Ələkbər Salahzadənin "fikir poeziyası" adı ilə pislənən şeirləri

Ələkbər Salahzadənin "fikir poeziyası" adı ilə pislənən şeirləri
2 sentyabr 2013
# 15:13

Kulis.Az ötən gün vəfat etmiş mərhum şair Ələkbər Salahzadənin 70 illik yubileyində tənqidçi Vaqif Yusiflinin yazdığı məqaləni təqdim edir.

Heç kimə bənzəməyən şair-Ələkbər Salahzadə

Görəsən, bütün ömrünü yalnız poeziyaya həsr edən, şeirdən başqa heç nə barədə fikirləşməyən bir şair varmı? İnanmıram... Heç bir şair yaxasını yaşadığı dövrün ictimai hadisələrindən kənara çəkə bilməz. Lakin hər şairin də dövrə, zamana, ictimai hadisələrə öz münasibəti olur.

Mən Ələkbər Salahzadəni hər şeydən əvvəl, bir ŞAİR kimi tanımışam, ŞAİR kimi görmüşəm və indi də onu başqa cür təsəvvür edə bilmirəm. Qətiyyən inanmıram ki, Ələkbər Salahzadə yalan danışa bilər, bu yalanı haçansa şeirinə qata bilər. İnanmıram ki, o, həyatda bir cür, yazılarında başqa cür ola bilər.

O, həssasdır, hər hansı hadisədən tez təsirlənir. Amma mən inanmıram ki, Ə.Salahzadə hər hansı bir ictimai hadisənin təsiriylə oturub inqilabi marş yaza, ya da kütlənin önündə gedə. Onun bütün xasiyyətləri, hətta inqilabçılığı da şeirindədir.

60-cı illərin qəzet və jurnallarında Ə.Salahzadənin çap olunan şeirləri ilə bir sırada, ona və digər istedadlı şairlərə atılan atmacalar, bəzən təhqiramiz ifadələr də diqqəti cəlb edir. Onun şeirlərindəki assosiativliyi, obraz zənginliyini başa düşmək istəmir, bunu ənənəyə zidd bir hal hesab edirdilər. "Eksperimentçilər", "formalistlər", "sərbəstçilər" daha nə qalmırdı deməsinlər. Bu o demək idi ki:

Altında köz, üstündə köz,

şeir yanır, söz ölür.

Lakin Ələkbər də o biri yenilikçi şair dostları kimi yolundan dönmədi. "Harmoniya və Bütövlük adlı iki allahın insana eyni gündə, eyni saatda sorğusuz-sualsız həvalə elədiyi şairlik yükünü, şairlik məsuliyyətini söz-söz, şeir-şeir aparıb son mənzilə çatdıranacan" (Ə.Əylisli) mübarizə aparır.

Dövran başqa dövran idi. Amma hər halda Ələkbər Salahzadə o dövrün ağrı-acılarını görüb gəldi, qismətinə düşən şairlik borcunu isə şərəflə yerinə yetirdi.

Doğulduq 41-də,

davayla yaşıd olduq,

Özümüz də bilmədən

dördcə il

dava havasında yaşa dolduq.

dörd yaşımızda,

yaxşı,

dörd yaşında qaldı dava!

Ə.Salahzadədən bir şair kimi söz açanda, onun müharibə başlayandan azca əvvəl dünyaya gəldiyini, uşaqlığı o ağır illərin sərt, fərəhsiz günlərinə düşdüyünü unutmuruq. Ələkbər müharibənin gətirdiyi maddi və mənəvi itkilərdən sonralar öz şeirlərində dönə-dönə söz açdı. Bu şeirlərin hamısında o dörd yaşlı uşağın heyrətdən böyümüş gözlərindən bir nişanə var, bir nağıl şirinliyi var. Amma nağılın ömrü də dörd yaşında qurtarır və uşaq yaşa dolduqca, gənclik çağı gələndə "Boy" ağrıları başlanır. Ələkbərin "Boy" şeiri eyni zamanda, bir ədəbi nəslin etirafına çevrildi.

