Kulis.az Tofiq Nurəlinin şeirlərini təqdim edir.
Anlamaq
Sanki vaxtın altından qazıyıb çıxarıblar,
Uçuq qəbirdən çıxan sınıq kəllə kimidi...
Durub qarın içində son tufanı gözəyir -
Nə təsəlli istəyir, nə də var bir ümidi,
Elə bil bu ağacın heç baharı olmayıb.
Bilir, bir də alnına bahar yazılan deyil...
Min günəşin içinə atsan qızınan deyil..,
Fələk çıxara bilməz canındakı soyuğu
Heç nə doldura bilməz içindəki oyuğu
ELə bil bu ağacın heç baharı olmayıb.
Həyat necə vurubsa düz onun sinəsindən
Dünyalar köçüb gedib onun dörd dövrəsindən,
Tükü də tərpənmir heç qarğaların səsindən
Budaqların yerində quru çubuq, çır-çırpı,
Dövran onu bərk əzib, zaman onu bərk çırpıb
Elə bil bu ağacın heç baharı olmayıb.
Nə çinar bacısından, nə palıd qardaşından
Bir xatirə də yoxdu zalımın yaddaşında,
Sanki dünya məzardı: öz əliylə dəfn edib-
Çarəsiz və tək tənha durub məzar başında ...
Elə bil bu ağacın heç baharı olmayıb.
Mən ona çox astadan “sən tək deyilsən” dedim,
“baharın çox olacaq, bir az əyilsən” dedim...
Zəhimli bir sükutla elə gəldi üstümə -
Yaxşısıdı budu, burdan astaca çıxım gedim...
Anladım ki, anlayıb dünyasının get-gəlini...,
...Bir əkinçi bir payız burda kəsdi kəlini ...
Anlayıb baharın da min-bir minnəti vardır,
Hər minnəti çəkməyin min-bir zilləti vardır...
Odunçunun əlində baltadan da çəkinmir
Dörd canını bürümüş xatadan da çəkinmir
Bu məğlub məğrurluğu günahmı təmizləyir?
Durub qarın içində son tufanı gözləyir...
Elə bil bu ağacın heç baharı olmayıb.
Durub qarın içində son tufanı gözləyir..,
Bəlkə son da deyir heç, sondan sonrasıdı bu..,
Qəlbimdə həyəcanlar dartışır bir-biriylə:
Nələr dünyasıdı bu,
Nələr dünyasıdı bu?
Dörd dost
“Dost tərəf keçməyə körpümdü mənim,
Maarif, Ağacəfər, Tofiq Nurəli”
V. Bəhmənli
Ömür uralandı – günlər ələndi,
Mənimsə dostlarım həmən-həməndi –
Ağır oturandı, batman gələndi
Maarif, Ağacəfər, Vaqif Bəhmənli...
Başımın üstündə göy qurşağıdı,
Ayaz gecələrin ay işığıdı,
Səksənincilərin yaraşığıdı
Maarif, Ağacəfər, Vaqif Bəhmənli...
Nəfəsi alovdu, baxışı neştər,
Hər sözü-kəlməsi dərinə işlər –
Köhnə kişilərdi, köhnə kişilər
Maarif, Ağacəfər, Vaqif Bəhmənli...
Tofiq Nurəliyəm ellər içində,
Yaşadım ömrümü mən bu biçimdə.
Büdrəsəm, bilirəm, saxlar çiynində
Maarif, Ağacəfər, Vaqif Bəhmənli...
Getmək
Yaxınlar sıxır adamı—
yaxınlardan qopub getmək...
Ömrün səndən gizlətdiyi
bir əcəli qapıb getmək...
Getmək,
yenə getmək...
Nə qaranlıq sabahlara,
nə də dibsiz keçmişlərə...
Bir “yox” çırpıb ölçülərə
heçliklərə, heçliklərə, heçliklərə getmək.
Getmək,
yenə getmək.
Bu xaotik boşluqlara,
bu qızmış sərxoşluqlara,
stəkanda fırtınaya—coşqulara
Üsyan kimi,
üsyan kimi,
üsyan kimi getmək...
Getmək,
yenə getmək.
07. 04. 15
Yovşan
Bu qupquru yovşanın qoxusundan
Min il o yanın səsi gəlir.
bu qupquru yovşanı
qoxladıqca
insanın həvəsi gəlir
bir az oxumağa pəsdən,
bir az xatirələrə dalmaq,
bir az da dolmaq,
dolub-daşmaq,
ömrün bu başını o başına-
o başını bu başına daşımaq
həvəsi gəlir...
hər şeyi,
hətta ölən sevgiləri də
yenidən yaşamaq
həvəsi gəlir...
bu cadar-cadar şoran
Şirvan küdrüsündə...
Bu küdrünün düzündə
çöl yatıb min ilin yuxusunda...,
sonsuzluğun qapısıdı sanki
yovşanın hər dəstəsi...
Bu qupquru yovşanın qoxusundan
aşıq Şakirin səsi gəlir –
“Şirvan şikəstəsi”
18.02.2017
Pencəkli xatirələr...
Salıram pencəyimi
çiyninə başdaşının
hava şaxtadır yaman...
...Bəlkə çıxıb yadından -
bax beləcə bir zaman
salardım pencəyimi
sənin çiyinlərinə,
bir az üşüməkdən qoruyardım səni,
bir az özümə bükərdim səni,
Sən gedəndən sonra
bu pencəyin içindən
canıma çəkərdim səni...
...indi heç nə yoxdur, yox
yüz fikirləş,
yüz vur-çıx
yüz düşün, yüz, daşın
heçnə dəyişən deyil...
Adını sinəsinə tutub durub baş daşın –
burda nə çox gözləyən var, ilahi.
Adını sinəsinə tutub durub baş daşın –
demək ki, gözləyirsən?
axı bir qərib də var
ömrün o başlarında
iyirmi yaşlarında...
Sənli mənli, pencəkli
köhnə xatirələri –
həyəcanlı və canlı
və tərli xatirələri
salıram bircə-bircə yaddaşımın çiyninə
və adını sinəsinə tutub duran
baş daşının çiyninə.
Salıram pencəyimi
baş daşının çiyninə
hava yaman şaxtadadı.
29.03.2017