
Mən də yola çıxmışam
mən də yola çıxmışam
gedirəm, veyil-veyil,
dünya bir təhər olub,
ağlım başımda deyil;
gedirəm veyil-veyil,
gözümdən yuxu qaçıb,
gecə alaqaranlıq
yolun yarısı uçub;
gözümdən yuxu qaçıb,
halım qalmayıb daha;
ucrumun kənarından
duam çatır Allaha;
baxıram Göy üzünə,
Göyüzü bom-boş qalıb
uçurumdan o yana
hələ bir yoxuş qalıb;
Göy üzü bom-boş qalıb
ulduzlar hara düşüb...
Allahın səsi gəlir
Allah da dara düşüb;
ulduzlar hara düşüb,
Göyüzü nə gündədi?
Yer üzü də çat verib
dağlar kündə-kündədi;
mən də yola çıxmışam,
gedirəm, veyil-veyil,
bu yol hara aparır
ağlım başımda deyil.
Gecə yarısındakı tənha qadın
qalxıb-qalxıb dikəlib
pəncərədən düşən Ay işığına,
sonra da
fərqinə varmadan
aylı gecənin,
baş qoyub ötən günlərə,
yatdı;
saçlarında bir nəfəs vardı,
bir hənirti vardı qulaqlarında,
isti bir öpüşün dadı
illərdən bəri
çəkilib-çəkilib
getmək bilmirdi,
üzündən, gözündən, dodaqlarından;
və daha sonra
gözəl günlər görəcəyinə inanırmış kimi
titrək əllərinin gəzdiyi divar
az-az çiçəkləyib naxışlanırdı;
çöldə
oyaq pəncərəsindən lap uzaqlarda
xırdaca-xırdaca yağış yağırdı.
Elə qar yağır könlümə
elə qar yağır könlümə,
min illərdi yağırmış ki;
baxıram düzü dünyaya,
hər yan dərə-dağıymış ki;
hər şey, hər şey ağ yalandı,
Vətən niyə loxmalandı;
ata yurdum yağmalandı
elə bil heç yoxuymuş ki;
göydə uçan quş qıcanır,
yay qıcanır, qış qıcanır;
dörd tərəfdən diş qıcanır
hər tərəfim yağıymış ki;
dünya bir yazı kimidi,
gələcək arzu kimidi;
ömür axar su kimidi
gördüyümüz yuxuymuş ki.
Könlüm
yenə-yenə bulud olub
yenə yağır, yağır könlüm;
ürəyim yumruq boydadı,
bu dünyadan ağır könlüm.
ah, çatışmır havam, bir az
ürəyimi ovun, bir az;
özüm dəlisovam bir az,
neyləsin bu fağır könlüm;
qış gəlib, bozax gedibdi,
qar gəlib sazaq gedibdi;
həsrətim uzaq gedibdi
həsrətimi çağır, könlüm;
əsən dağların yelidi,
içimdə ruhum ləlidi;
dərd var saçın bir telidi,
dərd var, naxır-naxır, könlüm;
bişdim, əridim içimdə,
daşdım, kiridim içimdə;
sel kimi dərdin içində
yağır oldu, yağır könlüm;
deyilən nə varsa nağıl,
elə hər yandan dərd yağır;
əlimdən nə gəlir axır,
Allah göydən baxır könlüm.
İndi bilmirəm nə yazım
indi bilmirəm nə yazım,
bu ağ varağın içində;
qara qələmim fırlanır
fırlanır ağın içində;
dünya bir quşun üstündə,
yaz, payız qışın üstündə;
adım bir daşın üstündə
daş da torpağın içində;
bilmirəm nə düzümdü, bu,
daşa dönmüş üzümdü bu;
odum sönüb, közümdü bu,
qalıb ocağın içində;
nə çilədi, nə yağdı ki,
boz buludlar oyaqdı ki;
o dağın başı ağdı ki,
qarın, sazağın içində;
yol-yolaq bürkülü qalıb,
ürəyim bükülü qalıb;
dərdimin şəkili qalıb,
yaşıl yarpağın içində;