Həmişə onun yaradıcılığından söz açanda diqqəti yalnız bir cəhətə yönəltmişlər: tərifləyirlərsə, şeirlərinin obrazlılığından, assosiativ zənginliyindən söz açırlar, tənqid edirlərsə, şeirlərinin başa düşülməməsindən, mücərrədliyindən gileylənirlər. Ə.Salahzadə kimi şairi eyni zamanda, məzmun planında da öyrənmək, dərk eləmək lazımdır. Mənim fikrimcə, Ələkbərin hər bir kitabı bu istiqamətdə bir addım irəliləyir. İlk kitabında ("Beş yarpaq") dünyaya heyrət, həyatın adiliklərində qeyri-adiliklər duymaq üstündür. Və bu kitabdakı şeirlərdə o, hardasa RƏSSAM kimi də nəzərə çarpır. Əlbəttə, təbii ki, mən fırça ilə deyil, sözlə tablo yaradan rəssamı nəzərdə tuturam.

Məsələn, "Payız çağı", "Fəvvarə", "Səttar Bəhlulzadə" tipli şeirlərdə sanki mövzu arxa plana keçir, rəng, boya şeirin ruhuna çökür. İkinci kitabında ("Od heykəli") əfsanə, nağıl motivləri ilə real ünsürlər vəhdət təşkil edir. Nağıl gündəlik həyatın bir parçası kimi dərk olunur və hər bir reallıqda da sanki nağıl ruhu iştirak edir. "Bir kənd nağılı", "Balaca şaxtaçının çıraq nağılı", "Mötərizə nağılı", "İzlərin nağılı".. Təbii ki, ikinci kitabda dünyaya heyrətin miqyası və sərhədləri genişlənir, daha epizodik səciyyə daşımayıb obraz səviyyəsinə çatır. "Ulduz" jurnalındakı müzakirədə (1973) Yaşar Qarayev yazırdı: "Bunlar çox vaxt predmeti yox, predmetlər arasında hərəkəti, əlaqələri mənalandırmaq axtarışlarında yaranan şeirlərdir. Predmetləri canlandırmaq, "cisimləşdirmək", onlara "vücud" kəsb etdirmək də bu şairlərə məhz həmin məqsəd üçün lazım olur".

Ə.Salahzadə predmeti mənalandırarkən əvvəlcə bütövdən, tamdan başlamır, bütövə və tama poetik "relsi" hissəcikdən salır. Onun şeirlərində "qan qanı qamçılayır", "qan qışqırır gitaranın bir simi", "tank top-top qəzəbini lülə-lülə, püskürə-püskürə, davanın üstündən xətt çəkə-çəkə yeriyir", insan "baxışından yağış yağır", yay fəsli gərilər, dartılar, günlərinin neçəsi şüşə kimi orda sınar, burda sınar, qoca su dəyirmanı "dərdini yeyib doyar" və s. Bütün bu bənzətmələr şeirdən təcrid edilərək nəzərdən keçiriləndə, doğrudan da, məna və məntiqdən məhrum görünür.

Ə.Salahzadənin bir çox şeirləri peyzaj mahiyyətlidir: "Yay", "Yuyunmaq istəyən dəniz", "Yol üstdə bir palıd", "O qar", "Pirismayıl yaylağı", "Eldar şamı", "Çiyələk", "Xınalığın qayaları", "Yerfi təpələri" və s. Kiçik etüd xarakterli bu şeir-lövhələrdə assosiativ şeirin imkanları aşkar nəzərə çarpır.

Üçüncü kitabda ("Gözlər baxır dünyaya") assosiativ şeirin imkanları daha da genişlənir. Ələkbər sırf rəng, boya işini, sözlə tablo yaratmaq funksiyasını həyatın, gerçəkliyin daha dərin qatlarında sınayır, elə bil, onun şeiri getdikcə "ictimailəşir". "Payız tablosu"na Abşeronun səbət-səbət ənciri, sini-sini şanısı, Göyçayın közərən narı köçür.

Ə.Salahzadənin şeirlərini "fikir poeziyası" nümunələri hesab edib mahiyyətə varmadan emosiyasız şeirlər kimi də qələmə veriblər. Guya bu şeirlər yavan-yalxı fikirlərdən, quru, ritorik mühakimələrdən yaranıb və obrazlılıqdan məhrumdur. Amma bir həqiqət unudulur ki, Ələkbərin "fikir poeziyası" adı ilə pislənən şeirlərinin əksəriyyəti əslində, emosional, ekspressiv şeirlərdir. Lakin emosionallıq bu şeirlərdə hisslərin coşub-daşması kimi düşünülmür, fikrin, mühakimənin emosionallığıdır.

"Bu şəhərin içində" şeirinə diqqət edin:

Xirtdəyəcən

bu şəhərin içində,

baxıram, kəndə baxıram.

Dağlarına çıxıram:

çiçəkləri gözümdəndi,

çayı yenə dizimdəndi,

başımdan aşır buludu,

kirpiklərim şeh doludu.

