Kulis.Az Saqif Zeynalın yeni şeirlərini təqdim edir.
...
Unutmaq bir şey deyil
Unuda bilməmək,
Unudulmamaqdı sevgi…
İndi mən narahatam
Hardasa kimsə məni unuda bilmir…
Bir gün mən də unudulacağam
Sən də unudacaqsan.
Deyəcəksən inan mənə, inan
Tənhalıq yaxşıdı adamlardan…
***
İndi bir güllə səsi diyirlənəcək dərə aşağı.
Əks səda verəcək kəndimizin
Mamır qayalı qulaqları...
Barıt qoxulu axşam
Duman kimi çökəcək kəndimizin üstünə.
Biz qara günümüzü qavğaracağıq...
Anam: Aman hey, neyləyəcəyik, nə edəcəyik, hara gedəcəyik?! Deyəcək.
Atam əliynən uzaqları göstərib: Ağcabədiyə!
Deyib sındırmaycaq zorlanmış kişi qürurun.
Özünə bir az da görkəm verib
Boğazından keçməyən qəhəri çeynəməyə başlayacaq.
Sonra üzünü arxaya çevirib kövrələcək,
Gözlərindən iki damla yaş düşəcək kəndimizin üzünə.
İndi nənəm xoruz qanı kimi qırmızı,
Tünd bir bayatı dəmləyəcək...
Sonra Çənbəri çağırmağa başlayacaq: Çənbər haaa,
Çənbər haa,
Çənbər ha,
Çənbər...
Sonra qapımızdakı daşın üstündə oturub
Uşaq kimi ağlamağa başlayacaq...
Səhər atamın traktoruyla
Ağcabədiyə, Valeh əmigilə gələcəyik.
Qayıdanda yurdumuzu boş görən Çənbər
Daşın üstünə çıxıb
Üzü Allaha sarı ulamağa başlayacaq.
Bu gecə nənəm yuxuda
Çənbəri çağıracaq...
***
Daha çox terroristlərə oxşayan mollalar
Saqqalların tumarlaya-tumarlaya
Hər gün dua yollayırlar allaha
Minarələri raketə oxşayan məscidlərdən…
***
Əllərim vardı bir zaman
Barmaqlarım yox idi onda.
Əllərim vardı, əllərim
Əlimi sən tutanda.
Sonra itirdim səni,
Sonra bu yiyəsiz əllərimi…
Unudulmağı
Sən əllərimi əllərindən salanda
Əllərim əllərindən düşüb ciliklənəndə,
Barmaq-barmaq olanda öyrəndim.
Sənsizliyi saymağa başladım sonra,
İndi bir bölünsün sıfrıncı barmağımı qatlayıram…
İndi sonsuz sayda barmağım var,
İndi sonsuz sayda sənsizlik var,
İndi sən Tanrı qədər yoxsan…
Yolqırağı şeir
Sevgililər parkı
Gənclər parkıyla üzbəüz
Mavi binanın damında
Fikrə dalmış baxaraq
Hərdən bir tərpənir
Havanı qoxlayaraq
Və mən yalnızlığımla yürüməkdəyim
Otların başının arasıynan
O üzdə uzanan narahat səkilər
Səkilərin üstündə əlləri işə düşmüş ustalar
Ciblərində qəpiklər oynaşan fəhlələr
İşiniz irəli olmasın heç!
Demişdi bir dəfə dostum
Bic-bic gülüşmüşdülər çəlimsizlər
Sevgililər parkı
Gənclər parkıyla üzbəüz
Qovaq ağacının yarpaqlarının musiqisinə oxuyan qərib quşlar
Yolqırağı uzanan ümidsizlik
Hərəkət edir hərdən bir
Dodağının altında mızıldayaraq
Və mən yalnızlığımla yürüməkdəyim
Otların başının arasınynan
Əllərinin qoxusu
səndən sonra sənsizlik başlar
bu kimsəsiz uzaqlarda
sənsizlikdən sonra boş qalan qucağım
çəkilər ovuclarımdan əllərinin qoxusu...
indi bu ruhsuz əllərim cibimdə gizləmək üçün
qollarım yanıma salıb gəzdirmək üçün
dilim susmaq üçündü
susmaq!
səndən sonra darıxıram
otağın çatlamış divarları
indi divarlarda sənsizliyin xəritəsi...
indi daha çox hiss edirəm ürəyimi
qolumdakı saatın atmış ayaqlı
üç başlı əqrəbinin sancmalarıyla
hər gecə masamın üstündəki saatın
qulağını bir daha durmamağa bururam
bir də üzü sənsizliyə durub
gəlməməyini gözləyirəm
ən uzaq tənhalıqlarda...