Allah, qadın ol bircə günlük – Yeni Şeirlər

Allah, qadın ol bircə günlük – <span style="color:red;">Yeni Şeirlər
12 iyun 2018
# 16:20

Kulis.az gənc şair Rəvan Cavidin yeni şeirlərini təqdim edir.

Gülsatan ayrılıqlar

Hələ tərgitməmişəm

darıxanda şəklinə baxıb gülümsəməyi,

mən elə o adamam.

Bağışlasan da sağ ol,

Bağışlamasan...

Niyə?

Küləyimi sevmədin?

Yağışımı sevmədin?

Adamlarımı üzdü?

Çayı soyuq oldumu?

Nəyi pisdi Bakının?

Zəlil qalsın bu Bakı,

Səni məndən küsdürdü.

İki ayaq bəs etmir

Gəzməyə, Allah haqqı.

Sənsiz topal adamam,

əlil qalsın bu Bakı.

Qağayı dənizindən küsən kimi küsmüşəm,

bu küskünlük yaramır mənim qanadlarıma.

Ağlaya da bilmirəm

Səninlə gördüyümüz o gülsatan qocanın

Yoxsul əyin-başına.

Sən yoxsan, amma qoca

Hələ elə ordadı,

Bu boyda şəhər ona ev tapmayıb hələ də.

Bu boyda neft şəhəri isidə bilmir onu.

Bir gül də almır ondan çiçəklənən bu şəhər.

Həyat...həyat...

Belə də.

O gülsatan qocanın gözlərindən oxudum,

Ayrılıqları, Aygün.

Ayrılıq elə olur;

Satdığı çiçəklərin pulu çiçək qoxumur.

Evsiz

Mən öncə sənin, sonra

Allahının ağlından

çıxacam birdəfəlik,

istəmirəm,

qoy hamı

yaddaşında itirsin mən olan qırışları.

mən olan o qışları

yaz elə xatirəndə

- üşüyürəm, ay adam.

üşüyürəm, ay Allah,

Allah, necə soyuqsan...

hanı cəhənnəminin

ocaq yanan tərəfi?

hanı sənin qadının,

hanı onun qolları?

hanı bu cənnətinin

huri olan tərəfi?

sənin cənnət süfrəndə

çaxır var, amma yoxdu

qaldırmağa şərəfi...

mən indi nəyə içim?

Mən indi hara köçüm?

qovulmuşam, ay adam,

evlərin hamısından.

Məndən ünvan soruşma.

Mən evsiz uşaqların,

mən evsiz kişilərin,

küçə qadınlarının

şeir olan halıyam,

mən bütün evsizlərin

bəlkə ən məsumuyam.

İndi Allah,

elə sabah

qadın ol bircə günlük,

sənə sarılım yatım...

üşüyürəm.

***

Gəl ölmədən ayrılaq,

Yer üzündə ayrılaq.

Yer üzü kürəvidir,

hara getsən yenə də

qayıdacaqsan mənə.

üz-üzə dayananda,

göz-gözə dayananda,

bax beləcə ayrılaq,

qoy dünyanın yarısı

sənin arxanda qalsın,

yarısı mənim arxamda,

bax beləcə ayrılaq.

belə olur ayrılıq,

dünyanı unudursan,

səmalara baxanda

iki arzu tutursan:

- biri onun gəlişi,

biri onun gülüşü.

gəl ölmədən ayrılaq,

bax beləcə ayrılaq,

ölsək itirəcəyik

bir-birimizi göydə,

göylər çox böyük olur,

lap Allah baba boyda.

mən səni anlayıram,

axı bütün adamlar

anasının bətnində

qadın olub əvvəllər,

axı qadın özü də

kişinin bədənindən

düşüb yerə əzəldən.

o dünyada yox, nolar,

bu dünyada ayrılaq,

burdakı ayrılıqlar

ölüncəyə qədərdi,

gəl burdaca ayrılaq.

Allah üçün kiçik nekroloq

Mən də Nəimi kimi...

mən də inanırdım ki,

Allah sənin üzündə,

mənim ovuclarımda

özünə yer eyləyib.

Sonra sənin dodaqların,

mənim də ovuclarım

dəyişdi yavaş-yavaş.

Təkcə biz yox, əzizim,

adamlar da dəyişdi,

dəyişib maşın oldu.

Maşınlar döyüşdülər,

adamlar qanında yox,

benzinində boğuldu.

Varlılar ağıl aldı,

kasıblar yenə çörək.

Varlılar Marsa getdi,

kasıblar tualetə.

Belə dəyişdi dünya,

bizim ayrılığın da

"göz yaşı bir aftafa".

# 2072 dəfə oxunub

Oxşar xəbərlər

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər