Bu gün Əlizadə Nurinin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbriki edir və onun şeirlərindən bir neçəsini yayımlayır.
Çiçəklər boy atır ay işığına...
Çiçəklər boy atır Ay işığına,
sevdalı ulduzlar göydən tökülür.
Tanrı biçir göydə bulud zəmini, -
bahar yağışları dən-dən tökülür.
Gecəni məst edib şehli çiçəklər, -
şeh deyil, gül üstə ətirdi, yoxsa?
Qaranquş gözümə yorğun görünür, -
yazı dimdiyində gətirdi yoxsa?!
Günəş xumar-xumar əridir qarı,
quşlar nəğmə-nəğmə dindirir yazı.
Çaylar da tələsir dənizə sarı,-
qaçır ki, dənizi muştuluqlasın...
Nə yaman dadlıdı bu yağış belə...
Başımı dizimə qoyub ağladım, -
göz yaşım dizimdə soyudu Allah.
Məni Yer üzünə niyə atmısan, -
bu ki, bir çıxılmaz “quyu”du, Allah?!
Sən qəmli oxuma qaranquş, belə,
neylər Göy sevənə yüz qarğış belə?!
...Nə yaman dadlıdı bu yağış belə, -
yoxsa gözlərinin suyudu, Allah?!
Şah kimi saxlama, saxla məni şax!
Sevdim dönüb oldu o daş da yumşaq...
Yüz nağıl desəm də yatmayan uşaq,
adını çəkəntək uyudu, Allah...
Günü görmək üçün oyanmışam mən,
dan üzü rənginə boyanmışam mən...
Boyunu görməyə boylanmışam mən, -
boyun bu dünyanın boyudu, Allah!
Çox adam itirdim bu təklik üçün...
Yayda Günəş ilə dodağı qaçar,
qar olar Tanrının qış təbəssümü!
Dimdiyi ucunda dəni görəndə,
nə xoşbəxt olurmuş quş təbəssümü!
Çox adam itirdim... Bu təklik üçün,
beş barmaq lazımmış bir tətik üçün...
Çox şey gərək deyil xoşbəxtlik üçün,
bəsdi bir körpənin xoş təbəssümü...
...Bir gülü pərişan görmüşəm bu gün,
bir qəbri qəlbi şan görmüşəm bu gün...
Bir daşı danışan görmüşəm bu gün,-
Allah, nə qəmliydi daş təbəssümü...
İbadət
İbadət evidi bu dünya bəlkə
o bülbül bu gülə ibadət edir.
Quşlar quş diliylə, quş ləhcəsiylə,
otlar ot diliylə ibadət edir.
Üzü göyə sarı doğulur adam, -
göylərə baxmağa o adət edir.
Bardan budaqları əyilən ağac,
əyilib torpağa ibadət edir...
...Bir yolçu əyilər namaz qılmağa,
salar yarpaq-yarpaq kölgə bu ağac.
Boylanır səmanın səcdəgahına,
yerin əlləridi, bəlkə, bu ağac?!
...İlahi, dilimə toxundu adın,
başladım dilimdən həya etməyə.
Yaxşı ki, anadan lal doğulmadım, -
yaxşı ki, dilim var dua etməyə!
Çiçəyə ibadət edib dəririk,
bir gülün iyinə əyilir adam.
Adam sevəndə də ibadət edir,
sevib ürəyinə əyilir adam...
Söz də göydən enib, qibləgahdı o,
sözdən möcüzələr get xahiş eylə.
Şeirin də möhürü, möhürbəndi var,-
qələm də şeirə sitayiş eylər!
Özümdə olmuram şeir yazanda,
təkcə Allah görür nə halətdəyəm.
Əl açıb ibadət eləmək azdı,
mən həm də könlümlə ibadətdəyəm...
...Göydəki günəşə, yerdəki suya,
bir gün ruhumuzu əmanət edək.
Ölüm də Allahdan gələn haqdısa,
öləndə ölümə ibadət edək...
Qoca balıqçı...
Sahildə torunu unudub qoca...
Bəlkə su pərisi çağırıb onu,
bəlkə də bu qoca su pərisini,
haçansa sevdiyi qıza oxşadıb,
girib dalğalarla qol-boyun olub...
Görən hara gedib qoca balıqçı,
ah bəlkə, toruna balıq əvəzi,
dənizdə boğulmuş bir gözəl qızın,
nişan üzüyüymüş düşüb bu dəfə?.
Sıxıb o üzüyü göz yaşlarına,
bəlkə havalanıb qaçıbdı qoca?!
Qocadan nigaran qalan balıqlar,
gəlib tora girib öz istəyiylə,
qoca balıqçının xəbəri yoxdu...
Dəniz də nigaran dalğalanır hey,
sanki yaxasını cırıb ağlayır,
toru yetim qalmış o qoca üçün...
...Qocadan sahildə bu tor qalıbdı,
bir də qum üstündə qaloş izləri...
Girim bu koğuşa qəddi düzəlsin...
Meşə yıxılıbdı balta səsinə,
kəsməyə bir balta sapı qalmayıb.
Ağaclar meşədən qaçmaq istəyib,
ancaq yeriməyə tabı qalmayıb...
Meşənin içindən axan bu çay da,
heç kimi çağırmır, yalqız ağlayır.
Bəlkə, bu meşədə bir qız azıbmış, -
bəlkə, bu çayı da o qız ağlayıb?!
Kim bu ağacların boynunu vurub,
kimdisə ya cəllad, ya nadan olub.
...Girim bu koğuşa... Qəddi düzəlsin,
bəlkə də ağaca oxşadan oldu...