Xirtdəyəcən

bu şəhərin içində

hərdən o kəndə baxıram,

yenə də gözüm üstədi,

göylərin başım üstədi,

nə olsun gendən baxıram?

Deməsinlər: kənd, kənd deyir,

çörəyi dizi üstədi;

xirtdəyəcən

bu şəhərin içində,

o kənd də gözüm üstdədi.

Əlbəttə, bu misraları mən Ələkbəri ancaq "fikir şairi" kimi təqdim edənlərə (yəni şeirlərini çılpaq mühakimələr əsasında qurub ifadəliliyə, obrazlılığa "meyl etməyi"nə görə şairi qınayanlara) cavab kimi göstərdim. Ələkbərin sözün əsl mənasında emosiyasız bir şeirinə belə rast gəlmədim. Ancaq burada nisbət məsələsi var: bir şeirdə az, birində çox.

Şimşək kimi

Sıyrılır

bir alqışdan

Koroğlunun qılıncı!

Bir ürəyin qanından,

bir əlin torpağından

qalxır

titrək bir çubuq-

dirijor çubuğu.

Ələkbərin şeirlərindən onlarla belə nümunələr gətirmək mümkündür. Bu da onun şeirlərini emosiyadan məhrum hesab edənlərə tutarlı cavab olardı.

"Qara yunun ağ yuması" poeması Ə.Salahzadənin yaradıcılığında tamamilə yeni səhifədir və şairin indiyə qədər qələmə aldığı poemalardan seçilir. Poemada müharibənin insan psixologiyasında necə əks-səda yaratması poetik incəliklə verilir. Ə.Salahzadə poeziyasına məxsus assosiasiya zənginliyi, bədii təsvir əlvanlığı, metafora silsiləsi bu poemada da sənətkarlıq məziyyətləri kimi diqqəti cəlb edir. Müharibədən bəhs edən poemalarda intizar motivlərinə az təsadüf etməmişik, elə Ələkbərin poemasında da bu motiv aparıcıdır.

Dağıdırdı ürəyini

bu dünyanın darlığı.

hara getdi

bağrında

üç oğul məzarlığı?

Ələkbər Salahzadə bir insan kimi də çox maraqlıdır. Mən onunla bir neçə dəfə yol yoldaşı olmuşam. Sadə, təmkinli, az danışan bir adamdır. Təvazökardır. Özü haqqında danışmağı qətiyyən sevmir. Dəfələrlə bunun şahidi olmuşam ki, radiodan onunla müsahibə aparmağa gəliblər, televiziya kanallarından haqqında veriliş hazırlamağa buyurublar, amma Ələkbər razılıq verməyib.

Fikirləşmişəm ki, Ələkbərdən xeyli cavan şairlər və elə Ələkbər yaşında elə yazarlar var ki, onlar bu təklifləri cani-dildən razı olurlar, hətta özləri cəhd edirlər ki, ekranda görünsünlər. Ələkbərin isə oralarda görünməməsi şöhrətdən, təbliğ olunmaqdan qaçmasıdır. Amma bunun zərəri də var.

Ələkbərlər (onların sayı azdır) təbliğ olunmayanda şeir alverçiləri meydan sulayırlar. Bununla yanaşı, deyə bilərəm ki, heç vaxt ədəbi tənqid və Ələkbər Salahzadəni duyan, sevən dostları onun yaradıcılığına biganə olmayıblar. Çox olmasa da, hər halda Ə.Salahzadə haqqında bir çox dəyərli məqalələr var. Neçə illərdi o, gənclərin sevimli jurnalında - "Ulduz"da baş redaktor işləyib. İndi yaşı qırxı, əllini ötən o zamankı cavan yazarların ilk yazıları "Ulduz"da işıq üzü görüb. İndi Ələkbər incəsənət toplusu-"Qobustan"ın baş redaktorudur.

Ə.Salahzadənin bir "Ümid nəğməsi" adlı bir şeiri var. O şeiri oxuyandan sonra səndə bir nikbinlik, həyata inam oyanır. Şairin 70 yaşı ərəfəsində o şeirdən bu misralarla yazıma nöqtə qoymaq istəyirəm:

Özündən ümid um,

özünə ümidi itirmə, insan,

ümidi gümana ötürmə, insan!

Suyundu, havandı,

Yerindi, göyündü ümid.

Bir də gözünü açdın-

dünyaya döndü ümid!

Vaqif YUSİFLİ

Ədalət.- 2011.- 5 mart.- S. 19.

# 1836 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
# # #